BTC-nin çəkilməsi tarixi hadisə idi

 

 Keçən əsrin 80-ci illərinin sonunda iqtisadiyyatın bütün sahələrində olduğu kimi, neft sənayesində də təsərrüfatsızlıq hökm sürməyə başlamışdı. Hasilat azalmışdı və vəziyyəti düzəltmək üçün isə bir tədbir görülmürdü. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən dərhal sonra bu sahəyə də diqqət yönəltdi. Neft və qazçıxarma müəssisələrində vəziyyət sabitləşməyə başladı. Tədricən hasilat artdı. 1994-cü il sentyabrın 20-də isə Azərbaycanın tarixində misilsiz hadisə baş verdi: "Əsrin müqaviləsi" imzalandı. Bu  müqavilə Xəzərin Azərbaycan sektorundakı  "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsini əhatə etdi.

"Əsrin müqaviləsi" imzalanarkən çoxları onun uğur qazanacağına inanmır və hesab edirdi ki, müqavilə elə kağız üzərində qalacaq. Çünki onun həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda, siyasi və regional məsələlər öz həllini tapmalı idi. Heydər Əliyev diplomatiyası qarşıda duran bütün məsələlərə nail olmaq üçün imkan yaratdı. Dünyanın ən tanınmış neft şirkətləri məhz Heydər Əliyevin qətiyyətinə, dövlətçilik təcrübəsinə, beynəlxalq aləmdə nüfuzuna arxalanaraq  Azərbaycanda konsorsium yaratdılar və AÇG kimi nəhəng yataqların işlənməsi üçün sərmayə yatırdılar. Ölkə Prezidenti İlham Əliyev bu barədə demişdir: "Mən o dövrü çox yaxşı xatırlayıram. Həmin illərdə Azərbaycana sərmayə qoymaq istəyən şirkətlərin sayı o qədər də çox deyildi. Çünki Azərbaycan dünyada riskli bir ölkə kimi tanınırdı və əlbəttə, buraya böyük həcmdə kapital qoyuluşunun cəlb edilməsi çoxlu səylər, siyasi məharət, uzaqgörənlik tələb edirdi. Bütün bu məsələlər öz həllini tapdı. "Əsrin müqaviləsi"nin imzalanması Heydər Əliyevin neft strategiyasının başlanması demək idi. Məhz onun uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, cəsarəti sayəsində  bu müqavilə imzalandı. Xatırlayırsınız ki, buna həm ölkə daxilində, həm də xaricdə çox ciddi müqavimət var idi. Amma bütün bu çətinliklərə baxmayaraq Azərbaycan öz istəyinə nail oldu. Neft müqaviləsi imzalandı və Azərbaycana böyük həcmdə xarici sərmayənin gətirilməsi təmin edildi".         

"Əsrin müqaviləsi" tezliklə real nəticələr verməyə başlamışdı. 1997-ci ilin noyabrında "Çıraq" platformasından ilkin neft alınmışdı. Qarşıda "Azəri", "Dərinsulu Günəşli" yataqlarının işlənməsi dururdu və hasilatın ildən-ilə artacağı yəqin idi. Odur ki, fəaliyyətdə olan Bakı-Novorossiysk və Bakı-Supsa ixrac sistemlərinin gücü get-gedə artan həcmlər üçün kifayət deyildi. Daha qlobal bir boru xəttinin tikilməsi zərurəti ortaya çıxırdı. Bununla bağlı ulu öndər Heydər Əliyev hələ keçən əsrin 90-cı illərinin ortalarında özünün düzgün və  uzaqgörən qərarını verdi. Bu, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikilməsi ideyası idi.

BTC uzun və mürəkkəb bir yol keçib. Onun yaranma tarixində xüsusi əhəmiyyət kəsb edən hadisələr, günlər çoxdur. Onlardan biri də 1999-cu il noyabrın 18-dir. Həmin gün ATƏT-in İstanbul zirvə toplantısında "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair" saziş imzalandı. Həmin sənədə sözügedən üç ölkənin dövlət başçıları ilə yanaşı, ABŞ və Qazaxıstan prezidentləri də imza atdılar. Bundan bir il əvvəl, 1998-ci il oktyabrın 19-da BTC-nin tikintisi ilə bağlı "Ankara bəyannaməsi" imzalanmışdı. İstanbul zirvə toplantısında beş ölkənin prezidentlərinin imzaladığı bu növbəti saziş BTC-nin tikintisinə yol açan, "Əsrin müqaviləsi"ndən sonra Azərbaycan üçün mühüm tarixi əhəmiyyət kəsb edən ikinci sənəd idi.

2002-ci il sentyabrın 18-də, Səngəçal terminalında BTC-nin təməli qoyularkən ümummilli lider belə demişdir: "Bakı-Tbilisi-Ceyhan boru xəttinin əleyhinə çıxanlar çox vaxt belə söyləyirdilər ki, bu, xəyaldır, mümkün deyil. Azərbaycanda o qədər neft yoxdur, olmayacaqdır. Belə danışıqlar çox idi. Zaman çox keçdiyinə görə bəziləri bu danışıqlara inanırdılar. Ancaq bunların hamısı əsassız oldu. Biz öz işimizi gördük. Bu yaxın vaxtlarda İstanbulda "Üç dənizin əfsanəsi" adlı konfrans keçirildi. Orada əfsanə haqqında söhbət gedirdi. Mən orada nitq söylədim, dedim, siz burada əfsanədən danışırsınız, amma mən sizə demək istəyirəm ki. bu, xəyal deyil, üç dəniz - Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi birləşəcəkdir. Bunu birləşdirən də Türkiyə, Gürcütsan, Azərbaycan, onların həyata keçirdikləri bu layihə və Amerika Birləşmiş Ştatlarının bu məsələyə daimi dəstəyi olmuşdur. Ona görə indi xəyaldan gerçəkliyə gəlib çatmışıq".

Həmin gün Səngəçalda dünya miqyaslı bir layihənin təməli qoyulurdu və güman etmək olardı ki, bundan sonra işlər rəvan yolla irəliləyəcək. Lakin belə olmadı. Azərbaycanın xaricində və daxilində BTC-nin bədxahları rahatlıq tapa bilmir, hər vasitə ilə layihəyə əngəl törətmək istəyirdilər. Ümummilli lider Heydər Əliyev isə belə çətin anlarda da inam və qətiyyətlə deyirdi: "BTC tikiləcək! BTC reallaşacaq! BTC olacaq!"

Nəhayət, BTC-nin əli hər yerdən üzülmüş əleyhdarları layihəni maliyyələşdirəcək beynəlxalq qurumların ofisləri qarşısında toplaşdılar. Bu dəfə onlar belə bir bəhanə uydurdular ki, guya BTC ətraf mühitə zərbə vuracaq. Lakin BTC-nin ƏMSSTQ (Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi) sənədlərində ekologiya ilə bağlı bütün məqamlar nəzərə alınmışdı.

BTC-nin maliyyələşməsi kəskin bir problem kimi ortaya çıxanda bu müşkülü də ümummilli lider Heydər Əliyevin dünyada olan böyük nüfuzu həll etdi. 2003-cü ilin fevralında ABŞ-da keçirilən "Şərq-Qərb enerji dəhlizi reallıqdır" beynəlxalq konfransında iştirak edən ulu öndər maliyyə qurumlarının rəhbərləri ilə söhbətlər apardı, məsələnin müsbət həllinə nail oldu. 2004-cü ilin fevralında Bakıda, "Gülüstan" sarayında  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə BTC-nin maliyyələşdirilməsinə aid son sənədlər imzalandı. Bununla da, BTC-nin maliyyələşməsi məsələsi bitdi.

Aqil və uzaqgörən memarın işləyib hazırladığı layihədə ən ümdə problemlər də, ən xırda cizgilər də əvvəlcədən son dərəcə dəqiqliklə nəzərə alınmışdı. Mütəxəssislərin fikrincə, belə böyük obyektlərin tikintisinə aid hər şərti, məsələn, xərcləri, istismaravermə tarixini və s. əvvəlcədən dəqiq demək mümkün deyil.

BTC düzgün düşünülmüş, real bir layihə idi. Ona görə də bu möhtəşəm qurğunun müəllifi - ulu öndər Heydər Əliyev tikilən kəmərin gələcəyi, hətta onun istifadəyə veriləcəyi tarixi barədə əvvəlcədən qəti fikir söyləyirdi: "2005-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri tamamilə hazır olacaq və biz hamımız birlikdə buradan Türkiyənin Ceyhan limanına gedəcək və orada Azərbaycan neftinin, Xəzər neftinin Ceyhan limanından yola salınmasının şahidi olacağıq".

Kəmərin tikintisi nəzərdə tutulan vaxtda başa çatdı. 2005-ci il mayın 25-də  Səngəçal terminalında kəmərə ilk neftin vurulması təntənəli surətdə qeyd olundu. Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, bu təntənələrdə daha üç ölkənin - Türkiyənin, Gürcüstanın və Qazaxıstanın dövlət başçıları da iştirak etdilər. Bir il sonra - 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhana çatdı. Həmin il iyulun 13-də Ceyhan şəhərində BTC-nin tam bir sistem kimi istifadəyə verilməsi münasibətilə təntənələr keçirildi.

Başqa sözlə, BTC bütün müşkülləri arxada qoyaraq üç ölkənin ərazisində 1768 kilometr məsafə qət etdi. Azərbaycan neftini Ceyhana çatdırdı. Bədxahlarımız deyirdilər ki, bu kəmər çəkilsə də, rentabelli olmayacaq. Guya onu doldurmaq üçün Azərbaycanın yetərincə nefti yoxdur. Ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyan kəmərin uğurları belələrinə tutarlı cavabdır.

Artıq boru xəttinin gündəlik ötürücülük gücü 1,2 milyon barelə çatdırılıb. Doğrudur, hələlik kəmərlə hər gün bu qədər neft nəql edilmir. Lakin hasilat artdıqca bu da mümkün olacaq. BTC-yə "Azəri-Çıraq-Günəşli" nefti, "Şahdəniz" kondensatı ilə yanaşı, keçən ildən Türkmənistan nefti də vurulur.

BTC daha bir qlobal ixrac kəmərinin - Bakı-Tbilisi-Ərzurum qaz xəttinin istifadəyə verilməsinə yol açdı. Prezident İlham Əliyevin dediyi kimi, əgər Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi və bu dəhliz açılmasaydı, sınaqdan keçməsəydi, əlbəttə, qaz dəhlizinin açılması da böyük problemlərlə izləşə bilərdi: "Beləliklə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi nəticəsində biz nəinki həm yeni bazara çıxa bilmişik və dəhlizi aşmışıq, eyni zamanda, ölkə iqtisadiyyatına böyük həcmdə vəsait gəlməyə başlamışdır. Biz bu vəsaitdən çox səmərəli şəkildə istifadə etdik. 1999-cu ilin sonunda Azərbaycanda yaradılmış Dövlət Neft Fondu bu gün dünya səviyyəsində ən şəffaf qurumlardan biridir... Bu, bizə imkan verdi ki, əldə olunmuş gəlirlərdən səmərəli və ədalətli istifadə edək. Məhz bunun nəticəsində Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı son 7 il ərzində 49 faizdən 9 faizə düşmüşdür. Əgər əlimizdə Neft Fondu kimi çox şəffaf və müasir qurum olmasaydı, biz bu nailiyyətə çata bilməzdik".

Bu gün Azərbaycanın neft-qaz və ixrac layihələri həqiqətən də, ölkəyə və regiona gəlir gətirməkdədir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərindən əldə olunan gəlirlər hesabına ən ümdə problemlər həll olunur. Qaçqın və məcburi köçkünlər üçün qəsəbələrin salınması, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi üçün vəsait məhz bu hesabdan ayrılıb. Neft gəlirləri ilə yeni infrastruktur qurulur, qeyri-neft sektoru inkişaf etdirilir.

Ümummilli lider Heydər Əliyev deyirdi ki, "...bütün bu layihələr Azərbaycan iqtisadiyyatının inkişafına yönəldilibdir". 2002-ci il sentyabrın 18-dəki çıxışında da ulu öndər təməli qoyulan kəmərin əhəmiyyətini bir daha vurğulayaraq demişdir: "Mənim dediyim bu sözlər gələcək üçündür və bu işlər bizim xalqlarımızın gələcəyi üçündür".

Zaman ulu öndərin bu sözlərini də təsdiqlədi.

 

 

 Flora SADIQLI

 

Azərbaycan.-2011.-18 sentyabr.-S.8.