İçərişəhərlə tanışlıq

 

Azərbaycanda rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviç sentyabrın 16-da İçərişəhərlə tanış olmuşdur.

AzərTAc xəbər verir ki, gəzinti Qız qalası və "Xanəgah" kompleksi ilə tanışlıqdan başlamışdır. Monteneqro Prezidentinə məlumat verilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız qalasının konservasiyası işlərinə başlanılmışdır.

Elektromobillə gəzinti zamanı ali qonağa YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri var və bunlar qorunub saxlanılır.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Prezident Filip Vuyanoviç təndir çörəyinə qonaq edilmişdir. Gəzinti zamanı qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günə qədər öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Tanınmış Azərbaycan şairi Əliağa Vahidin büstü yerləşən meydanla tanışlıq zamanı Monteneqro dövlətinin başçısına şairin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilmişdir. Qonaq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq ali qonağa hədiyyə təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 17 sentyabr.- S. 3.