Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

 

Azərbaycanda səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviç sentyabrın 16-da Milli Məclisə gəlmişdir.

Parlamentin binası önündə ali qonağı Milli Məclisin Sədri Oqtay Əsədov, sədrin müavinləri və digər rəsmi şəxslər qarşılamışlar.

Prezident Filip Vuyanoviç parlamentin binası, iclas zalı, deputatlar üçün yaradılmış şəraitlə tanış olmuş, Milli Məclisdəki Heydər Əliyev Xatirə zalına baxmışdır.

Monteneqro dövlətinin başçısı Xatirə kitabına ürək sözlərini yazmışdır.

Sonra Prezident Filip Vuyanoviç Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.

O.Əsədov Monteneqro Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcəyini bildirmişdir. O demişdir ki, Azərbaycan regionda sürətlə inkişaf edən ölkədir. Regionda istehsal olunan ümumi daxili məhsulun böyük bir hissəsi Azərbaycanın payına düşür. Azərbaycan bu bölgədə həyata keçirilən irimiqyaslı layihələrin həm təşəbbüskarı, həm də iştirakçısıdır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayır.

Milli Məclisin Sədri ikitərəfli münasibətlərin inkişafında parlamentlərin rolunu da xüsusi qeyd etmişdir. O.Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişdir. Bu problemin həllində Monteneqro dövlətinin Azərbaycanın haqq səsini müdafiə edəcəyinə əminliyini ifadə etmişdir.

Prezident Filip Vuyanoviç Azərbaycanın sürətli iqtisadi inkişafını, regiondakı mövqeyini, eləcə də parlamentdə deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.

O demişdir ki, həqiqətən də dövlətlərarası əlaqələrin inkişafında parlamentlər mühüm rol oynayırlar. İnanıram ki, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkili və təcrübə mübadiləsi faydalı olacaqdır. Azərbaycanın təcrübəsinin öyrənilməsi bizim üçün önəmlidir.

Monteneqro dövlətinin başçısı Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişafına töhfə verəcəyinə əminliyini ifadə etmiş, bunun üçün hüquqi baza yarandığını bildirmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2011.- 17 sentyabr.- S. 3.