Monteneqro Prezidenti Azərbaycanın qədim
xalçaçılıq sənətinin məhəbbətlə
yaşadılmasını yüksək qiymətləndirmişdir
Azərbaycanda
rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip
Vuyanoviç sentyabrın 17-də "Azər-İlmə"
Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehrli ilmələr"
qalereyasında olmuşdur.
Ali qonağa məlumat verilmişdir ki,
xalçaçılıq Azərbaycanın ən qədim el
sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər
ölkəmizdə toxunan xalı-xalçanın yüksək
keyfiyyəti, zəngin çeşniləri barədə
yazılı məlumatlar vermiş, Şirvan, Təbriz,
Qarabağ, Qazax, Gəncə, Quba xalçalarının
Böyük İpək yolu üstündəki bütün
ölkələrdə məşhur olduğunu bildirmişlər.
Azərbaycanın xalı və xalçaları indi də
dünyanın bir çox muzeylərinin ən nadir
eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə
başlamış, hazırda 350 nəfərin
çalışdığı "Azər-İlmə"nin
məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə,
İtaliya, Yaponiya və Rusiyada keçirilən satış sərgilərində
xüsusi mükafatlara və sertifikatlara layiq
görülmüşdür.
Müəssisədə toxunmuş
"Şeyx Səfi" xalısı Monteneqro Prezidentinin diqqətini
daha çox cəlb etmişdir. Bildirilmişdir ki, əsli
Londonda saxlanılan və Təbriz xalçaçılıq
məktəbinə aid olan 37 kvadratmetrlik "Şeyx Səfi"
xalısına 9,25 milyon ilmə vurulmuşdur.
Naxışların incəliyi və ilmələrin
yüksək sıxlığı, tərtibatın
orijinallığı, milli koloriti ilə seçilən
xalçaların istehsal prosesi bütün beynəlxalq
standartlara cavab verir. Sapları boyamaq üçün ancaq təbii
rənglərdən istifadə edilir, eskizlər yalnız milli
naxış və çeşnilərdən
götürülür. İşlədilən bütün
xammal yerli məhsullardır.
Prezident Filip Vuyanoviç toxuma prosesini
maraqla izləmiş, qalereyanın açıq səma
altında nümayiş olunan zəngin eksponatlarına
baxmışdır. Xalçalarımızın gözəlliyinə
valeh olduğunu vurğulayan ali qonaq ölkəmizdə bu qədim
el sənətinin belə məhəbbətlə
yaşadılmasını yüksək qiymətləndirmişdir.
Monteneqro Prezidentinə Azərbaycan
xalçaları haqqında nəfis nəşrlər təqdim
olunmuşdur.
Azərbaycan xalçaçılıq
sənətinə dair söhbət çay süfrəsi
arxasında davam etdirilmişdir.
Azərbaycan.-2011.-18
sentyabr.-S.2.