Monteneqro Prezidenti Filip Vuyanoviçin Azərbaycana rəsmi səfəri
Beynəlxalq Muğam Mərkəzi ilə tanışlıq
Azərbaycanda rəsmi səfərdə
olan Monteneqro Prezidenti Filip Vuyanoviç sentyabrın
17-də Beynəlxalq Muğam
Mərkəzinə gəlmişdir.
AzərTAc xəbər verir
ki, qonağa Dənizkənarı Milli Parkda yerləşən mərkəz haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir
ki, Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin
qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı
layihələr sırasında
xüsusi əhəmiyyəti
olan bu mərkəz
Fondun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
inşa edilmişdir.
Bildirilmişdir ki, Prezident İlham
Əliyev 2005-ci il aprelin 6-da Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında
sərəncam imzalamışdır.
2005-ci ilin avqustunda Prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, YUNESKO-nun sabiq
baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli
binadan ibarətdir. Binanın forması Azərbaycanın
qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir
texnologiyadan istifadə
edilməklə tikilən
bina üçün lazımi avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
İnşaat işləri zamanı
2 mindən çox müxtəlif ölçülü
şüşədən istifadə
olunmuşdur. Beynəlxalq Muğam
Mərkəzində 350 yerlik
konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası vardır.
Diqqətə çatdırılmışdır
ki, 2008-ci ilin dekabrın 27-də Beynəlxalq
Muğam Mərkəzinin
açılışı olmuşdur. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər.
Qeyd edilmişdir
ki, Azərbaycan muğamının bəşər
mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun dünya qeyri-maddi mədəni irs
siyahısına daxil edilməsi onun nə dərəcədə
bənzərsiz sənət
növü olduğunu
bir daha təsdiqləyir.
Mərkəz ilə
yaxından tanış
olan Prezident Filip Vuyanoviç burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə
baxmışdır.
Monteneqro Prezidenti gənc
muğam ifaçıları
- Babək Niftəliyev
və Arzu Əliyevanın ifasında
"Mahur" və
"Dilkeş" təsniflərini
və "Qarabağ"
mahnısını dinləmişdir. Azərbaycan muğamlarından
xüsusi zövq alan ali
qonaq ifaçılarla
görüşmüş və
onlara uğurlar arzulamışdır.
Monteneqro dövlətinin
başçısına Heydər
Əliyev Fondunun keçirdiyi Beynəlxalq muğam festivalının
disklərindən ibarət
albom və "Azərbaycan musiqi alətləri" kitabı
hədiyyə edilmişdir.
Monteneqro Prezidenti Filip Vuyanoviç Beynəlxalq
Muğam Mərkəzindən xoş təəssüratlarla
ayrılmışdır.
Azərbaycan.-2011.-18
sentyabr.-S.2.