Türkiyənin «EkoAvrasiya»
internet saytında Prezident İlham Əliyevin uğurlu xarici siyasəti
haqqında məqalə dərc olunmuşdur
Türkiyədəki
Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin "EkoAvrasiya" internet
saytında Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici
siyasətindən bəhs edən geniş məqalə dərc
edilmişdir.
"İlham Əliyevin prezidentliyi
dövründə Azərbaycanın xarici siyasəti"
başlıqlı məqalədə bildirilir ki, Azərbaycanın
yerləşdiyi Cənubi Qafqaz bölgəsi geostrateji
baxımdan yeni dünya xəritəsində böyük
önəm daşıyır. Zəngin karbohidrogen
ehtiyatları, əlverilşli coğrafi mövqe bütün
dünyanın diqqətini bu regiona cəlb etmişdir. Belə
bir şəraitdə, habelə Ermənistanın
işğalçı siyasəti fonunda
düşünülmüş xarici siyasət Azərbaycan
üçün çox mühümdür. Müstəqilliyinin
ilk illərində burulğana düşmüş xarici siyasət
kursu 1993-cü ilin yayından başlayaraq
balanslaşdırılmış bir istiqamətə yönəlmişdir.
Bu, təcrübəli siyasət xadimi Heydər Əliyevin
adı ilə bağlıdır. Prezident İlham Əliyev
balanslaşdırılmış xarici siyasət xəttini
uğurla davam etdirmiş, mövcud beynəlxalq vəziyyətə
uyğun olaraq ona yeni nüanslar əlavə etmişdir.
Balanslaşdırılmış xarici
siyasətin əsas meyarlarının Azərbaycan dövlətinin
bütün ölkələrlə sülh şəraitində
yaşaması, problemlərin dinc yolla həlli, başqa
dövlətlərin daxili işlərinə müdaxilə
edilməməsi və beynəlxalq təşkilatlarda təmsil
olunması olduğu vurğulanan məqalədə qeyd edilir
ki, rəsmi Bakı regional və beynəlxalq əlaqələrdə
aşağıdakı prinsiplər üzrə hərəkət
edəcəyini müəyyənləşdirmişdir. Bunlar
dövlətlərin qarşılıqlı surətdə
bir-birinin müstəqilliyinə, siyasi, sosial və iqtisadi
inkişaf strategiyasına hörmətlə
yanaşılması; dövlətlərin sərhədlərinin
zorla dəyişdirilməsinə, müstəqilliklərinin təhlükə
altında olmasına izn verilməməsi, bununla bağlı
meydana çıxan problemlərin sülh yolu ilə həll
olunması; ikitərəfli sazişlərdə nəzərdə
tutulan beynəlxalq hüquq normalarına əməl
olunması; terror və dövlətlərin təhlükəsizliyini
təhdid edən digər amillərə qarşı birgə
mübarizə aparılması; qlobal problemlərin həllində
birgə səylər göstərilməsidir.
Müəllif qeyd etmişdir ki, dövlət
başçısı İlham Əliyev istər seçkilər
zamanı və andiçmə mərasimində, istərsə
də vəzifəsinin icrasına başladıqdan sonrakı
dövrdə bütün bəyanatlarında Heydər Əliyevin
siyasi kursunu davam etdirəcəyini söyləmişdir. Azərbaycan
Prezidenti vurğulamışdır ki, ölkə beynəlxalq
arenada layiq olduğu mövqeyə çatmış,
nüfuzunu artırmış, regionda həyata keçirilən
bütün beynəlxalq layihələr Azərbaycanın
iştirakı ilə və onun milli maraqlarına uyğun
şəkildə reallaşdırılmışdır. Azərbaycanın
xarici siyasətinin əsas məqsədlərindən biri
qlobal və regional formatda əməkdaşlığın
genişləndirilməsi və dövlətlərin daxili
işlərinə qətiyyən müdaxilə edilməməsi
olmuşdur.
2007-ci il mayın 23-də qəbul
olunmuş Milli Təhlükəsizlik Konsepsiyasında Azərbaycan
Şərq və Qərbin birləşdiyi coğrafiyada yerləşən,
Avropanın təməl dəyərlərini bölüşən
və Avratlantik təhlükəsizlik strategiyasının
ayrılmaz hissəsi, eyni zamanda, islam dünyasının bir
parçası olan ölkə kimi dəyərləndirilmişdir.
Məqalədə İlham Əliyevin
xarici siyasətinin çoxşaxəliliyini göstərən
mühüm amillərdən birinin də onun səfər
etdiyi ölkələr olduğu bildirilir. Yalnız iqtidara gəldiyi
ilk iki il müddətində Azərbaycan Prezidenti BMT Təhlükəsizlik
Şurasının beş daimi üzvü olan ölkələrə
səfər etmiş, bütün danışıqlarda Azərbaycan
torpaqlarının Ermənistan tərəfindən
işğalını və bu problemin həllini ön planda
tutmuşdur. Prezident İlham Əliyev dəfələlərlə
müxtəlif kürsülərdən
vurğulamışdır ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həllinə çalışır, lakin bu, bir nəticə
verməzsə, digər yollar da istisna olunmur.
Məqalədə İlham Əliyevin
prezidentliyi dövründə Türkiyə-Azərbaycan əlaqələrinin
də xarici siyasətin prioritet istiqamətlərindən
olduğu qeyd edilir. İki qardaş ölkə arasında
Yüksək Səviyyəli Əməkdaşlıq
Şurası yaradılmış, müxtəlif sahələrdə
əməkdaşlıq daha da möhkəmlənmiş, nəhəng
beynəlxalq layihələrə yeniləri əlavə
olunmuşdur. Bununla yanaşı, türk dünyasının
birliyi və diaspor təşkilatları arasında əməkdaşlıq
da güclənmişdir.
Oqtay BAYRAMOV,
AzərTAc-ın
xüsusi müxbiri
Ankara
Azərbaycan.-2011.-16
sentyabr.-S.3.