Qobustan rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Qobustan
rayonunun sosial-iqtisadi həyatında son illərdə əsaslı
dəyişikliklər baş vermiş, ümumi məhsul buraxılışı
2,7 dəfə, sənaye məhsulunun həcmi 5 dəfə
artmış, 2008-ci ildə şəhər statusu
almış və əhalisinin sayı iki dəfə
çoxalmış rayon mərkəzinin ərazisi genişləndirilmiş,
sosial-iqtisadi yönümlü bir sıra obyektlər, o
cümlədən yeni məktəblər, istehsal müəssisələri
tikilərək istifadəyə verilmiş, mühüm
infrastruktur layihələri həyata keçirilmişdir.
Qobustan şəhərində
abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda
rayon üzrə müəyyən olunmuş tədbirlərin
həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qobustan rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsi məqsədilə
Qobustan Rayon İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2011-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat vəsait
ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni müəyyən
olunmuş qaydada təmin etsin.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 15 sentyabr
2011-ci il
Azərbaycan.-2011.-16
sentyabr.-S.1.