Daim ön
sırada
Müasir Azərbaycan - 20
Bu ilin oktyabrında müstəqilliyinin bərpasının 20-ci ildönümünü təntənəli şəkildə qeyd etməyə hazırlaşan Azərbaycan Respublikasının ötən əsrin 90-cı illərinin əvvəllərində üzləşdiyi böyük sarsıntı və çətinliklər milli dövlətçilikdə lider amilinin müstəsna rolunu bir daha təsdiqləyir. Müstəqil Azərbaycanı iqtisadi sahədə sürətlə inkişaf edən və qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləyən dövlətə çevirən Prezident İlham Əliyevin 2011-ci il yanvarın 21-də imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda da bu reallıq önə çəkilir, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyin qurtuluşu yolundakı tarixi xidmətləri xüsusi vurğulanır. 1993-cü ildə ulu öndərin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın xaos və anarxiyadan qurtularaq davamlı inkişaf yoluna qədəm qoyduğuna toxunan dövlət başçısı həmin mürəkkəb dövrü bu cür xarakterizə edir: "Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı".
Müstəqillik hər bir xalqın, dövlətin davamlı inkişafını milli ideya səviyyəsinə yüksəldərək mövcud iqtisadi, elmi-intellektual və mədəni potensialdan səmərəli istifadəyə geniş imkanlar yaradır. Fəqət, müstəqillik kimi bəşəri bir nemətə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməli olur. Müstəqil Azərbaycan 1991- 93-cü illərdə üzləşdiyi çətinlikləri məhz qətiyyətli və müdrik lideri Heydər Əliyevin rəhbərliyi altında geridə qoymuş, elmi təməl üzərində davamlı inkişaf yolunu müəyyənləşdirmişdir.
Dövlət müstəqilliyinin ilkin mərhələsində - 1991- 93-cü illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz şəraitdə yaşamaq hüququnun və ictimai asayişin qorunması sahəsində köklü problemlər yaratmışdı. Həmin illərdə hakimiyyətdə olan qüvvələrin naşı və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın ən müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların ictimaiyyətin gözü qarşısında "at oynatmasına" münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Azərbaycanda ciddi hakimiyyət böhranının yaranmasının başlıca səbəblərindən biri də məhz hüquq-mühafizə orqanlarının iflic vəziyyətinə düşməsi, səlahiyyətlərini icra edə bilməməsi, ictimai etimadı tamamilə itirməsi ilə bağlı idi.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev cəmiyyət həyatının bütün sahələrində ictimai-siyasi sabitliyi tam təmin etməklə yanaşı, hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinin sağlamlaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirmişdir. 1995-ci ilin noyabrında ümumxalq referendumu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasında Respublika Prokurorluğunun funksiyaları, yeri dəqiqliklə müəyyən edilmişdir.
Minnətdarlıq hissilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının prokurorluq orqanlarının sonrakı dövrdə də cəmiyyətdə yüksək ictimai etimad qazanması və dövlətçiliyin sadiq keşikçisinə çevrilməsi məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında aparılmış mütərəqqi hüquqi islahatların nəticəsidir. Böyük strateqin respublikada qanunçuluğun bərpası, insan və vətəndaş hüquq və azadlıqlarının təminatı, ədalət məhkəmələrində dövlət ittihamının daha prinsipial şəkildə həyata keçirilməsi istiqamətindəki mühüm addımlarından biri də prokurorluq sistemində dövrün tələblərindən irəli gələn liberal islahatların aparılması olmuşdur. Qarşıda duran bu və digər məqsədlərin həyata keçirilməsi baxımından 7 dekabr 1999-cu il tarixdə qüvvəyə minmiş "Prokurorluq haqqında" qanunun müstəsna əhəmiyyəti xüsusi vurğulanmalıdır.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində onu da qeyd etmək istərdik ki, respublikanın prokurorluq orqanları ötən dövrdə çətin və mürəkkəb, eyni zamanda, şərəfli inkişaf yolu keçərək bugünkü səviyyəsinə yüksəlmişdir. Dövlətinə, xalqına və prezidentinə hər zaman sadiqlik nümayiş etdirən Baş Prokurorluq və onun ayrı-ayrı strukturları qanunla üzərinə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirməklə cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutmuş, vətəndaşların azad və təhlükəsiz yaşamaq kimi fundamental hüquqlarının reallaşdırılması sahəsində bütün zəruri tədbirləri həyata keçirmişdir. Xüsusən, bir sıra dövlət çevrilişi cəhdlərinin və digər ağır cinayətlərin qarşısının alınmasında, cinayətkarların məsuliyyətə cəlb olunaraq layiqli cəzalarına çatmasında digər hüquq-mühafizə orqanları ilə yanaşı, prokurorluq orqanlarının da müstəsna xidmətlərini xatırlatmaq yerinə düşərdi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri ilə bağlı cinayət işlərinin istintaqı kontekstində bunu əminliklə söyləmək mümkündür. Xalq həmin hadisələri unutmamışdır.
Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində aparılmış istintaqla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini, qanunvericiliklə nəzərdə tutulmuş silahlı birləşmə olan Xüsusi Təyinatlı Polis Dəstəsinin qüvvəsindən Azərbaycan xalqına, eləcə də konstitusiyalı dövlət orqanlarına qarşı istifadə edən Rövşən Bəxtiyar oğlu Cavadov və qardaşı Mahir Cavadov, XTPD komandiri Nizami Şahmuradov və müavini Cəfər Cəfərov, XTPD-nin Qazax rayonunda yerləşən 8-ci rotasının komandiri Elçin Əmiraslanov, habelə xarici dövlətin vətəndaşı Kənan Gürel və başqaları əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girməklə dövlətə xəyanət yolu tutmuş, Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi zərərinə ölkə prezidentini silahlı yolla hakimiyyətdən kənarlaşdırmaq, konstitusiyaya zidd olaraq hakimiyyəti zorakılıqla ələ keçirmək məqsədi ilə planlaşdırılmış sui-qəsd və silahlı qiyamın həyata keçirilməsində, habelə 1995-ci il mart ayının 12-13-də Qazax və Ağstafa rayonlarında yerli hakimiyyət orqanlarına hücumlarda fəal iştirak etmişlər.
Hələ 1994-cü il oktyabrın 2-də XTPD-nin bir qrup üzvü Baş Prokurorluğa basqın edərək ciddi qanun pozuntularına yol vermiş, iki gün sonra Bakı şəhərinin Məhsəti və Rüstəmov küçələrinin kəsişdiyi ərazidə yaradılmış postda xidməti vəzifələrini yerinə yetirən Nizami Rayon Polis İdarəsinin əlahiddə rotasının polis nəfərlərini tərksilah etmiş, xidməti istifadələrindəki tapança və avtomat silahları ələ keçirmişlər.
14 mart 1995-ci il tarixdə Bakı şəhərində Rövşən Cavadovun tapşırığı ilə XTPD-nin şəxsi heyəti həyəcan siqnalı əsasında 8-ci km yaşayış məntəqəsində yerləşən bazaya toplaşaraq silahlandırılmışdır. Bazanın ətrafında post-patrul xidməti təşkil edilərək döyüşə hazır vəziyyətə gətirilmiş, martın 15-i axşam vaxtlarında Nizami RPİ-nin inzibati binasına basqın təşkil edilmişdir. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sabiq XTPD əməkdaşlarına silahları təhvil verib bazanı tərk etməyin vacibliyi barədə 15 mart 1995-ci il tarixli müraciətinə, habelə könüllü surətdə bazanı tərk edən şəxslərin əfv olunmasına dair 16 mart 1995-ci il tarixli fərmanına əməl etməyən cinayətkar ünsürlər martın 16-dan 17-nə keçən gecə hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin qarşısını almaq, qanuni dövlət hakimiyyətini cinayətkar qəsddən qorumaq üçün paytaxtın müxtəlif yerlərində təşkil olunmuş postlara basqınlar etmişlər.
Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə, ölkə vətəndaşlarının qanunla qorunan hüquq və mənafelərinə yönəlmiş cinayətkar əməllər nəticəsində 1995-ci il martın 12-17-də 32 nəfər öldürülmüş, 86 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Habelə dövlətə və vətəndaşlara külli miqdarda maddi ziyan vurulmuşdur. 1994-1995-ci illərin dövlət çevrilişlərinə görə 100-dən artıq cinayət işi açılmış, 300 nəfərdən artıq şəxs cinayət məsuliyyətinə cəlb olunaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
Dövlətin suverenliyinə qənim kəsilən bu və digər qüvvələr müstəqilliyin əsas təminatçısı olan ulu öndər Heydər Əliyevin həyatına sui-qəsdin təşkili ilə bağlı digər ağır cinayətlər də törətmişlər. Belə ki, 1995-ci il iyulun 2-də respublika Prezidentinin təyyarəsinin vurulmasına cəhdin göstərilməsi bunu bir daha təsdiqləyir. Bu iş üzrə istintaq materiallarına əsasən demək olar ki, Azərbaycan Respublikası müdafiə nazirinin sabiq müavinləri - Şahin Musayev, Vahid Musayev, həmçinin nazirliyin hərbi ticarət idarəsinin sabiq rəisi Hacımurad Sadəddinov, Azərbaycan Respublikası DİN-in ləğv edilmiş XTPD-nin sabiq əməkdaşı Faiq Baxşəliyev və qeyriləri 1995-ci il may ayının ortalarında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikasının Prezidentini fiziki məhv etmək, yeni dövlət çevrilişinə nail olmaq, terror aktı törətməklə hakimiyyəti zorla ələ keçirmək məqsədilə yeni planlar işləyib hazırlamışlar. Bu məqsədlə 1995-ci il may ayının 26-dan 27-nə keçən gecə Azərbaycan Milli Ordusunun "N" saylı hərbi hissəsindən "İqla-1" markalı zenit raketləri və zenit raketlərinin atıcı qurğusunun oğurlanması təşkil edilmişdir. 1995-ci ilin may-iyul ayları ərzində isə cinayətkar dəstənin üzvləri mütəmadi olaraq müzakirələr apararaq ölkə başçısının təyyarəsinin vurulması üçün raketlərin buraxılacağı xüsusi meydançalar seçmişlər. Nəhayət, 1995-ci ilin iyul ayının 2-də həmin raketlərdən və atıcı qurğudan istifadə etməklə xarici səfərdən qayıdan prezidentin təyyarəsinin vurulmasına cəhd göstərilmişdir. Lakin hava şəraitinin dəyişməsi ilə əlaqədar prezident təyyarəsinin hava limanına başqa istiqamətdən enməsi səbəbindən, yəni, iradələrindən asılı olmayan səbəblərdən cinayətkar dəstə öz çirkin niyyətinə çata bilməmişdir.
Ulu öndərin həyatına sui-qəsd etmək istəyən terrorçu qüvvələr 1996-cı ildə yenidən öz bədnam niyyətlərini həyata keçirməyə çalışmışlar. Bu dəfə 1994-1995-ci illərdə Azərbaycan Respublikasında dövlət hakimiyyətini ələ keçirmək məqsədilə planlaşdırılmış sui-qəsdlərin qarşısı alındıqdan sonra cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün qaçıb xarici dövlətlərin ərazisində gizlənmiş məlum cinayətkar qəsdlərin iştirakçıları - Abşeron RPİ-nin sabiq rəisi Məmmədəli Əliyev, sabiq müdafiə naziri Rəhim Qazıyev, müdafiə nazirinin sabiq müavini Şahin Musayev, ləğv edilmiş XTPD-nin sabiq əməkdaşı Elçin Əmiraslanov və başqaları əvvəlcədən razılaşmaqla cinayət əlaqəsinə girmiş, 1996-cı ildə Azərbaycan Prezidentini siyasi niyyətlərlə qətlə yetirib hakimiyyəti ələ keçirmək üçün terror aktı planları işləyib hazırlamışlar. Lakin dekabrın 10-da gizləndikləri mənzildə külli miqdarda odlu silah və sursatlarla birlikdə tutulduqlarından, niyyətlərini həyata keçirə bilməmişlər. Həmin cinayətlərdə adları çəkilən şəxslər 1997-1998-ci illərdə cinayət məsuliyyətinə cəlb olunaraq azadlıqdan məhrumedilmə cəzasına məhkum edilmişlər.
Təəssüflə vurğulamaq lazımdır ki, silahlı müxalifət ləğv edildikdən sonra ölkənin müstəqilliyini istəməyən məkrli qüvvələr terror, separatizm və təxribatçı qəsdlərdən hələ də özünə gəlməmiş cəmiyyətdə vətəndaş qarşıdurması yaratmaq yolu ilə yenidən çirkin niyyətlərinə nail olmaq fikrinə düşdülər. Bu dəfə onlar kütləvi itaətsizlik, iğtişaş və xaos yaratmaqla hakimiyyəti zorla ələ keçirməyə çalışdılar. 2003-cü il oktyabrın 15-də - Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü, marginallaşmış radikal siyasi qüvvələr tərəfindən ölkədə hakimiyyətin zorla devrilməsinə mütəşəkkil cəhdlər edildi. Belə ki, seçkilər başa çatmamış və nəticələri rəsmən elan edilməmiş bir qrup şəxs Müsavat Partiyasının Bakı şəhərində yerləşən mərkəzi qərargahı qarşısında toplaşaraq onları ictimai qaydaya riayət etməyə dəvət edən DİN əməkdaşlarına zor tətbiq etmiş, 13 polis nəfərinə bədən xəsarətləri yetirmişlər. Nümayişkaranə şəkildə cəmiyyətə qarşı təzyiq və təhdid, qanunçuluq və hüquq qaydalarına hörmətsizlik xətti tutan mütəşəkkil dəstə oktyabrın 16-da hakimiyyət orqanlarına təzyiq göstərərək seçkinin nəticələrini öz namizədlərinin xeyrinə dəyişmək məqsədilə taxta dəyənəklər, dəmir parçaları və sair predmetlərdən istifadə etməklə paytaxtın müxtəlif küçə və meydanlarında kütləvi iğtişaşlar törətmişdir. Hakimiyyət orqanlarının həyata keçirdikləri qətiyyətli tədbirlər nəticəsində onların qanunazidd hərəkətlərinin qarşısı alınmış, əməllərinin hüquqi qiyməti verilmişdir.
Nəhayət, Azərbaycanı suveren dövlət kimi görmək istəməyən qüvvələrin müstəqilliyimizə yönələn xüsusilə ağır cinayət əməli 2005-ci ilin oktyabr ayında törədilmişdir. Belə ki, Azərbaycan Respublikasının sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, sabiq səhiyyə naziri Əli İnsanov, sabiq maliyyə naziri Fikrət Yusifov, mühüm dövlət vəzifəsində işləyən Akif Muradverdiyev, Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayev, törətdiyi cinayət əməllərinə görə beynəlxalq axtarışa verilmiş Rəsul Quliyev və digərləri qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, hakimiyyəti zorla ələ keçirmək barədə cinayət planı işləyib hazırlamışlar. Yenə də həmin plana əsasən, leqal hakimiyyət orqanlarına davamlı kütləvi təzyiqlər təşkil etməklə onların fəaliyyəti iflic olunmalı, bundan sonra parlament seçkilərinin nəticələri Rəsul Quliyevin və qrupun başqa üzvlərinin müəyyənləşdirdiyi şəxslərin hesabına saxtalaşdırılmalı, qeyd edilən üsullarla əldə olunan kütləvilik fonunda hakimiyyət qeyri-leqal qaydada ələ keçirilməli idi. Lakin prokurorluq və digər hüquq-mühafizə orqanlarının vaxtında həyata keçirdikləri kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində respublikanın konstitusiyalı quruluşuna, hakimiyyətin yeganə mənbəyi kimi xalqın mənafeyinə qəsd edən cinayət əməllərinin qarşısı qətiyyətlə alınmışdır. Kütləvi iğtişaşlara hazırlıq və hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər törətməkdə təqsirləndirilən 18 nəfər şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, həmçinin həmin iş üzrə korrupsiya xarakterli cinayət əməlləri törətmiş 40 nəfər şəxs məhkəmə məsuliyyətinə verilmişdir.
Şübhəsiz, bütün bunlar həm də onu göstərir ki, ötən 20 ildə heç bir qüvvə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, silahlı yolla hakimiyyəti ələ keçirmək imkanında deyildir. Bütün bunlar isə əsası ulu öndər Heydər Əliyev tərəfindən möhkəm özül üzərində qoyulmuş ictimai-siyasi sabitlik amilinə əsaslanır. Məhz ulu öndər Heydər Əliyevin polad iradəsi, xalqla birliyi sayəsində dövlətçiliyə və müstəqilliyə qarşı yönəlmiş cinayətkar qəsdlərin qarşısını almaq mümkün olmuşdur. Bir həqiqət hamı tərəfindən etiraf edilir ki, xalqın böyük dəstəyinə arxalanan ulu öndər Heydər Əliyev dövlətçiliyə qarşı yönəlmiş çoxsaylı qəsdlərin dəf edilməsi üçün həmişə dəmir siyasi iradə və qətiyyət göstərmiş, məğlubedilməz şəxsiyyət olduğunu sərgiləmişdir. Eynilə də möhtərəm Prezident İlham Əliyevin xalqın yüksək etimad və inamını qazanması ona 2005-ci ilin parlament seçkilərinə cəmi 15 gün qalmış hakimiyyət komandasında ciddi təmizləmə həyata keçirmək, xəyanətkar məmurlarla üzülüşmək, eləcə də radikal müxalifətin qeyri-qanuni hərəkətlərini zərərsizləşdirmək imkanı vermişdir.
Azərbaycanın prokurorluq orqanları öz fəaliyyətində əsas prioritet və meyar olan ədalət və şəffaflığı müdafiə edərək həmişə olduğu kimi, bu gün də ölkədə aparılan quruculuq proseslərində fəal iştirak edir, dövlətin və vətəndaşların qanuni mənafelərinin, mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, insanların azad və sərbəst yaşaması üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Bu gün hər bir vətəndaş əmin ola bilər ki, Azərbaycan Respublikası Prokurorluğu onun qanuni mənafelərinin, hüquq və azadlıqlarının keşiyindədir. Ölkənin prokurorluq orqanları hər zaman dövlətin diqqət və etimadını hiss edir, fəaliyyətinə verilən yüksək qiyməti minnətdarlıqla qarşılayır, habelə xalqa və qanunçuluğa göstərdyi xidmətdən böyük qürur duyur.
Eldar ƏHMƏDOV,
Azərbaycan Respublikası Baş
Prokurorluğunun Ağır Cinayətlərə
dair İşlər üzrə
İstintaq İdarəsinin rəisi,
III dərəcəli dövlət
ədliyyə müşaviri
Azərbaycan.- 2011.- 17 sentyabr.- S. 6.