Azərbaycan Avropanın etibarlı
tərəfdaşıdır
Bu fikir Parisdə Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın iştirak etdiyi beynəlxalq
konfransda səslənmişdir
Xəbər
verdiyimiz kimi, sentyabrın 16-da Avropa Parlamentinin Parisdəki
ofisində "Azərbaycan: Avropanın enerji təhlükəsizliyi
üçün strateji tərəfdaş" mövzusunda
Beynəlxalq konfrans keçirilmişdir.
Konfransda Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva iştirak etmişdir.
Birinci xanım Mehriban Əliyevaya konfransda iştirak etdiyinə
görə minnətdarlığını bildirən Parisin 7-ci rayonunun meri, Avropa Parlamentinin
üzvü Rəşidə Dati tədbirin əhəmiyyətini
vurğuladı. Azərbaycanın Fransa üçün bir çox sahələrdə strateji
tərəfdaş olduğunu deyən Rəşidə
Dati bildirdi ki, 20 ildir müstəqillik yolu
ilə inamla irəliləyən Azərbaycan
bu gün beynəlxalq
səhnədə xüsusi rola malikdir. Rəşidə
Dati dedi ki, neft və qaz ehtiyatları ilə zəngin olan Azərbaycan Avropa
İttifaqının enerji sahəsində
mühüm tərəfdaşıdır.
Parisin 7-ci rayonunun meri qeyd etdi
ki, bu konfrans
da Azərbaycan-Fransa iqtisadi
əməkdaşlığının genişləndirilməsinə
həsr edilib. Rəşidə Dati iki ölkə
arasındakı münasibətlərin dərinləşməsində
Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın müstəsna
xidmətlərindən danışdı.
Azərbaycanın
birinci xanımı Mehriban
Əliyeva Beynəlxalq konfransda
çıxış etdi.
Sonra Fransanın nəqliyyat naziri Tierri
Mariani çıxış etdi. Avropa İttifaqının Azərbaycan
ilə enerji sahəsində əməkdaşlığı
davam etdirməyin vacibliyini vurğulayan nazir Azərbaycanın
birinci xanımının bu tədbirdə iştirakından məmnun
olduğunu bildirdi. Fransa Milli Assambleyasında Fransa-Azərbaycan
parlamentlərarası dostluq qrupunun üzvü kimi dəfələrlə
ölkəmizə səfər etdiyini deyən nazir sonuncu səfərində
Prezident İlham Əliyev ilə
görüşdüyünü qeyd etdi. "Azərbaycan
enerji təhlükəsizliyi baxımından regional və beynəlxalq
aləmdə mühüm rol oynayır. Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısıdır"
- deyən Fransanın nəqliyyat naziri Tierri Mariani belə bir
konfransın keçirilməsini vacib hadisə adlandırdı.
O dedi ki, Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin
olduğu hamıya məlumdur. Azərbaycanın neft və qaz
ehtiyatlarını dünya bazarlarına çıxarmaqda
maraqlı olduğunu diqqətə çatdıran nazir dedi
ki, bu məsələdə Bakı-Tbilisi-Ceyhan neft kəməri
əvəzsiz rol oynayır. Azərbaycanın müstəqilliyini
bərpa etdikdən sonra sənayesini modernləşdirərək,
sürətlə inkişaf yoluna
çıxdığını vurğulayan Fransanın nəqliyyat
naziri 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkədə uğurlu siyasi və iqtisadi islahatların
həyata keçirildiyini diqqətə
çatdırdı.
Daha sonra Azərbaycanın sənaye və
energetika naziri Natiq Əliyev çıxış etdi. Azərbaycanda
Prezident İlham Əliyevin rəhbərliyi ilə
güclü iqtisadi inkişafın müşahidə edildiyini
deyən nazir, ölkəmizin zəngin neft və qaz
ehtiyatlarına malik olduğunu vurğuladı. Natiq Əliyev
son illər ölkəmizdə energetika sahəsində əldə
edilən uğurlardan bəhs etdi, ölkəmizin iştirak
etdiyi strateji enerji layihələri barədə məlumat
verdi.
Tədbirdə Fransanın, o cümlədən
Avropanın aparıcı enerji şirkətlərinin rəhbərləri
və nümayəndələri iştirak edirdilər.
Əsgər ƏLİYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Paris
Azərbaycan.-2011.-18
sentyabr.-S.7.