Azərbaycan-Monteneqro əlaqələrinin inkişafı üçün böyük potensial vardır

 

 Azərbaycanda rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviç sentyabrın 16-da Baş nazir Artur Rasizadə ilə görüşmüşdür.

Ali qonağı ölkəmizdə görməkdən məmnun olduğunu deyən Baş nazir dövlətlərimiz arasında əlaqələrin bu səfərdən sonra daha da genişlənəcəyinə, eləcə də Azərbaycan-Monteneqro münasibətlərinin yeni mərhələyə yüksəlməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirdi.

Baş nazir Artur Rasizadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də Monteneqro Prezidentinə ətraflı məlumat verdi.

Monteneqro Prezidenti Filip Vuyanoviç regionun nüfuzlu dövləti olan Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduqlarını vurğuladı və Bakıya səfərinin qarşılıqlı münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini söylədi. Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün səmərəli keçdiyini, bir sıra mühüm sənədlərin imzalandığını deyən ali qonaq iki dövlət arasında münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu vurğuladı.

Görüşdə qarşılıqlı maraq doğuran  məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2011.- 17 sentyabr.- S. 3.