«İcbari
sığortalar haqqında» Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli
qanununun tətbiqi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, "İcbari sığortalar
haqqında" Azərbaycan Respublikasının 2011-ci il 24
iyun tarixli 165-IVQ nömrəli qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək
məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti üç ay müddətində:
1.1. Azərbaycan Respublikasının
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "İcbari sığortalar haqqında"
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasına dair təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.4. həmin qanunun 35.2-ci maddəsində
nəzərdə tutulmuş icbari sığorta etdirilməli
olan dövlət əmlakının siyahısını
müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.5.
həmin qanunun 40.3-cü maddəsində
nəzərdə tutulmuş
ünvanlı dövlət sosial
yardımı almaq hüququna
malik olan aztəminatlı
ailələrə məxsus yaşayış evlərinin və
mənzillərin icbari sığortası
üzrə sığorta haqlarının dövlət
büdcəsinin vəsaitləri hesabına ödənilməsi qaydasını
müəyyən etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.6. həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi
normativ xarakterli
aktların "İcbari sığortalar
haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə
bağlı tədbirlər görsün.
3. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi:
3.1. iki ay müddətində:
3.1.1. "İcbari sığortalar haqqında" Azərbaycan
Respublikasının Qanununun 4.5-ci maddəsində
nəzərdə tutulmuş icbari sığorta növlərinin
aparılmasına icazə verilməsi üçün
əlavə tələbləri müəyyən etsin;
3.1.2.
həmin qanunun 9.3-cü maddəsində nəzərdə
tutulmuş icbari
sığorta şəhadətnamələrinin forması,
onların çap olunma
və doldurulma qaydalarını həmin qanunla tənzimlənən hər bir icbari sığorta növü üzrə ayrı-ayrılıqda
müəyyən etsin;
3.1.3. həmin qanunun 28.4-cü maddəsində nəzərdə
tutulmuş İcbari
Sığorta Bürosunun
iştirakçısı olmaq istəyən
sığortaçılar tərəfindən ödənilməli
olan iştirak
haqqının məbləğini müəyyən etsin;
3.1.4. həmin qanunun 30.1.2-ci maddəsində nəzərdə
tutulmuş İcbari
Sığorta Bürosunun
iştirakçısı olmaq istəyən
sığortaçılar tərəfindən ödənilməli
olan təminat depozitinin
məbləğini müəyyən etsin;
3.1.5. həmin qanunun 31.2-ci maddəsində nəzərdə
tutulmuş İcbari
Sığorta Bürosunun
iştirakçısı olan
sığortaçıların şərti öhdəliklər
ehtiyatının formalaşdırılması qaydasını
və həmin ehtiyatın məbləğini müəyyən
etsin;
3.1.6. həmin qanunun 40.2-ci maddəsində nəzərdə
tutulmuş daşınmaz əmlakın icbari sığortası üzrə
sığorta tariflərinin müəyyənləşdirilməsi
qaydasını müəyyən etsin;
3.1.7. həmin qanunun 48-ci maddəsində nəzərdə tutulmuş daşınmaz əmlakın
istismarı ilə bağlı mülki məsuliyyətin
icbari sığortası üzrə
sığorta haqlarının məbləğini müəyyən
etsin;
3.1.8. həmin qanunun 57.1-ci maddəsində nəzərdə
tutulmuş avtonəqliyyat vasitəsi sahiblərinin
mülki məsuliyyətinin icbari sığortası üzrə
sığorta haqqı məbləğlərinin
hesablanması qaydasını müəyyən etsin;
3.1.9.
həmin qanunun 58.2-ci və 58.5-ci maddələrində
nəzərdə tutulmuş avtonəqliyyat
vasitəsi sahiblərinin mülki məsuliyyətinin
icbari sığortası üzrə yol-nəqliyyat
hadisəsi iştirakçılarının tərtib etdikləri
protokolun formasını və tərtib
edilmə qaydasını müəyyən etsin;
3.1.10.
həmin qanunun 58.4-cü maddəsində
nəzərdə tutulmuş avtonəqliyyat
vasitəsi sahiblərinin mülki məsuliyyətinin
icbari sığortası üzrə
sığorta hadisəsi hesab edilə bilən
halın baş verməsi faktını təsdiqləyən
arayışın formasını müəyyən etsin;
3.1.11. həmin qanunun 69-cu maddəsində nəzərdə tutulmuş sərnişinlərin icbari fərdi qəza sığortası
üzrə sığorta haqlarının məbləğinin
hesablanması qaydasını müəyyən etsin;
3.1.12. həmin qanunun 73.1-ci maddəsində nəzərdə
tutulmuş İcbari
Sığorta Bürosunun təsis
iclasının çağırılmasını təmin etsin;
3.2.
üç ay müddətində
aktuari və sığorta vasitəçiliyi
fəaliyyətlərinin inkişaf etdirilməsi,
korporativ idarəetmə
standartlarının təkmilləşdirilməsi,
sığorta şirkətlərində elektron
informasiya sistemlərinin tətbiqinin təmin
edilməsi və sığorta xidmətlərinin elektron vasitələrlə təqdim
olunması, habelə elektron imzadan
istifadə etməklə sığorta əqdlərinin
bağlanmasına imkan verən hüquqi bazanın yaradılması, istehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü
aparmağa icazəsi olan
sığortaçıların İcbari
Sığorta Bürosunda
iştirakının təmin edilməsi üçün
Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyinə dəyişikliklər edilməsi barədə
təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Müəyyən
edilsin ki:
4.1. "İcbari sığortalar haqqında" Azərbaycan
Respublikası Qanununun 35.2-ci və
40.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti
həyata keçirir;
4.2. həmin qanunun 58.2-ci və 61.1-ci maddələrində
nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Daxili İşlər
Nazirliyi həyata keçirir;
4.3.
həmin qanunun 60.2-ci maddəsində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini
60.2.1-ci və 60.2.4-cü maddələrinə münasibətdə
Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi, 60.2.2-ci maddəsinə
münasibətdə Azərbaycan Respublikasının Dövlət
Miqrasiya Xidməti, 60.2.3-cü maddəsinə münasibətdə
isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;
4.4.
həmin qanunun 75-ci maddəsində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini
yaşayış binaları, yaşayış evləri və
mənzillərin icbari
sığortasına münasibətdə müvafiq
yerli icra hakimiyyəti
orqanları, digər daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın
istismarı ilə bağlı mülki məsuliyyətin
icbari sığortasına münasibətdə
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, avtonəqliyyat
vasitəsi sahiblərinin mülki məsuliyyətinin
icbari sığortasına münasibətdə
Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi, avtomobil
və dəmir yolu nəqliyyatı
vasitələri sərnişinlərinin icbari
fərdi qəza sığortasına münasibətdə Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi, su nəqliyyatı vasitələri sərnişinlərinin
icbari fərdi qəza
sığortasına münasibətdə Azərbaycan
Respublikasının Dövlət Dəniz Administrasiyası,
hava nəqliyyatı vasitələri sərnişinlərinin
icbari fərdi qəza
sığortasına münasibətdə Azərbaycan
Respublikasının Dövlət Mülki
Aviasiya Administrasiyası həyata keçirir.
5. Bu fərmanın dərc edildiyi tarixdən
bir ay sonra Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan
Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki
məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə"
1996-cı il 07 iyul tarixli 470 nömrəli, "İcbari
ekoloji sığorta haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" 2002-ci il 18 aprel
tarixli 690 nömrəli, "Azərbaycan Respublikasında nəqliyyat
vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari
sığortası haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavələr və dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında" 2003-cü il 5 iyun
tarixli 877 nömrəli, "Sərnişinlərin icbari
sığortası haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" 2003-cü il 4
avqust tarixli 913 nömrəli, "Yanğından icbari
sığorta haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" 2004-cü il 12
aprel tarixli 47 nömrəli, "Yanğından icbari
sığorta haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunlarına əlavə və dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikası
Qanununun icrasının təmin edilməsi haqqında"
2005-ci il 27 aprel tarixli 228 nömrəli fərmanları və
"Sərnişinlərin icbari sığortası
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına əlavə və dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında" 2004-cü il 26 may
tarixli 234 nömrəli və "Yanğından icbari
sığorta haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunlarına əlavə və dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında" 2004-cü il 14
oktyabr tarixli 460 nömrəli sərəncamları ləğv
edilir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
15 sentyabr 2011-ci il
Azərbaycan.-2011.-18
sentyabr.-S.5.