Monteneqro Prezidenti Filip Vuyanoviçin Azərbaycana rəsmi səfəri

 

Müasir İncəsənət Muzeyi ilə tanışlıq

 

 Monteneqro Prezidenti Filip Vuyanoviç Azərbaycana rəsmi səfəri çərçivəsində sentyabrın 17-də Müasir İncəsənət Muzeyi ilə tanış olmuşdur.

Ali qonağa məlumat verilmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış muzeyin zəngin ekspozisiyasının əsasını XX əsrin ikinci yarısından bu günədək Azərbaycanın ən yaxşı avanqard rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 1000-dək işi toplanmışdır.

Bildirilmişdir ki, muzeyin beynəlxalq əlaqələri genişlənir. İlk dəfə olaraq muzey bu ilin mayında Almaniyada keçirilmiş Avropa müasir incəsənət muzeylərinin müsabiqəsində iştirak etmişdir. Dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan bu mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon, restoranart-kafe də fəaliyyət göstərir.

Monteneqro Prezidenti xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanovun və tanınmış digər fırça və tişə ustalarının əsərləri ilə tanış olmuşdur.

Ali qonaq Qərbi Avropa incəsənəti salonunda nümayiş etdirilən Pablo Pikasso, Salvador Dali, Mark Şaqal kimi dahi klassiklərin əsərlərinə böyük maraqla baxmışdır. 

Monteneqronun Prezidenti Filip Vuyanoviç muzeyin kitabxanası ilə də tanış olmuşdur. Bildirilmişdir ki, burada incəsənət sahəsinə aid 800-dək kitab toplanmışdır.

Ali qonaq muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.

Monteneqro Prezidentinə xatirə hədiyyəsi təqdim olunmuşdur.

Prezident Filip Vuyanoviç muzeydən zəngin təəssüratlarla ayrılmışdır.

 

 

Azərbaycan.-2011.-18 sentyabr.-S.2.