«Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyinin fəaliyyəti genişlənir
Azərbaycanın əzəli
torpaqlarını ələ keçirməklə
"Böyük Ermənistan" yaratmaq xəstəliyinə
tutulmuş ermənilər iyrənc, cinayətkar
iddialarından əl çəkməmiş,
bu istəklərinə xarici ağalarının
yardımı sayəsində müəyyən qədər
nail də olmuşlar. Ermənilərin təhriki və havadarlarının
köməyi ilə Dağlıq Qarabağ
Muxtar Vilayəti yaradıldıqdan
sonrakı dövrdə də separatçılar bütün vasitələrdən istifadə
edərək Ermənistanla birləşmək ideyasını
daim diqqətdə saxlamış, bu məsələni dəfələrlə SSRİ rəhbərliyi
qarşısında qaldırmışlar. Ötən əsrdə
bu istiqamətdə məqsədli və
planlı şəkildə iş aparan ermənilər hər vəchlə bu yerlərin əzəli və əbədi
sahibləri olan azərbaycanlıları
sıxışdırır, qədim tarixə malik
kəndlərimiz heç bir
zərurət olmadan ləğv edilir, başqa yerə köçürülür, yaxud
da başqa kəndlərlə
birləşdirilir, tarixi adlar
təhrif olunur, dəyişdirilirdi. Məqsəd
isə öz məkrli niyyətlərini həyata
keçirmək, ərazilərimizi mənimsəmək idi.
Yalnız 1969-cu
ildə ümummilli lider
Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən
sonra məhz onun qətiyyəti,
iradəsi və zəkası sayəsində ermənilər bu
planlarını uzun müddət təxirə
salmaq məcburiyyətində qaldılar. Heç də
təsadüfi deyil ki,
Azərbaycan xalqının böyük oğlu SSRİ rəhbərliyindən istefa verdikdən az vaxt sonra dünya
erməniləri, o cümlədən Qarabağda yaşayan
separatçılar öz
havadarlarının köməyi ilə Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsi üçün fəaliyyətə
başladılar. Dağlıq Qarabağ
Muxtar Vilayətinin Xalq
Deputatları Soveti və Ermənistan
Respublikası Ali Soveti
Azərbaycan hökumətinin və bölgədə yaşayan azərbaycanlı əhalinin mövqeyini nəzərə almadan,
beynəlxalq hüquq normalarını və
konvensiyalarını kobudcasına pozaraq
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
haqqında qəbul etdikləri qərarlar Ermənistanın
Azərbaycan Respublikasına qarşı ərazi
iddialarını rəsmi şəkildə ortalığa qoymuş oldu. Getdikcə qızışan bu
münaqişədə ilk etiraz səslərini qaldıran, torpaqların
müdafiəsinə qalxan Dağlıq
Qarabağın azərbaycanlı əhalisi ciddi
tədbirlərin görülməsi üçün
respublika rəhbərliyi
qarşısında məsələ qaldırır, qəbullarda
olur, Moskvaya müraciətlər
edərək hər vəchlə baş
verən bu cinayətlərin,
haqsızlıqların qarşısının
alınmasına çalışırdılar. Buna cavab olaraq Azərbaycanın
o zamankı rəhbərliyi məsələnin
tam mahiyyəti və ciddiliyinin
fərqinə varmadan, hadisələrin siyasi və hərbi inkişafını düzgün və real
qiymətləndirmədən heç bir ciddi tədbir görmür, əksinə, şəxsi
ambisiyalarını ön plana
çəkərək Bakıda hakimiyyət uğrunda mübarizə aparır,
Dağlıq Qarabağın azərbaycanlı əhalisinə
isə "təxribatla" məşğul olmamağı
tövsiyə edirdilər.
Dağlıq Qarabağda isə müharibə alovu günü-gündən alovlanır,
qarşısıalınmaz məcraya yönəlirdi. Kəndlər
və şəhərlər talan edilərək
yandırılır, dinc sakinlərə dəhşətli
divan tutulurdu. Belə
çətin şəraitdə, faciə və itkilər
mühitində Dağlıq Qarabağın azərbaycanlı
əhalisi 4 il ərzində ermənilərə
qarşı inadlı müqavimət göstərmiş,
şəhidlər vermişdir. Bu qeyri-bərabər
döyüşlərdə Dağlıq Qarabağın
uşaqlı-qadınlı, cavanlı-qocalı bütün azərbaycanlı sakinləri qəhrəmanlıqla
iştirak etmişlər. Ötən əsrdə
və yaxın tarixdəki münaqişə dövründə
ermənilərin Dağlıq Qarabağda
törətmiş olduqları cinayətlər
və soyqırımı vəhşiliklərinin tam araşdırılaraq həm ölkə, həm
də dünya ictimaiyyətinin nəzərinə
çatdırılması prioritet məsələyə
çevrildi və bu gün də həmin istiqamətdə mütəmadi
işlər aparılır. Bu baxımdan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həllində Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icmasının fəallığının
artırılması istiqamətində icma
üzvləri arasında maarifləndirmə işinin
daha geniş və əsaslı
şəkildə aparılması çox
vacib istiqamətlərdən biridir. Münaqişənin tarixi köklərinin öyrənilməsi, mümkün həll variantının müəyyən
edilməsi və qarşılıqlı etimad
mühitinin yaradılması
dönümündə aparılan işlərdə "Azərbaycan
Respublikası Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin müntəzəm
fəaliyyəti təqdirəlayiqdir.
İcmanın nümayəndələri istər ölkə
daxilində, istərsə də respublikadan
kənarda beynəlxalq qurumlarla əlaqələri
genişləndirərək müxtəlif tədbirlər həyata
keçirir, dünya
ictimaiyyətinə daha dolğun
və obyektiv informasiyaların
çatdırılmasını təmin etmək məqsədilə
fəaliyyət imkanlarını daha da genişləndirirlər. Belə
ki, artıq "Azərbaycan
Respublikası Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin "Karabakh.az." rəsmi internet
saytı fəaliyyətə başlamışdır ki, informasiya
texnologiyalarının geniş
yayıldığı indiki dövrdə
bu saytın yaradılması çox vacib və məqsədəuyğun
olmaqla yanaşı, eyni
zamanda, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu "Biz informasiya müharibəsində qalib gəlməliyik" vəzifəsinin
yerinə yetirilməsində atılan addımlardan biri kimi çox
təqdirəlayiqdir. Sayt təkcə icma barədə deyil, həm
də Qarabağ, onun
mədəniyyəti, coğrafiyası, tarixi
haqqında məlumat almaq istəyənlər
üçün zəngin mənbə rolunu oynayır. Onun Azərbaycan,
ingilis və erməni dilində olması da çox mühüm
əhəmiyyət kəsb edir.
Aparılan informasiya mübadiləsi və mübarizəsi
istiqamətində Xocavənd rayonunda da əhəmiyyətli işlər görülür və bu
sahə daim diqqət mərkəzində
saxlanılır. Rayon icra hakimiyyətinin rəsmi internet saytında yaradılmış "Qarabağ" bölməsində
Dağlıq Qarabağın tarixi, Qarabağ münaqişəsi və cəlb olunduğumuz ədalətsiz müharibənin
gedişində ermənilər və onların
havadarlarının xalqımıza qarşı törətmiş
olduqları faciə və soyqırımlar haqqında geniş məlumatlar yerləşdirilmişdir.
"Qaradaqlı. orq" saytında erməni
hərbi birləşmələrinin Xocavənd rayonunun Qaradağlı kəndində törətmiş
olduqları faciə ilə bağlı Azərbaycan, ingilis və rus dillərində
şahid ifadələrinə əsaslanan
məlumatlar verilir. Həmin faciənin dünya ictimaiyyətinin diqqətinə
çatdırılması məqsədilə qeyd
olunan üç dildə
"Soyqırım: Qaradağlı" filmi
çəkilmiş və 17 fevral 2011-ci il tarixdə "Azərbaycan Respublikası
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması" İctimai Birliyinin mərkəzi ofisində həmin filmin təqdimat mərasimi keçirilmişdir.
Dövlət
başçısı tərəfindən quruma
göstərilən qayğı və diqqət icmanın
qarşısında duran vəzifələrin
həyata keçirilməsi işinə çox
böyük stimul vermişdir. İctimai Birlik özfəaliyyətini genişləndirərək
Qarabağ həqiqətlərini beynəlxalq
ictimaiyyətə çatdırmaq məqsədilə təcavüzkarın
ifşası istiqamətində Azərbaycanda fəaliyyət
göstərən müxtəlif ölkələrin səfirlikləri
və beynəlxalq qurumların nümayəndələri ilə
müntəzəm görüşlər və bu səpkili müxtəlif tədbirlər
keçirir. Prezident İlham Əliyevin 2010-cu il iyulun 6-da Bakıda
icmanın mərkəzi qərargahının
açılışında iştirakı və söylədiyi
fikirlər qurumun fəaliyyətinin əlaqələndirilməsi
və bu sahədə həyata
keçirilən işlərin səmərəsinin daha da
artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. İcmanın idarə heyəti üzvlərinin
beynəlxalq təşkilatların nümayəndələri,
o cümlədən ATƏT-in rəsmi
şəxsləri, Minsk qrupunun
həmsədrləri ilə keçirilən görüşlərində
Dağlıq Qarabağın Azərbaycan Respublikası tərkibində statusu azərbaycanlılar
doğma yurdlarına qayıtdıqdan, eləcə
də hər iki icma
üzvlərinə bərabər şəraitin
yaradılmasından sonra müəyyənləşdirilə
biləcəyi hər zaman
vurğulanmış, Dağlıq Qarabağdan
olan məcburi köçkünlərin öz yurdlarına qayıtmasının
münaqişənin ədalətli həlli üçün
başlıca şərt olduğu dəfələrlə
qeyd edilmişdir. Bu bölgənin
bütün dövrlərdə Azərbaycan
mədəniyyətinin mərkəzi olduğu
bildirilmiş və Ermənistanın hərbi
təcavüzü nəticəsində həmin ərazilərdəki
çoxəsrlik tarixi və mədəniyyət
abidələrimizin, Azərbaycanın mədəniyyət və
musiqi beşiyi olan qədim Şuşa, maddi mədəniyyət abidəsi Xocalı, qədim
tarixə malik Tuğ,
Malıbəyli, Quşçular,
Muğanlı, Qaradağlı, Umudlu,
Meşəli, Sırxavənd və başqa
azərbaycanlı yaşayış məskənlərinin
yandırılaraq talan edildiyi,
əhalisinə amansız divan tutulduğu bildirilmişdir.
İdarə heyətinin üzvləri Azərbaycan
dövlətinin Dağlıq Qarabağın inkişafı üçün orada yaşayacaq hər iki
icmanın xeyrinə lazımi tədbirləri görməyə
hazır olduğunu qeyd
etmiş, bu mərhələyə
keçmək üçün, ilk növbədə, Ermənistan tərəfindən
Azərbaycan ərazilərinin işğalına son qoyulmasının vacibliyi
diqqətə çatdırılmışdır.
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması İctimai Birliyi
regionda və dünyada
baş verən hadisələrə
müntəzəm olaraq öz
münasibətini bildirmiş, beynəlxalq
tədbirlərdə mövqeyini
açıqlamışdır. Tərtib olunmuş
tədbirlər planına uyğun olaraq, İctimai Birlik ayrı-ayrı vaxtlarda
beynəlxalq təşkilatlara, xarici
ölkələrin parlamentlərinə, dövlət və
hökumət başçılarına, dünya
ictimaiyyətinə müraciətlər
ünvanlanmışdır. Bu müraciətlərdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq hüquq normalarına uyğun həll edilməsi üçün
ardıcıl səylərin göstərilməsinin vacibliyi qeyd edilmiş, Azərbaycan Respublikasının
Dağlıq Qarabağ bölgəsindən
məcburi köçkün düşmüş
azərbaycanlı əhalinin çağırışına
onların biganə qalmayacağına, münaqişənin ədalətli
həlli üçün daha
qətiyyətli və prinsipial mövqe tutacaqlarına inam
ifadə olunmuşdur. Bu müraciətlərdə
ikili standartlara son qoyulması və bütövlükdə
münaqişənin həllində humanizm
və ədalət prinsiplərinə əməl
olunmasının vacibliyi xüsusi
olaraq vurğulanmışdır. Ümid edirik ki, nəhayət, dünya
birliyi Azərbaycanın haqq
səsini eşidəcək, ermənilərin ərazi
iddiasına öz kəskin mövqelərini
bildirəcək və münaqişə beynəlxalq hüquq normaları əsasında, ölkəmizin
ərazi bütövlüyü prinsipinə
uyğun həll olunacaqdır. Ermənilər
də, dünya birliyi
də bilməlidirlər ki, Dağlıq
Qarabağın azərbaycanlı əhalisi nəyin bahasına olursa-olsun,
öz torpaqlarına qayıdacaq.
Əlbəttə,
bütün görülmüş
işlər, ümumi məqsəd və
nəticəyə müsbət mənada təsir edə biləcək
hər bir addım icmanı ümummilli problemimizin həllinə
daha da
yaxınlaşdırır. Ölkə başçısı
bu məsələnin sülh
yolu ilə həll olunması üçün
gərgin iş aparır, beynəlxalq hüquq normaları, eləcə də beynəlxalq
təşkilatların qəbul etdiyi qərarlar
əsasında məsələnin həllinə nail olunmasına çalışır və
xalqımız bu istiqamətdə
aparılan işlərin şahididir.
Hazırda işğal edilmiş
torpaqlarımızı hər an azad etməyə qadir güclü ordumuz var. Ona görə də nə
qədər ki gec deyil, Ermənistan dövləti öz xoşu ilə, heç bir şərt irəli
sürmədən işğal etdikləri
torpaqlardan çıxmalıdırlar. Bugünkü Azərbaycan dövləti
Dağlıq Qarabağın işğal olunduğu dövrdəki Azərbaycan deyil. İndi qüdrətli
dövlətimiz, qətiyyətli Ali Baş Komandanımız var.
Vətən həsrəti ilə yaşayan Dağlıq Qarabağ
azərbaycanlıları bir nəfər kimi torpaqlarımızın yadelli
işğalçılardan təmizlənməsi, ərazi bütövlüyümüzün təmin
olunması gününü səbirsizliklə
gözləyirlər.
Məhəmmədəli BAYRAMOV,
Azərbaycan
Respublikası
"Dağlıq Qarabağ Bölgəsinin
Azərbaycanlı İcması"
İctimai
Birliyinin idarə heyətinin üzvü,
YAP Xocavənd Rayon Təşkilatının
sədri
Azərbaycan.-2011.-16
sentyabr.-S.7.