«Heydər Əliyev. Müstəqilliyimiz əbədidir» çoxcildliyinin 36-cı cildi çapdan çıxmışdır

 

 "Azərbaycan xalqı böyük, qədim tarixə malikdir. Çoxəsrlik tariximizdə xalqımız bir çox sınaqlardan çıxmış, yaşamış, öz mənliyini itirməmiş, öz milliliyini itirməmiş, dünya sivilizasiyasına dəyərli töhfələr vermiş, dünya sivilizasiyasını zənginləşdirmişdir. Ancaq tarixin müxtəlif mərhələlərində azərbaycanlılar bəzi məhrumiyyətlərə düçar olmuşlar. Ona görə də bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, müstəqil Azərbaycan dövləti üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir".

AzərTAc xəbər verir ki, bu sətirlər "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin "Azərnəşr" tərəfindən yenicə çapdan buraxılmış 36-cı cildindən - Prezident Heydər Əliyevin 2001-ci il noyabrın 9-da "Dünya Azərbaycanlılarının I qurultayı"ndakı nitqindən götürülmüşdür.

Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Çoxcildliyin 36-cı cildində görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizin sürətli iqtisadi tərəqqisi və yüksəlişinə, xalqımızın rifahının yaxşılaşdırılması naminə aparılan islahatlara, görkəmli ədəbiyyat və incəsənət xadimləri, məşhur idmançılarla görüşləri, eləcə də ictimai-siyasi həyatın digər məsələlərinə aid materiallar yer almışdır.

Yeni cilddə ulu öndərin siyasi fəaliyyəti ilə bağlı tarixi baxımdan çox əhəmiyyətli məqamlar əks olunmuşdur. Bu sıradan ölkəmizə səfər etmiş Türkiyə, Fransa, Küveyt, Gürcüstan, Ukrayna, Hindistan, Rusiya dövlət və hökumət nümayəndələri ilə görüşləri zamanı aparılan danışıqların materialları diqqəti çəkir.

Ümummilli lider Azərbaycanı bir xalq, vətən, dövlət olaraq çox sevirdi.  Azərbaycanlı olduğu ilə fəxr etməsi, Azərbaycan kəlməsini gözləri yaşara-yaşara deməsi ulu öndərin Vətənə olan  sevgisinin sübutudur. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdəki nitqində dilə gətirdiyi bir məqam onun Azərbaycan naminə böyük sevgi və fədakarcasına çalışmasının bariz nümunəsidir: "Biz çox əsrlər bu azadlığın, bu müstəqilliyin arzusunda olmuşuq. İndi buna nail olmuşuq. Ötən on ildə bu müstəqilliyimizi möhkəmləndirmişik, inkişaf etdirmişik, dönməz etmişik və gələcək nəsillərə bu müstəqilliyi töhfə edirik və inanıram ki, xalqımız bu müstəqilliyi heç vaxt bir daha əlindən verməyəcəkdir. Müstəqil Azərbaycan on ildir yaşayır və bundan sonra on illər də yaşayacaq, əbədiyyətə qədər yaşayacaqdır".

Azərbaycan elmi, təhsili daim dövlət xadimi Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Yenicə çap olunmuş cilddə bir sıra yeni təhsil müəssisələrinin açılışı, yüksək balla ali məktəblərə qəbul olunmuş gənclərlə görüşlər və bir sıra tədbirlərdə dedikləri ulu öndərin Azərbaycan təhsilinin inkişafı istiqamətində həssaslıq göstərdiyini nümayiş etdirir.

Bütün cildlərdə olduğu kimi, bu kitabda da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı AŞ-nin, ATƏT-in Parlament Assambleyasının sədrləri, BMT nümayəndələri ilə görüşləri zamanı  ümummilli lider Heydər Əliyevin münaqişə ilə bağlı prinsipial mövqeyi öz əksini tapmışdır.

Kitabda əks olunan rəsmi sənədlər, çıxışlar, müsahibələr, fərmanlar, müraciətlər, bəyanatlar 2001-ci ilin sentyabr-noyabr aylarını əhatə edir.

"Azərnəşr" nəşriyyatında çap olunan çoxcildliyin hazırlanmasında AzərTAc-ın materiallarından istifadə edilmişdir.

 

 

Azərbaycan.-2011.-18 sentyabr.-S.1.