Həm öyrənirik, həm də tikib-qururuq

 

İnkişafın üfüqləri

 

 Bu gün tarixinin bir ucu gedib qədim Girdman dövlətinə dayanan İsmayıllı inkişafının əhəmiyyətli, yaddaqalan və məhsuldar bir dövrünü yaşamaqdadır. Hər gün, hər saat qurulur, tikilir, abadlaşır, göz qabağındaca qiyafəsini dəyişir. Rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov hər gün konturları daha qabarıq ifadə olunan və mahiyyəti etibarilə respublikadakı ümumu quruculuq fəaliyyətinin fəlsəfəsinə köklənmiş bu pozitiv dəyişikliklərin əldə olunmasında ölkə Prezidentinin təşəbbüsü  və administrasiyanın təşkilatçılığı ilə ərsəyə gələn səfərlərin böyük əhəmiyyətinin olduğu qənaətindədir:

- Bu, kifayət qədər əziyyətli və məsuliyyətli tədbiri Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsi hazırlayıb həyata keçirir. Hər səfər öncəsi olduğu kimi, bu dəfə də bizi - mayın 15-i İsveçrəyə səfər edəcək Naftalan şəhər, Ağsu, Şəmkir, Gədəbəy, Ordubad, Daşkəsən, Hacıqabul, Goranboy və İsmayıllı rayon icra başçılarını, Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyev qəbul edərək səfərin gündəliyi, qarşıya qoyulan vəzifələr, bu ölkədə bizi gözləyən görüşlər barədə məlumat verdi. Cənab Ramiz Mehdiyevin tövsiyə və tapşırıqlarından birio oldu ki, getdiyimiz hər bir ölkə bizim timsalımızda Azərbaycanla tanış olur, onun tarixi, mədəniyyəti, inkişafı haqqında ən səhih məlumatları bizim vasitəmizlə əldə etməyə çalışır. Buna görə də yaddaş "boğçamızı" bir də vərəqləməli, hazırlıqlı olmalıyıq. İsveçrə neytral ölkə olsa da, Ermənistanın işğalçı siyasəti nəticəsində xalqımızın və inkişafımızın qarşılaşdığı problemlər barədə həqiqətlərin çatdırılması da vəzifələrimiz sırasında idi. Və deyə bilərəm ki, ezamiyyət müddətində həmkarlarımla bu vəzifənin öhdəsindən gəlməyə, isveçrəlilərin ölkəmiz haqqında, Prezident İlham Əliyevin rəhbərliyi altında yeridilən sülh, inteqrasiyaquruculuq siyasəti haqqında  təsəvvürlərini artırmağa çalışdıq. 

- Bir məqamı xüsusi vurğulamaq istərdim ki, səfər proqramları ilbəil təkmilləşir, gündəliyə daha maraqlı, faydalı, praktiki əhəmiyyəti olan məsələlər salınır. Məsələn, kənd rayonlarının icra başçıları iri meqapolislərdə daha çox şəhərsalma, əsaslı tikinti, nəqliyyat, urbanizasiya məsələlərinin təşkili ilə tanış olurdular ki, bu da gündəlik praktiki fəaliyyətdə onların bir elə karlarına gəlmirdi. Ancaq nisbətən kiçik şəhərlərdə, ələlxüsus da, ÜDM-in əsas ağırlığının aqrar bölməyə düşdüyü şəhərlərdə istər idarəetmə, istərsə də təsərrüfatçılıq məsələlərində özümüz üçün faydalı nəsə əxz edə bilirik.

Mayın 15-dən 23-dək davam edən səfərimizin ilk günü Bern şəhəri ilə tanışlıqdan başladı. Sonra nümayəndə heyətimizi qəbul edən şəhər meriyasının məsul əməkdaşları dr.Yurq VixtermanSilvia Brendli İsveçrənin dövlət quruluşu, iqtisadiyyatı, habelə paytaxtın şəhərsalma, tikinti, nəqliyyat və infrastruktur layihələri barədə məlumat verdilər. Tarixi gedib Roma imperiyasına dayanan Aarau, Friburq, Soloturun şəhərləri bizi səliqəsi, təmizliyi, yaşıllığı ilə ovsunladı. Buralarda baxımsız ərazi, demək olar ki, yox idi. Məni və həmkarlarımı bu yerlərdəki əkinçilik mədəniyyəti də valeh etdi. Üzümlüklər, meyvə bağları çox böyük ərazi tutmasalar da, səliqə-sahmanları ilə insanların torpaqla davranış mədəniyyətini nümayiş etdirirdilər. Bəs İsveçrə dünyanı nəyi ilə cəlb edir?

Dünyanın ən çox inkişaf etmiş və zəngin ölkələrindən biri olan İsveçrə 26 subyektdən ibarət federativ dövlətdir. Yüksək inkişaf etmiş sənayesi və yüksək məhsuldarlıqlı kənd təsərrüfatı olan bu ölkənin demək olar ki, heç bir təbii ehtiyatı yoxdur. Əvəzində, rəqabətədavamlılığına görə dünya ölkələrinin ilk onluğuna daxildir. İxracının əsas hissəsini maşın, saat, əczaçılıq məmulatları, elektrik avadanlıqları təşkil edir. Bu ölkəınin ən böyük üstünlüyü, özlərinin də təsdiq etdiyi kimi, yüksək ixtisaslı işçi qüvvəsi və etibarlı xidmət sferasıdır.

İsveçrənin demək olar ki, heç bir təbii sərvəti yoxdur. Onun əsas sərvəti coğrafi mövqeyi, Allahın bəxş etdiyi təbii gözəlliyi, birbu gözəlliyi ölkəsinin gəlir mənbəyinə, turizm sənayesini ölkədə istehsal olunan ÜDM-in mühüm seqmentinə çevirməyi bacarmış ağıllı və zəhmətkeş insanlardır. Alp dağlarının qucağında qərar tutmuş İsveçrə o nadir ölkələrdəndir ki, burada turizm ilin bütün fəsillərində aktualdır.

Unikal iqlimi və təbii şəraitinə görə bu ölkənin komfortlu dağ xizəyi kurortlarına hər il dünyanın dörd bir guşəsindən on minlərlə turist axışır. Avropada ən yüksək- dəniz səviyyəsindən 3454 metr yüksəkdə yerləşən Yunqfrauyox dağ dəmir yol stansiyası da buradadır. 2000 metrədək açıq hava ilə hərəkət edən qatar sonradan yolunu dağın bağrından keçən tunellə davam etdirir. Qonşuluqdakı bütün zirvələrə kanat yolu çəkilib. İnkişaf etmiş turizm infrastrukturunun mövcudluğu, rahatmüasir avtomobil və dəmir yolları şəbəkəsinin varlığı, mənzərəli təbiəti və əlverişli coğrafi mövqeyi milli gəlirinin 20 faizə yaxınını turizmdən əldə edən bu ölkəni Avropanın ənənəvi turizm paytaxtına çevirmişdir.

İsveçrənin turizm potensialı üzərində xüsusi vurğu etməyim təsadüfi deyil. İsmayıllının dağları, meşələri, çayları, hər mövsümdə min rənglə bərq vuran füsunkar təbiəti İsveçrəninkindən kəm deyil ki, bəlkə də artıqdır. Ona görə də əlimizi əlimizin üstünə qoyub oturmamışıq, görürük, təbliğ edirik, imkanlı adamlarını cəlb etməyə çalışırıq.

Prezident ötən ili "Ekologiya ili", bu ili isə "Turizm ili" elan etmişdir. Bu iki məsələ beynəlxalq əhəmiyyətli, biri yaşadığımız dünyanın taleyi, digəri isə sakini olduğumuz ölkənin, bölgənin inkişaf və rifahı ilə bağlı son dərəcə aktual məsələdir. Qeyd edim ki, olduğumuz bütün ölkələrdə ekologiya, ekosistem, ekoloji maarif işi dövlətin xüsusi diqqət və önəm verdiyi məsələlər içindədir.

Biz də dövlət proqramına uyğun olaraq İsmayıllının turizm potensialını artırmağa çalışırıq. Rayonumuzun ərazisində "Qalacıq", "Şirinsu-Qız qalası", "Bədo-Basqal", "Lahıc" və "Mərkəz" turizm zonaları müəyyənləşdirilib. Bu il Talıstan kəndi ərazisində 202 yerlik hotel kompleksi istifadəyə veriləcəkdir. Kənd turizmini inkişaf etdirmək üçün kəndlərimizin kommunal problemlərinin, qaz, işıq, su qayğılarının həllinə diqqət göstəririk.

- Heç şübhəsiz, bu səfərlər ona görə təşkil olunmur ki, icra başçıları nə gördülər ucdantutma gətirib işlədikləri rayonlarda tətbiq etsinlər. Ümumi tanışlıq, zövq mədəniyyətinin formalaşması, şəhərsalma siyasəti ilə tanışlıq, hansısa bir elementi götürüb ondan yaradıcı şəkildə istifadə etmək məsələləri var. Görüşlərdə, müşahidələrdə diqqətinizi nə cəlb etdi?

- Friburq şəhərindəki görüşdə şəhər kommunal şurasının rəhbəri cənab Pyer Alan Kleman tarixi abidələrin qorunması, təmizlik, yaşıllaşdırma işləri barədə geniş məlumat verməklə yanaşı, bu sahədə ölkəmizin təcrübəsi ilə də maraqlandı. Həmkarlarım başçılıq etdikləri rayonlarda bu sahədə işi necə qurduqları barədə həvəslə məlumat verdilər. Heç şübhəsiz, cənab Prezidentin rəhbərliyi altında son illər bölgələrdə gedən coşqun quruculuq işləri əcnəbi həmkarlarımızın da ölkəmizdən əxz edə biləcəyi böyük bir təcrübə məktəbi yaratmışdır. Qeyd edim ki, təkcə yaşıllaşdırma işləri çərçivəsində meşələr diyarı olan İsmayıllıda 13 mindən artıq ağac əkilmişdir. Şəhərimizin, kəndlərimizin təmizlik və səliqəsi daim yerli kommunal xidməti müəssisəsinin, icra və bələdiyyə nümayəndələrinin diqqətindədir. Olduğumuz bütün yaşayış məntəqələrində ideal təmizlik diqqətimizi cəlb etməyə bilməzdi. Düzdür, bu sahədə hər birimizin başçılıq etdiyi rayonda kifayət qədər problemlər mövcuddur və təəssüf ki, onların içərisində əsas yeri heç də həmişə maliyyə və texnika qıtlığı tutmur. Görünür, vəzifəli ya vəzifəsiz, hər birimizdə, hər bir sakində işə vicdanlı münasibət, vəzifə məsuliyyəti ilə yanaşı, yaşadığı şəhərə, kəndə, məhəlləyə bir sakin sevgisi də tərbiyə etməliyik.

Cenevrə şəhərinin urbanizasiya xidmətində şəhər planlaşdırma ofisinin rəhbəri xanım Boyana Menud bizi aparılan tikintilərin video görüntüsü ilə tanış etdi. Tikinti mədəniyyəti, işə münasibət, icra intizamı bizi məftun etməyə bilməzdi.

Digər bir görüşdə Aarau şəhərinin meri dr. Marsel Quiqnard və aparatının əməkdaşları ilə hər iki tərəfi maraqlandıran ən müxtəlif məsələlərlə bağlı fikir mübadiləsindən sonra çirkab sularını təmizləyən qurğulara baxdıq. Əlbəttə, çox istəyərdik ki, ətraf mühiti, çaylarımızı təmiz saxlamaq üçün bizim rayonlarımızda da analoji qurğulardan qurula idi. Bu, digər bir tərəfdən su problemi yaşayan regionumuzda təkrar emal olunmuş suyun əkinlərdə və texniki məqsədlərlə istifadəsini mümkün edərdi.

Avropada ekoloji cəhətdən daha məqsədəuyğun olan alternativ enerji mənbələrindən çox fəal istifadə olunur. Məsələn, Cenevrənin arxitekturaenergetika ofislərinin məsul nümayəndələri Mişel DemyeğJerom Banah bizi Qrot məhəlləsində günəş enerjisi ilə tam təchiz olunan binanın təqdimat mərasiminə dəvət etdilər. Təbii ki, çox maraqlı idi. Amma bu layihənin perspektivli edən iqtisadi səmərəsi ilə yanaşı, həm də ətraf mühitin sağlamlığı ilə bağlı ictimai maraqları ifadə etməsi sayılmalıdır. Günəşli günlər sarıdan heç bir problemi olmayan İsmayıllıda belə bir layihənin tətbiqi enerji təchizatında əlavə stimul ola bilərdi.

Bilirsiniz, insanın turist qismində görüb müşahidə etdiyi fakt və hadisələrə baxış bucağı ilə xidməti ezamiyyət vaxtı müraciət etdiyi dəyərləndirmə meyarları tam fərqlidir. İkincidə gördüyün hər bir şeylə öz ölkəni müqayisə edirsən, paralellər aparırsan, xəyalında onun ən yaxşısını Azərbaycanda qurursan. Azərbaycan bu gün həm regionda, həm də bütövlükdə Avrasiya məkanında başqa ölkələrin həsəd və qibtəsini səbəbləndirən bir inkişaf mərhələsini yaşayır. ÜDM-də qeyri-neft sektorunun çəkisi ildən-ilə artır. Bizim gözəl təbiətimiz var, dənizimiz, dağlarımız, meşələrimiz, çaylarımız var. Zəngin mədəniyyətimiz, incəsənətimiz, intellektual resurslarımız, qəlbimiz kimi açıq süfrəmiz və nəhayət, istiqanlı xalqımız var. İnanın, bu, böyük potensialdır. Bu potensialı konkret işlərə çevirmək vaxtıdır. Heç şübhəsiz, bu sahədə gedir. Cənab Prezidentin imzaladığı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda başqa rayonlar kimi, İsmayıllıda da görüləcək işlərin dairəsi cızılıb. İki ildir ki, həmin proqramın həyata keçirilməsi istiqamətində respublika təşkilatları ilə paralel özümüz də qollarımızı çırmayıb aparırıq. Xüsusi qürur hissi ilə qeyd edirəm ki, az də görülməyib. Məsələn, cənab İlham Əliyevin sərəncamı ilə İvanovka zonasını içməli su ilə təmin etmək üçün dəyəri 3,5 milyon manat olan layihə həyata keçirilir. Əsas işlər, demək olar ki, geridə qalıb və yaxın zamanlarda 10-dək kəndin su ehtiyacı kökündən həll olunacaqdır. Məktəblərin, ictimai binaların, sosial-mədəni obyektlərin tikinti və bərpası, şəhəriçi və kəndarası yolların asfaltlanması, yaxud çınqılla döşənməsi sahəsində böyük işlər görülür.

Rayonda yeni infrastruktur layihələrinin icrası zamanı büdcədə nəzərdə tutulan vəsaitlə kifayətlənmirik. Dövlət başçısı işgüzar təşəbbüsləri, işin təşkilində yeni forma axtarışlarını həmişə təqdir edir. Biz də hər hansı bir lokal layihəni həyata keçirərkən qeyri-hökumət təşkilatları, beynəlxalq maliyyə qurumları, adamları ilə işgüzar əlaqələr qurub onların imkanlarından istifadə edirik. Məsələn, çoxillik əlaqələrimizin olduğu Yaponiya səfirliyinin dəstəyi ilə Lahıcda 400 tonluq su anbarı tikilmiş, yerli bələdiyyənin iştirakı ilə 315 evə su xətti çəkilmişdir.

Rayonda həyata keçirilən irihəcmli layihələrdən bəhs edərkən Almaniyanın yerli bələdiyyələrindən birinin təcrübəsi yadıma düşdü. Bizə söylədilər ki, onlarda ictimai əhəmiyyət kəsb edən layihələr bir qayda olaraq əhalinin müzakirəsinə verilir. Bern şəhərində 10-15 il əvvəl yeni şəhərciyin salınması ilə bağlı bir proqram hazırlanıbmış. Çıxarıblar əhalinin müzakirəsinə. O vaxtkı rəy sorğusunda camaat həmin layihəni dəstəkləməkdən imtina edib. Lakin illər sonrası əhalinin sayı artdığına, ciddi infrastruktur problemləri yarandığına görə həmin məsələ yenidən gündəmə qayıdır və bu dəfə sakinlər müsbət rəylərini bildirirlər.

Biz İsveçrədə olarkən Evrovizion musiqi festivalında Azərbaycanı təmsil edən NigarEldar birinci yerə çıxaraq parlaq qələbə qazandılar. Sevincimizin həddi-hüdudu yox idi. Təsəvvür edin ki, hara gedirdiksə, Azərbaycandan olduğumuzu bilən kimi təbrik edirdilər. Hətta Soloturun şəhərində bizi təbrik edərkən zarafatlarından da qalmadılar; dedilər ki, sizbirinci yerdəsiniz, biz də: siz öndən, biz isə axırdan. Qürur duyduq ki, Azərbaycan Avropada tək nefti ilə deyil, həm də mədəniyyəti ilə tanındı.

Bəli, cənab Prezident bizi ən inkişaf etmiş, nümunəvi ölkələrə göndərir. Amma bu gün Azərbaycanın özü örnəkdir. Cənab İlham Əliyev ən müasir standartları Azərbaycana gətirmək əzmindədir. Məsələn, İsveçrədə, Fransada, Almaniyada, Avstriyada olmuşuq... Avropanın ən inkişaf etmiş ölkələri sırasında qərar tutublar. Sinqapur, Cənubi Koreya Uzaq Şərqin öz qüdrəti və inkişaf səviyyəsi ilə bütün dünyanı heyran qoymuş ölkələrindəndir. Təbii ki, gördüyümüz hər şeyi olduğu kimi tətbiq etmək mümkün deyil. Bu, heç Azərbaycana lazım da deyil. Öz yolumuz, inkişaf modelimiz, müstəqil siyasətimiz var və artıq bu konsepsiyanın, inkişaf strategiyasının düzgünlüyünü həyat da sübut edir.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.-2011.-16 sentyabr.-S.6.