İcbari
sığortalar haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu qanun Azərbaycan
Respublikasında daşınmaz əmlakın icbari
sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin
mülki məsuliyyətinin icbari sığortası,
daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin
icbari sığortası və sərnişinlərin icbari
sığortası sahəsində
sığortaçılar, sığortalılar,
sığorta olunanlar və faydalanan şəxslər
arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə
onların hüquq və mənafelərinin qorunması məqsədilə
Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta
növlərinin həyata keçirilməsinin ümumi əsaslarını,
həmçinin bu növlərin aparılması
qaydalarını və şərtlərini müəyyən
edir.
Ümumi hissə
Maddə
1. Ümumi müddəalar
1.1. Ayrı-ayrı icbari
sığorta növlərinə aid digər qanunlarda fərqli
müddəaların nəzərdə tutulduğu hallar istisna
olmaqla, bu qanunun Ümumi hissəsi icbari sığorta növləri
üzrə münasibətlərdə tətbiq edilməli
olan əsas prinsipləri və müddəaları müəyyən
edir.
1.2.
Bu qanunun Xüsusi hissəsinin müddəaları yalnız həmin
hissənin müvafiq bölmələri ilə müəyyən
olunan icbari sığorta növünə şamil edilir.
1.3. Bu qanunda başqa cür nəzərdə
tutulmadığı halda, istifadə olunan
anlayışların izahı Azərbaycan
Respublikasının Mülki Məcəlləsi və
"Sığorta fəaliyyəti haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilir.
1.4. Bu qanunda nəzərdə
tutulmuş icbari sığorta növlərinin həyata
keçirilməsindən irəli gələn münasibətlər
bu qanunla başqa cür müəyyən edilmiş hallar
istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi
və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 2. İcbari
sığortalar haqqında qanunvericilik
Azərbaycan
Respublikasının icbari sığortalar haqqında
qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından,
Azərbaycan Respublikasının Mülki Məcəlləsindən,
"Sığorta fəaliyyəti haqqında" Azərbaycan
Respublikasının Qanunundan, bu qanundan, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası beynəlxalq müqavilələrdən
və digər normativ hüquqi aktlardan ibarətdir.
Maddə 3. İcbari
sığortanın prinsipləri
3.1. Bu qanunda nəzərdə
tutulan icbari sığortaların əsas prinsipləri
aşağıdakılardır:
3.1.1. İcbari
sığortaların müvafiq sığorta növü
üzrə sığorta marağı olan hər kəsə
şamil edilməsi və məcburiliyi;
3.1.2. sığorta
hadisələri nəticəsində
sağlamlığına və (və ya) əmlakına zərər
dəyən şəxslərin bu qanunda müəyyən
edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı;
3.1.3.
sığorta hadisələrinə səbəb olan
halların qarşısının alınmasının
stimullaşdırılması;
3.1.4.
sığorta hadisələrinin nəticələrinin aradan
qaldırılması, habelə sığorta ödənişlərinin
məhz bu məqsədlər üçün istifadəsinin
təminatı;
3.1.5. çoxqat
maliyyə təminatı mexanizmi vasitəsilə
sığorta əməliyyatlarında maliyyə sabitliyinin təmin
edilməsi;
3.1.6. bu qanunda nəzərdə
tutulan icbari sığorta növləri üzrə əməliyyatların
aparılmasına dair vahid metodoloji yanaşmanın təmin
edilməsi.
Maddə 4. İcbari
sığortanın məqsədi, aparılması və tətbiq
olunduğu ərazi
4.1. Bu qanunda nəzərdə
tutulmuş icbari sığorta növləri fiziki və
hüquqi şəxslərin əmlak mənafeləri ilə
bağlı məruz qaldıqları zərərlərin əvəzinin
ödənilməsini təmin etmək məqsədilə tətbiq
edilir.
4.2.
Sığorta hadisələri nəticəsində şəxslərin
gəlir itkisi icbari sığorta təminatına daxil edilmir.
4.3. Bu qanunun məqsədləri
üçün qəza vəziyyətində və ya
istismara yararsız vəziyyətdə olan hər hansı əmlakla
(bina, tikili, avtonəqliyyat vasitəsi, cihaz, qurğu,
avadanlıq və s.) bağlı əmlak mənafelərinin
sığortalanması qadağandır.
4.4. Bu qanunda nəzərdə
tutulmuş hər hansı icbari sığorta
növünün aparılması sığorta nəzarəti
orqanının sığortaçıya verdiyi müvafiq icazə
əsasında həyata keçirilir.
4.5. İcbari
sığorta növlərinin aparılmasına icazə verilməsi
üçün əlavə tələblər sığorta
nəzarəti orqanı tərəfindən müəyyən
edilir.
4.6. Bu qanunun
Xüsusi hissəsində digər hal nəzərdə
tutulmamışdırsa, icbari sığorta müqavilələri
üzrə sığorta təminatı Azərbaycan
Respublikasının ərazisində qüvvədədir.
Maddə 5. Sığortaçı
və sığortalı
5.1. Azərbaycan
Respublikasında sığorta fəaliyyətini həyata
keçirmək üçün lisenziyaya malik olan və bu
qanunun Xüsusi hissəsində nəzərdə tutulmuş
müəyyən icbari sığorta növünü
aparmağa müvafiq icazə almış hüquqi şəxs
sığortaçı hesab edilir.
5.2. Bu qanunun
Xüsusi hissəsinin müvafiq bölməsinə uyğun
olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada
sığorta etdirmək vəzifəsi müəyyən
edilmiş və sığortaçı ilə bağlanan
icbarı sığorta müqaviləsinin tərəfi olan
fiziki və ya hüquqi şəxs sığortalı hesab
edilir.
5.3.
Sığortalılar sığorta müqaviləsi
bağlamaq üçün müvafiq icbari sığorta
növünün aparılmasına icazəsi olan hər
hansı sığortaçını seçməkdə sərbəstdirlər.
Maddə 6. Sığorta olunan,
faydalanan şəxs və zərərçəkən
6.1. İcbari
sığorta müqaviləsi əsasında əmlak mənafeləri
sığortalanan - fərdi qəza sığortası
müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi
bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak
sığortası üzrə mülkiyyətində və ya
faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət
sığortası üzrə bu qanunun 6.2-ci maddəsində
nəzərdə tutulmuş əsasla müəyyən edilən
şəxs sığorta olunan hesab edilir.
6.2. Mülki məsuliyyətin
icbari sığortası müqaviləsində göstərilmiş
əmlakı qanuni əsaslarla istismar edən istənilən
şəxs, həmçinin sığortalı özü həmin
əmlakı istismar etdiyi anda sığorta olunan hesab edilir.
6.3. Bu qanunun
Xüsusi hissəsinin müvafiq müddəaları ilə hər
bir icbari sığorta növü üzrə
sığortalıların və ya sığorta
olunanların konkret kateqoriyası müəyyən olunur.
6.4.
Sığorta qanunvericiliyinə və (və ya) sığorta
müqaviləsinin şərtlərinə uyğun olaraq,
sığorta ödənişini almaq hüququna malik olan
şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza
sığortası üzrə sığorta olunan, onun
öldüyü halda ailə üzvləri , mülki məsuliyyətin
sığortası üzrə isə üçüncü
şəxs, onun öldüyü halda ailə üzvləri
(üçüncü şəxs hüquqi şəxs
olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir.
6.5. Bu qanunun
6.4-cü maddəsində nəzərdə tutulmuş,
sığorta olunanın və ya üçüncü şəxsin
faydalanan şəxs qismində çıxış edən
ailə üzvləri sığorta ödənişinin
alınmasında bərabər pay hüququna malikdirlər.
6.6. Fərdi qəza
sığortası üzrə sağlamlığına zərər
dəymiş sığorta olunan, mülki məsuliyyətin
sığortası üzrə isə əmlakına və (və
ya) sağlamlığına zərər dəymiş
üçüncü şəxs zərərçəkən
hesab edilir.
Maddə 7. Üçüncü
şəxslər
Sığortalı
və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə,
mülki məsuliyyətin icbari sığortası üzrə
sığorta müqaviləsinin tərəfi olmayan,
sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi
nəticəsində zərər çəkən, eyni
zamanda, sığorta ödənişi almaq hüququna malik
olan fiziki şəxslər - fiziki şəxs
öldüyü halda, onun ailə üzvləri - və ya
hüquqi şəxslər, yaxud onların hüquq varisləri
üçüncü şəxs sayılırlar.
Maddə 8. İcbari sığorta
müqaviləsi
8.1. İcbari
sığorta müqaviləsi icbari sığortanın təmin
edilməsi üçün sığortaçı ilə
sığortalı arasında,
müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq
hallarda sığorta olunanlara) verilməsi yolu ilə
bağlanan müqavilədir.
8.2. Bu qanunun
Xüsusi hissəsində başqa cür müəyyən
edilməmişdirsə, icbari sığorta müqaviləsi 1
il müddətinə bağlanılır.
8.3. Müvafiq əmlakla
bağlı bu qanunla nəzərdə tutulmuş icbari
sığorta təminatının əldə edilməsi barədə
icbari sığorta müqaviləsi
bağlanmışdırsa, bu qanunun Xüsusi hissəsində
başqa cür nəzərdə tutulduğu hallar istisna
olmaqla, həmin müqavilənin qüvvədə olduğu
müddət ərzində əmlakın sahibi dəyişdikdə,
o cümlədən əmlak qanuni əsaslarla icarəyə və
ya digər qaydada başqa şəxsin istifadəsinə
verildikdə, bu qanunun 8.4-cü maddəsi nəzərə
alınmaqla, müqavilə müddətinin sonunadək yeni
icbari sığorta müqaviləsinin bağlanması tələb
olunmur. Bu halda bu qanunla sığortalıya aid edilən
bütün hüquqlar və vəzifələr əmlakın
yeni sahibinə və ya istifadəçisinə şamil
edilir.
8.4. Bu qanunun
Xüsusi hissəsində qeyd olunmuş hər hansı icbari
sığorta növü üzrə sığorta təminatının
könüllü sığorta müqaviləsində tam və
ya qismən nəzərdə tutulması
sığortalını müvafiq icbari sığorta
müqaviləsini bağlamaq vəzifəsindən azad etmir.
8.5. Bu qanunun
Xüsusi hissəsində başqa cür nəzərdə
tutulmuş hallar istisna olmaqla, icbari sığorta müqaviləsinə
sığorta qanunvericiliyində nəzərdə tutulmuş
müvafiq hallarda və qaydada xitam verilir. İcbari
sığorta müqaviləsinə vaxtından əvvəl
xitam verildikdə, sığortalı müvafiq sığorta
növü üzrə yeni icbari sığorta müqaviləsi
bağlamalıdır.
8.6. Bu qanunda
başqa cür nəzərdə tutulmadığı hallarda
icbari sığorta müqaviləsində azadolma məbləği
müəyyən edilmir.
Maddə 9. İcbari sığorta
şəhadətnaməsi
9.1. İcbari
sığorta şəhadətnaməsi icbari sığorta
müqaviləsinin bağlanması faktını təsdiq edən
sənəddir.
9.2. İcbari
sığorta müqaviləsi sığortaçı tərəfindən
müvafiq sığorta şəhadətnaməsinin
sığortalıya və ya sığorta olunana verilməsi
yolu ilə bağlanır.
9.3. İcbari
sığorta şəhadətnaməsinin forması, onun
çap olunma və doldurulma qaydaları sığorta şəhadətnaməsinin
məzmunu ilə bağlı Azərbaycan Respublikasının
Mülki Məcəlləsində nəzərdə
tutulmuş tələblər nəzərə alınmaqla hər
bir icbari sığorta növü üzrə
ayrı-ayrılıqda sığorta nəzarəti orqanı
tərəfindən müəyyən edilir.
9.4.
Sığorta şəhadətnaməsi sığorta
haqqının ödənildiyi gün, qrup halında
sığorta zamanı isə sığorta haqqının
ödənilməsindən 3 iş günü müddətində
verilir.
9.5.
Sığorta müqaviləsinə uyğun olaraq
sığorta hadisəsi üzrə sığorta ödənişi
verildikdə, bu qanunun Xüsusi hissəsində başqa cür
nəzərdə tutulmadığı hallarda müvafiq icbari
sığorta şəhadətnaməsi
sığortaçı tərəfindən geri alınır
və sığortalının sığorta məbləğini
qanunvericiliklə müəyyənləşdirilmiş miqdarda
bərpa etmək üçün tələb olunan məbləğə
mütənasib olaraq əlavə sığorta haqqı ödəməsi
şərtilə ona sığorta şəhadətnaməsinin
son qüvvədə olma tarixinədək müddətə
qüvvədə olan şəhadətnaməyə əlavə
verilir.
9.6. İcbari
sığorta müqaviləsinə vaxtından əvvəl
xitam verilərkən müvafiq icbari sığorta şəhadətnaməsinin
əsli sığortaçıya qaytarılmalıdır.
Maddə 10. İcbari sığorta
məbləği
10.1.
Sığorta məbləği bu qanuna uyğun olaraq
sığorta obyektinin sığortalandığı və
sığortaçının öhdəliklərinin bu
qanunla müəyyənləşdirilmiş məbləğlə
ifadə olunan son həddidir.
10.2. İcbari
sığorta müqaviləsinin qüvvədə olduğu
müddət ərzində sığortaçının bir
sığorta hadisəsinə görə verdiyi sığorta
ödənişlərinin ümumi məbləği icbari
sığorta məbləğindən artıq ola bilməz.
10.3. Hər bir
icbari sığorta növü üzrə sığorta məbləğləri
bu qanunun Xüsusi hissəsinin bölmələri ilə
müəyyən olunur.
10.4. Bu qanunun
Xüsusi hissəsində başqa cür nəzərdə
tutulmadığı halda icbari sığorta müqaviləsi
üzrə sığorta məbləği müvafiq
sığorta ödənişləri həcmində
azalmış hesab edilir və həmin ödənişlərin
verildiyi tarixdən bu qanunun 11.2-ci maddəsinə uyğun
olaraq, bərpa edilməlidir.
Maddə 11. İcbari sığorta
haqqı
11.1. İcbari
sığorta haqqı sığortaçıya nağd və
ya nağdsız hesablaşma yolu ilə bu qanunun Xüsusi hissəsində
başqa cür nəzərdə tutulmuş hallar istisna
olmaqla, birdəfəlik ödənilir.
11.2. Bu qanunda nəzərdə
tutulmuş hallarda sığortalıya sığorta ödənişi
verilərkən, sığortalı sığorta müqaviləsinə
vaxtından əvvəl xitam vermək niyyətində
olmadıqda, sığorta məbləğinin bərpa edilməsi
üçün ödənilməli olan əlavə
sığorta haqqı sığorta ödənişi məbləğindən
çıxılır.
Maddə 12. Sığorta
haqlarının bölüşdürülməsi
12.1. İcbari
sığortalar üzrə hesablanmış sığorta
haqlarından bu qanunun 12.2-ci maddəsində göstərilmiş
məcburi ayırmalar nəzərə alınmaqla,
sığorta qanunvericiliyi ilə müəyyən olunmuş
qaydada sığorta ehtiyatları formalaşdırılır.
12.2. İcbari
sığorta müqavilələri üzrə daxil olan
sığorta haqlarından qanunvericilikdə nəzərdə
tutulanlardan əlavə, bu qanunun 26-cı maddəsində nəzərdə
tutulmuş sığortaçının
qarşısıalınma tədbirləri fonduna 1 faiz həcmində,
habelə bu qanunun Xüsusi hissəsində müəyyən
edildiyi hallarda digər məcburi ayırmalar da həyata
keçirilir.
12.3. Bu qanunun
12.2-ci maddəsində nəzərdə tutulmuş məcburi
ayırmalar, qanunda başqa cür nəzərdə
tutulmamışdırsa, maliyyə ilinin hər rübü
üzrə həmin rüb başa çatdıqdan sonra 20
gün ərzində müvafiq hesablara
köçürülməlidir.
12.4.
Sığortaçı daxil olan sığorta
haqlarının 20 faizədək hissəsini işlərin
aparılması xərclərinə, o cümlədən 15
faizədək hissəsini sığorta vasitəçiliyi
xidmətinə görə verilən komisyon muzdlara sərf edə
bilər.
Maddə 13.
Sığorta hadisəsi
13.1. İcbari
sığorta növlərində
sığorta hadisəsi
müvafiq icbari sığorta müqaviləsində
göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin
həyata keçirilməsi nəticəsində
sığorta olunana və ya üçüncü şəxsə
dəyən zərərin əvəzinin ödənilməsi
üçün əsas olan, həmin müqavilənin
qüvvədə olduğu müddət ərzində baş
verən, bu Qanunun Xüsusi hissəsində nəzərdə
tutulmuş hadisələr və hallardır.
13.2. Bu qanunun məqsədləri
üçün mülki məsuliyyətin icbari sığortasında
müvafiq sığorta şəhadətnaməsində
göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat
vasitəsinin, cihazın, qurğunun, avadanlığın və
s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində
üçüncü şəxslərin
sağlamlığına və (və ya) əmlakına vurulmuş
zərərin əvəzinin ödənilməsi üzrə
sığortalının və ya sığorta olunanın
mülki məsuliyyətinin yaranması faktı sığorta
hadisəsi sayılır.
13.3. Bu qanunun məqsədləri
üçün fərdi qəzadan icbari sığortada
müvafiq sığorta müqaviləsində müəyyən
edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta
olunanın sağlamlığına zərər dəyməsi
sığorta hadisəsi sayılır.
13.4.
Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən
asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət
üzrə sığorta təminatı, müvafiq
sığorta müqaviləsində göstərilmiş əmlakı
qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən
şəxsin hərəkəti və ya hərəkətsizliyi
nəticəsində baş vermiş müvafiq hadisələrə
və hallara şamil olunur.
13.5.
Sığorta hadisəsi hesab edilə bilən halın baş
verməsi barədə məlumat sığortaçıya
şifahi qaydada verildikdə, şifahi məlumatın verildiyi
vaxtdan 3 iş günü müddətində yazılı
sığorta tələbi sığortaçıya təqdim
olunmalıdır.
Maddə 14. Sağlamlığa dəyən
zərər
14.1. Fərdi qəza
sığortası üzrə sığorta olunanın və
ya mülki məsuliyyət sığortası üzrə
üçüncü şəxsin sağlamlığına
dəyən zərər bu qanunun məqsədləri
üçün aşağıdakı hallar hesab edilir:
14.1.1. şəxsin
yüngül və ya ağır xəsarət alması;
14.1.2. şəxsin
əmək qabiliyyətini tam və ya qismən itirməsi (əlillik);
14.1.3. şəxsin
ölümü.
14.2.
Sığorta hadisəsi nəticəsində sığorta
olunanın və ya üçüncü şəxsin
sağlamlığına vurulan zərərin əvəzi
sığorta məbləğinin aşağıdakı nisbətlərində
ödənilir:
14.2.1. zərərçəkənin
ölməsi, o cümlədən aldığı bədən
xəsarəti, xəstələnməsi, zəhərlənməsi
və ya kontuziya olması nəticəsində sığorta
hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi
- 100 faiz;
14.2.2. zərərçəkənin
məhkəmənin qanuni qüvvəyə minmiş qərarı
ilə ölmüş elan edilməsi - 100 faiz;
14.2.3. zərərçəkənin
bədən xəsarəti alması, zəhərlənməsi,
yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi
baş verdiyi tarixdən 3 il ərzində ona qanunvericilikdə
nəzərdə tutulmuş qaydada əlillik qrupu təyin
olunması - I qrup əlilliyə görə 80 faiz, II qrup əlilliyə
görə 60 faiz, III qrup əlilliyə görə 40 faiz;
14.2.4. əlillik
qrupu təyin olunmadan ağır xəsarət alması - 30
faiz;
14.2.5.
yüngül xəsarət alması - 5 faiz.
14.3. Bu qanunun məqsədləri
üçün ağır və yungül xəsarət
növlərinin siyahısı qanunvericiliklə müəyyən
edilir.
Maddə 15. Əmlaka dəyən zərər
15.1. İcbari
sığorta növlərində əmlaka dəyən zərər
həmin əmlakın zədələnməsi, məhv
olması və ya hər hansı digər formada itkisi ilə
bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.
15.2. Zərər
dəymiş əmlakın təmiri və ya bərpası
texniki və digər səbəblərdən mümkün
olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş
hesab edilir.
15.3. Əmlaka dəyən
zərərin məbləği aşağıdakılardan
ibarətdir:
15.3.1. zərər
dəymiş əmlakın təmiri və ya bərpası
üçün birbaşa çəkilən xərclər,
yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun
sığorta hadisəsinin baş verməsindən bilavasitə
əvvəlki dəyəri;
15.3.2. zərəri
azaltmaq məqsədilə binaların, qurğuların,
avadanlığın sökülməsi və başqa yerə
köçürülməsi ilə bağlı xərclər;
15.3.3. zərər
dəymiş əmlakın daşınması, habelə onun
qalıqlarının yığılması və
daşınması ilə bağlı xərclər;
15.3.4.
sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədilə
görülən tədbirlər nəticəsində əmələ
gələn digər zərərlər.
Maddə 16. Zərərin müəyyənləşdirilməsi
16.1.
Sığorta hadisəsi nəticəsində dövlət və
bələdiyyə əmlakına dəyən zərərin
qiymətləndirilməsi belə əmlakın qiymətləndirilməsi
üçün qanunvericiliklə müəyyən edilmiş
xüsusi tələblər nəzərə alınmaqla
sığortaçı, habelə sığortalı və
ya faydalanan şəxs tərəfindən təmin edilməlidir.
16.2.
Sığortaçı sığorta hadisəsi nəticəsində
dəymiş zərərin məbləğini bilavasitə
özü və ya sığorta qanunvericiliyinin tələblərini
nəzərə almaqla təyin etdiyi sığorta sahəsində
yardımçı fəaliyyət göstərən
müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin
sığortaçı tərəfindən müəyyən
edilmiş həcmi barədə tərəflər arasında
razılıq əldə edilmədikdə, zərərin
miqdarının qiymətləndirilməsi sığorta
qanunvericiliyinin tələbləri nəzərə
alınmaqla tərəflərin qarşılıqlı
razılığı ilə təyin olunan qiymətləndirmə
fəaliyyəti ilə məşğul olan müstəqil
ekspert tərəfindən aparılır.
16.3.
Sığortalı və ya sığorta olunan zərər məbləğinin
sığortaçı tərəfindən və ya onun
razılığı ilə bu qanunun 16.4-cü maddəsində
nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin
başladığı anadək sığorta qanunvericiliyində
nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş
əmlakı sığorta hadisəsindən dərhal
sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş
zərərin qiymətləndirilməsi üçün
şərait yaratmadıqda, zərərin
sığortaçı tərəfindən müvafiq şəkildə
qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir.
16.4.
Sığortaçı sığorta hadisəsinin baş
verməsi barədə qanunvericiliyin tələblərinə
uyğun olaraq məlumatlandırıldığı tarixdən
7 iş günü müddətində əmlaka dəymiş
zərərin məbləğinin qiymətləndirilməsini
təşkil etmədikdə sığortalı və
sığorta olunan, həmçinin zərər çəkmiş
üçüncü şəxs təyin etdiyi qiymətləndirmə
fəaliyyəti ilə məşğul olan müstəqil
ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş
zərərin ədalətli şəkildə qiymətləndirilməsinə
və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər
sığortaçı əmlaka dəymiş zərərin
vaxtında qiymətləndirilməməsini əmlak sahibinin
ölümü və ya xəstəliyi, həmçinin
sığortalının, sığorta olunanın və ya zərər
çəkmiş üçüncü şəxsin əmlakın
qiymətləndirilməsi üçün şərait
yaratmaması nəticəsində baş verdiyini sübut edə
bilməsə, o, zərər çəkmiş
üçüncü şəxs tərəfindən bu maddədə
nəzərdə tutulmuş qaydada həyata keçirilmiş
qiymətləndirmənin nəticələrini qəbul etməlidir.
Maddə 17. Sığorta ödənişinin
verilməsi üçün tələb olunan sənədlər
17.1. İcbari
sığorta ödənişi aşağıdakı sənədlər
əsasında həyata keçirilir:
17.1.1.
aşağıdakı məlumatları əks etdirən
sığorta tələbi:
17.1.1.1. icbari
sığorta şəhadətnaməsinin tarixi və nömrəsi;
17.1.1.2. icbari
sığortanın növü;
17.1.1.3.
sığortalının adı;
17.1.1.4.
sığorta olunanın adı;
17.1.1.5.
sığorta hadisəsi hesab edilə bilən halın baş
vermə yeri, tarixi və vaxtı;
17.1.1.6.
sığorta hadisəsi hesab edilə bilən halın təfsilatı
və səbəbi;
17.1.1.7.
sığorta hadisəsi hesab edilə bilən halın baş
verməsi nəticəsində dəyən zərərin təsviri
və əgər mümkündürsə, ehtimal olunan zərərin
məbləği.
17.1.2.
sığorta şəhadətnaməsinin surəti;
17.1.3.
sığorta şəhadətnaməsində göstərilən
əmlakla bağlı mülkiyyət hüququnu, yaxud ondan
istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən
sənədin notariat qaydasında təsdiqlənmiş surəti;
17.1.4. bu qanunun
Xüsusi hissəsində ayrı qayda nəzərdə
tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə
bilən halın baş verməsi faktını təsdiqləyən,
səlahiyyətli orqanın təqdim etdiyi arayış;
17.1.5. müvafiq
hallarda sığorta hadisəsi hesab edilə bilən halın
baş verməsi nəticəsində əmlakın zədələnməsi,
məhv olması və ya hər hansı digər formada itkisi
ilə bağlı zərərin məbləğini təsdiqləyən
sənəd;
17.1.6. müvafiq
hallarda sığorta hadisəsi hesab edilə bilən halın
baş verməsi nəticəsində üçüncü
şəxsin və ya sığorta olunanın
sağlamlığına dəyən zərər üzrə
xəsarətin dərəcəsi haqqında həkim
arayışı, əlillik halında isə əlilliyin
qrupunu, səbəbini və təyin edilməsi tarixini əks
etdirən tibbi-sosial ekspert komissiyasının
arayışının surəti;
17.1.7. müvafiq
hallarda sığorta hadisəsi hesab edilə bilən halın
baş verməsi nəticəsində üçüncü
şəxs və ya sığorta olunan öldükdə
ölümün səbəbi haqqında tibbi ekspertiza rəyinin,
ölüm haqqında şəhadətnamənin, habelə
ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini
təsdiq edən müvafiq sənədlərin (doğum
haqqında şəhadətnamənin, yaxud
şəxsiyyət vəsiqəsinin, ərə
(arvada) münasibətdə nikah haqqında şəhadətnamənin)
notariat qaydasında təsdiq edilmiş surətləri;
17.1.8. müvafiq
hallarda üçüncü şəxs və ya sığorta
olunan sığorta hadisəsi hesab edilə bilən halın
baş verməsi nəticəsində
sağlamlığına zərər dəyməsi
üzündən 3 il ərzində öldükdə, onun
ölümünün hadisə ilə səbəb əlaqəsində
olmasını təsdiq edən tibbi ekspertiza rəyinin,
ölüm haqqında şəhadətnamənin, habelə
ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini
təsdiq edən müvafiq sənədlərin (doğum
haqqında şəhadətnamənin, yaxud şəxsiyyət
vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah
haqqında şəhadətnamənin) notariat qaydasında təsdiq
edilmiş surətləri;
17.1.9. mülki məsuliyyətin
icbari sığortası üzrə sığortalı və
ya sığorta olunan tərəfindən əmlaka vurulan zərərin
əvəzi ödənilmiş olduqda və ya
sağlamlığa vurulan zərərlə əlaqədar hər
hansı ödəmə həyata keçirildikdə belə
ödəməni təsdiq edən sənədin müvafiq
qaydada təsdiq edilmiş surəti;
17.1.10. faydalanan
şəxs fiziki şəxs olduqda onun şəxsiyyət vəsiqəsinin
surəti, hüquqi şəxs olduqda isə onun nümayəndəsinə
verilmiş müvafiq etibarnamə və həmin nümayəndənin
şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq
edilmiş surəti;
17.1.11. bu qanunun
Xüsusi hissəsində nəzərdə tutulmuş digər
sənədlər.
17.2.
Sığorta hadisəsi hesab edilə bilən halın baş
verməsi barədə bu qanunda nəzərdə tutulmuş
qaydada məlumat almış sığortaçı
sığorta tələbinin bu qanunun 17.1.1-ci maddəsində
nəzərdə tutulmuş qaydada təqdim edilməsi
üçün müraciət edən şəxsi
sığorta tələbi üzrə sorğu vərəqi
ilə təmin etməli və lazım olduqda həmin vərəqin
doldurulması üçün ona köməklik etməlidir.
17.3.
Sığorta tələbi barədə müraciət
sığortaçı tərəfindən qeydiyyata alınır.
17.4.
Sığortaçı bu qanunun 17.1.4-cü maddəsində
nəzərdə tutulmuş arayışı almaq
üçün səlahiyyətli orqana dərhal sorğu verməlidir.
17.5.
Sığorta ödənişinin verilməsi
üçün sığortaçı tərəfindən
sığortalıdan, sığorta olunandan və (və ya)
faydalanan şəxsdən bu qanunla nəzərdə
tutulmuş sənədlərdən başqa digər sənədlər
tələb edilə bilməz.
Maddə 18. Sığorta ödənişinin
verilməsi və ya ödənişdən imtina edilməsi
müddəti
Bu Qanunun 17.1-ci
maddəsində göstərilən sənədlərdən
sonuncusunun sığortaçıya təqdim edildiyi və (və
ya) alındığı tarixdən 7 iş günündən
gec olmayaraq sığortaçı sığorta ödənişini
verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi,
əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz
edilməsi üçün yazılı qaydada təsdiqlənən
tədbir görməli, yaxud sığortalıya,
sığorta olunana və ya faydalanan şəxsə
sığorta ödənişinin verilməsindən imtina
haqqında yazılı şəkildə əsaslandırılmış
bildiriş verməlidir.
Maddə 19. Sağlamlığa dəyən
zərər üzrə sığorta ödənişinin
verilməsi qaydası
19.1. Sığortaçı
sığorta olunanın və ya üçüncü şəxsin
sağlamlığına dəymiş zərərin əvəzini
digər şəxsi sığortaya aid sığorta növləri
və (və ya) sosial
sığorta üzrə verilən sığorta ödənişlərini,
həmçinin fərdi qəza sığortası üzrə
zərərvuran şəxs tərəfindən ödənilən
hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə
tutulmuş qaydada ödəyir.
19.2. Bu qanunun
21-ci maddəsində nəzərdə tutulmuş müvafiq
hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin
icbari sığortası üzrə sığorta hadisəsinin
baş verməsində sığortalının və ya
sığorta olunanın təqsirinin dərəcəsindən
asılı olmayaraq, hər bir halda üçüncü
şəxsin sağlamlığına dəyən zərərin
əvəzini bu qanunla müəyyən edilmiş qaydada
ödəməlidir.
19.3. Mülki məsuliyyətin
sığortası üzrə üçüncü şəxs
onun sağlamlığına dəyən zərərin əvəzinin
ödənilməsini sığortalıdan, sığorta
olunandan və yaxud bu qanunla müəyyən edilmiş
sığorta məbləği həddində
sığortaçıdan tələb edə bilər.
19.4. Mülki məsuliyyətin
sığortası üzrə üçüncü şəxsin
sağlamlığına zərər vurulması ilə əlaqədar
sığortalı və ya sığorta olunan tərəfindən
zərərçəkənin xeyrinə hər hansı
ödəmə həyata keçirildikdə
sığortaçı bu qanuna uyğun olaraq hesablanan
sığorta ödənişini bu qanunun 19.5-ci maddəsinin tələbi
nəzərə alınmaqla, sığorta məbləği
həddində sığortalıya və ya sığorta
olunana verir.
19.5. Mülki məsuliyyət
sığortası üzrə üçüncü şəxsin
sağlamlığına zərər vurulması ilə əlaqədar
sığortalının və ya sığorta olunanın zərərçəkənə
ödəmiş olduğu məbləğ bu qanuna uyğun
olaraq hesablanan sığorta ödənişi məbləğindən
az olduqda, sığorta ödənişinin müvafiq fərqə
bərabər olan hissəsi zərərçəkənə
verilir.
19.6.
Sığorta olunan və ya üçüncü şəxs
sağlamlığına dəymiş zərərə
görə bu qanunla nəzərdə tutulmuş
sığorta ödənişini sağlığında tam və
ya qismən almamışdırsa, ona verilməli olan
sığorta ödənişinin məbləği və ya
bu məbləğin qalan hissəsi faydalanan şəxs qismində
onun ailə üzvlərinə ödənilir.
19.7.
Sığorta olunan və ya üçüncü şəxs
sığorta hadisəsi nəticəsində
sağlamlığına dəymiş zərərdən bu
hadisənin baş verdiyi tarixdən 3 il müddətində
ölərsə, onun almış olduğu müvafiq
sığorta ödənişinin məbləği ilə
sığorta məbləği arasındakı fərq ailə
üzvlərinə ödənilir.
19.8.
Sığorta olunanın bir sığorta hadisəsi nəticəsində
iki və ya daha artıq üçüncü şəxsin
sağlamlığına vurduğu zərərlər üzrə
ayrı-ayrılıqda hesablanan sığorta məbləğinin
ümumi həcmi müvafiq sığorta məbləğini
aşarsa, sığorta ödənişi
üçüncü şəxslərə həmin
sığorta məbləğinin hər bir
üçüncü şəxsə dəymiş zərərə
mütənasib olan həcmdə verilir.
19.9.
Üçüncü şəxsin ölümü halında
sığortalının və ya sığorta olunanın qanunvericiliyə
uyğun olaraq ödədiyi dəfn xərcləri
sığorta ödənişi məbləğinə daxil
edilmir.
Maddə 20. Əmlaka dəyən zərər
üzrə sığorta ödənişinin verilməsi
qaydası
20.1. Əmlaka dəyən
zərərə görə könüllü və icbari
sığortanın bütün növləri üzrə
verilən sığorta ödənişlərinin ümumi məbləği
faktiki zərər məbləğindən artıq ola bilməz.
20.2. Bu qanunun 21-ci maddəsində nəzərdə
tutulmuş müvafiq hallar istisna olmaqla,
sığortaçı mülki məsuliyyətin icbari
sığortası üzrə sığorta hadisəsinin
baş verməsində sığortalının və ya
sığorta olunanın təqsirinin dərəcəsindən
asılı olmayaraq, hər bir halda üçüncü
şəxsin əmlakına dəyən zərərin əvəzini
bu qanunla müəyyən edilmiş qaydada ödəməlidir.
20.3. Əmlaka dəyən zərər
üzrə sığorta ödənişi
sığortaçının seçimi əsasında əmlakın
təmirinə, bərpasına və ya yenisi ilə əvəz
edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş
zərər məbləğinin faydalanan şəxsə
birbaşa ödənilməsi yolu ilə həyata
keçirilir.
20.4. Mülki məsuliyyətin
sığortasında sığorta olunanın bir
sığorta hadisəsi nəticəsində iki və ya daha
artıq üçüncü şəxsin əmlakına
vurduğu zərərə görə məsuliyyətinin məbləği
müvafiq sığorta məbləğini aşarsa,
sığorta ödənişi üçüncü şəxslərə
həmin sığorta məbləğinin hər bir
üçüncü şəxsə dəymiş zərərə
mütənasib olan həcmdə verilir.
20.5.
Üçüncü şəxs onun əmlakına dəymiş
zərərin əvəzinin ödənilməsini
sığortalıdan, sığorta olunandan, yaxud bu qanunla
müəyyən edilmiş sığorta məbləği həddində
sığortaçıdan tələb edə bilər.
Onlardan biri zərərin əvəzini tam ödədikdə,
üçüncü şəxsin iddiası təmin
edilmiş hesab olunur.
20.6.
Sığorta hadisəsi nəticəsində
üçüncü şəxsin əmlakına vurulan zərərin
əvəzi sığortalı və ya sığorta olunan, həmçinin
üçüncü şəxsin bağlamış
olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi
olan sığortaçı tərəfindən tam ödənildikdə,
sığortaçı sığorta ödənişini
sığorta məbləği həddində
sığortalıya və ya sığorta olunana, yaxud da
subroqasiya qaydasında tələb irəli sürmüş
digər sığortaçıya verir. Bu halda sığorta
ödənişinin məbləği
sığortalının və ya sığorta olunanın,
yaxud digər sığortaçının faydalanan şəxsə
ödəmiş olduğu məbləğdən çox ola
bilməz.
20.7. Sığorta hadisəsi nəticəsində
üçüncü şəxsin əmlakına dəymiş
zərərlə əlaqədar sığortalı və ya
sığorta olunan, həmçinin üçüncü
şəxsin bağlamış olduğu digər müvafiq
sığorta müqaviləsinin tərəfi olan
sığortaçı tərəfindən zərərçəkənə
ödənilmiş məbləğ zərər məbləğindən
az olduqda, sığortaçı sığorta ödənişini
ödənilmiş məbləğlə zərər məbləği
arasındakı fərq həcmində zərərçəkənə,
ödənilmiş məbləğin əvəzini isə
sığortalıya və ya sığorta olunana, yaxud da
subroqasiya qaydasında tələb irəli sürmüş
digər sığortaçıya verməklə həyata
keçirir.
Maddə 21. Sığorta ödənişindən
imtinanın əsasları
21.1. Bu qanunda
müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına
aid olan hallar istisna edilməklə, sığorta ödənişindən
imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində
nəzərdə tutulmuş ümumi əsasları ilə
yanaşı, icbari sığorta müqavilələri üzrə
aşağıdakı hallarda da sığorta ödənişi
verilmir:
21.1.1. hadisə
və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi
iğtişaşlar, nüvə partlayışı, radioaktiv
çirklənmə ilə bağlı olduqda;
21.1.2.
sığorta tələbi üçüncü şəxsin
pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli
daşlar, sənət əsərləri, o cümlədən
rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin
modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər,
kitablar və yazılar şəklində olan əmlakına dəymiş
zərərlə bağlı olduqda;
21.1.3.
sığorta tələbi mənəvi zərərlə və
ya gəlir itkisi ilə bağlı olduqda;
21.1.4.
sığorta tələbi sığortalının və ya
sığorta olunanın cərimə, dəbbə pulu, peniya
ödəməsi üzrə əmlak mənafeləri ilə
bağlı olduqda.
21.2. Bu qanunun
Xüsusi hissəsində icbari sığorta növləri
üzrə sığorta ödənişinin verilməsindən
imtinanın digər əsasları da nəzərdə tutula
bilər.
Maddə 22.
Sığortalının hüquqları və vəzifələri
22.1.
Sığortalının aşağıdakı
hüquqları vardır:
22.1.1.
sığortaçıdan sığortanın
aparılması qaydaları və şərtləri, həmçinin
sığortalının hüquq və vəzifələri
barədə məlumat almaq;
22.1.2.
sığorta şəhadətnaməsi itirildikdə, onun
dublikatını almaq;
22.1.3. əmlaka və ya
sağlamlığa dəymiş zərərin məbləğini
müəyyənləşdirmək məqsədi ilə
qanunvericiliklə nəzərdə tutulmuş qaydada müstəqil
ekspertin xidmətlərindən istifadə etmək;
22.1.4.
sığortaçı və ya müstəqil ekspert
tərəfindən
dəymiş zərərin miqdarının və
sığorta ödənişinin məbləğinin müəyyən
edilməsinin nəticələri ilə tanış olmaq;
22.1.5. bu qanunda nəzərdə
tutulmuş hallarda və qaydada, o cümlədən məbləğdə
və müddətdə sığorta ödənişini
almaq;
22.1.6. qanunvericiliklə nəzərdə
tutulmuş hallarda sığorta haqqı ilə bağlı
güzəştlərdən istifadə etmək;
22.1.7. sığortaçının
sığorta ödənişindən imtina barədə qərarından
və ya sığorta ödənişinin məbləği
ilə razılaşmadığı halda qanunvericilikdə nəzərdə
tutulmuş qaydada şikayət etmək;
22.1.8. sığorta qanunvericiliyində nəzərdə
tutulmuş digər hüquqlar.
22.2. Sığortalının vəzifələri
aşağıdakılardır:
22.2.1. müvafiq icbari sığorta
növünü aparmağa icazəsi olan, sərbəst olaraq
seçdiyi sığortaçı ilə icbari
sığorta müqaviləsi bağlamaq və sığorta
haqlarını bu qanunla və müqavilə ilə müəyyən
olunmuş qaydada ödəmək;
22.2.2.
sığorta müqaviləsi bağlanarkən, sığorta
müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin
özünə məlum olan və
sığortaçının müqavilədən imtina etmək,
yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq
qərarına təsir göstərə bilən, habelə
müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi
ilə bağlı bütün hallar barədə, o cümlədən
müvafiq icbari sığorta növü üzrə əvvəlki
sığorta müqavilələri, bu müqavilələr
üzrə baş vermiş sığorta hadisələri və
həyata keçirilmiş sığorta ödənişləri
barədə məlumatları və müvafiq sənədləri
sığortaçıya təqdim etmək;
22.2.3.
sığorta predmetinə dair qüvvədə olan və ya
sonradan bağlanan digər sığorta müqavilələri
barədə sığortaçıya məlumat vermək;
22.2.4. bu qanunla
üzərinə məlumatlandırma vəzifəsi
qoyulmuş digər şəxslər tərəfindən
müvafiq məlumat verilməmiş olduqda sığorta hadisəsi
hesab edilə bilən halın baş verməsi və zərərçəkənlərin
olması barədə, bu qanunla müəyyən edilmiş
qaydada və müddətdə aidiyyəti üzrə
müvafiq dövlət orqanlarına, həmçinin
sığortaçıya məlumat vermək;
22.2.5.
sığorta hadisəsi hesab edilə bilən hal baş
verdikdə, zərərçəkən(lər)ə
müvafiq icbari sığorta müqaviləsinin
mövcudluğu barədə məlumat vermək;
22.2.6.
sığorta hadisəsi hesab edilə bilən halın baş
verməsi zamanı və ondan dərhal sonra zərərin
qarşısının alınması və (və ya) onun
azaldılması, həmçinin əmlakın xilas edilməsi
istiqamətində, eyni zamanda, zərərçəkmiş və
ya zərərçəkmə ehtimalı olan şəxslərin
həyatını və ya sağlamlığını xilas
etmək üçün ağlabatan və mümkün olan
bütün tədbirləri həyata keçirmək;
22.2.7.
qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna
olmaqla, sığorta hadisəsi
hesab edilə bilən halın baş verdiyi yerdə və
ya zərər dəymiş əmlakda
sığortaçı və ya onun nümayəndəsi və
(və ya) digər səlahiyyətli şəxslər onlara
baxış keçirənədək heç bir dəyişiklik
etməmək;
22.2.8. zərər
dəymiş və (və ya) zərər dəyməsinə
səbəb olmuş əmlaka baxış keçirilməsi,
baş vermiş hadisənin səbəblərinin, nəticələrinin,
zərərin dərəcəsi və ya miqdarının
araşdırılması üçün imkanları daxilində
sığortaçıya şərait yaratmaq, habelə
sığorta ödənişi verildikdə və müvafiq
hallarda subroqasiya hüququnun həyata keçirilməsi
üçün onda olan bütün lazımi sənədləri
sığortaçıya təqdim etmək;
22.2.9. baş
vermiş, sığorta hadisəsi hesab edilə bilən halla əlaqədar
özünə qarşı irəli sürülmüş
bütün tələblər və iddialar barədə
sığortaçıya məlumat vermək;
22.2.10. dəymiş
zərərə görə təqsirli olan digər şəxslər
tərəfindən verilmiş ödəmələr barədə
sığortaçını xəbərdar etmək;
22.2.11. bu qanunun
Xüsusi hissəsinin tələblərinə uyğun olaraq,
müvafiq hallarda sığorta ödənişini alarkən, əlavə
sığorta haqqı ödəməklə sığorta məbləğini
bərpa etmək;
22.2.12.
sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş
digər vəzifələri yerinə yetirmək.
22.3. Əgər
icbari sığorta müqaviləsi üzrə
sığortalı ilə sığorta olunan eyni şəxs
deyilsə, sığortalının bu qanunun 22.1.1-ci maddəsində
nəzərdə tutulandan başqa digər hüquqları və
22.2.1, 22.2.2, 22.2.3, 22.2.11-ci maddələrində nəzərdə
tutulanlardan başqa digər vəzifələri sığorta
olunanın hüquq və vəzifələrinə də
aiddir.
Maddə 23.
Sığortaçının hüquq və vəzifələri
23.1.
Sığortaçının aşağıdakı
hüquqları vardır:
23.1.1.
sığorta müqaviləsi bağlayarkən, sığorta
riskini qiymətləndirərkən lazım olan müvafiq məlumatları
və sənədləri sığortalıdan və ya
sığorta olunandan tələb etmək, habelə icbari
sığorta müqaviləsinin aid olduğu əmlaka
baxış keçirmək;
23.1.2. icbari sığorta haqlarını
sığorta qanunvericiliyində nəzərdə tutulmuş
qaydada almaq;
23.1.3. sığorta müqaviləsinin
aid olduğu sahələrə (binalara, tikililərə və
s.) daxil olmaq, sığorta hadisəsi hesab edilə bilən
halın baş verməsi barədə məlumat aldıqdan
sonra hadisənin başvermə səbəblərini
araşdırmaq, o cümlədən hadisəyə səbəb
olmuş əmlaka baxış keçirmək, yaxud şəxsdən
izahat almaq və ya bu məqsədlə ekspertlər dəvət
etmək;
23.1.4. sığorta hadisəsi nəticəsində
dəymiş zərərin məbləğini bilavasitə
özü və ya sığorta qanunvericiliyinin tələblərini
nəzərə almaqla təyin etdiyi sığorta sahəsində
yardımçı fəaliyyət göstərən
müvafiq şəxs vasitəsilə müəyyən etmək,
bu məqsədlə ekspertlər dəvət etmək, bunun
üçün sığortalıdan və (və ya)
sığorta olunandan lazımi məlumatlar almaq;
23.1.5. sığorta ödənişi
verilərkən, müvafiq hallarda icbari sığorta şəhadətnaməsinin
geri alınması üçün həmin şəhadətnamənin
əslini sığortalıdan və ya sığorta olunandan
tələb etmək;
23.1.6. sığorta ödənişini
verdikdən sonra müvafiq şəxslərə qarşı
sığorta qanunvericiliyində nəzərdə tutulmuş
qaydada subroqasiya hüququndan istifadə etmək;
23.1.7. qanunvericilikdə yol verilən
hallarda sığortalını və ya sığorta
olunanı məhkəmədə təmsil etmək;
23.1.8. sığorta qanunvericiliyində nəzərdə
tutulmuş digər hüquqlar.
23.2. Sığortaçının vəzifələri
aşağıdakılardır:
23.2.1. sığortalını və
sığorta olunanı müvafiq icbari sığortanın şərtləri,
onun icbarı sığorta müqaviləsindən irəli gələn
hüquq və vəzifələri ilə tanış etmək;
23.2.2.
sığorta riskini özü və ya nümayəndəsi,
o cümlədən sığorta qanunvericiliyinə uyğun
olaraq sığorta sahəsində yardımçı fəaliyyət
göstərən hüquqi şəxslər və ya müstəqil
ekspertlər vasitəsilə qiymətləndirmək;
23.2.3.
sığortalılardan sığorta haqqını
aldıqdan sonra sığorta şəhadətnaməsini bu
qanunla müəyyən edilmiş müddətdə vermək;
23.2.4. bu qanunla nəzərdə
tutulmuş hallarda sığorta müqaviləsinə dəyişikliklər
etmək;
23.2.5.
sığorta hadisəsi hesab edilə bilən halın baş
verməsi barədə məlumat aldıqda, onu dərhal
qeydiyyata almaq;
23.2.6.
sığorta hadisəsi hesab edilə bilən halın baş
verməsi barədə məlumat aldıqdan ən geci 3 iş
günü ərzində bu hadisənin baş verməsi faktını
təsdiq edən sənədləri almaq üçün
müvafiq səlahiyyətli orqanlara, idarə və ya təşkilatlara
sorğu vermək;
23.2.7. müvafiq
səlahiyyətli orqan, idarə, müəssisə və ya təşkilatlardan
dəymiş zərərin dərəcəsi və ya
miqdarı barədə arayışları və digər sənədləri
almaq üçün yazılı müraciət etmək;
23.2.8.
sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş
digər vəzifələri yerinə yetirmək.
Maddə 24. Zərərçəkənin
hüquqları
24.1. Zərərçəkənin
aşağıdakı hüquqları vardır:
24.1.1. nəticəsində
ona zərər dəymiş sığorta hadisəsi hesab edilə
bilən halın baş verməsi haqqında
sığortaçıya məlumat vermək;
24.1.2.
sığortalının və ya sığorta olunanın əvəzinə
sığorta ödənişinin verilməsi
üçün tələb olunan sənədləri
yığmaq və onları sığortalı ilə icbari
sığorta müqaviləsi bağlamış sığortaçıya
təqdim etmək;
24.1.3.
sığortaçı tərəfindən aparılan,
sığorta hadisəsi hesab edilə bilən halın
araşdırılmasının və sığorta ödənişi məbləğinin müəyyənləşdirilməsinin gedişatı və nəticələri ilə
tanış olmaq;
24.1.4. müvafiq
hallarda, o cümlədən sağlamlığa və (və
ya) əmlaka dəyən zərərin
sığortaçı tərəfindən müəyyənləşdirilmiş
həcmi ilə razılaşmadıqda, bu məqsədlə
müstəqil ekspertin təyin edilməsini tələb etmək;
24.1.5. bu qanunla
müəyyən edilmiş hallarda və qaydada sığorta
ödənişi almaq;
24.1.6. sığortaçının
sığorta ödənişindən imtina barədə qərarından,
zərərin müəyyənləşdirilməsi ilə
bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin
sığortaçı tərəfindən yerinə yetirilməməsindən
və ya sığorta ödənişinin məbləği
ilə razılaşmadığı halda qanunvericilikdə nəzərdə
tutulmuş qaydada şikayət etmək;
24.2. Bu qanunla
müəyyən edilmiş hallarda zərərçəkənin
bu maddədə nəzərdə tutulmuş hüquqları
digər faydalanan şəxslərə keçir.
Maddə 25. İcbari sığorta
üzrə subroqasiya hüququnun yaranmasının əsasları
25.1.
Sığortaçının mülki məsuliyyətin
icbari sığortası üzrə verdiyi sığorta
ödənişi məbləğində
sığortalıya və (və ya) müvafiq hallarda
sığorta olunana qarşı subroqasiya hüququ
aşağıda göstərilən hallarda yaranır:
25.1.1.
sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən
və ya əməlin cinayət olmasını aradan
qaldıran hərəkətlər istisna olmaqla,
sığortalının və ya sığorta olunanın həmin
hadisənin baş verməsinə yönəldilmiş qəsdən
etdiyi qanunazidd hərəkətlərinin nəticəsi
olduqda;
25.1.2. bu qanunun
Xüsusi hissəsində hər hansı sığorta
növü üzrə başqa cür nəzərdə
tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən
sığortalının və ya sığorta olunanın,
yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin
əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini,
cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan,
narkotik vasitələrdən, psixotrop maddələrdən və
ya güclü təsir edən digər maddələrdən
istifadə olunması nəticəsində sərxoş vəziyyətdə
istismar etməsi, həmçinin qeyd olunan maddələrdən
istifadənin müəyyənləşdirilməsi ilə
bağlı səlahiyyətli orqan tərəfindən
aparılan müayinədən boyun qaçırması;
25.1.3. icbari
sığorta şəhadətnaməsində göstərilən
əmlakın onu istifadə etməyə, idarə etməyə,
işlətməyə və digər qaydada istismar etməyə
hüququ olmayan şəxs tərəfindən istismar edilməsi;
bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən
sığortalının və ya sığorta olunanın, bu
barədə məlumatlı olmağa borclu olduğu hallar
istisna olmaqla, xəbəri olmadan istismar edilərsə,
subroqasiya hüququ həmin şəxsə qarşı
yaranır.
25.1.4.
sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində
göstərilən əmlakın onun texniki təyinatına
uyğun olmayan məqsədlərlə istifadə edilməsi
zamanı baş verdikdə;
25.1.5.
sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi
sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin
dəyməsinin qarşısının alınması və
(və ya) onun azaldılması istiqamətində, həmçinin
zərərçəkmiş və ya zərərçəkmə
ehtimalı olan şəxslərin həyatını xilas etmək
üçün mümkün olan tədbirləri qəsdən
görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə
yaranır ki, qeyd olunan tədbirlər görülmüş
olsaydı, zərərin miqdarı həmin həcmdə
azalmış olardı.
25.1.6.
sığorta hadisəsi sığortalının və ya zərərçəkən
olmayan sığorta olunanın bu və ya digər fəaliyyət
növü ilə məşğul olarkən, belə fəaliyyət
növünü tənzimləyən qanunvericiliyin tələblərini
pozmaqla qəsdən törədilən əməli ilə
müşayiət olunduqda;
25.1.7.
sığortalı və ya sığortaolunan sığorta
müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin
məzmununa daxil edilməli olan, həmçinin özünə
məlum olan və sığortaçının müqavilədən
imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə
bağlamaq qərarına təsir göstərə bilən,
habelə müqavilə bağlandıqdan sonra sığorta
riskinin dəyişməsi ilə bağlı bütün
hallar barədə sığortaçıya qəsdən məlumat
vermədikdə, yaxud qəsdən yanlış məlumat
verdikdə;
25.1.8. Bu qanunun
Xüsusi hissəsində nəzərdə tutulmuş digər
hallarda.
25.2. Bu qanunun
25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda
subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində
təqsirli olan şəxsə qarşı yaranır.
Sığorta hadisəsinin baş verməsində təqsirli
olan şəxs işlərin təhlükəsiz
aparılmasına əmək müqaviləsi, mülki
hüquqi müqavilə və ya muzd əsasında müəyyən
tapşırığın yerinə yetirilməsi
üçün müvafiq əmlakı işlətməsi,
idarə etməsi və ya digər qaydada istifadəsi
üçün ona verən sığortalının
(sığorta olunanın) nəzarəti altında fəaliyyət
göstərdiyi və ya fəaliyyət göstərməli
olduğu halda, subroqasiya hüququ həmin
sığortalıya (sığorta olunana) qarşı da
istifadə edilə bilər.
25.3. Bu qanunun
Xüsusi hissəsində icbari sığortanın
ayrı-ayrı növləri üzrə sığortaçının
subroqasiya hüququnun digər əsasları və hər bir
halda müvafiq sığorta ödənişi məbləğindən
çox olmayan digər məbləğləri də nəzərdə
tutula bilər.
25.4. Bu qanunun
32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda
kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq
icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin
sığortaçı və ya müvafiq hallarda
sığortaçının ləğvetmə
komissiyası qarşısındakı tələb hüququ
verilmiş kompensasiya ödənişi həcmində
Büroya keçir.
Maddə 26.
Sığortaçının qarşısıalınma tədbirləri
fondu
26.1.1. Sığortaçı baş
verə biləcək sığorta hadisələri hesab edilə
bilən halların baş verməsinin qarşısını
almaq məqsədilə həyata keçirilən tədbirlərin,
o cümlədən bununla bağlı təbliğat-təşviqat
işlərinin maliyyələşdirilməsi, habelə belə
hallar baş verdikdə zərərin qarşısının
alınmasına və azaldılmasına yönələn
lazımi xərclərin ödənilməsi üçün
bu qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş
müvafiq məcburi ayırmalar hesabına
qarşısıalınma tədbirləri fondunu
formalaşdırmalıdır.
26.1.2. Qarşısıalınma tədbirləri
fondunda yığılan vəsaitlər bu qanunda nəzərdə
tutulmuş hər bir icbari sığorta növü üzrə
ayrılıqda hesablanmalı və sığorta nəzarəti
orqanı tərəfindən müəyyən edilən təyinatlar
üzrə istifadə olunmalıdır.
Maddə 27. İcbari Sığorta
Bürosu
27.1. İcbari Sığorta Bürosu
(bundan sonra - "Büro") zərərçəkən
sığorta olunanların və zərərvurulan
üçüncü şəxslərin maraqlarının
müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və
inkişafını təmin etmək üçün, habelə
aşağıdakı funksiyaların həyata keçirilməsi
məqsədilə bu qanunun tələbləri nəzərə
alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi təsis
edilir və fəaliyyət göstərir:
27.1.1. Bu qanunda nəzərdə
tutulmuş icbari sığorta növlərinin həyata
keçirilməsi zamanı iştirakçılarının
qarşılıqlı fəaliyyətini təmin etmək;
27.1.2.iştirakçılarının
bu qanunda nəzərdə tutulmuş icbari sığorta
növlərinin həyata keçirilməsi ilə əlaqədar maraqlarını dövlət hakimiyyət və
yerli idarəetmə
orqanlarında, habelə digər orqan və təşkilatlarda
təmsil və müdafiə etmək;
27.1.3. bu qanunda nəzərdə
tutulmuş icbari sığorta növləri ilə əlaqədar
qanunvericiliyin və təcrübi işin təkmilləşdirilməsi
üzrə təkliflər vermək;
27.1.4. bu qanunda nəzərdə
tutulmuş icbari sığorta növləri üzrə hadisələrin
araşdırılması və zərərlərin qiymətləndirilməsi
ilə bağlı texniki ekspert müayinələrinin həyata
keçirilməsi üçün metodoloji təlimatlar
işləyib hazırlamaq və tətbiq etmək;
27.1.5. bu qanunda nəzərdə
tutulmuş icbari sığorta növləri üzrə fəaliyyət
göstərən beynəlxalq təşkilatlarla münasibətlərdə
Büronun iştirakçılarını təmsil etmək;
27.1.6. Azərbaycan
Respublikasının ərazisində baş verən hadisələr
nəticəsində sağlamlığına zərər dəyən
üçüncü şəxslərə bu qanunda nəzərdə
tutulmuş müvafiq hallarda kompensasiya ödənişlərinin
verilməsini təmin etmək;
27.1.7. bu qanunda nəzərdə
tutulan elektron informasiya sisteminin mövcudluğunu, istifadəsini
və onun digər elektron informasiya sistemləri ilə əlaqələndirilməsini
təmin etmək;
27.1.8. nizamnaməsində
müəyyən edilmiş məqsəd və vəzifələrinə
uyğun digər funksiyaları həyata keçirmək.
27.2. Bu qanunda nəzərdə
tutulan hər hansı icbari sığorta növünü
aparmağa icazə almaq və bu növ üzrə fəaliyyət
göstərmək üçün sığortaçı
Büronun iştirakçısı olmalı və müvafiq
icbari sığorta növü üzrə müəyyən
edilmiş məbləğdə təminat depoziti yerləşdirməlidir.
27.3. Büronun
nizamnaməsinə edilən dəyişikliklər hüquqi
şəxslərin dövlət qeydiyyatına alınması
üçün bu dəyişikliklərin Büronun bu qanunla
müəyyən edilmiş məqsəd və
funksiyalarına uyğunluğu barədə sığorta nəzarəti
orqanının müsbət rəyi ilə birlikdə təqdim
edilməlidir.
Maddə 28. Büroda iştirakın qaydası
28.1. Büronun
iştirakçısı olmaq istəyən
sığortaçı müvafiq icbari sığorta
növünə icazənin verilməsi ilə bağlı
sığorta nəzarəti orqanının ilkin razılığı
ifadə olunan sənədin əlavə olunduğu rəsmi
müraciətini Büroya təqdim etməlidir.
28.2. İştirakçı
sığortaçı ilə Büro arasındakı
qarşılıqlı münasibətlər, o cümlədən
sığortaçının Büronun fəaliyyətindəki
iştirakı, onun qarşısındakı
hesabatlılığı, məlumatların təqdim edilməsi
və digər məsələlər Büronun nizamnaməsində
nəzərdə tutulur.
28.3. İştirak haqqı Büronun
iştirakçısı olmaq üçün müraciət
etmiş sığortaçının ödəməli
olduğu məbləğdir.
28.4. İştirak haqqının məbləği
sığorta nəzarəti orqanı tərəfindən
müəyyən edilir.
28.5. İştirak haqqının ödənilməsini
və bu qanunun 30.1-ci maddəsində nəzərdə
tutulmuş təminat depozitinin yerləşdirilməsini təsdiq
edən sənədlərin Büroya daxil olduğu tarixdən
sığortaçı Büronun iştirakçı
sığortaçıların reyestrinə daxil edilir.
Maddə 29.
Büroda iştiraka xitam verilməsi
29.1.Sığortaçının
Büroda iştirakına aşağıdakı əsaslarla
xitam verilir:
29.1.1.İştirakçı
sığortaçıya sığorta fəaliyyətinə
verilmiş lisenziya dayandırıldıqda və ya ləğv
edildikdə;
29.1.2. İştirakçı
sığortaçının bu qanunda nəzərdə
tutulmuş bütün icbari sığorta növləri
üzrə fəaliyyəti məhdudlaşdırıldıqda.
29.2. Büroda
iştiraka xitam verildiyi halda, Büro müvafiq
sığortaçını iştirakçı
sığortaçıların reyestrindən dərhal
çıxarır və bu barədə özünün rəsmi
internet səhifəsində məlumat yerləşdirməklə,
2 iş günü ərzində həmin
sığortaçıya və sığorta nəzarəti
orqanına bildiriş göndərir.
29.3. Büroda
iştiraka xitam verilməsi sığortaçını xitam
verilmə tarixinədək bağladığı müvafiq
icbari sığorta müqavilələri üzrə bu qanunda
nəzərdə tutulmuş təqvim haqlarını və əlavə
haqları ödəmək öhdəliyindən azad etmir.
29.4.
İştirakçı sığortaçıya
sığorta fəaliyyətinə verilmiş lisenziya ləğv
edildikdə onun Büroda iştirakı ilə bağlı
öhdəliklərinin icrası həmin
sığortaçının müvəqqəti
inzibatçısı və ya ləğvetmə
komissiyası tərəfindən həyata keçirilir.
Maddə 30.
İştirakçı sığortaçıların təminat
depoziti və təqvim haqları
30.1.1. Təminat
depoziti kompensasiya ödənişləri ehtiyatlarının mənbələrindən
biri kimi Büronun iştirakçısı olmaq istəyən
sığortaçının Büroya birdəfəlik olaraq
ödədiyi məbləğdir.
30.1.2. Təminat
depozitinin məbləği sığorta nəzarəti
orqanı tərəfindən müəyyən edilir.
30.1.3. Təqvim
haqları kompensasiya ödənişləri
ehtiyatlarının mənbələrindən biri kimi
iştirakçı sığortaçıların bu qanunda
müəyyən edilmiş qaydada Büroya ödədikləri
mütəmadi haqlardır.
30.1.4.
Sığortaçı təqvim haqlarını Büronun
iştirakçı sığortaçıların reyestrinə
daxil edildiyi tarixdən bu qanunun 29.3-cü maddəsinin tələbi
nəzərə alınmaqla, Büroda iştirakına xitam
verildiyi tarixədək ödəyir.
Azərbaycan.-2011.-18
sentyabr.-S.3-4-5.