Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunlar yeni vəzifələrə təyin olunmuşlar

 

Sentyabrın 16-da Daxili İşlər Nazirliyində Polis Akademiyasının əyani şöbəsini bu il bitirmiş məzunların Bakı BPİ-nin, həmçinin Nəqliyyatda Baş Polis İdarəsinin paytaxtda yerləşmiş orqan və hissələrində orta rəis heyəti vəzifələrinə təyin edilməsinə həsr olunmuş tədbir keçirilmişdir.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbiri  giriş sözü ilə açaraq təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırlatmış, son illər həyata keçirilən bu yeniliyin təcrübədə özünü doğrultduğunu, gənc əməkdaşlara lazımi diqqət və qayğının göstərilməsinin DİN rəhbərliyinin daim diqqət mərkəzində saxladığı məsələlərdən olduğunu vurğulamışdır.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev tədbirdə iştirak etmək məqsədi ilə nazirliyə 57 nəfərin dəvət olunduğunu bildirmiş, vakant vəzifələrin və namizədlərin siyahısını oxumuşdur. Daha sonra püşkatma olmuş, polisin orta rəis heyəti vəzifələrinə iddiaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkmişlər.

General-polkovnik Ramil Usubov həyatlarında ən əlamətdar günlərdən biri - orta rəis heyəti vəzifələrinə irəli çəkilmələri münasibətilə məzunları təbrik etmiş, çətin və şərəfli xidmətlərində onlara uğurlar, polisin adını və şərəfini daim uca tutmağı arzulamışdır.

Nazir məmnunluqla xatırlatmışdır ki, istər ümummilli liderimiz, istərsə də Prezident İlham Əliyev Azərbaycanın parlaq gələcəyinin yüksək intellektə, sağlam dünya görüşə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu çıxış və nitqlərində dəfələrlə vurğulamışlar.

O demişdir ki, belə yüksək mənəvi və iş keyfiyyətlərinə malik şəxslərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilməsi, onların ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları üçün bütün zəruri addımlar atılır.

Daxili işlər naziri bu istiqamətdə ulu öndərin və ölkə başçısının müdrik tövsiyələrinin və göstərişlərinin layiqincə yerinə yetirildiyini, gənclərə dövlət qayğısının davamlı olacağını xüsusi qeyd etmişdir. Daxili işlər orqanlarının ölkədə ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizənin səmərəli təşkilində, insan və vətəndaş hüquq və azadlıqlarının təminində müstəsna rolunu və fədakar xidmətini dövlətimizin başçısının hər zaman yüksək qiymətləndirdiyini xatırladan Ramil Usubov xidməti fəaliyyətin beynəlxalq standartlara uyğun qurulması, maddi-texniki bazanın möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması üçün dövlət başçısı tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü, hər bir əməkdaşın bu ali diqqəti öz üzərində hiss etdiyini, həmçinin son dövrlər DİO üçün müxtəlif təyinatlı onlarca obyektin tikilərək istifadəyə verilməsini yüksək qayğının bariz nümunəsi kimi vurğulamışdır.

Tədbir iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayan, ekstremal hallarda müstəqil qərar qəbul edə bilmələrini, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini artırmalarını, daim öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşlarla rəftarda son dərəcə nəzakətli olmalarını, vətənə, xalqa və xidməti borca daim sadiq qalmalarını tövsiyə edən general-polkovnik Ramil Usubov əmin olduğunu bildirmişdir ki, gənc zabitlər qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, ölkəmizdə sabitliyin dönməzliyinə, cinayətkarlıqla qətiyyətli mübarizəyə öz töhfələrini verəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, onlara göstərilmiş etimadı doğruldacaqlar.

Püşkatmada iştirak etmiş bütün şəxslər həmin gün daxili işlər nazirinin əmri ilə orta rəis heyətində müvafiq vəzifələrə təyin olunmuşlar.

 

 

Azərbaycan.- 2011.- 17 sentyabr.- S. 5.