Dövlət Bayrağı
Meydanı ali qonaqda zəngin
təəssürat doğurmuşdur
Monteneqro Prezidenti Filip Vuyanoviç
sentyabrın 17-də Bakıda Dövlət Bayrağı
Meydanı ilə tanış olmuşdur.
Monteneqronun dövlət
başçısına məlumat verilmişdir
ki, Azərbaycan Prezidenti
İlham Əliyev 2007-ci il
noyabrın 17-də Bakıda Dövlət Bayrağı
Meydanının yaradılması barədə sərəncam
imzalamışdır. Hər il
noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Bildirilmişdir ki, Dövlət
Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Meydan üçün seçilmiş yer
Dövlət Bayrağının paytaxtın müxtəlif
nöqtələrindən görünməsinə imkan yaradır. 2010-cu il
sentyabrın 1-də isə Prezident,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin iştirakı ilə Dövlət Bayrağı
Meydanının təntənəli açılış
mərasimi keçirilmişdir.
Məlumat verilmişdir ki, ümumi ərazisi 60 hektar
olan meydanda bütün infrastruktur
yaradılmışdır. Meydanda inşa olunmuş
dayağın hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur.
Bayrağın eni 35 metr,
uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr,
çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları
təşkilatı 2010-cu il mayın 29-da
Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür
bayraq dirəyi olduğunu
təsdiq etmişdir.
Qeyd edilmişdir ki, meydanda qurulmuş
Azərbaycan Respublikasının gerbi,
dövlət himninin mətni və ölkəmizin
xəritəsi qızıl suyuna
salınmış bürüncdən
hazırlanmışdır.
Monteneqronun dövlət
başçısı Prezident İlham Əliyevin təşəbbüsü
ilə meydanda səkkizguşəli ulduz formasında yaradılmış Dövlət
Bayrağı Muzeyi ilə də
tanış olmuşdur.
Bildirilmişdir ki, muzeydə
müxtəlif dövrlərdə Azərbaycan ərazisində
mövcud olmuş
dövlətlərin, xanlıqların, o
cümlədən İrəvan xanlığının bərpa
olunmuş bayraqları, həmçinin
XVII-XVIII əsrlərə aid
bayraqların uc elementləri, gerblər,
Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt
markaları, pul nişanlarının
nümunələri, orden və
medalları, ümummilli lider
Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan
dövlətinin yaranması, formalaşması və
inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi
ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər,
ulu öndər Heydər Əliyevin və
Prezident İlham Əliyevin
prezident seçildikdən sonra
andiçmə mərasimlərində öpdükləri
dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş
Komandanının bayrağı, Silahlı Qüvvələrin
qoşun növlərinin döyüş
bayraqları və mərasim geyimləri nümayiş
olunur.
Dünyada bu cür nadir muzeylərdən
biri olan Dövlət
Bayrağı Muzeyində, həmçinin Ginnes
dünya rekordları təşkilatının
Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür
bayraq dirəyi olduğunu
təsdiq edən sertifikatı, müxtəlif kitablar,
fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq
Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası
üzərində dalğalanmış bayraq
da nümayiş olunur. Buradakı eksponatların çoxu ilk dəfə nümayiş etdirilir.
Muzeydə multimedia qurğusu
da vardır.
Prezident Filip Vuyanoviç muzeyin fəxri
qonaqlar kitabına ürək sözlərini
yazmışdır.
Monteneqronun dövlət başçısına
xatirə hədiyyəsi təqdim olunmuşdur.
Sonra Filip Vuyanoviçə Prezident
İlham Əliyevin Bakı bulvarının Dövlət
Bayrağı Meydanı ilə birləşdirilməsinə
dair verdiyi tapşırıqlar əsasında meydanın ətrafında
həyata keçirilən abadlıq və tikinti-quruculuq
işləri haqqında məlumat verilmişdir.
Ali qonaq Dövlət Bayrağı
Meydanından zəngin təəssüratla
ayrılmışdır.
Azərbaycan.-2011.-18
sentyabr.-S.2.