Elmin və
insanlığın zirvəsində
“Öz əsərlərində yaşayanlar
ölmürlər”
Kristian Bovio
Azərbaycan
elminin çoxəsrlik inkişafı tarixində XX əsrin
xüsusi yeri var. Məhz bu zaman ölkəmizdə elmin ən
müxtəlif sahələrinin çağdaş metodologiya əsasında
sistemli inkişafı və çiçəklənməsi
başlanır. Digər elm sahələri ilə
yanaşı, ictimai və humanitar elmlər də sürətlə
inkişaf edir, milli və ümumbəşər elminə dəyərli
töhfələr verir. Bu sırada Azərbaycan şərqşünaslıq
elmi ayrıca qeyd olunmalıdır. Məhz bu dövrdə
Rusiya və Avropa şərqşünaslığının ən
mütərəqqi ənənələri və milli təcrübə
zəminində respublikamızda şərqşünaslıq
elminin müxtəlif sahələri
intensiv təşəkkül və təkamül mərhələsi
yaşamış, qüdrətli elmi potensial yaranmış,
yüksək ixtisaslı milli şərqşünas kadrlar yetişmişdir.
Hər əsəri elmdə yeni söz, yeni tapıntı olan
parlaq alimlər, işıqlı şəxsiyyətlər
öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslığının
özünəməxsus simasını müəyyənləşdirib,
keçmiş sovet şərqşünaslığında
xüsusi "Azərbaycan məktəbi"nin mövcudluğunun
etiraf olunmasını təmin etmişlər.
Görkəmli şərqşünas-alim,
Azərbaycanda ərəbşünaslıq üzrə ilk
qadın filologiya elmləri doktoru, professor Aida xanım
İmanquliyeva həmin məktəbin inkişafında
böyük xidmətləri olan, eyni zamanda, keçmiş
ittifaq və dünya miqyasında onu layiqincə təmsil edən
nüfuzlu alimlərdən olmuşdur. Dərin nəzəri
bilikləri, analitik təfəkkürü, geniş
erudisiyası, zəngin mütaliəsi, bir neçə Şərq
və Qərb dillərini bilməsi sayəsində
apardığı tədqiqatlar və yazdığı əsərlər
qısa vaxt ərzində ona nəinki keçmiş Sovetlər
Birliyində, hətta xarici ölkələrdə geniş
şöhrət gətirmişdir.
Aida Nəsir qızı İmanquliyeva
1939-cu il oktyabrın 10-da Bakı şəhərində
ziyalı ailəsində anadan olmuşdur. 1957-ci ildə
Bakı şəhərinin 132 saylı orta məktəbini
qızıl medalla bitirmişdir. Həmin ildə Azərbaycan
Dövlət Universitetinin (indiki BDU-nun) şərqşünaslıq
fakültəsinin ərəb filologiyası bölməsinə
daxil olmuşdur. 1962-ci ildə universiteti bitirəndən sonra
həmin universitetin Yaxın Şərq xalqları ədəbiyyatı
tarixi kafedrasının aspirantı olmuş, daha sonra
keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun
aspiranturasında təhsil almışdır. 1966-cı ildə
namizədlik dissertasiyasını uğurla müdafiə edən
Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq
İnstitutunda məhsuldar elmi fəaliyyətinə
başlamışdır.
Aida xanım elmin bütün
enişli-yoxuşlu yollarını pillə-pillə
keçmişdi, öz
zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində
kiçik elmi
işçilikdən baş elmi işçi,
şöbə müdiri, elmi
işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan
Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun
direktoru vəzifəsinə
ucalmışdı.
1989-cu ildə Aida xanım İmanquliyeva
Tbilisi şəhərində müvəffəqiyyətlə
doktorluq dissertasiyası müdafiə etmiş, filologiya elmləri
doktoru elmi dərəcəsini
və tezliklə bu ixtisas
üzrə professor rütbəsini
almışdır.
3
monoqrafiyanın ("Mixail Nüaymə və
"Qələmlər birliyi", M.,
1975; "Cübran Xəlil Cübran", B., 1975; "Yeni ərəb ədəbiyyatı korifeyləri",
B., 1991) və 70-dən artıq elmi məqalənin
müəllifi olan Aida
İmanquliyeva Şərq filologiyası
sahəsində yazılmış bir çox elmi əsərlərin
redaktoru olmuşdur.
O, həmçinin Azərbaycan EA Şərqşünaslıq
İnstitutunda fəaliyyət göstərən
"Asiya və Afrika xarici ölkə ədəbiyyatları"
ixtisası üzrə müdafiə şurasına sədrlik etmişdir.
Professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq
elmini dəfələrlə respublika hüdudlarından uzaqlarda
(Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Hamburq, Halle və s.) ləyaqətlə təmsil etmişdir.
Aida İmanquliyeva
elmi-təşkilati fəaliyyətində yüksək
ixtisaslı ərəbşünas kadrların
hazırlanmasını daim diqqət mərkəzində
saxlamışdır. Təsadüfi deyil ki, institutun "Ərəb
filologiyası" şöbəsinə
başçılıq etdiyi qısa
müddət ərzində onun bilavasitə
səyləri ilə 10-dan artıq namizədlik
dissertasiyası müdafiə edilmişdir.
Aida İmanquliyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyəti
Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının
tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının və Azərbaycan
Yazıçılar Birliyinin üzvü olmuşdur. O, uzun illər pedaqoji fəaliyyətlə
də səmərəli məşğul olmuş,
Azərbaycan Dövlət Universitetində ərəb filologiyası
fənnindən mühazirələr oxumuşdur.
Professor Aida İmanquliyeva
Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə
və təsiri problemini sistemli
şəkildə araşdıran ilk azərbaycanlı
alimdir. Şərq və Qərb mədəniyyətlərinin
qarşılıqlı təsir və əlaqələrini
öyrənərkən alim hər iki ədəbiyyatın ümumbəşəri
dəyərlərini əsas götürür, mədəni tərəqqini
şərtləndirən amillərə istinad
edirdi. Onun tədqiqatları nəticəsində bütün dövrlər üçün
aktuallığını saxlayan mütləq
bir həqiqət müəyyənləşmişdir:
Şərqin bir çox
ölkələrinin müasir
inkişafı bir gerçəkliyi ortaya qoyur - Qərbin mədəni
dəyərləri o zaman
yerli zəmində kök
sala və onu zənginləşdirə
bilər ki, onlar Şərq
ənənəsinə və milli xarakterə
uyğun formalarda əxz
edilsinlər. Alimin çoxsaylı elmi əsərlərində
Qərb və Şərq mədəni ənənələrinin
sintezi, yaradıcı üslubun
inkişafı və yeni bədii cərəyanların
təşəkkül tapması tədqiq olunur
ki, bu da
nəinki ərəb ədəbiyyatının, həmçinin
bütün yeni Şərq
ədəbiyyatlarının həmin aspektdə öyrənilməsi
üçün çox
mühüm zəmin yaradır və metodoloji əhəmiyyət daşıyır.
Bir vaxtlar Qərb və Şərq mədəniyyətlərinin
qarşılıqlı əlaqə və təsirinin tədqiqi
hakim ideologiyanın tələblərinə uyğun olaraq,
ciddi təhriflərə məruz qalırdı. Şükürlər
olsun ki, o zamanlar artıq arxadadır, ön plana isə
qarşıdurma yox, sivilizasiyaların dialoqu, ortaq mədəni
və mənəvi dəyərlər çəkilib. Lakin elə
o dövrdə yetişən və alim kimi formalaşan nadir
istedad sahibləri var idi ki, zamanı qabaqlayaraq problemə
ideoloji konyuktur mövqeyindən deyil, universal modellər,
ümumbəşəri dəyərlər müstəvisində
yanaşırdılar. Professor Aida İmanquliyeva məhz belə
alim-tədqiqatçılardan idi. Bir alim kimi Aida xanım
İmanquliyevanın maraq dairəsi geniş və
çoxşaxəli idi. Bununla belə, onun çoxsaylı
elmi araşdırmalarının əsas tədqiqat obyekti ərəb
məhcər ədəbiyyatı idi.
XIX əsrin sonlarında bir çox ərəb
ölkələrinin, ilk növbədə, Livanın
ictimai-siyasi və iqtisadi həyatındakı problemlər
insanları vətəni tərk edib kütləvi şəkildə
ABŞ-a mühacirət etməyə məcbur etdi. Livan
yaradıcı ziyalılarının ABŞ-a, xüsusilə də,
Nyu-York şəhərinə mühacirəti ilə ərəb
məhcər ədəbiyyatının təşəkkülü
başlandı, bu da son nəticədə yeni ərəb ədəbiyyatının
formalaşmasında əhəmiyyətli rol oynayan xüsusi və
özünəməxsus "Suriya-Amerika məktəbi"nə
çevrildi. Ərəb ədəbiyyatını fəal
şəkildə əcnəbi ədəbiyyatların təcrübəsinə
qoşmaq yolu ilə onu yeniləşdirmək missiyası rolu
"Suriya-Amerika məktəbi"nin aparıcı nümayəndələrinin
üzərinə düşdü.
Alimin çoxsaylı və gərgin araşdırmaları
sayəsində aşağıdakı nəticələr əldə
edilmişdir: ərəb məhcər ədəbiyyatı
nümayəndələrinin ədəbi
yaradıcılığının əhəmiyyəti
ondadır ki, onlar Avropa və Amerika ədəbiyyatının
etik və bədii dəyərlərini yenilik ruhunda əxz etmiş, yeni forma tapmış,
onların nailiyyətlərini ən yaxşı milli ənənələrlə sintezdə təcəssüm
etdirmişlər. "Suriya-Amerika məktəbi"nin
ən istedadlı sənətkarları əcnəbi ədəbiyyatlardan
məhz ərəb ölkələrinin ən mühüm
ictimai inkişaf tələblərinə
cavab verən nailiyyətləri mənimsəmişlər.
Bu yazıçıların fəaliyyəti
sayəsində XX əsrin əvvəllərində ərəb
ədəbiyyatı regional birliklər
çərçivəsində qapanıb qalmaq
ənənəsini dəf edə və dünya
ədəbi prosesinə fəal şəkildə qoşula bilmişdir.
"Suriya-Amerika məktəbi"
yazıçılarının yaradıcılığı qeyri-adi bir sintezin
nümunəsi oldu - onun
əlaqə dairəsinə eyni vaxtda üç ənənə:
"göl məktəbi", Amerika transsendentalizmi və
rus ədəbiyyatının tənqidi realizmi daxil oldu. Bunları təhlil edən
tədqiqatçı yazır: "Ədəbi faktların təsviri,
müqayisəli təhlili və öyrənilməsi yeni ərəb ədəbiyyatının
formalaşmasına dair təsəvvürləri
nəinki genişləndirdi, həm də Şərqin yeni ədəbiyyatının tarixi
inkişafının mürəkkəb və
ziddiyyətli formalarının tipoloji
baxımdan həqiqi mənzərəsini canlandırdı.
"Suriya-Amerika məktəbi"nin
adıçəkilən üç cərəyanla
təmasının nəticəsi burada
müəyyən bədii metodların formalaşması oldu: "göl məktəbi"
və transsendentalizm Cübran
və ər-Reyhaninin yaradıcılığında romantik metodun təşəkkül
tapmasına səbəb oldusa, rus ədəbiyyatı ilə əlaqə və
ünsiyyət realist Nüayməni
formalaşdırdı".
Tədqiqatçı
məhcər ədəbiyyatı yaradıcılarının ədəbi-bədii
üslubunun bütün
incəliklərini tədqiqat obyektinə çevirir:
"Mühacir yazıçılar yeni ədəbi üslubun
yaradıcıları idilər. Onlar mümkün qədər bu
üslubu arxaizmlərdən, ağır sintaktik quruluşlardan,
müxtəlif növ süni
bəzək yığınından azad
etmişlər. Bununla bərabər, onlar ərəb klassik ədəbiyyatının
ənənə və dəyərlərinə
sayğılı münasibət nümayiş
etdirmişlər".
Alim ərəb məhcər ədəbiyyatının
ən müxtəlif bədii üsluba malik nümayəndələrinin
yaradıcılığını araşdırdı: Nüaymə yaradıcılığında rus ədəbiyyatının təsiri ilə formalaşan tənqidi realizmi
öyrəndi, Cübran
yaradıcılığında ingilis
poeziyasının təsiri ilə romantik üslubunun inkişaf prosesini izlədi, Amerika
transsendentalistlərinin Əmin ər-Reyhani və digərlərinin
yaradıcılığında oynadığı rolu müəyyənləşdirdi. Bu zaman o, yüzlərlə ədəbiyyat
oxuyur, yazıçıların ən məşhur
əsərlərini təhlil edir,
onların yaradıcılıq metodunu, dünyagörüşünü, nəsr və
poeziya dillərinin təkamülünü,
lirizmi, müxtəlif qəhrəman
obrazlarının xüsusiyyətlərini tədqiq edir, dünya ərəbşünaslığında
ilk dəfə olaraq ərəb-Amerika,
Qərbi Avropa və rus
ədəbi əlaqələrinin məğzi və əhəmiyyətini
tam aşkar edir, ərəb məhcər ədəbiyyatının
ən görkəmli nümayəndələrinin bədii üslubunun formalaşmasında Qərb və rus ədəbiyyatlarından mənimsəmə
prosesi və onun nəticələrini
müəyyənləşdirir.
Alimin gəldiyi qənaətə görə,
ədəbi inkişaf prosesi
gedişində maarifçi didaktizm, sentimentalizm cizgiləri
qeyd olunan ərəb
yazıçıları tərəfindən aradan
qaldırılmış, romantizmin və
tənqidi realizmin poetikası mənimsənilmişdir.
Beləcə, onlar içərisində
olduqları tarixi gerçəkliyi əks
etdirmək üçün çox zəruri olan yeni ideya və yeni formaları özündə daşıyan
Qərb mədəniyyəti və ədəbiyyatının
nailiyyətlərindən yaradıcı surətdə
faydalanmışlar.
Bu yazıçıların hər biri öz
yaradıcılıq metoduna xas olan etik
və bədii dəyərlər ehtiyatını işə salaraq onu özünəməxsus
şəkildə bədii təcrübədən keçirmişdir. Cübran
və ər-Reyhani Qərb romantizminə müraciət
etmişlər. Lakin ərəb romantik şairlərindən
fərqli olaraq, bu
yazıçılar yalnız onun zahiri xüsusiyyətlərini mexaniki
şəkildə qəbul etməmiş, romantizmi
yaradıcı metod kimi,
yəni onlara ərəb gerçəkliyinə
öz münasibətlərini ifadə etmək
imkanı verən yeni nəzər nöqtəsi
kimi mənimsəmişlər. Onlar ilk olaraq
maarifçiliyin artıq daralmış
çərçivəsini qırıb romantizm
cəbhəsinə keçmişlər. Cübranın və
ər-Reyhaninin yaradıcılığında romantik
istiqamət nəinki mənimsənilmiş, həm də zənginləşmiş
və mürəkkəbləşmişdir. Bu, bir tərəfdən
ərəb ədəbiyyatının xüsusi
ənənələri ilə Qərb romantizmi
təcrübəsinin mürəkkəb sintezi
nəticəsində, digər tərəfdən, hər iki sənətkarın fərdi istedadı sayəsində
baş vermişdir.
Beləcə, onlar ümumbəşəri
problemlərin qoyuluşu səviyyəsinə
yüksəlmiş və dünya ədəbi
prosesinin nəinki bərabərhüquqlu
iştirakçısı olmaq, həm də
yeni bədii dəyərlərin dünya ədəbiyyatına ötürücüsü
kimi çıxış etmək
imkanı qazanmışlar.
Aida İmanquliyeva
araşdırmalarının sonunda belə
bir müddəa irəli sürür
ki, ərəb ədəbiyyatı xarici ədəbiyyatların nailiyyətlərindən
faydalanmasında, ilk növbədə, məhcər
ədəbiyyatı nümayəndələrinə borcludur. Məhcər
yazıçıları Qərb ədəbiyyatının pozitiv təsiri orbitində olaraq
onun ən yaxşı nailiyyətlərini
mənimsəmiş və özlərinəməxsus şəkildə
inkişaf etdirmişlər. Əsərlərində
milli ruhu və milli koloriti qoruyub saxlaya bilən bu yazıçılar yeni
ərəb ədəbiyyatının inkişafında əvəzsiz
rol oynamışlar. Məhz
onların yaradıcılığı sayəsində XX əsr
ərəb ədəbiyyatının mövzu
dairəsi genişlənmiş, janr tərkibi
daha da rəngarəng
olmuş, bədii ifadənin yeni formaları yaranmış və ərəb
ədəbiyyatı ümumbəşər mədəniyyətinin
ayrılmaz hissəsinə çevrilmişdir.
Bütün bunlarla bahəm,
Aida İmanquliyeva tədqiqatlarında
mövzu ilə əlaqəli ümumbəşər
elmi-ədəbi və fəlsəfi fikrində mövcud olan müxtəlif
ideya axınlarını, onların
xüsusiyyətlərini, tətbiq sahələrini öyrənmiş
və nəzəri təhlillər aparmışdır. Bu isə onun araşdırmalarının dünya standartları səviyyəsində
olmasını, təkcə ərəb ədəbiyyatşünaslığı
üçün deyil,
bütövlükdə filoloji
düşüncə üçün
ümumnəzəri əhəmiyyətini təmin etmişdir.
Aida xanımla 15 il
birgə çalışan insan kimi bir məsələni
də xüsusi vurğulamaq
istəyirəm. Ulu Tanrı Aida xanımı yaradarkən çox
səxavətli olmuş, ona
yüksək şəxsi və intellektual
keyfiyyətlərlə yanaşı, qibtədoğuran bir zahiri gözəllik də
bəxş etmişdi. Onun gözəlliyini vəsf
etmək üçün bəlkə də
Füzuli qələmi, Vaqif
təbi, Ələsgər sözü gərəkdir.
Çünki bu zahiri gözəllik onun daxili aləmi, zəngin mənəvi
dünyası, incə ruhu və həssas
qəlbi ilə tam bir
harmoniya təşkil edirdiE
Çox təəssüf ki, görkəmli
şərqşünas-alim, elm təşkilatçısı,
pedaqoq, filologiya elmləri doktoru, professor Aida xanım
İmanquliyevanın ömür yolu qısa oldu. Sabah bu nurlu
insanı itirməyimizdən 18 il ötür. Amma onsuz ötən
illər bir həqiqəti də ortaya qoydu: Aida xanım bizdən
yalnız cismən ayrılıb - adı dillərdən
düşmür, xatirəsi ürəklərdən silinmir.
Onun ruhu aramızda dolaşır, övladlarında, əsərlərində,
tələbələrində, həmkarlarında
yaşayır, yolumuzu işıqlandırır, bizi sabaha səsləyir.
Əsərləri dönə-dönə oxunur, təhlil və
tədqiq edilir, tərcümə olunur, yenidən işıq
üzü görür. Nə qədər ki, onun alim qələmi
ilə uğrunda mübarizə apardığı ideya və
amallar aktuallığını itirməyib, nə qədər
ki, Şərq və Qərb münasibətlərində tam
anlaşma bərqərar olmayıb, insanlar dönə-dönə
professor Aida İmanquliyevanın əsərlərinə
müraciət edəcək və gələcək nəsillər
onu daim minnətdarlıqla xatırlayacaqlar.
Gövhər BAXŞƏLİYEVA,
Milli Məclisin
deputatı,
AMEA-nın
akademik Z.M.Bünyadov
adına Şərqşünaslıq
İnstitutunun direktoru,
filologiya elmləri
doktoru, professor
Azərbaycan.-2011.-18
sentyabr.-S.6.