Novruz Şərq ölkələrində
Qaranlıq və soyuq
qışdan sonra təbiətin dirçəlişinin,
ilıq baharın gəlişinin rəmzi olan
Novruz bayramı qədim dövrlərdən
Şərq xalqlarına yadigar qalan ən nəcib, xoş
əhval-ruhiyyəli, sevimli bayramlardan biridir. Bahar bayramı xeyirxah hisslərin,
insani duyğuların, mərdliyin və dostluğun tərənnümü
bayramıdır: ruzi bayramı, əmək
bayramıdır; Novruz təmizlik,
saflıq, gözəllik bayramıdır.
Məmməd Əmin
Rəsulzadə yazır ki, qədim İran rəvayətlərində Novruzun gəlişi Cəmşidin taxta çıxması ilə əlaqələndirilir.
Guya Cəmşid dünyanın bir tərəfini gəzmiş, Azərbaycana gəlmiş,
bu diyarı hər yerdən çox bəyənərək gündoğana baxan
yüksək bir təpədə taxt qurdurmuş və tacqoyma mərasimini
burada keçirmişdir.
Günəşin şüaları şahın daş-qaşla bəzənmiş taxt-tacına,
libasına düşüb nura qərq edib. Elə buna görə də şahın
adının "Cəm" (sultan, padşah) sözünün
sonuna "şid"
(pəhləvi dilində "şüa"
deməkdir) əlavə olunub və bu əfsanəvi şah
tarixə Cəmşid, yəni "Nur saçan padşah"
adı ilə daxil olub.
Həmin gün böyük
bayram şənlikləri keçirilmiş
və bu gün Yenigün (Novruz) elan edilmişdir. Beləliklə,
Novruz bayramı yeni günün, yeni ilin, yeni həyatın
başlanğıcı bayramı olmuşdur.
Yaxın və Orta Şərqin bir çox ölkələrində bu bayram əziz və səbirsizliklə
gözlənilən bir mərasim kimi qeyd edilir.
Təbiətə sitayiş,
təbiətin qış yuxusundan
ayılması ilə bağlı olan Novruzun mərasimləri qədim tarixə malikdir və zaman
keçdikcə bu mərasimlər
şamanlıq, atəşpərəstlik, islam
kimi dinlərin və etiqadların təsiri
nəticəsində dəyişmiş, yeni-yeni
elementlərlə zənginləşmişdir.
Yeni il - Novruz bayramı Mərkəzi Asiyadan
Balkanlara qədər uzanan
böyük bir ərazidə
məskunlaşan bütün türk xalqları tərəfindən sevinclə
qarşılanır. Keçirilmə günü
müxtəlif olsa da,
bunların hamısı Azərbaycanda "bayram
ayı" deyilən və 20 fevraldan 21 marta qədər olan dövrü əhatə edən müddətə
təsadüf edir.
Qədim
türklər arasında "Ərgənəkon" kimi tanınan, ilin dəyişdiyini,
baharın gəlməsini, təbiətin qış yuxusundan ayıldığını göstərən
bu bayramın adı, bu
gün türk
xalqları arasında müxtəlif şəkildə səslənir. Məsələn,
qırğızlarda "nooruz",
özbəklərdə "novruz", qazaxlarda "novruz, nauruz", uyğurlarda
"noruz, novruz",
azərbaycanlılarda "novruz" (noruz), noyruz, Krım tatarlarında "navrez",
Kazan tatarlarında "neuruz",
Balkan türklərində "mevriz", Yuqoslaviya
türklərində "sultanı navrız", Kipr türklərində "mart
dokuzu", Anadolu
türklərində "Sultanı novruz"
(novruz sultanı), "mart dokuzu, mart
bozumu" və s.
Türk xalqları arasında Novruz bayramının keçirilməsi məzmun
anımından eyni olsa
da, şəkilcə müxtəlifdir. Bu baxımdan, mərasimlərin keçirilməsini
şərti olaraq üç
əsas qismə ayırmaq olar: Mərkəzi
Asiya, Ön Asiya və Şərqi Avropa.
Mərkəzi Asiya qisminə Qazaxıstan, Sibir,
Altay və Şimal-Qərbi Çin türkləri - uyğurlar
daxildir. Bu ərazidə
bayram şənlikləri əsasən
aşağıdakı şəkildə keçirilir:
Bayram günü əhali
kənd-kənd, oba-oba göy
çəmənliklərdə, çay
kənarında toplaşır, çalır, oxuyur,
oynayırlar. "Daş qazan"
deyilən böyük çənlərdə
"bayram aşı" bişirilir.
Bu yeməyə bəzən "göcə"
də deyilir və əsasən buğdadan hazırlanır. Qaranlıq
düşdükdən sonra tonqallar qalanır və üzərindən
hoppanırlar. Bayram şənliklərinin
əsas tərkib hissələrindən biri
də at yarışları,
"keçiqapdı" oyunudur. Bu günlərdə aşıqlar xalq qarşısında çıxış edir, Novruz mahnıları,
"Ərgənəkon", "Manas"
və başqa dastanlardan
parçalar oxuyurlar.
Ön Asiya qisminə
şərti olaraq Şərqi Anadolunu, Zaqafqaziyanı, Cənubi Azərbaycanı
və Özbəkistanı daxil etmək olar. Bu ərazidə
bayramın keçirilməsində İran
ənənələrinin təsiri nəzərə
çarpır. Lakin türk
ənənələri üstünlük
təşkil edir.
Bayrama hazırlıq bir
ay əvvəl başlayır. Evdə, həyət-bacada
səliqə-sahman yaradılır, bayram üçün yemiş
tədarükü görülür, səməni
buğdası isladılır, dörd
çərşənbə "üskü"
- tonqallar qalanır. Dördüncü
"üskü" axır çərşənbəyə
təsadüf edir. Bu gün də, bayram günü olduğu kimi, müxtəlif yeməklər
hazırlanır, xonçalar qurulur. Səhər tezdən hər kəs əzizinin,
öz qohum-əqrəbasının qəbrini
ziyarət edir, Quran oxutdurur, məzarın ətrafını səliqəyə
salır, ora bayram yemişi qoyur. Günortadan sonra şənliklər
başlayır. Həmin axşam hər adam öz ailəsi ilə
süfrə arxasına yığışır, müxtəlif
yeməklər, şirnilər, yemişlər
hazırlanır. Bayram
xonçasının ətrafında ailə üzvlərinin
sayı qədər şam
yandırılır. Bayramın səhəri günü
hamı təzə paltar geyir,
bir-birinin evinə qonaq
gedirlər. Cavanlar dəstə-dəstə
toplaşır, oxuyur, yallı gedirlər.
Aşıqlar, kəndirbazlar, aktyorlar öz məharətlərini göstərirlər.
Bu gün küsənlər
barışmalı, heç kəs bir-birini incitməməlidir.
Bu bayram
dövründə çoxlu oyunlar mövcuddur - kos-kosa, qapı pusma, baca-baca, şalatma, suya üzük atma, xan oyunu
və s. Bütün bu oyunlar baharın gəlməsi,
təbiətin oyanması, yaz tarla işlərinin başlanması ilə əlaqədardır.
Kosa oyunu oynayan cavanlar dəstəylə
evləri gəzir, oxuyur, oynayır,
müxtəlif tamaşalar göstərir
və bunun müqabilində ərzaq və
şirniyyat toplayırlar. Sonra
onlar birlikdə bu toplanan ərzağı yeyib
şənlənirlər.
Ön Asiya və
Şərqi Avropa ərazisinə daxil olan türklər - qaqauzlar, Krım, Bolqarıstan, Yuqoslaviya,
Kipr türkləri və s.
bahar bayramını müxtəlif şənliklər,
oyunlar, mahnılarla
qarşılayırlar. Hər bir kənd
(Kiprdə isə bir neçə kənd)
ya böyük bir meydanda, ya
da kəndin kənarındakı çəmənlikdə
bir yerə toplaşır, ümumi
yemək mərasimi ilə bayramı qeyd
edirlər. Bu ərazidə yaz çiçəkləri mühüm
rol oynayır. Onları bolluq,
sağlamlıq, xoşbəxtlik rəmzi kimi
yaxın adamlarına bağışlayır,
saçlarına taxırlar. Bayram
münasibəti ilə yumurta
boyayırlar, onların bir hissəsini ailə
üzvlərinə, digər hissəsini isə bayramı təbrik
etməyə gələn gənclərə, uşaqlara
verirlər.
Novruz münasibəti ilə bişirilən
yeməklər müxtəlifdir və əsasən məhəlli
xarakter daşıyır. Məsələn,
Krımda toyuq və toyuq
şorbası, Yuqoslaviyada "karavay" adlı çörək, hörük şəkilli bulka,
quzu budu və quru lobyadan
hazırlanmış xüsusi xörək
bişirilir. Süfrələri bayram xörəkləri və şirniyyat
ilə bəzədilmiş evlərin qapıları bayram günləri bütün
qonaqların üzünə açıq olur.
Novruz İran
xalqlarının da əsas
bayramıdır. Rəsmi təqvimə görə, bu bayram həm də yeni ilin
başlanğıcına - fərvərdin ayının 1-nə
(21 mart) təsadüf edir.
İranda Novruzla
bağlı ən mühüm mərasimlərdən
biri "axır çərşənbə"dir
(farsca: "Çəharşənbə
- suri"). Bu mərasim
ilin sonuncu çərşənbə
gecəsi keçirilir. Həmin axşam uşaqdan tutmuş böyüyə qədər hamı
tikan kollarını və odunu
bir yerə toplayıb tonqal
qalayır, deyib gülə-gülə odun üstündən o yan-bu yana atlanırlar. Hər
dəfə tullananda tonqala
müraciətlə deyirlər: "Mənim
sarılığım sənə keçsin,
sənin qırmızılığın mənə!" Bu proses tonqal
sönüb qurtaranadək davam
edir. Adətə görə, tonqalı
söndürmək olmaz, o
özü yanıb qurtarmalıdır.
"Axır
çərşənbə"nin maraqlı ünsürlərindən
biri də "qulaq
falı"dır. Belə ki,
həmin axşam adamlar
küçədə, adətən dörd
yol ayrıcında dayanıb niyyət
edirlər və yoldan ötənlərdən
eşitdikləri təsadüfi sözlər arasında bu niyyətin həyata keçib-keçməyəcəyini
müəyyənləşdirirlər.
"Axır
çərşənbə" axşamı kimin
evində xəstəsi varsa, bir qab və
çömçə götürüb
evdən çıxır. Hər hansı bir
qapıya yaxınlaşıb üzünü
örtür, heç
bir söz demədən
çömçə ilə qapını döyür.
Ev sahibi gərək
çıxıb onun əlində tutduğu qaba yemək, ya pul qoysun.
Qaba qoyulmuş yeməli
şeyləri yığıb xəstəyə verirlər ki, şəfa tapsın.
İranda Novruz
bayramına bir neçə gün qalmış hamı evini
tökür, yəni xalça-palazı
çıxarıb yaxşı-yaxşı
çırpır, otaqları təmizləyir, şüşələri
silir, mis qabları sürtüb ağardır. Boşqablarda
səməni əkir, güldanda nərgiz
şitili basdırırlar.
Yeni il
axşamı həyata keçirilən ən mühüm
mərasim adı "s" ("sin") hərfi ilə başlayan
yeddi şeyin (farsca buna "həft-sin"
deyirlər) süfrəyə düzülməsidir. Bunlar aşağıdakılardır: senced (iydə), sumaq, sirkə,
sünbül, səbzi (göyərti), sir (sarımsaq) və səməni. Bu adətin kökləri islamdan
əvvəlki dövrlərə gedib
çıxır və yeddi mələyin
adı ilə bağlıdır. Yeddi
"sin"in düzüldüyü süfrənin
başına güzgü qoyurlar.
Güzgünün hər iki
tərəfinə şamdanlar düzür və onlarda
ailədə olan uşaqların sayı qədər
şam yandırırlar. Bundan
əlavə, süfrəyə aşağıdakı şeylər
də qoyulur: Quran, iri təndir çörəyi, üzərində
yaşıl torpaq olan
bir kasa, su, bir şüşə gülab. Bütün bu şeylərdən istifadə etməklə
müəyyən edilmiş qaydada təzə il üçün fal
açılır, niyyət edilir.
İl təhvil olduqdan
sonra hər bir ailədə
kiçiklər böyükləri təbrik etməyə
gedirlər və böyüklər də onlara
bayram hədiyyəsi verirlər. Novruzda küsülülər
barışırlar, ədavətlər unudulur.
Novruz bayramında şirniyyatdan, meyvə
və çərəzdən geniş
istifadə olunur. İranlılar Novruz üçün
özlərinəməxsus çərəz
hazırlayırlar: püstə, badam,
fındıq, balqabaq və yemiş toxumu, noxud bir yerə
qarışdırılıb qovrulur, sonra üstünə duzlu
su səpilir və yeyilir.
Ənənəyə
görə, bayram 13 gün
davam edir və bu müddət ərzində adamlar
bir-birinin evinə qonaq
gedir, bayram hədiyyələri
aparırlar. Yeni ilin 13-cü günü
xüsusi şəkildə qeyd olunur ki,
buna "Sizdəh bədər" ("On üçün
qovulması") deyilir. 13 rəqəmi nəhs
sayıldığı üçün həmin
gün hamı evdən çıxır,
çəmənliklərdə, dağlarda,
çay kənarlarında, meşələrdə
gəzişir, yeyib-içir,
şadlıq edir, müxtəlif musiqi alətlərinin müşayiəti ilə
rəqs edirlər. Bu vəziyyət gecəyarısına
kimi davam edir və yalnız bundan sonra camaat evlərinə
dağılır. Beləliklə, 13-cü günün
"uğursuzluğu" evlərdən
"qovulur".
İranlılar
yeni ili imkan daxilində mütləq təzə paltarda qarşılamağa
çalışır, evdəki köhnə,
çatlamış saxsı qabları sındırıb
atır, yenilərini alırlar. Ən fəqir ailələr
belə bütün imkanlarını sərf
edirlər ki, bayram
süfrələri səliqəli və zəngin olsun.
Orta əsr ərəb tarixçisi
Əl-Məqrizinin "əl-Xitat" əsərində verdiyi məlumatlara əsasən, Novruz bayramı Abbasilər xilafəti
dövründə VIII əsrdən başlamış ərəb
Şərqində yaz bayramı kimi qeyd edilməyə
başlamışdır. Xəlifə əl-Məmunun
(813-833) göstərişinə əsasən Novruz
bayramının icrası onun hakimiyyəti
dövründə qanuni şəkil
almışdır. Bəzi xəlifələr bu
bayramın geniş şəkildə qeyd olunması üçün
hər cür şərait
yaradırdılar. Belə ki, Novruz bayramı günlərində camaat xəlifəni bayram
münasibətilə təbrik edir, ona hədiyyələr gətirirdilər.
Novruz bayramının ilk
günlərində xa
lq içindən bir nəfəri
"Əmiru-novruz" elan edib bayramı idarə etməyi ona tapşırırdı. Həmin adam üzünə un və
ya əhəng çəkib
qırmızı və ya sarı xələt
geyinir, uzunqulağa minib şəhərin küçələrini
gəzib varlılardan hədiyyələr toplayırdı, Novruz bayramı günlərində hər yerdə od yandırılır, adamlar
bir-birinin üstünə su
çiləyirdilər.
Bayram şənliklərində xəlifələr
də yaxından iştirak edirdilər. Xəlifənin sarayında qurulan
bu şənliklər orta
əsrlərdə Qərbi Avropa ölkələrində
keçirilən karnavalları xatırladırdı. Bu günlər xalqın müxtəlif təbəqələri
xonçalar düzəldib saraya gəlir və xəlifəni, onun ailəsini təbrik edirdilər. Xəlifə isə onlara hədiyyə,
pul paylayarmış. Bu
şənlikləri karnaval şənliklərinə
yaxınlaşdıran cəhətlərdən biri burada iştirak
edənlərin üzlərinin niqabla, maska ilə örtülü
olması idi. 892-ci ildə hakimiyyətə
gələn xəlifə əl-Mötədid bu
mərasimi qadağan etmişdir.
Belə bir qadağanın qəbul edilməsində
ortodoksal din xadimləri
də müəyyən rol
oynamışlar. Onların fikrincə, bayram
günləri od yandırmaq, su çiləmək zərdüştiliyin
qalığı kimi qiymətləndirilirdi.
Müasir dövrdə Novruz
bayramı Misir ərəbləri tərəfindən
qarşılanır.
Misirdə
yazın gəlişi "Şəmmu-n-nəsim" - yaz və artım, məhsuldarlıq bayramı
ilə bağlı müxtəlif mərasim və ayinlərin
icrası ilə qeyd edilir.
Misirli alim Əhməd Ruşdi Saleh tarixi mənbələrə
istinad edərək göstərir ki, bu bayram
öz genezisinə görə xain qardaşı Set tərəfindən
öldürülmüş su və nəbatat allahı Ozirisin
yenidən həyata qayıtması, dirilməsindən bəhs
edən qədim Misir mifi
ilə bağlı olsa da, sonrakı əsrlərdə daha geniş məna kəsb
edərək yaz, məhsuldarlıq
bayramı kimi qeyd edilmişdir. Qədim Misir fironları ilin bu fəslində bağ-bağatlara,
çəmənliklərə çıxıb Ozirisin gəlişini təbiətin
oyanması kimi qarşılamışlar.
Əhməd Ruşdi Salehin
fikrincə, "Şəmmu-n-nəsim" etimoloji
cəhətdən qədim Misir dilində
"şəmmu" - "qoxu duyma" sözünün
yaz mənasında işlənməsi
ilə bağlıdır.
"Şəmmu-n-nəsim"
bayramı günlərində misirlilər qayıqlara minib Nil çayında gəzintiyə
çıxır, müxtəlif bayram
xörəkləri bişirir, ziyafətlər
düzəldirlər. Bu günlər bağ və çəmənliklər
onların əsas gəzinti yerləri olur.
Bu bayramı əsas etibarilə Misirin qədim yerli sakinlərindən
olan qibtilər özlərinin fironlar dövründə təşəkkül
tapmış Yeni il
bayramı kimi qeyd
edirlər. Ümumiyyətlə, bu gün milli Misir bayramı hesab olunur.
Novruz bayramı elə bir bayramdır ki,
hər təzə il ona yeni bir təravət gətirir, ildən-ilə
bayram mərasimləri yeniləşir, zənginləşir. Bayramın
bir mərasimi isə onu qarşılayanların hamısı
üçün dəyişməz qalır - bu, Novruzun
"il təhvil olur" deyilən mərasimidir. Köhnə
ilin yeni ilə keçdiyi, gecə ilə gündüzün
tarazlaşdığı saat bütün ailə üzvləri
bayram süfrəsinin ətrafında toplaşır və
bayram xonçasında ailə üzvlərinin sayı qədər
şam yandırılır - evə işıq, nur gəlir.
İmanquliyeva,
Aida.
Azərbaycan.-2011.-18
sentyabr.-S.6.