Azərbaycan nümayəndə heyəti
Dünya İqtisadi Forumunun Çində
keçirilən illik iclasında iştirak etmişdir
Sentyabrın 14-15-də Çin Xalq
Respublikasının (ÇXR) Dalyan şəhərində
Dünya İqtisadi Forumunun beşinci illik iclası ("Yay
Davosu") keçirilmişdir. "İqtisadiyyatın keyfiyyətli
inkişafı" mövzusunda keçirilmiş tədbirdə
100-ə yaxın ölkədən 2500 nümayəndə, o
cümlədən bir sıra ölkələrin dövlət
və hökumət başçıları, regional təşkilatların
və iri şirkətlərin rəhbərləri iştirak
etmişlər.
İki ildən bir keçirilən
"Yay Davosu" Asiyanın dünyada yeni coğrafi,
geoiqtisadi və geosiyasi üstünlüyünü əks
etdirən, həmçinin bu regionun dinamik inkişaf edən
şirkətlərini bir araya toplayan forumdur. Forumun məqsədi
dünya iqtisadiyyatının yeni elmi-texniki nailiyyətlərin
və inkişaf modellərinin tətbiqi əsasında
inkişaf etdirilməsi yollarının müzakirəsi
olmuşdur.
Azərbaycanın Dünya İqtisadi Forumunda fəallığı,
xüsusən də Prezident İlham Əliyevin Forumun
iclaslarında şəxsən iştirakı ölkəmizə
olan marağı xeyli artırmışdır. Azərbaycanın
son illər dinamik inkişafı, dünyada nüfuzunun
yüksəlməsi, ölkəmizin regionda lider dövlətə
çevrilməsi dünyanın qabaqcıl iqtisadi təsisatları
tərəfindən maraqla qarşılanır. Bu cür tədbirlər
dünya ölkələri ilə iqtisadi əməkdaşlığın
genişlənməsinin təşviqi ilə yanaşı, Azərbaycan
iqtisadiyyatının müxtəlif sahələrinə, o
cümlədən informasiya-kommunikasiya texnologiyaları
sektoruna xarici investorların cəlb olunması
baxımından da əhəmiyyətlidir.
Forumda Azərbaycanı rabitə və
informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi
ilə nümayəndə heyəti təmsil etmişdir.
Forum çərçivəsində
keçirilən elm, texnologiya və innovasiyalar mövzusunda
iclasda informasiya texnologiyalarının gələcək
inkişafı, onun cəmiyyətdə müxtəlif sahələrdə
tətbiqinin faydasından danışıldı.
Nazir Əli Abbasov bu sahədə Azərbaycanda
görülən işlər, əldə olunmuş nailyyətlər
və perspektiv layihələrdən söz açdı. O, Azərbaycan
neft-qaz ölkəsi olmasına baxmayaraq, dövlət
başçısı tərəfindən
informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun
inkişafına böyük diqqət yetirildiyi, enerji sahəsindən
sonra İKT-nin iqtisadiyyatımızda prioritet sahələrindən
birinə çevrilməsinin əsas məqsədlərdən
biri olduğunu bildirdi.
Dünya İqtisadi Forumunun rəqəmsal
iqtisadiyyat problemlərinin ölkələr arsında əlaqələndirilməsi
ilə məşğul olan Hökumət Qrupunun ilk
iclasında Azərbaycanda texnoloji inkişaf və Avrasiyada
regional layihələrdə, xüsusən Trans Avrasiya Super
İnformasiya Magistralı (TASİM) layihəsində fəal
iştırakı yüksək qiymətləndirildi. Qeyd olundu
ki, TASİM layihəsinin məqsədi Qərb və Şərq
arasında super informasiya magistralının yaradılması,
region ölkələrinin informasiya-kommunikasiya
texnologiyalarına çıxış imkanlarının
genişləndirilməsidir. Magistral Şərqi Avropa, MDB
ölkələri, Türkiyə, Mərkəzi Asiya ölkələrini,
Çini birləşdirəcək, eləcə də bu
regionda dünyanın yeni nəhəng transmilli informasiya şəbəkəsinin
təşkil olunması üçün əlverişli şərait
yaradacaqdır. TASİM-in dünyanın 20-dən çox
ölkəsini əhatə edəcəyi nəzərdə
tutulmuşdur.
Forum çərçivəsində
nazir Əli Abbasovun Çinin elm və texnologiya naziri Van Qanq,
Hindistanın planlaşdırma, elm və texnologiya üzrə
dövlət naziri Aşvani Kumar, Pakistanın elm və
texnologiya naziri Mir Çingiz Xan Camali, Çinin HUAWEI,
ABŞ-ın WYSE Technology, Böyük Britaniyanın
"British Telecom" və maraq doğuran digər şirkətlərin
rəhbərləri ilə ikitərəfli görüşləri
keçirilmişdir.
Görüşlərdə əsasən,
İKT sahəsində ikitərəfli əməkdaşlıq
əlaqələrinin inkişafı və genişlənməsi,
bu sahədə keçirilən beynəlxalq sərgilərdə
qarşılıqlı iştirakın təmin olunması və
mütəxəssislərin elmi-mübadiləsinin
aparılması, xarici şirkətlərin
Azərbaycanın İKT sektoruna sərmayə qoyuluşunun təşviqi,
habelə Azərbaycan şirkətlərinin beynəlxalq
bazarlara çıxışı imkanları müzakirə
olunmuşdur.
Qeyd olunmuşdur ki, Azərbaycan
iqtisadiyyatının, o cümlədən İKT sektorunun inkişafı
bütün dünyada maraq doğurur.
Şahin CƏFƏROV,
AzərTAc-ın
xüsusi müxbiri
Dalyan
Azərbaycan.-2011.-16
sentyabr.-S.7.