Mətbuat
Şurasının Şikayətlər üzrə
Komissiyasının növbəti iclası
keçirilmişdir
Sentyabrın 16-da Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılığı ilə keçirilən müzakirələrdə üç mətbu orqanla bağlı müraciətlər araşdırılıb.
Əvvəlcə Şəki rayonundakı Turan qəsəbəsinin sakini Əbülfəz Hüseynov tərəfindən, həmçinin rayonun Bolludərə və Qarapapaq kəndlərinin sakinlərindən MŞ-yə "Korrupsiya və dövlətçilik" qəzeti ilə əlaqədar ünvanlanan şikayətlərə baxılıb. Komissiya narazılıq doğuran məqalənin etik prinsiplərin tələblərinin gözlənilmədən nəşrin səhifəsinə çıxarılmasını qəzetin baş redaktoru Osman Məmmədovun nəzərinə çatdırıb. Qeyd olunub ki, məqalədə qabardılan fikirlər konkret faktlarla əlaqələndirilmədiyindən böhtan təsiri bağışlayır. Bu da mətbu prinsiplərlə bir araya sığmır. O.Məmmədov səslənən iradlarla razılaşıb. Qəzetə növbəti sayında qarşı tərəfin mövqeyini əks etdirən məktubunu vermək tövsiyə olunub.
Sonra "Fakt araşdırıcı" MMC-nin "Sahibkarlıq və hüquq" qəzeti ilə bağlı şikayəti araşdırılıb. Komissiya müəyyənləşdirib ki, qəzetdə qarşı tərəfə inamsızlığı təbliğ edən bildirişin yerləşdirilməsi heç də ictimaiyyətin real vəziyyətlə bağlı məlumatlandırılması məqsədindən qaynaqlanmayıb. Qəzetin təsisçisi olan "Şirvan hüquq" MMC "Fakt araşdırıcı" MMC ilə rəqabətdə özünəməxsus mətbu orqandan korporativ məqsədlərinin təminatı üçün sui-istifadə edib. Müzakirələr zamanı şikayətçi tərəfə də iradlar və tövsiyələr verilib. Bildirilib ki, qurum başçısının məlumat xarakterli çıxışı həmin MMC-nin fəaliyyətində bir sıra qaranlıq məqamların mövcudluğundan xəbər verir və bunların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməlidir.
İclasda "Xural" qəzetində gedən materiallarla bağlı şikayətlər araşdırılmazdan öncə mətbu orqanın baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına ünvanladığı cavab məktubu oxunub. Ə.Zeynallı bildirib ki, "Xural" MŞ üzvü olmadığından Şura bu kütləvi informasiya vasitəsilə əlaqədar şikayətlərə baxa bilməz. Lakin komissiya Mətbuat Şurasının ölkə jurnalistlərinin I qurultayında qəbul olunmuş Nizamnaməsinə, eləcə də "Mətbuat Şurasına şikayətlərin verilmə və onlara baxılma qaydaları"nın I bölməsinə istinadən ("Mətbuat Şurası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş mətbuat vasitələri (qəzet, jurnal və informasiya agentlikləri) ilə bağlı şikayətlərə baxır") belə iddianın əsassızlığı rəyinə gəlib. Ə.Zeynallının qatılmadığı müzakirədə şikayətçilər - Lənkəran Dövlət Universitetinin, "Azərbaycan" Nəşriyyatının, Bilgəh Kardioloji Sanatoriyasının, Ağdam Rayon Prokurorluğunun və Sabirabad Rayon İcra Hakimiyyətinin təmsilçiləri dinlənilib. Həmçinin Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən "Xural" qəzetində gedən yazı ilə bağlı şikayət də araşdırılıb. Məsələlər ətrafında fikirlər bildirilib, təkliflər səslənib.
Komissiya yekdilliklə rəyə gəlib ki, şikayət doğuran materiallarda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın əksər bəndlərinə sayğısız yanaşılıb. Qəzet toxunduğu mövzularda qarşı tərəfin fikirlərini öyrənməyib, ictimai şəxsləri tənqid etmənin yol verilən geniş hədlərini də aşaraq ifrat ifadələrə, açıq təhqirlərə və tənqid hədəflərini yaşadıqları yerə, mənsub olduqları bölgəyə görə tam əsassız olaraq fərqləndirib. Bununla yanaşı, nəşr ictimai diqqət çəkən bir sıra vəzifəli şəxslərin əxlaqi-mənəvi keyfiyyətləri barədə yersiz şübhələrin yaradılmasına, sübuta yetirilməməsinin hüquqi məsuliyyət doğura biləcəyi daha çox ehtimal edilən ifadələr işlətməklə qəzetçiliyin ictimai missiyasını arxa plana keçirib ki, bu da mətbu fəaliyyətdən sui-istifadədir. "Xural" qəzetinin bu kimi materiallarının əksəriyyətinin sonunda nəşrin qarşı tərəfin fikrini dərc edə biləcəyi vurğulanır. Halbuki qəzetdə gedən təhqir dolu materiallarda adıçəkilən şəxslərin məsələyə normal və adekvat reaksiya verməsi məntiqi cəhətdən mümkünsüz görünür. Qəzetin belə xatırlatmaları, ümumiyyətlə materialların təqdimat tərzi onun jurnalistikanın başlıca prinsiplərindən sayılan balansı və plüralizmi qorumaq niyyətindən xəbər vermir.
Komissiya belə səpkili yazıların təqdimatının
"Xural"ın fəaliyyətində mütəmadi
xarakter daşıdığını əsas götürərək
qəzetin adının MŞ-nin "qara siyahı"sına
salınması üçün nə kimi əsasların
olduğu məsələsinə baxılmasının zəruriliyi
rəyinə gəlib və nəşrlə əlaqədar
toplanmış sənədlərin MŞ-nin "Reket
jurnalistika"ya qarşı mübarizə Komissiyasında
araşdırılmasını məqsədə müvafiq
sayıb. Bu komissiyanın rəyindən sonra MŞ İdarə
Heyəti tərəfindən məsələ ilə
bağlı yekun qərar çıxarılacaq.
Azərbaycan.- 2011.- 17 sentyabr.- S. 6.