Moskvanın mərkəzində Azərbaycanın görkəmli müğənnisi Müslüm Maqomayevin abidəsi açılmışdır

 

Moskvada görkəmli Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur. Rusiyanın xalq rəssamı, Rusiya Prezidenti yanında Mədəniyyət üzrə Komissiyanın üzvü Aleksandr Rukavişnikovun əl işi olan bu abidə Voznesenski və Yeliseyev döngələrinin kəsişdiyi yerdəki bağda, böyük musiqiçinin yaşadığı evin yaxınlığında qoyulmuşdur. Abidənin açılış mərasimində dahi sənətkarın istedadının yüzlərlə pərəstişkarı iştirak edirdi. Abidə Müslüm Maqomayevin yaxın dostu, "Krokus" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, həmvətənimiz Araz Ağalarovun təsis etdiyi Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyi ilə hazırlanmışdır. Təntənəli mərasimdə iştirak etmək üçün Azərbaycandan ölkəmizin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nüfuzlu nümayəndə heyəti Moskvaya gəlmişdir.

Təntənəli mərasimi Rusiyanın xalq artisti Svyatoslav Belza açmışdır. O, Müslüm Maqomayevin böyük yaradıcılıq irsi və bu hadisənin tarixi əhəmiyyəti barədə danışmışdır.

Moskva merinin sosial siyasət məsələləri üzrə müavini Lyudmila Şvetsova qeyd etmişdir ki, bu abidə sağlığında da, indi də sovet estradasının parlaq ulduzu adlanan görkəmli müğənninin xatirəsinə ucaldılmışdır. "Müslüm Azərbaycanı özünə ata, Rusiyanı isə ana hesab edirdi. O, Azərbaycan torpağında dəfn edilmişdir və orada Müslümə layiqli abidə qoyulmuşdur", - deyən L.Şvetsova Müslüm Maqomayevin ölməz yaradıcılığı, onun istedadına ümumxalq sevgisi barədə söhbət açaraq demişdir: "Bu gün biz bu gözəl insanın xatirəsini ehtiramla yad edir, xalqın səmimi sevgisini izhar edirik. Bu gün biz Azərbaycan xalqı ilə dostluq, mədəniyyət və insani münasibətlər sahəsində bizi bir-birimizə bağlayan məqamlar barədə bir daha söhbət açırıq".

Lyudmila Şvetsova demişdir: "Bu abidə Moskva hökumətinin qərarı ilə yaradılmışdır, lakin onu Moskvaya hədiyyə edən moskvalı və Maqomayevin dostu Araz Ağalarovdur. Bu abidənin yaradılmasında onun çox böyük rolu olmuşdur. Ağalarov bu işi təkcə mesenat kimi deyil, həm də Maqomayevin əsl səmimi dostu kimi etmişdir".

Moskva Şəhər Dumasının mədəniyyət və kütləvi kommunikasiyalar üzrə komissiyasının sədri, Rusiyanın xalq artisti Yevgeni Gerasimov böyük sənətkara möhtəşəm abidəni yaradanlara Moskva Şəhər Dumasının sədrinin və öz həmkarlarının salamlarını və təşəkkürünü çatdırmışdır. O, beynəlxalq müsabiqələrin birində aparıcının dediyi bir cümləni xatırlamışdır: "Maqomayevin hər şeyi var, yalnız bir şeydən başqa - onun səsinin rəqibi yoxdur".

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gözəl abidənin yaradılması üçün zəhmət çəkənlərin hamısına Azərbaycan Prezidenti İlham Əliyevin və onun ailəsinin salamlarını və təşəkkürünü çatdırmışdır. Nazir Moskva torpağında Azərbaycan mədəniyyətinin nümayəndəsinə abidə qoyulması üçün verilmiş imkana görə Azərbaycan Respublikasının hökuməti adından Moskva hökumətinə təşəkkür edərək demişdir: "Rusiya və Azərbaycan üçün əlamətdar olan bu gün yaradıcılığa və mədəniyyətin böyük ruhuna hörmət rəmzidir. Müslüm Maqomayev təkcə Azərbaycan mədəniyyətinin nümayəndəsi deyil, onun bütün həyatı bu gün çox dəbdə olan bir anlayışın - mədəniyyətlərin dialoqunun rəmzi idi. Bu gün o, bizim aramızda yoxdur, lakin Azərbaycanda hər bir evdə onun mahnıları səslənir. Müslüm Maqomayevin ifa etdiyi rus romansları, klassik operalar, özünün bəstələdiyi əsərlər musiqisevərlərə gözəl məhəbbət barədə söhbət açaraq onları sevindirməkdə davam edir".

Ə.Qarayev demişdir ki, Bakıda Müslüm Maqomayevə dərin ehtram bəsləyirlər. Musiqi məktəblərinə onun adı verilmiş, yaşadığı binada barelyefi vurulmuş, ona möhtəşəm abidə qoyulmuşdur. Lakin ən başlıcası budur ki, Maqomayevin yaradıcılığını çox yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyevdən başlamış ən adi vətəndaşa qədər Azərbaycanın hər bir sakini Müslüm Maqomayevə çox həssas münasibət bəsləyirdi. Əbülfəs Qarayev demişdir: "Biz onunla həmişə fəxr edəcəyik, çünki Müslüm bizim varlığımızın bir parçası, zəngin və daim gənc mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir".

Rusiyanın xalq artisti Yelena Obraztsova qeyd etmişdir ki, Müslüm Maqomayev öz istedadını və qəlbini insanlara bəxş edirdi, "bu gün isə biz öz qəlbimizi ona bəxş edirik".

"Krokus" şirkətinin nümayəndəsi Viktor Mişin abidənin açılışını tarixi hadisə adlandıraraq qeyd etmişdir ki, Moskvanın mərkəzində bu abidənin qoyulması Tamara Sinyavskayanın dünyadan vaxtsız getmiş Maqomayevə, həqiqətən, böyük sevgisi, Araz Ağalarovun böyük müğənni ilə dostluğa sədaqəti, böyük heykəltəraş Rukavişnikovun istedadı və Lyudmila Şvetsovanın bu layihəyə qeyri-formal, insani himayəsi sayəsində mümkün olmuşdur.

Dahi musiqiçinin ömür-gün yoldaşı, Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun prezidenti, vokalçıların Müslüm Maqomayev adına I Beynəlxalq Müsabiqəsinin münsiflər heyətinin sədri, SSRİ xalq artisti, Rusiya Böyük Teatrının solisti, professor Tamara Sinyavskaya mərasim iştirakçılarının Maqomayevə sevgisinə görə onlara təşəkkürünü bildirmişdir. Tamara Sinyavskaya demişdir: "Həm Müslümün vətəni Bakıda, həm də onun ikinci vətəni Moskva şəhərində ona iki abidə qoyulması üçün öz qəlblərinin hərarətini, qüvvələrini və maliyyə imkanlarını əsirgəməmiş insanlara ürəkdən təşəkkür edirəm. 1942-ci il avqustun 17-də Tanrı bizə Müslümü bəxş etmişdir. Böyük istedad sahibi olan, gözəl səsi, nəcibliyi və səmimiyyəti ilə seçilən bu insan həmin istedadı səxavətlə ətrafındakı bütün insanlara, bütün dünyaya bəxş edirdi. Bu gün o, burada da, Bakıda da bizimlədir. Mən çox xoşbəxtəm ki, Müslüm insanların qəlbində yaşayır, xalq onu dinləyir, xatırlayır və sevir. Dünyadan gedişi ilə də sübut etdi ki, o, özünün bir mahnısında bəhs etdiyi əbədiyyətə qovuşmuşdur. Hamınız sağ olun".

Təntənəli mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Maqomayevin yaxın dostları - "Krokus" QSC-nin prezidenti Araz Ağalarov, tanınmış bəstəkar və müğənni Emin Ağalarov, memarlıq-heykəltəraşlıq ansamblının müəllifləri, xalq rəssamı Aleksandr Rukavişnikov və Moskva Şəhəri Memarlıq və Şəhərsalma Komitəsinin sədrinin müavini, Moskvanın baş rəssamı İqor Voskresenski, Rusiya paytaxtının hakimiyyət orqanlarının, Moskva Şəhər Dumasının, yaradıcı ziyalıların, ictimaiyyətin və Rusiya paytaxtı sakinlərinin nümayəndələri iştirak etmişlər.

Müslüm Maqomayevin abidəsinin daxil olduğu memarlıq-heykəltəraşlıq ansamblı bağın cənub-şərq hissəsində ucaldılmışdır. Abidə meydançası royal formasında cilalanmış qranitdən hazırlanmışdır. Royalın qabaq divarı üzərində Maqomayevin ifa etdiyi ən məşhur mahnılardan biri olan "Sən mənim melodiyamsan" mahnısının sözləri və notları həkk edilmişdir. Qranit pyedestalda məşhur müğənninin tunc heykəli ucalır. Hündürlüyü 4,5 metrdən artıq olan abidənin müəllifləri heykəltəraş, Rusiyanın xalq rəssamı Aleksandr Rukavişnikov və Rusiyanın əməkdar memarı İqor Voskresenskidir.

Müslüm Maqomayev 2008-ci ilin oktyabr ayında, ömrünün 67-ci ilində vəfat etmişdir. Müğənni öz doğma şəhəri Bakıda, Fəxri xiyabanda dəfn edilmişdir.   

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.-2011.-16 sentyabr.-S.3.