Torpağın əsl sahibinə
qaytarılması ən
böyük uğurumuzdur
1991-ci ildə sovetlər birliyinin
dağılmasından sonra mövcud olan asılı
iqtisadiyyat sistemi digər respublikalar kimi, Azərbaycanı da
ağır iqtisadi böhrana saldı. Respublikanı bu böhrandan çıxarmanın yeganə
və düzgün yolu ölkə iqtisadiyyatını
qısa bir müddətə yeni iqtisadi əsaslarla bərpa
etmək idi ki, bunun da həyata
keçirilməsi üçün ilk növbədə
aqrar-torpaq islahatları aparılmalı idi. Müstəqillik əldə edilməsinin
ilk üç ili (1991-1993) ərzində ölkə
qarşısında duran çoxsaylı iqtisadi, ictimai-siyasi və
başqa problemlər nəinki həll olunmur, əksinə,
qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü
nəticəsində daha da dərinləşirdi. Bu təcavüz nəticəsində bir milyona
yaxın həmvətənimiz qaçqın və məcburi
köçkün vəziyyətinə düşdü. Bu illər
həm də dövlət çevrilişi cəhdləri və
siyasi intriqalar dövrü kimi səciyyələnir. O
zamankı ölkə rəhbərliyinin səriştəsizliyi
ucbatından respublikada sənaye məhsulları istehsalı
62%, kənd təsərrüfatı məhsulları 44%-ə düşmüş, əhalinin
həyat səviyyəsi xeyli pisləşmişdi.
Azərbaycan
xalqının təkidli xahiş və tələbi ilə
yenidən hakimiyyətə gələn ulu öndər Heydər
Əliyev tarixdə heç vaxt Azərbaycan kəndlisinə
aid olmayan torpağı kəndliyə verməklə tarixi ədaləti
bərpa etmək qərarına gəldi.
"Torpaq
islahatı haqqında" Azərbaycan Respublikası Qanununun
1996-cı ildə qəbul edilməsinə baxmayaraq, bu məsələnin
təməli, əslində, Heydər Əliyevin
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik
etdiyi dövrdə, 1992-ci ildə Culfa rayonunun Şurut və
Gal kəndlərində qoyulmuşdu. Məsələnin siyasi-iqtisadi,
eyni zamanda, sosial-psixoloji baxımdan nə qədər mürəkkəb
olması da Heydər Əliyevə məhz o vaxt aydın
olmuşdu.
1992-ci ildə
Culfa rayonunun Şurut və Gal kəndlərindəki
torpaqların kəndlilərə verilməsi öz müsbət
təsirini göstərmişdi.
Ulu
öndərimiz Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə ümumxalq müzakirələrindən
sonra torpaq islahatına dair dövlət proqramı
hazırlandı və bu proqram əsasında torpaq
islahatlarının həyata keçirilməsini təmin edən
hüquqi baza yaradıldı.
Aparılacaq
torpaq islahatı ilə əlaqədar qəbul edilən digər
qanun və normativ-hüquqi aktlar - "Dövlət torpaq
kadastrı, torpaqların monitorinqi və yerquruluşu
haqqında" Azərbaycan Respublikasının 22 dekabr 1998-ci
il tarixli qanunu, "Torpaq icarəsi haqqında" Azərbaycan
Respublikasının 12 mart 1999-cu il tarixli qanunu, Azərbaycan Respublikasının
25 iyun 1999-cu il tarixli qanunu ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Torpaq Məcəlləsi", "Torpaq
bazarı haqqında" Azərbaycan Respublikasının 7 may
1999-cu il tarixli qanunu da daxil olmaqla qəbul edilmiş 52-dən
çox fərman, qanun və digər normativ-hüquqi akt
respublikamızda torpaq islahatlarının uğurla həyata
keçirilməsini təmin etdi. "Aqrar
islahatların həyata keçirilməsini təmin edən bəzi
normativ-hüquqi aktların təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli
534 nömrəli fərmanından sonra islahatların sürətlə
həyata keçirilməsi prosesi başladı.
Tam əminliklə
demək mümkündür ki, bu gün ölkədə
keçirilən aqrar islahatlar tarixə "Heydər Əliyev
aqrar islahatları" kimi daxil olmuşdur. Bunu yalnız bizim
ölkəmizdə deyil, xarici ölkələrdə də
etiraf edirlər. Bir çox xarici ekspertlərin fikrincə, Azərbaycanda
aparılan aqrar islahatların bütün MDB məkanında
analoqu yoxdur. Bu isə o deməkdir ki, "Heydər Əliyev
aqrar islahatları" başqa MDB ölkələri tərəfindən
model kimi qəbul edilir.
Torpaq - vətəndaş
münasibətlərində həyata keçirilən bu
tarixi və inqilabi hadisənin birinci mərhələsinin
yekunlarını ulu öndər Heydər Əliyev olduqca
yüksək qiymətləndirərək demişdir: "Biz
torpaq islahatının aparılmasında radikal tədbirlərə
əl atmışıq. Deməliyəm ki, nəticə
idealdır. Özü də bu, hələlik
başlanğıcdır".
Torpaq
islahatları nəticəsində respublikamızda mövcud
olmuş 2032 təsərrüfat, yəni, kolxoz və sovxozlar
ləğv edilərək, onların əkinə yararlı
münbit torpaqları əhaliyə paylanıldı.
İşğal olunmuş rayonlarımız istisna olmaqla
ökəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə
torpaq payı verildi.
Bu, 3 442 778 subyekt demək idi. Torpaq islahatları nəticəsində
torpaq üzərində üç mülkiyyət forması
müəyyənləşdi. Azərbaycanın
vahid torpaq fondunu təşkil edən 8 641 506 hektar torpaq sahəsindən
4 913 639 hektarı, başqa sözlə, 56,9 faizi dövlət
mülkiyyətində saxlanıldı; 2 032 744 hektarı, yəni,
23,5 faizi bələdiyyə mülkiyyətinə verildi;
1 695 123 hektarı, yəni, 19,6 faizi isə xüsusi mülkiyyətə
ayrıldı.
Torpaq
islahatlarının sosial məzmunlu olması və
ümummilli rifaha xidmət etməsi sonrakı mərhələlərdə
müvafiq sahənin dinamik inkişafını təmin etdi.
Eyni zamanda, aşağıda göstərilənlər
mühüm sosial-iqtisadi, sosial-siyasi məsələləri də
həll etdi:
1. Ölkə əhalisinin
az qala, yarısı, yəni, 3 500 000 nəfəri torpaq
mülkiyyətçisinə çevrildi və mülkiyyətçilik
hissi vətəndaşların torpağa daha doğma
münasibətini formalaşdırdı.
2. Torpaq
islahatları gənc dövlət üçün
başlıca sosial problem olan işsizliyi böyük miqyasda
aradan qaldırdı.
3. Ölkənin
ərzaq və kənd təsərrüfatı malları ilə
təminatında ciddi dinamik inkişaf müşahidə
edildi, aqrar-sənaye kompleksi yenidən inkişaf etməyə
başladı.
4. Qeyri-neft
sektorunun və regionların inkişafı üçün əsaslı
baza yaratdı.
Respublikanın
kənd təsərrüfatının inkişafında
mühüm nailiyyətlər əldə edilməsinə səbəb
olan bu islahatları digər dövlətlərdə həyata
keçirilən analoji islahatlardan bu siyasətin müəllifi
və icraçısı Heydər Əliyevin müəyyənləşdirdiyi
4 mühüm prinsip
fərqləndirirdi:
Birincisi, Azərbaycanda
torpaqlar məhz onun təşəbbüsü ilə vətəndaşlara
pulsuz olaraq əvəzsiz verildi. Nəticədə, 3 milyon 500 minə
qədər insan torpaq mülkiyyətçisinə
çevrildi.
İkincisi,
torpaqların ən yararlısı və keyfiyyətlisi özəlləşdirildi.
Başqa sözlə, MDB məkanının digər
ölkələrindən fərqli olaraq, vətəndaşa
yararsız və ya az yararlı torpaqlar deyil, keçmiş
kolxoz və sovxozların ən yararlı və münbit
torpaqları verilməklə yanaşı, Azərbaycan
Respublikasının fiziki və hüquqi şəxslərinə
öz mülkiyyətlərindəki torpaq
sahələri üzərində müstəsna hüquqlar,
alqı-satqı, bağışlama, icarəyə və ya
istifadəyə vermə, vərəsəlik, girov qoyma və
s. kimi hüquqlar verildi ki, bu da Azərbaycanda torpaq
islahatlarının keçmiş SSRİ-nin digər
respublikalarında olduğu kimi formal deyil, əsaslı zəmində
və fundamental şəkildə həyata keçirildiyini
sübut etdi.
Üçüncüsü,
respublikamızın ərazisində yaşayan bütün vətəndaşlara
harada yaşamasından və kimliyindən asılı
olmayaraq torpaqlardan istifadə və icarə hüququ verildi və
eyni zamanda, Azərbaycanın hər bir vətəndaşı
torpaq alqı-satqısı prosesində, torpaqla bağlı
müxtəlif müqavilə və əqdlərin bağlanmasında iştirak etmək
hüququ əldə etdi.
Beləliklə,
hər bir Azərbaycan vətəndaşı respublikamızda
formalaşan torpaqla bağlı yeni mülkiyyət münasibətlərində
birbaşa iştirakçı olma hüququ qazandı.
Dördüncüsü, məhz ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə
Azərbaycanda xarici fiziki və hüquqi şəxslərə
torpaq sahəsi istifadə və icarə hüququ ilə
verildi.
Azərbaycan
Respublikasının Torpaq Məcəlləsinə uyğun
olaraq torpaqlardan istifadə edilməsinin hüquqi əsasları,
növləri, torpaq mülkiyyətçiləri, istifadəçiləri
və kateqoriyaları üzrə bölüşdürülməsi,
torpaqların kəmiyyət xarakteristikası, habelə,
torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi
haqqında lazımi
məlumat və sənədlər sistemini əks etdirən
dövlət torpaq kadastrı yaradılmışdır.
15 oktyabr
2003-cü ildə respublikamızda Prezident seçkiləri
zamanı Azərbaycan demokratik quruculuq yolunda daha bir ciddi
sınaqdan uğurla çıxdı.
Belə ki,
xalqımız gələcək taleyini ümummilli lider Heydər
Əliyevin layiqli siyasi davamçısı İlham Əliyevə
etibar etdi. Bakı-Tbilisi-Ceyhan neft boru, Bakı-Tbilisi-Ərzurum
qaz boru kəmərləri tikilib istifadəyə verildi.
Qısa müddət ərzində Azərbaycan Dövlət
Neft Fondunun fəaliyyəti neft hasilatı və ixracı ilə
məşğul olan digər ölkələr
üçün də böyük maraq doğurdu. Neft Fondunun
açıq və şəffaf idarə edilməsi cəmiyyət
tərəfindən müsbət qarşılandı.
Prezident İlham
Əliyevin bəyan etdiyi regionların sosial-iqtisadi
inkişafı siyasətində ölkəmizdə
yoxsulluğun azaldılmasına yönəldilmiş tədbirlər
sistemində yeni iş yerlərinin yaradılması həlledici
amillərdən biri kimi qarşıya əsas məqsəd
kimi qoyuldu.
Heç
şübhəsiz ki, yoxsulluğun sürətlə
azalması, millətin genefondunun qorunması, ailələrin,
uşaqların xoşbəxtliyi, ölkənin iqtisadi qüdrətinin
artmasına xidmət edən əsas amillərdən biridir.
Bu gün respublika
əhalisinin yarısının yaşadığı kənddə
aqrar islahatların yeni mərhələsi
başlanmışdır. Ona görə də
dövlət başçısı kəndin sosial-iqtisadi
strukturunun yaxşılaşdırılması, burada
müasir tələblərə cavab verən istehsal, sosial
infrastrukturun yaradılması, fermer təsərrüfatlarına
aqroservis, onlara qayğının artırılması,
marketinq xidmətinin yaxşılaşması istiqamətində
görülən işlərin miqyasının
genişləndirilməsini prioritet vəzifə kimi qiymətləndirir.
Aqrar sektorun inkişafında müşahidə
olunan müsbət meyillərin daha da güclənməsi,
regionlarda istehsal edilən məhsulların səmərəliliyinin
və keyfiyyətinin yüksəlməsi, onların maneəsiz
daxili və xarici bazarlara çıxarılması məsələləri
daim diqqət mərkəzində saxlanılır.
Respublikada aparılan torpaq
islahatının yekun mərhələsi rayon elektron xəritələrinin
hazırlanmasını tələb edir. Rayonlar üzrə
hazırlanmış elektron xəritələrdə, inzibati ərazidə
olan bütün torpaq istifadəçiləri, torpaqların
mülkiyyət növlərinə görə uçotunun
aparılması ilə yanaşı, qonşuluq sərhədləri
də göstərilir.
"Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın (2004-2008-ci illər) icrası ilə əlaqədar
respublikamızın ayrı-ayrı rayonlarının ərazisindəki
torpaqların şorlaşmaya, şorakətləşməyə,
eroziyaya və deqradasiyaya uğrama dərəcəsinin müəyyənləşdirilməsi
məqsədilə irimiqyaslı torpaq-meliorasiya tədqiqat
işləri aparılmışdır.
Möhtərəm Prezident İlham Əliyevin
atdığı hər bir addım, dövlətçiliyimizin
təkcə möhkəmlənməsinə deyil, bütövlükdə ölkə
vətəndaşlarının sosial-rifah halının
durmadan inkişafına yönəlməsi həm də onu
göstərir ki, ulu öndərin ölməz və
işıqlı ideyaları həmişəyaşardır.
Bu işdə Heydər Əliyev Fondunun rəhbəri, millət
vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
ölkəmizin birinci xanımı Mehriban Əliyevanın müstəsna xidmətləri
göz önündədir.
Fond ulu öndərin ideyalarının
yüksək səviyyədə həyata keçirilməsi
prosesində yorulmadan əzmlə çalışır. Heydər
Əliyev Fondu ölkəmizin birinci xanımı Mehriban Əliyevanın
rəhbərliyi altında təkcə ölkəmizdə deyil,
eləcə də Azərbaycanın beynəlxalq aləmə
inteqrasiyasının sürətləndirilməsində
xüsusi rola malikdir.
Heydər Əliyev Fondunun
yarandığı 2004-cü ildən az bir müddət
keçməsinə baxmayaraq, həm ölkəmizdə həm
də beynəlxalq aləmdə xüsusi rəğbət
qazanmışdır. Fondun fəaliyyəti cəmiyyət həyatının
bütün əhəmiyyətli sahələrini əhatə
edir. "Yeniləşən Azərbaycana yeni məktəb"
proqramı son illər ölkəmizdə
reallaşdırılan ən uğurlu layihələrdən
olmuşdur. Bu proqram çərçivəsində ölkəmizin
müxtəlif bölgələrində onlarla yeni məktəb
tikilmiş, yüzlərlə məktəb əsaslı şəkildə
təmir edilmişdir. Bundan başqa, "Təhsilə dəstək"
layihəsi, "Uşaq evləri və internat məktəblərinin
inkişafı" proqramları da öz növbəsində Azərbaycanda təhsilin
inkişafını, sözün əsl mənasında,
ictimai hərəkata çevirmişdir. Heydər Əliyev
Fondunun təhsilin inkişafı sahəsində
gördüyü işlər tək ölkəmizlə məhdudlaşmır.
Belə ki, fond Gürcüstanda və Moskvada azərbaycanlıların
təhsil aldığı məktəblərə də
kompyuter dəstləri, məktəb ləvazimatları və
digər avadanlıqlar hədiyyə etmişdir. Pakistan İslam Respublikasının
zəlzələdən zərər çəkmiş Müzəffərabad
şəhərində fondun maliyyə dəstəyi
hesabına müasir tələblərə cavab verən
ümumtəhsil məktəbi inşa edilmişdir.
Mədəni irsin qorunması və beynəlxalq
aləmdə təbliği istiqamətində görülən
işlər də Heydər Əliyev Fondunun çoxsahəli
fəaliyyətinin bir istiqamətidir. Məhz Mehriban
xanımın səyləri nəticəsində Azərbaycan
muğamı YUNESKO kimi nüfuzlu beynəlxalq qurum tərəfindən
bəşəriyyətin şifahi qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilmişdir.
Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilmişdir ki,
bu mərkəz muğamlarımızın qorunub saxlanması
və inkişafı, dünyada yayılması və beynəlxaq
muğam tədbirlərinin keçirilməsi məqsədi
daşıyır.
Fondun sosial sahədə
reallaşdırdığı layihələr də xalqa xidmətin
bariz nümunəsidir. "Diabetli uşaqlara ən yüksək
qayğı", "Talassemiyasız həyat naminə",
"Kor və görmə qabiliyyəti zəif olan insanlar
üçün İKT-yə çıxışın təmin
edilməsi", "Hərəmiz bir ağac əkək"
layihələri müstəqil dövlətimizdə hiss olunan sosial problemlərin həllinin
aradan qaldırılmasına bilavasitə təkan vermişdir.
Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında da Heydər Əliyev
Fondunun rolu böyükdür. "Qarabağ həqiqətləri"
toplusu, "Xocalı soyqırımı" filmi, "Azərbaycana
qarşı müharibə: mədəni irsin hədəfə
alınması", "Müharibə və tarixi-mədəniyyət
abidələrimiz", xarici nəşrlərdən tərcümə
edilmiş "Türklər və dünya: munis tariximiz",
"Bakı-Tbilisi-Ceyhan boru kəməri: Qərbə
açılan neft pəncərəsi", "Azərbaycan təbiəti",
"Yuxuların çin olduğu yerdə", "Bəyazidin
müdafiəsi: həqiqət və yalan", "Əlahəzrətin
general-adyutantı" kitabları məhz Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə hazırlanaraq
bütün dünyada həqiqət
carçılarına çevrilmişdir. 4 min səhifəlik
"Azərbaycan" portalı isə öz konkret məlumatları
ilə dünyanın hər yerində Azərbaycanla
bağlı informasiya əldə etməyə xidmət edir.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
yaradılan bu portal, eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən
Azərbaycanda elektron hökumətin qurulmasına ən
böyük dəstəkdir.
Azərbaycanın birinci xanımı,
millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın rəhbərliyi altında
Heydər Əliyev Fondunun 2004-cü ildən bəri
gördüyü işləri nəzərdən keçirəndə
qürur hissi ilə demək olur ki, Mehriban Əliyevanın
varlığı Azərbaycan anaları üçün
taleyin bizə bəxş etdiyi Tanrı payıdır.
Heydər Əliyev Fonduna Mehriban xanım
Əliyeva kimi bir insanın rəhbərlik etməsi, Azərbaycanın
çiçəklənməsi yolunda gördüyü
böyük işlər həm də ona görə
uğurludur ki, Azərbaycan Milli Məclisinin deputatı,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın özü müasir Azərbaycanın
dövlətçilik fəlsəfəsinin
yaradıcısı ulu öndərimiz Heydər Əliyev
siyasi akademiyasından dərs alıb. Məhz elə Mehriban
xanım Əliyevanın Azərbaycan mədəniyyətinin,
təhsilinin, elminin, incəsənətinin durmadan artan
yaradıcı inkişafında gördüyü işlər
bir daha sübut edir ki, ulu öndərimiz fenomenliyinin daha
böyük miqyasda tanıdılması üçün
bundan sonra da nələr etməyin vacibliyini dərk edən
insanlar arasında öncüllük edənlərin ön
sırasındadır.
Məlumdur ki, ölkənin torpaq fondunun müəyyən bir
hissəsi bələdiyyə mülkiyyətindədir. Torpaq
islahatının qarşıya qoyduğu vəzifələrə
müvafiq olaraq, ölkənin 8
641 506 hektar vahid torpaq fondunun 2
032 744 hektarı (23,5%) bələdiyyə mülkiyyətinə
verilib. 1999-cu ildə hüquqi status almış 2667 bələdiyyənin
torpaqları və 1999-cu ildən 2009-cu ilədək yeni
hüquqi status almış bələdiyyələrin
torpaqları zəruri yerquruluşu xəritələri tərtib
edilməklə özlərinə təhvil verilmişdir. Azərbaycan
Respublikasının yeni qanunvericiliyinə müvafiq olaraq bələdiyyələrin
birləşməsi nəticəsində Ədliyyə
Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi
ilə birlikdə Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin rayon və şəhər şöbələri
tərəfindən yenidən formalaşmış 1718 bələdiyyənin
torpaqları əvvəlki bələdiyyələrdən təhvil-təslim
olmuşdur.
Azərbaycan Respublikasının Milli Məclisi
tərəfindən bələdiyyələrin dövlət
reyestrinin aparılması və onlara şəhadətnamənin
verilməsi məqsədilə bələdiyyələrin sərhədlərinin
müəyyənləşdirilməsi,
razılaşdırılması,
sərhədlərinin əsas döngə nöqtələrində
mərz nişanlarının basdırılması və nəticəsinin
xəritələşdirilərək Azərbaycan
Respublikası Prezidenti Administrasiyası vasitəsilə Azərbaycan
Respublikasının Milli Məclisinə təqdim edilməsi
üçün zəruri tədbirlər
görülmüşdür.
Keçmiş sovetlər birliyinə
daxil olan MDB dövlətləri arasında Azərbaycan
Respublikası da Rusiya Federasiyası ilə dövlət sərhədlərinin
müəyyən edilməsinə-delimitasiya işlərinə
nail olmuşdur. "Azərbaycan Respublikası və Rusiya
Federasiyası arasında dövlət sərhədi
haqqında" müqavilə artıq Azərbaycan
Respublikasının 2010-cu il 21 dekabr tarixli 27/IVQ nömrəli
qanunu ilə təsdiq edilərək qüvvəyə
minmişdir. Yaxın vaxtlarda həmin müqavilənin
Rusiyanın Dövlət Duması tərəfindən də
ratifikasiya ediləcəyi gözlənilir. Həmin müqavilənin ayrılmaz tərkib
hissəsi olan "Sərhəd xəttinin yazılı təsviri"
və "Sərhəd xəttinin keçməsini əks
etdirən xəritələr toplusu" 1996-2010-cu illər ərzində
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
ekspertlərinin və tabeliyində olan müvafiq
icraçı struktur vahidlərinin sahəvi ixtisaslı və
uzun illərdən bəri formalaşmış mütəxəssisləri
ilə birlikdə yerinə yetirdikləri topogeodeziya,
yerquruluşu, dövlət torpaq kadastrı və xəritəçəkmə
işlərinin nəticəsində hazırlanmışdır.
Yaxın vaxtlarda Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin mütəxəssisləri tərəfindən
Rusiya Federasiyasının müvafiq idarəetmə
orqanlarının mütəxəssisləri ilə birlikdə
təsdiq olunmuş dövlət sərhəd xəttinin
demarkasiyası (dövlət sərhəd
nişanlarının basdırılması) işlərinə
başlanılacaqdır.
Azərbaycan Respublikası ilə
Gürcüstan arasında dövlət sərhədinin
uzunluğu 480 km təşkil edir. Delimitasiya ilə
bağlı işlər 1996-cı ilin dekabr ayından bu
günədək davam edir. Hazırda sərhədin təxminən
300 km hissəsi hər iki tərəfin dövlət
komissiyaları tərəfindən
razılaşdırılmışdır. Sərhədin qalan
hissələrində hər iki ölkənin ekspertləri tərəfindən
torpaqların faktiki istifadə vəziyyətinin dəqiqləşdirilməsi,
arxivlərin öyrənilməsi və digər zəruri tədbirlər
həyata keçirilir.
Azərbaycan Respublikası hökuməti
və Dünya Bankı tərəfindən birgə maliyyələşdirilən
"Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi"
üzrə işlərin Azərbaycanda 2007-ci ildən
başlayaraq həyata keçirilir. Azərbaycan
Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi həmin layihənin "C" komponenti üzrə
(baza xəritəçəkmə, ortofoto və kadastr xəritələrinin
hazırlanması) görülən işlərin təşkilinə,
texniki nəzarətinə və qəbuluna cavabdehdir. Bu komponent üzrə
yerinə yetirilmiş işlər aşağıdakılardan
ibarətdir:
1. Ölkə ərazisinin 65 min kv. km sahəsində
aerofotoçəkiliş və kosmik çəkilişi əsasında
1:1000, 1:5000 və 1:10 000 miqyaslarda ortofotoplanların
hazırlanması.
2. Ölkə ərazisində 37
stansiyadan ibarət olan Daimi Fəaliyyət Göstərən
Peyk Geodeziya Şəbəkəsinin qurulması. Həmin
şəbəkənin mərkəzi idarəetmə
stansiyası Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsində qurularaq komitənin Dövlət Aerogeodeziya
Müəssisəsi tərəfindən idarə
olunacaqdır.
3. Ölkə ərazisinin 4 mln. ha sahəsini
əhatə edən torpaq kadastrı xəritələrinin
hazırlanması. Bu subkomponent üzrə artıq beynəlxalq
tender keçirilib və müvafiq araşdırmalardan sonra
qalib seçilmiş şirkətlə tezliklə müvafiq
müqavilə imzalanacaqdır.
Heydər Əliyev Fondunun rəhbərliyi
ilə Qobustan dövlət tarixi-bədii qoruğunun virtual
müzeyinin yaradılması və Azərbaycan portalında
yerləşdirilməsi üçün görülən
işlərlə əlaqədar Qobustan dövlət tarixi-bədii
qoruğu ərazisində yerləşən milli sərvətlər
xəzinəsinin qorunması və gələcək nəsillərə
çatdırılması, eləcə də Azərbaycan
Respublikasının qədim mədəni irsinin geniş
miqyasda təbliğ olunması məqsədi ilə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev 11 iyun
2007-ci il tarixli sərəncam imzalamışdır. Heydər Əliyev
Fondu və Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi bu sərəncamdan irəli gələn vəzifələrlə
əlaqədar Azərbaycanın qədim irsi olan Qobustanın
dünya miqyasında tanıdılmasına və təbliğ
olunmasına kömək etmək məqsədi ilə birgə
layihə həyata keçirir. Layihə çərçivəsində
Qobustan dövlət tarixi-bədii qoruğunun virtual muzeyinin
yaradılması və Azərbaycan
portalında yerləşdirilməsi nəzərdə
tutulmuşdur.
Bakı şəhəri və
Abşeron yarımadasında nəqliyyatın intellektual idarə
edilməsi layihəsi üzrə
şəhərin 2200 km2 ərazisində nəqliyyatın
intellektual idarə edilməsi üçün Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən
rəqəmsal xəritələr
hazırlanmışdır. Bu xəritələrdə
57 növdə 3d formatında məlumatlar həm mətn, həm
də qrafiki formada hazırlanmış, aidiyyəti üzrə
təhvil verilmişdir. Bu işin əsas sifarişçisi Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyidir və işin
Koreyanın SKCS şirkəti tərəfindən yerinə
yetirilməsi tapşırılmışdır. İşin əsas
hissəsi olan rəqəmsal xəritələr Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən
hazırlanmışdır. Bu xəritələr əsasında
Bakı şəhərinın və Abşeron
yarımadasının ərazilərində
nəqliyyat vasitələrinin hərəkəti
üçün yolların gediş istiqaməti, yol
nişanları, döngələr, binalar, bina nömrələri,
yolların adları, strateji obyektlərin adları və
ünvanları, parklar və s. barədə vizual
görüntü yaranır və eləcə də istənilən
yerdən tələb olunan yerə qədər olan məsafə
və vaxt tez bir zamanda təyin edilir.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev
Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş
14 yanvar 2011-ci il tarixli
iclasında ölkə üzrə aparılan digər
uğurlu işlərlə yanaşı, həmçinin qeyd
etmişdir ki, Azərbaycanda aparılan islahatlar və
düzgün iqtisadi siyasət nəticəsində həm
2009-cu ildə, həm 2010-cu ildə ölkə iqtisadiyyatı
inkişaf etmişdir. 2009-cu ildə ümumi daxili məhsul 9,3
faiz, keçən il isə iqtisadiyyatımız 5 faiz
artmışdır. Əksər ölkələrdə həm
2009-cu, həm də 2010-cu ildə tənəzzül
müşahidə olunduğunu nəzərə alsaq, əlbəttə
ki, bizim uğurlarımızın əhəmiyyəti daha da
artır.
Ölkə başçısı
İlham Əliyev 2011-ci ildə qarşıda duran vəzifələrə
də aydınlıq gətirərək bildirdi ki, biz bu ildə
də iqtisadiyyatımızın inkişafını təmin
etməliyik: "Əminəm ki, iqtisadiyyatımız daha da
artacaqdır. Makroiqtisadi sabitlik qorunmalıdır və əminəm
ki, inflyasiya birrəqəmli olacaqdır. Biz xüsusilə
istehlak bazarına nəzarətimizi gücləndirməliyik.
Bu sahədə böyük işlər görülüb və
davam etdirilməlidir. Qiymətlərin süni şəkildə
şişirdilməsinə yol verməməliyik, azad rəqabəti
təmin etməliyik, inhisarçılıq meyillərinin
qarşısını almalıyıq. Lazımsız
yoxlamalar aparılmamalıdır, xüsusilə,
hüquq-mühafizə orqanları tərəfindən
lazımsız yoxlamalara son qoyulmalıdır ki, ölkədə
sahibkarlığı daha da sürətlə inkişaf etdirək,
buna daha böyük təkan verək".
Ulu öndər Heydər Əliyevin
ölkəmizə rəhbərlik etdiyi dövrlərdə, əsasən
də, keçid dövründə sosial-iqtisadi inkişafa
mane olan hallara qarşı mübarizə metodları və
üsulları genişləndirilmiş, cinayətkarlığa,
o cümlədən korrupsiyaya şərait yaradan halların
aradan qaldırılmasına yönəldilmiş əməli
tədbirlər gücləndirilmişdir. Ulu öndərin
"Cinayətkarlığa qarşı mübarizənin
gücləndirilməsi, qanunçuluğun və hüquq
qaydalarının möhkəmləndirilməsi tədbirləri
haqqında" 1994-cü il 9 avqust tarixli, "İstehsal, xidmət,
maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin
qaydaya salınması və əsassız yoxlamaların
qadağan edilməsi barədə" 1996-cı il 17 iyun
tarixli, "Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi
və sahibkarlığın inkişafı sahəsində
süni maneələrin aradan qaldırılması
haqqında" 1999-cu il 7 yanvar tarixi fərmanları, "Azərbaycan
Respublikasında iqtisadi cinayətkarlığa qarşı
mübarizə sahəsində bəzi tədbirlər
haqqında" 1998-ci il 27 yanvar tarixli sərəncamı cinayətkarlığa,
o cümlədən korrupsiyaya qarşı mübarizəni
dövlət siyasətinin mühüm istiqamətlərindən
biri hesab etmiş, onun daha da məqsədyönlü
aparılmasına şərait yaratmışdır. Ulu
öndərin 28 noyabr 2000-ci il tarixli 422 saylı fərmanı
ilə təsdiq olunmuş "Torpaqlardan istifadəyə və
onların mühafizəsinə dövlət nəzarəti
haqqında" əsasnamə ilə verilmiş səlahiyyətləri
çərçivəsində torpaqlardan istifadəyə və
onların mühafizəsinə dövlət nəzarəti
işinin komitənin müfəttişləri tərəfindən
həyata keçirilməsi də torpaq sahələrinin
mülkiyyətə və icarəyə ayrılması
işlərində öz növbəsində şəffaflığı təmin
etmiş, torpaq sahəsinin ayrılması zamanı korrupsiyaya
gətirib çıxara bilən halların qarşısı
alınmışdır.
Korrupsiyaya qarşı mübarizə tədbirlərinin
gücləndirilməsinin ölkə rəhbəri cənab
İlham Əliyevin də hər zaman
diqqət mərkəzində olmuşdur. Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 03 sentyabr tarixli 377
nömrəli sərəncamı ilə təsdiq edilmiş
"Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət
Proqramı (2004-2006-cı illər)" üzrə tədbirlərin
komitəyə aid hissəsinin vaxtında və düzgün
icra edilməsini təmin etmək məqsədilə 2005-ci il
23 mart tarixdə xüsusi komissiya yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 28 iyul tarixli 2292 nömrəli sərəncamı ilə
təsdiq edilmiş "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə milli strategiyanın həyata keçirilməsi ilə
bağlı Fəaliyyət Planı (2007-2011-ci illər)" əsasında komitənin 2007-ci il 03 sentyabr tarixli
211 nömrəli əmri ilə təsdiq edilmiş "Tədbirlər
Planı"na müvafiq olaraq 2011-ci ildə 30.12.2010-cu il
tarixli 376 nömrəli əmrlə müəyyən
edilmiş və həyata keçiriləcək tədbirlərin
(müraciət, ərizə və şikayətlərlə əlaqədar
effektiv araşdırmaların aparılması, elektron
poçt vasitəsilə ərizə və şikayətlərin
qəbulu işinin təşkili, məlumat əldə edilməsi
qaydalarının və üsullarının, məlumat əldə
edilməsi üzrə məsul olacaq struktur bölmələrinin
fəaliyyətinin təkmilləşdirilməsi, hesabatlarda
dövlət qulluğuna qəbul və qulluqla bağlı digər
məsələlərin əks etdirilməsi, ərizə və şikayətlərə
baxılması, şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
sahəsində həyata keçirilən tədbirlərə
dair hesabatların hazırlanması, hesabatların dərc
edilməsi və ictimaiyyətə açıqlanması,
şəxslərin birbaşa daxili nəzarət orqanlarına
müraciət imkanlarının yaradılması, daxili nəzarət
orqanları tərəfindən müraciətlərə
operativ və qısa müddət ərzində
baxılması, daxili nəzarət qurumlarının maddi və
texniki resurslarla təmin edilməsi, internet saytlarında məlumatların
mütəmadi yeniləşdirilməsi, göstərilən
xidmətlərə görə ödənişlər barədə
məlumatları əks etdirən lövhələrin yerləşdirilməsi,
göstərilən xidmətlərə görə nağd
ödəmələrin azaldılması, komitənin
aparatında və struktur bölmələrində ödənişlərin
plastik kartlar vasitəsilə həyata keçirilməsinin təmin
edilməsi, "qaynar xətt"ə daxil olan məlumatlarla əlaqədar
operativ tədbirlərin görülməsi, etik
davranış məsələləri üzrə tədris və
treninqlərin təşkil edilməsi, dövlət
qulluqçularının ixtisasartırma üzrə treninqlərə
cəlb edilməsi və rotasiya sisteminin tətbiq ediləcəyi
sahələrin müəyyən edilməsi və rotasiya
prinsipinin tətbiq edilməsi) icrasının daim nəzarətdə
saxlanılması, korrupsiyaya gətirib çıxara biləcək
halların əvvəlcədən müəyyən edilərək
bu barədə ciddi qabaqlayıcı tədbirlərin həyata
keçirilməsinin təmin edilməsi və bu işlər
üzrə görülən tədbirlərə dair
hesabatın müəyyən olunmuş qaydada Azərbaycan
Respublikasının Korrupsiyaya Qarşı Mübarizə
üzrə Komissiyasına göndərilməsinin təmin
edilməsi barədə müvafiq olaraq komitədə
yaradılmış komissiyaya, aidiyyəti rəhbər vəzifəli
şəxslərə və komitənin tabeliyində olan
icraçı struktur vahidlərinin rəhbərlərinə tapşırıqlar vermişdir.
"Bələdiyyə torpaqlarının
idarə edilməsi haqqında" Azərbaycan Respublikası
Qanununun (29 iyun 2001-ci il, 160-IIQ) 9-cu bəndində nəzərdə
tutulduğu kimi, bələdiyyələr mülkiyyətlərində
olan torpaq sahələrini bilavasitə, torpaq hərracları və
müsabiqələri vasitəsilə icarəyə,
mülkiyyətə və istifadəyə verməli
olduqları halda, bu əməliyyatları birbaşa həyata
keçirməyə üstünlük verirdilər ki, bu da
neqativ halların yaranmasına şərait yaradırdı. Komitənin təklifi əsasında bələdiyyə
torpaqlarının yalnız müsabiqə və ya hərracla
mülkiyyətə və icarəyə verilməsi ilə əlaqədar
"Bələdiyyələrə dair Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi barədə" Azərbaycan
Respublikasının 2007-ci il 23 oktyabr tarixli, 466-IIIQD nömrəli
qanununun tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin sərəncamında ölkədə
bələdiyyə torpaqları üzərində mülkiyyət,
istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və
ya müsabiqələri vasitəsilə əldə oluna biləcəyi,
torpaq sahələrinin ayrılmasında şəffaflığın
təmin edilməsi məqsədi ilə görülmüş tədbirlərdəndir.
Bu qanun bələdiyyələrin mülkiyyətlərində
olan torpaq sahələrini bilavasitə qanunsuz olaraq
satışına son qoydu. Torpaq müsabiqələri və hərraclarının
keçirilməsi təşkilatçı olaraq komitəyə
həvalə olundu. Komitənin əmri ilə torpaq müsabiqələri
və hərraclarının keçirilməsini
reallaşdırmaq məqsədilə torpaq müsabiqə və
hərrac komissiyaları yaradıldı. Komitə tərəfindən
torpaq müsabiqə və hərrac keçirilərkən
şəffaflığın təmin edilməsi məqsədilə
komissiyalar 2 nəfər komitə əməkdaşlarından,
qalan 3 nəfər isə ictimaiyyət, bələdiyyə
assosiasiyalarından və yerli icra hakimiyyətinin nümayəndəsindən
ibarət olaraq 5 nəfərlik tərkibdə yaradıldı.
Artıq 2009-2010-cu illərdə 4000-dən artıq müsabiqə
və hərrac keçirilmişdir.
Təbii ki, bütün bunlar ölkə
müstəqilliyimizin 20 ilində görülən uğurlu
işlərin az bir hissəsidir.
Ölkəmizin müstəqillik əldə
etdiyi 20 ildə xalqımızın gələcək rifah
halının durmadan yaxşılaşması yolunda
görülən işlər sübut edir ki, ulu öndər
Heydər Əliyevin və onun siyasi kursunun layiqli
davamçısı Prezident İlham Əliyevin rəhbərliyi
və uzaqgörən siyasəti nəticəsində həyata
keçirilən tədbirlər ölkəmizi və
insanlarımızı daha təminatlı və təhlükəsiz
gələcəyə aparacaqdır.
Qərib MƏMMƏDOV,
Dövlət Torpaq
və Xəritəçəkmə
Komitəsinin sədri,
akademik
Azərbaycan.-2011.-16
sentyabr.-S.5.