Azərbaycan və
Monteneqro prezidentləri mətbuata bəyanatlarla
çıxış etmişlər
Sentyabrın 16-da Azərbaycan-
Monteneqro sənədlərinin imzalanması mərasimindən
sonra Prezident İlham Əliyev və Prezident Filip Vuyanoviç
mətbuata bəyanatlarla çıxış etmişlər.
Azərbaycan Prezidenti İlham Əliyevin
Bəyanatı
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Cənab Prezident! Mən Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz!
Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Bu, əlaqələrimizin tarixində ilk rəsmi səfərdir və mən çox şadam ki, səfər çox uğurlu keçir. Bu gün keçirdiyimiz danışıqlar bir daha göstərmişdir ki, hər iki tərəf ikitərəfli əlaqələrin inkişafı üçün səylərini göstərməkdədir.
Deyə bilərəm ki, qısa müddət ərzində ölkələrimiz arasında çox sıx əməkdaşlıq yaranmışdır. Siyasi əlaqələrimiz inkişaf edir. Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri bir daha onu göstərir ki, siyasi sahədə aramızda heç bir problem yoxdur. Əksinə əlaqələrin inkişafı üçün hər iki tərəfdə böyük maraq və istək vardır.
Əlbəttə, iqtisadi sahə də ikitərəfli əlaqələrin inkişafı üçün çox vacib əhəmiyyət kəsb edir. Bu gün biz bu məsələ ilə bağlı kifayət qədər geniş fikir mübadiləsi aparmışıq. Bu gün imzalanmış sənədlər, o cümlədən iqtisadi, investisiya, mədəniyyət və turizm sahələrini əhatə edir. Hesab edirəm ki, iqtisadi sahədə əməkdaşlığımızın başlaması üçün məhz investisiya və iqtisadi inkişaf məsələləri ön planda olmalıdır. Eyni zamanda, ölkənizin turizm infrastrukturuna Azərbaycan şirkətlərinin böyük marağı vardır. Azərbaycanın nümayəndə heyəti bir müddət əvvəl ölkənizi ziyarət etmiş və çox gözəl təəssüratlarla qayıtmışdır. Ona görə hesab edirəm ki, ikitərəfli əlaqələrimizin hərtərəfli inkişafı üçün çox gözəl şərait yaradılmışdır. Əminəm ki, yaxın zamanlarda biz bu əməkdaşlığın çox gözəl nəticələrini görəcəyik.
Əməkdaşlıq üçün maraq doğuran digər sahələr də mövcuddur. Onların arasında nəqliyyat və energetika sahələrini qeyd edə bilərəm. Bu sahələrdə də təcrübə mübadiləsi aparıla bilər. Biz Azərbaycanın həyata keçirdiyi çox böyük energetika və nəqliyyat layihələrində də səmərəli şəkildə əməkdaşlıq edə bilərik.
Eyni zamanda, bu gün biz regional əməkdaşlıq məsələlərinə də toxunduq. Bu məsələ ilə bağlı bizim fikir ayrılığımız yoxdur. Mən hesab edirəm ki, Balkan regionu ilə bizim region arasında əlaqələr daha da sıx olmalıdır. Hər halda Azərbaycan öz tərəfindən çalışır ki, regionlarımızın əlaqələri daha da sıx olsun, əməkdaşlıq daha da güclü olsun. İrəli sürdüyümüz təşəbbüslər, ölkənizlə və Sizin qonşu ölkələrlə əlaqələrimiz onu göstərir ki, biz Sizin regionunuza çox böyük maraq və diqqət göstəririk.
Bu gün biz, eyni zamanda, regional məsələlər və təhlükəsizlik məsələlərinə də toxunduq. Mən bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz fikrimi Sizə bildirdim. Məsələnin tarixi ilə bağlı Sizə öz sözlərimi dedim. Biz ümid edirik ki, yaxın zamanlarda bu ədalətsizliyə son qoyulacaq, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaq, BMT Təhlükəsizlik Şurasının erməni işğalçılarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsi icra ediləcək və beləliklə, Azərbaycan vətəndaşları doğma torpaqlarına qayıdacaqlar. Bu məsələ nəinki bizim üçün, bölgə üçün, dünya üçün təhlükə mənbəyidir və məsələnin tezliklə həll edilməsi bütün ölkələrin marağında olmalıdır.
Biz bu gün, eyni zamanda, Avratlantik strukturlar ilə əməkdaşlığımız haqqında fikir mübadiləsi apardıq. Bir daha qeyd etmək istəyirəm ki, Monteneqronun qısa müddət ərzində həm NATO, həm Avropa İttifaqı ilə yaradılmış əlaqələri və inteqrasiya prosesləri böyük qiymətə malikdir. Mən Sizə söylədim ki, yəqin, dünya tarixində bu, rekord göstəricidir ki, Sizin ölkəniz qısa müddət ərzində hər iki təşkilatla çox yüksək səviyyəli əməkdaşlıq qura bilmişdir. Sizin inteqrasiya perspektivləriniz də çox müsbətdir.
Mən, cənab Prezident, bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Mən çox şadam ki, bizim şəxsi münasibətlərimiz də çox tez bir zamanda qurulubdur. Deyə bilərəm ki, bizi dostluq münasibətləri də bağlayır. Sizin səfəriniz həm ikitərəfli əlaqələrimiz üçün çox vacibdir, eyni zamanda, ölkəmizlə tanışlıq imkanlarını da yaradır. Əminəm ki, Siz vətəninizə Azərbaycanla bağlı xoş təəssüratlarla dönəcəksiniz! Sağ olun!
Monteneqro Prezidenti Filip Vuyanoviçin Bəyanatı
- Hörmətli cənab Prezident Əliyev!
Cənab nazirlər!
Fürsətdən istifadə edərək
mən cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm ki, bu gün biz Sizin ölkənizdə
səfərdəyik. Aramızda
çox səmimi və dost söhbəti oldu.
Azərbaycanın iqtisadi göstəriciləri
və dinamik inkişafı bizi bu gün çox
sevindirir. Biz bu
gün bunun şahidi oluruq və əminəm ki, Azərbaycanın sürətli inkişafı
bundan sonra da davam edəcəkdir.
Bu isə Azərbaycan
vətəndaşlarının firavan ölkədə yaşamasını təmin
edəcəkdir.
Eyni zamanda, buradan mən bütün Azərbaycan vətəndaşlarına da
ehtiramımı bildirmək
istərdim ki, onlar da ölkənin
inkişafına öz
müsbət töhfələrini
verirlər.
Zənnimcə, ölkələrimiz sıx
təmasların qurulması
istiqamətində zəruri
addımları artıq
atmışlar. Nazirlər bundan əvvəl
səfərlər həyata
keçiriblər. Bu gün biz 4 mühüm saziş imzalamışıq.
İkisi
iqtisadiyyat, biri mədəniyyət, digəri
isə turizm sahələrini əhatə
edir. Zənnimcə, mahiyyət etibarilə
bunlar çox mühüm sazişlərdir.
Bu da bizim
gələcək əlaqələrimizin
inkişafına və
daha yüksəklərə
qaldırılmasına xidmət
edəcəkdir.
Çox xoşdur ki, Azərbaycanın sərmayə
strukturları bizim ölkəyə maraq göstərir. Biz də
öz növbəmizdə
sərmayələrin qoyuluşu
istiqamətində bütün
zəruri tədbirləri
görməyə hazırıq. Biz artıq
tenderlərə başlamışıq.
Bizim hava yolu və
limanla bağlı layihələrimiz vardır.
Biz inanırıq ki, Azərbaycan şirkətləri də
bu tenderlərdə iştirak edəcək və bizim ölkəyə
sərmayə qoymaq arzusunda olacaqlar.
Mən bir daha sevinirəm ki, münasibətlərimiz
artıq mövcuddur. Azərbaycan-Monteneqro Mədəniyyət Dərnəyi
artıq fəaliyyətdədir.
Monteneqroda Azərbaycan rəssamlarının
əsərlərinin sərgisi
artıq təşkil
edilmişdir. Yenə də
sevindirici haldır ki, mədəniyyət sahəsində imzalanmış
Saziş əlaqələrimizin
daha da genişləndirilməsinə
xidmət edəcəkdir.
Bu mədəni əlaqələrin gücləndirilməsində
bir növ körpü rolunu oynayacaqdır.
Biz BMT-nin və Avropa İttifaqının
mövqeyinə də
şərik çıxırıq. Biz hesab edirik ki,
beynəlxalq təşkilatlar
bu problemin mahiyyətinə bələddir
və müvafiq qətnamələrin də
dəstəklənməsi çox
vacibdir. Onların həyata
keçirilməsi də
böyük əhəmiyyət
kəsb edir.
Biz çox sevinirik
ki, Azərbaycanın
"Şərq tərəfdaşlığı"
çərçivəsində həyata keçirdiyi fəaliyyəti də təqdirəlayiqdir.
Eyni zamanda,
biz sülhməramlı missiyaların
həyata keçirilməsində
də çiyin-çiyinə
çalışmışıq. Bizim ölkənin
NATO-ya sıx inteqrasiyasında da Azərbaycanın dəstəyini
hiss etmişik. Bakıya səfərim
məndə çox gözəl təəssüratlar
yaradır və əminəm ki, bu, bizim əlaqələrin
yeni mərhələsinə
qədəm qoyulması
deməkdir. Bu, bir daha bizim
ölkələrin yaxınlığını
sübut edir və əlaqələrimiz
də xalqlarımızın
maraqları naminə inkişaf edəcəkdir.
Bir daha, cənab Prezident, səmimi qəlbdən Sizə minnətdarlığımı bildirirəm ki, biz Sizin ölkədə
dostcasına qəbul edilmişik. Bizim aramızda yaranmış
dost münasibətlərimiz ölkələrimizin və
xalqlarımızın firavanlığı
naminə inkişaf edəcəkdir. Xalqlarımız arasında bir
çox oxşarlıq
vardır. Tariximizdə oxşarlıq vardır.
Müstəqillik uğrunda mübarizəmiz
çox bənzər
olmuşdur.
Bir daha, cənab Prezident, Sizə bu fürsətə görə təşəkkür
edirəm! Minnətdaram
Sizə!
AzərTAc
Azərbaycan.- 2011.- 17 sentyabr.- S. 2.