Ali qonağın
şərəfinə
Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviçin şərəfinə rəsmi ziyafət verilmişdir.
Azərbaycan Prezidenti İlham ƏLİYEV ziyafətdə çıxış edərək dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Bir daha Sizi salamlayıram. Bir daha Sizə Azərbaycana "Xoş gəlmisiniz!" deyirəm.
Bu gün Monteneqro-Azərbaycan əlaqələrində çox əlamətdar hadisə baş verir. Monteneqro Prezidentinin ölkəmizə ilk rəsmi səfəri həyata keçirilir. Mən çox şadam ki, səfəriniz çox uğurlu keçir. Əminəm ki, səfərin çox yaxşı nəticələri olacaqdır.
Bu gün biz Sizinlə ikitərəfli münasibətlərimizin, demək olar ki, bütün aspektlərini geniş müzakirə etmişik və heç bir fikir ayrılığı yoxdur. Biz - həm Monteneqro tərəfi, həm Azərbaycan tərəfi istəyirik ki, əlaqələrimiz daha da inkişaf etsin və xalqlarımız arasında qarşılıqlı rəğbət daha da güclü olsun.
Bu gün həm siyasi, həm iqtisadi, həm mədəni sahələrdə gedən proseslər onu göstərir ki, münasibətlərimizin çox yaxşı gələcəyi vardır. Sizin səfəriniz siyasi əlaqələrə çox güclü təkan verəcəkdir. İqtisadi sahədə imzalanmış sənədlər və apardığımız fikir mübadiləsi, əminəm ki, yaxın zamanlarda yaxşı nəticələrə gətirib çıxaracaqdır. İnvestisiya imkanları da araşdırılıb, turizm, mədəniyyət sahələrində yaxşı perspektivlər vardır. Eyni zamanda, energetika, neft-qaz, nəqliyyat sahələrində də yaxşı imkanlar vardır. Bütün bu məsələlər, əlbəttə ki, ikitərəfli münasibətlərimizin nə qədər geniş olduğunu göstərir. Ancaq bununla bərabər, hesab edirəm ki, biz insanlar arasındakı əlaqələrə də çox böyük diqqət göstərməliyik. Ölkələrimizin vətəndaşları bir-birilərini daha da yaxından tanımalıdırlar. Çünki ölkələrimiz oxşar tarixə malikdirlər. Həm Sizin ölkəniz, həm bizim ölkə vaxtilə başqa ölkələrin tərkibində yaşamışdır. Müstəqillik tariximiz o qədər də böyük deyildir. Amma hər iki ölkə müstəqillik dövründə çox böyük və uğurlu inkişaf yolu keçmişdir. Hər iki ölkə gələcəyə də çox böyük nikbinliklə baxır. Həm Monteneqroda, həm Azərbaycanda müxtəlif millətlərin, müxtəlif dinlərin nümayəndələri dostluq şəraitində, bir ailə kimi yaşayırlar və bu amil də ölkələrimizi birləşdirir.
Hörmətli cənab Prezident, bir daha mən qeyd etmək istəyirəm ki, biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Mən çox şadam ki, səfər zamanı Siz ölkəmiz ilə də tanış olmaq imkanını əldə etmisiniz. Bu, Sizin birinci səfərinizdir, amma əminəm ki, gələcəkdə qarşılıqlı səfərlər daha çox olacaqdır.
Bu badələri Sizin sağlığınıza, xalqınızın şərəfinə qaldırıram!
Sağ olun.
* * *
Azərbaycan Prezidentinə onu ölkəmizə rəsmi səfərə dəvət etdiyinə görə təşəkkür edən Monteneqro Prezidenti Filip VUYANOVİÇ xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətlərini xatırladı. Ulu öndərin bioqrafiyasının Azərbaycan xalqının tarixində və taleyində mühüm rol oynadığını dedi. Bildirdi ki, məhz Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan müstəqilliyini daha da möhkəmləndirib və inkişaf edən ölkəyə çevrilib.
Filip Vuyanoviç ölkələrimiz arasında çoxlu oxşarlıqların olduğunu, Azərbaycan və Monteneqronun müstəqillik yolu ilə uğurla gedərək gələcək nəslə böyük irs qoyduqlarını diqqətə çatdırdı. "Mən çox şadam ki, bu gün biz ölkələrimiz arasında yeni mərhələnin əsasını qoyduq" - deyən Filip Vuyanoviç Azərbaycan ilə Monteneqronun bir çox sahələrdə uğurlu əməkdaşlıq etdiyini, bu səfər çərçivəsində imzalanan sənədlərin əlaqələrin inkişafı üçün yaxşı baza yaratdığını bildirdi. "Monteneqro arzulayır ki, azərbaycanlı investorlar bu ölkənin sərmayə mühitində daha yaxından iştirak etsinlər" - deyən Filip Vuyanoviç turizm sahəsində də əməkdaşlıq üçün əlverişli imkanların olduğunu bildirdi.
AzərTAc
Azərbaycan.- 2011.- 17 sentyabr.- S. 3.