Regional məsələlər
komitəsinin iclasında
Sentyabrın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin 2011-ci ilin payız sessiyasında ilk iclası keçirildi. İclası açan komitənin sədri Arif Rəhimzadə yeni sessiyanın başlanması münasibəti ilə komitə üzvlərini təbrik etdi.
İclasda əvvəlcə 2011-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat dinlənildi. Bildirildi ki, iş planına uyğun olaraq yaz sessiyasında komitənin dörd iclası keçirilib, altı məsələ müzakirə olunub. Hesabat nəzərə alındı.
Sonra komitənin payız sessiyasının qanunvericilik işləri planı müzakirə edildi. Komitənin sədri Arif Rəhimzadə bildirdi ki, hazırlanan mühüm layihələrdən biri "Bələdiyyələrin hesabatları haqqında" yeni qanun layihəsidir. Komitə sədri qanunvericilik işləri planında nəzərdə tutulan digər qanun layihələri və məsələlər barədə məlumat verdi. Komitə üzvləri qanunvericilik işləri planını təsdiq etdilər.
İclasda "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyə qulluğu haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında", "Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında" Əsasnamənin təsdiq edilməsi haqqında", "Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında" sənədlərə dəyişikliklər edilməsi barədə qanun layihələri də müzakirə edildi. Dəyişikliklər bələdiyyələrin beynəlxalq əməkdaşlığı, yerli büdcənin icrası, bələdiyyə qulluqçusunun vəzifə təminatı, bu sahədə inzibati nəzarətin həyata keçirilməsinin şərtləri, bələdiyyənin komissiyalarının fəaliyyəti məsələlərini əhatə edirdi.
Deputatlardan Fəttah Heydərov, Tahir Rzayev, Fəzail İbrahimli və iclasda iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədov və başqaları qanun layihələri ilə bağlı çıxış etdilər, rəy və təkliflərini bildirdilər.
İclasda "Goranboy rayonunun Cinli Boluslu kəndinin Boluslu kəndi adlandırılması haqqında" qanun layihəsi də müzakirə edildi. Qeyd olundu ki, yerli sakinlərin müraciəti əsasında hazırlanan bu sənədə Toponimiya Komissiyasında və digər aidiyyəti instansiyalarda baxılıb, kəndin qədim Boluslu adının bərpası məqsədəuyğun hesab edilib.
Ətraflı müzakirələrdən sonra qanun layihələri parlamentin plenar iclasının müzakirəsinə tövsiyə olundu.
Azərbaycan.- 2011.- 17 sentyabr.- S. 7.