Əsrlərin
yadigarları
Maraqlıdır, Azərbaycan ərazisində
ilk kitab nə vaxt yazılıb?
Bəzi mənbələrdə göstərilir
ki, əcdadlarımız
XI əsrdən başlayaraq ərəb, fars və türk dillərində
nəfis əlyazma nümunələri yaratmış,
dünyanın elm və mədəniyyət
dühalarının kitablarını Azərbaycana gətirmişlər.
Bununla da milli kitab mədəniyyətimiz
zənginləşmişdir.
Orta əsrlərdə Azərbaycan ərazisində 1 milyondan artıq əlyazma kitab
toplanmışdı. Lakin tarixin
müxtəlif dönəmlərində, əsasən də XX əsrin birinci
yarısında Azərbaycan əlyazmalarına qarşı xüsusi qəddarlıq müşahidə edilmiş, onların böyük
bir hissəsi müxtəlif bəhanələrlə məhv edilmişdir.
Uzun tarixi proseslər
nəticəsində əlyazmalar texnikanın inkişafı və
bu sahəyə təsirindən sanki öz əhəmiyyətini
itirmiş, gərəksiz kağız
yığını hesab edilərək məhvə
məhkum olunmuşdur. Bütün
bunlarla yanaşı, əlyazmaların milli-mənəvi və tarixi əhəmiyyəti zaman
keçdikcə üzə çıxıb və onların
dövlət səviyyəsində mühafizəsi vacib hesab edilib.
Respublikamızda
bu sahədə vəziyyət necədir?
Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutunun fəaliyyəti
ilə yaxından tanışlıq nəticəsində suala müsbət cavab verə
bilərik. Xatırlatmaq yerinə düşər
ki, 1924-cü ildə xalqın
yazılı irsinin
şüarçılıqla sıradan
çıxarıldığını görən bəzi
ziyalılarımızın təşəbbüsü ilə
I Ümumazərbaycan Ölkəşünaslıq
Qurultayında əlyazma və qədim çap
kitablarının, sənədlərin bir
yerə toplanması və ayrıca kitabxanada
saxlanması haqqında qərar qəbul edilsə də, bu iş 1929-cu ildən həyata
keçirilməyə başlanmışdır. Toplanmış abidələr o
vaxtkı Azərbaycanı Öyrənmə və Tətəbbö
Cəmiyyətində kitabxana şəklində
mühafizə edilmiş, sonralar
akademiyanın müxtəlif
strukturlarında saxlanılmışdır. 1950-ci ildə
toplanmış materialların sayının
artdığını, onların saxlanması üçün
xüsusi mühafizə və mühitin vacibliyini nəzərə
alan Elmlər Akademiyası təşəbbüs
qaldırmış və Azərbaycan SSR Nazirlər Soveti ayrıca bir müəssisə
kimi Azərbaycan SSR EA Respublika
Əlyazmalar Fondunun (RƏF)
yaradılması haqqında qərar qəbul etmişdir.
Həmin vaxtdan başlayaraq RƏF ildən-ilə zənginləşmiş,
onun elmi kadr potensialı güclənərək fəaliyyət
dairəsi daim genişlənmişdir.
Ötən əsrin 80-ci illərində artıq RƏF akademiya sistemində özünə layiqli yer tutmuş,
institut səviyyəsində fəaliyyət
göstərmişdir. Bunu nəzərə
alan akademiyanın və fondun
rəhbərliyi Moskva qarşısında
RƏF-in bazasında elmi-tədqiqat institutunun
yaradılması haqqında məsələ
qaldırmış, lakin bu
məsələ uzun müddət həll
olunmamışdır. Yalnız 1986-cı ildə ulu öndər
Heydər Əliyev SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini
kimi məsələyə
qarışdıqdan sonra Moskva
həmin ilin oktyabr
ayında Azərbaycan SSR EA Əlyazmalar İnstitutunun
yaradılmasına icazə vermişdir.
1996-cı ilin oktyabrında ümummilli lider Heydər Əliyevin
xüsusi sərəncamı ilə Əlyazmalar
İnstitutuna Azərbaycanın dahi şair və mütəfəkkiri
Məhəmməd Füzulinin adı verilmişdir.
Bu gün Azərbaycan
MEA M.Füzuli adına Əlyazmalar İnstitutu zəngin yazılı abidələri
toplanmış əlyazma mərkəzlərindən biri sayılır. Adıçəkilən məbəd
o taylı-bu taylı azərbaycanlıların
əlyazmalarının mühafizə edildiyi
yeganə milli institut kimi fəaliyyət göstərir.
Hazırda Əlyazmalar
İnstitutunun kolleksiyasında ümumi sayı 60 minə yaxın olan müxtəlif xarakterli
materiallar saxlanılır. Bunlardan
12 minə yaxını əlyazma kitabıdır. Qeyd edək ki, hər kitabda orta hesabla 4-5 əsər
yazılıb. Bu hesabla
burada 40 mindən yuxarı əsərin əlyazmasının
qorunduğunu deyə bilərik. Qalanları isə tarixi arxeoqrafik sənədləri, XIX əsrin ikinci və XX əsrin birinci
yarısı Azərbaycan mədəniyyət xadimlərinin
şəxsi arxivlərini, daşbasma, əski
çap və
azərbaycanşünaslığın müxtəlif sahələrinə
aid müasir
kitabları, həmçinin dövri mətbuat
materiallarını, foto və kserosurətləri,
mikrofilmləri əhatə edir. Minillik bir dövrü ehtiva edən Azərbaycan və digər
müsəlman Şərqi ölkələrinin türk, ərəb və fars
dillərində yazılmış abidələri institutda yaradılmış xüsusi
iqlim şəraiti olan
xəzinələrdə mühafizə edilir.
Şərqin, demək olar ki,
bütün böyük
klassiklərinin əsərləri və ya
onlardan nümunələr kolleksiyada
təmsil olunmuşdur.
Xüsusi qeyd etməyə
dəyər ki,
bu məbəddə AMEA Əlyazmalar İnstitutunun
yaradıcılarından biri və ilk direktoru, görkəmli
şərqşünas alim, tərcüməçi
Məmmədağa Sultanov, Cahangir Qəhrəmanov, Həmid Araslı,
Rüstəm Əliyev, Əzizağa Məmmədov, Əzizə
Cəfərzadə kimi tanınmış simalar çalışmışlar. İnstitutun fəaliyyətə
başlamasının ilk onilliklərində
kollektivin üzvləri tərəfindən
"Kitabi-Dədə Qorqud"un mətni, Xaqani Şirvani, Şeyx Mahmud Şəbüstəri, İmadəddin Nəsimi,
Pişəvəri, Şah İsmayıl Xətai,
Məhəmməd Füzuli, Abbasqulu ağa Bakıxanov,
Xurşidbanu Natəvan, Heyran
xanım, Fatma xanım Kəminə,
Lütfəli bəy Azər, Mirzə Həsən Qarabaği kimi bir sıra klassiklərin irsi
öyrənilmiş və əsərləri nəşr etdirilmişdir.
Ancaq bütün nailiyyətlərinə
baxmayaraq, institut öz fəaliyyətinin ən coşqun
dövrünə məhz milli müstəqilliyinin
bərpasından sonra qədəm qoymuş, adıçəkilən alim və tədqiqatçılarla
yanaşı, Fərid Ələkbərov, Paşa
Kərimov, Əli Əliyev, Nailə Səmədova, Sevər
Cabbarlı, Rəna
Məmmədova, Zəkiyyə Əbilova, Aybəniz Rəhimova,
Sona Hadıyeva, Mustafa
Əliyev, Rauf Şeyxzamanlı kimi gənc kadrların elmi
potensialı tam gücü
ilə məhz bu dövrdə
açılmışdır. Müqayisə üçün göstərmək olar ki, ötən əsrin
60-cı illərinin sonunda müəssisədə
cəmi 47 əməkdaş, o cümlədən
3 elmlər doktoru və bir
neçə elmlər namizədi işlədiyi halda bu gün
institutun təkcə elmi
işçilərinin sayı 100-ə
çatmışdır ki,
onların da arasında 7 elmlər doktoru və 34 elmlər namizədi var. Sovet dövründə
institutun əməkdaşları hər il vur-tut 2-3 kitab nəşr etdirməyə nail olurdular. 1991-ci ildən
başlayaraq institutun elmi nəşrlərinin sayı xeyli artmışdır. Müəssisə,
demək olar ki, hər
il respublika səviyyəli
elmi konfrans və seminarlar keçirmiş, ən
böyük beynəlxalq elmi
forumların təşkilində fəal iştirak
etmişdir. 90-cı illərin ikinci yarısından burada
hər il nəşr edilmiş
kitabların sayı 10-u keçmiş, orta hesabla 150-yə yaxın
elmi-kütləvi məqalə nəşr olunmuşdur.
Yeni şəraitdə institutun
işlədiyi problematika da
genişləndirilmiş, Azərbaycan əlyazma
kitabının tarixi,
islamşünaslıq, mənbəşünaslıq,
elm və tərcümə tarixi istiqamətlərində işlər də
həyata keçirilməyə başlanmışdır.
Müstəqillik dövründə institutda
anadilli abidələrin orijinal
qrafikada elmi-tənqidi mətnlərinin
hazırlanması və nəşri işində də nəzərəçarpacaq
nailiyyətlər əldə edilmişdir.
Məhəmməd Füzuli
divanının, "Leyli və Məcnun"
məsnəvisinin, İsanın "Mehri
və Vəfa" poemasının, Əlican Qövsi
Təbrizi və Dədə Ömər Rövşəni
divanlarının, X.Təbrizinin "Yusif
və Züleyxa" məsnəvisinin
elmi-tənqidi mətnləri ilk dəfə
çap edilərək
mütəxəssislər arasında
yayılmışdır. Əlyazmaların
kataloqlaşdırılması və arxiv
materiallarının biblioqrafik göstəricilərinin
nəşri sahəsində də irəliləyiş qeyd edilə bilər. 1994-cü ildən bəri
institutda türk əlyazmaları
kataloqunun iki, ərəb
əlyazmaları kataloqunun üç,
fars əlyazmaları kataloqunun
üç cildi, Məhəmməd Füzulinin,
Xacə Nəsirəddin Tusinin,
"Kitabi-Dədə Qorqud"un, "Füyuzat"
jurnalının, Xaqani Şirvaninin biblioqrafiyaları, həmçinin
C.Nağıyevanın "Yusif Vəzir
Çəmənzəminli arxivinin təsviri"
və M.Məmmədovanın "Müslüm
Maqomayev arxivinin təsviri",
eləcə də "Firidun bəy Köçərlinin
şəxsi arxivi", "Əzim Əzimzadənin
şəxsi arxivi" kitabları nəşr
edilmişdir. İnstitutun
kataloqları həm də 1993-cü ildə Dubayda,
2001-ci ildə Tehranda, 2002-ci ildə isə
Küveytdə çapdan çıxmışdır.
Son iki yüz il ərzində yaşayıb-yaratmış
Azərbaycan ziyalılarının yazılı irsi də böyük əhəmiyyətə
malikdir. İnstitutda həmçinin
A.A.Bakıxanovun "Qanuni-Qüdsi",
Mirzə Kazımbəyin "Tatar əlifbası
kitabı", Həsən ibn Mehdinin "Ana dili", Mirzə Şəfi Vazehin
"Müntəxəbati-Türki", Mirzə Həsən əl-Qədərinin
"Məşhur Qafqaz və Azərbaycan
şairlərinin şeirlər toplusu", "Dağıstan tarixi"
və Həsən Bəhərlinin "Azərbaycan tarixi" kimi daşbasma və litoqrafiyaları (köhnə
çap kitabları) da
var.
Institutda mövcud olan ən dəyərli tibbi
əlyazma Əbu Əli İbn Sinanın
"Tibb qanunları" əsərinin
XII əsr nümunəsidir. O, sonrakı tibbi
tədqiqatlarının çoxunu İranda aparmışdı. 1030-cu ildə
yazılmış "Tibb
qanunları" kitabı tibbi biliklərin
ensiklopediyası sayılır. Onun əlyazmasının
institutda saxlanılan nümunəsinin üzü 1143-cü ildə, mətnin yazıldığı vaxtdan təxminən 100 il
keçdikdən sonra köçürülüb.
Bu, dünyada İbn Sina əlyazmalarının
ən qədimlərindən biri və ən
etibarlısı hesab edilir.
Bir sözlə, müasir texnika və
texnologiyaların bütün sahələrə dərindən
nüfuzu müsbət nəticə versə də, əlyazmalar
öz ilkinliyi və gözəlliyini, həmçinin
tarixiliyini saxlamaq baxımından yalnız qələmə
baş endirir. Xəttatlığın isə burada xüsusi əhəmiyyəti
danılmazdır. Bütün bunlardan sonra demək olar ki, Əlyazmalar
İnstitutu dünənimizi bugünümüzə və
sabahımıza çatdıran əvəzsiz nemətlər
məbədi, onun problemlərinin həlli isə dövlət
tərəfindən xalqımızın tarix və mədəniyyətinə,
eyni zamanda, elminə göstərilən diqqət və
qayğının təzahürüdür.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2011.-15
sentyabr.-S.10.