Mühasiblərin və auditorların III Avrasiya Forumunun iştirakçıları Heydər
Əliyev Fondu ilə tanışlıqdan zəngin təəssüratlarla
ayrılmışlar
Bakıda
keçirilmiş mühasiblərin və auditorların III
Avrasiya Forumunun iştirakçıları sentyabrın 17-də
Heydər Əliyev Fondunu ziyarət etmişlər.
Qonaqlara ümummilli lider Heydər Əliyevin
xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış
fondun tarixi, məqsədləri barədə məlumat
verilmişdir.
Bildirilmişdir ki, fondun əsas məqsədləri
görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini
öyrənmək və təbliğ etməkdən, ulu
öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə
yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə
gələcək nəsillərdə, xarici qonaqlarda əyani
təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti
və tarixinin geniş təbliği ilə əlaqədar
aparılan işlərə kömək göstərməkdən
ibarətdir.
Fond genişmiqyaslı layihələr həyata
keçirməklə görkəmli siyasi xadimin
arzularının reallaşmasına öz töhfəsini
verir.
Ulu öndərin şəxsi arxivindən götürülmüş
və onun fəaliyyətinin
ayrı-ayrı dövrlərini əhatə edən, fenomen şəxsiyyət Heydər Əliyevin
həyatının ən müxtəlif məqamlarını əks
etdirən və tariximizin bütöv
bir dövrü barədə
geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər
yetirən qonaqlar görkəmli siyasi xadimin uşaqlıq
və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin
rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara,
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərmişlər.
Bildirilmişdir ki, ulu öndərin əsasını qoyduğu uğurlu inkişaf strategiyası Azərbaycanın
qüdrətinin artmasına, onun regionda lider dövlətə
çevrilməsinə səbəb olmuşdur.
Eyni zamanda, qonaqlara ulu öndərimizin
ölkəmizdə auditin
inkişafındakı xidmətləri barədə məlumat
verilmişdir. Qeyd edilmişdir ki, Azərbaycanda
"Audit xidməti haqqında" Qanunun qəbul edilməsi və bunun əsasında ölkədə audit sisteminin
formalaşıb inkişaf etməsi
bilavasitə ulu öndərimiz Heydər Əliyevin
adı ilə bağlıdır. Bu qanunun qəbul olunması ümummilli
liderimiz Heydər Əliyevin demokratik dünya dəyərlərinə
sədaqətinin, bazar iqtisadiyyatı
infrastrukturları sistemində auditə verdiyi
dəyər və əhəmiyyətin parlaq
təzahürü idi.
Qonaqlar fondun xatirə
kitabına ürək sözlərini yazmışlar.
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin mənalı ömrü, zəngin
irsi, eləcə də fondun fəaliyyəti barədə
dolğun məlumat aldıqlarına görə minnətdarlıqlarını
bildirən qonaqlar fondla tanışlıqdan zəngin təəssüratla
ayrılmışlar.
AzərTAc
Azərbaycan.-2011.-18
sentyabr.-S.7.