Şamaxı rayonunun
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Zəngin
tarixi olan qədim Şamaxı şəhəri Azərbaycan
dövlətçiliyinin, incəsənətinin və ədəbiyyatının
inkişafına böyük töhfələr vermiş,
ölkəmizin mühüm sosial-iqtisadi, siyasi və mədəni
mərkəzlərindən biri kimi tanınmışdır.
Şamaxı müxtəlif dövrlərdə
təbii fəlakətlərə məruz qalsa da, öz
iqtisadiyyatını və mədəniyyətini yenidən bərpa
edə bilmişdir. Şəhərdə qorunub saxlanan arxeoloji
abidələr və memarlıq nümunələri, həmçinin
mədəni irsimizin dəyərli inciləri sırasına
daxil olan qədim Cümə məscidi, Gülüstan
qalası və Yeddi günbəz türbələr kompleksi
mühəndis-memarlıq həllinin kamilliyi baxımından
bu gün də iftixar hissi doğurur.
Azərbaycan elminə və mədəniyyətinə
dəyərli simalar bəxş edən Şamaxı Əfzələddin
Xaqani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə
Ələkbər Sabir və Abbas Səhhət kimi görkəmli
söz ustaları yetirmişdir.
Son illər ərzində Şamaxıda
infrastruktur, o cümlədən yol-nəqliyyat sahəsində
bir sıra layihələr uğurla həyata
keçirilmiş, müasir Müalicə-Diaqnostika Mərkəzi,
Olimpiya İdman Kompleksi, istirahət obyektləri inşa
olunmuş və sənaye müəssisələri
açılmış, əhalinin içməli su ilə təchizatı
sisteminin əsaslı şəkildə yenidən
qurulmasına başlanmışdır. Dünyanın
nüfuzlu elm ocaqlarından biri kimi şöhrət
qazanmış Nəsirəddin Tusi adına Şamaxı
Astrofizika Rəsədxanasında və ən qədim müsəlman
məbədlərindən olan Cümə məscidində
hazırda əsaslı təmir-tikinti işləri davam etdirilir.
Şamaxının memarlıq ənənələrimizi
yaşadan tarixi abidələri, füsunkar təbiəti və
mövcud infrastrukturu şəhərin baş plan əsasında,
turizmin inkişafı perspektivləri də nəzərə
alınmaqla, yenidən qurulmasını və
abadlaşdırılmasını, onun sel sularından və
digər təbiət hadisələrindən qorunmasını
zəruri edir.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Şamaxının qədim tarixi-mədəni irsinin,
memarlıq abidələrinin
mühafizəsini, müasir turizm infrastrukturunun yaradılmasını
və abadlıq-quruculuq işlərinin davam etdirilməsini,
habelə "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nda müəyyən olunmuş tədbirlərin
həyata keçirilməsini təmin etmək məqsədi
ilə qərara alıram:
1. Şamaxı rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsi
üçün Azərbaycan Respublikasının 2011-ci il
dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
Şamaxı Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5,0
(beş) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni müəyyən
olunmuş qaydada təmin etsin.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
15 sentyabr 2011-ci il
Azərbaycan.-2011.-16
sentyabr.-S.1.