Sumqayıtda
Şəhər Günü bayramı
Bu gün səhər ümummilli lider Heydər Əliyevin abidəsinin ucaldığı eyniadlı prospektdən Şəhər Günü bayramına start verildi. Onu da qeyd edək ki, bu bayrama bir neçə gün idi ki, şəhərdə hazırlıq gedirdi. Bütün gələn bayramları bir-birindən maraqlı qarşılamaq, onlara yeni çalarlar qatmaq Sumqayıtda artıq ənənəyə çevrilmişdir. Müstəqilliyimizin 20 illiyi ərəfəsində keçirilən Şəhər Günü bayramına isə bu dəfə xüsusi hazırlıq görülmüşdü.
Yaşı 60-ı keçən şəhərin sakinləri, dövlət və özəl müəssisələrin bayrama qatılan təmsilçiləri bu əlamətdar tədbirin maraqlı keçməsi üçün əllərindən gələni əsirgəmədilər.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov abidə önünə toplaşanlara müraciətlə bildirdi ki, ümummilli lider Heydər Əliyev tərəfindən "Kiçik Azərbaycan" adlandırılan Sumqayıt ulu öndərin ideyalarını reallaşdıran nümunə kimi intibah dövrünü yaşamaqdadır. Şəhərimiz gənc olsa da şanlı tarixə malikdir və böyük iqtisadi uğurlar qazanmışdır. Məhz ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə Sumqayıt sosial-iqtisadi sahədə sürətlə inkişaf etmiş, qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsində bütün imkanlarını səfərbərliyə almışdır.
Sonra sumqayıtlılar ümummilli lider Heydər Əliyevin abidəsi önünə dərin məhəbbətlərinin rəmzini ifadə edən tər çiçəklər düzdülər.
Tədbir
şəhərin Corat
kəndində davam etdirildi. Qeyd edək ki, son dövrdə bu qəsəbədə xeyli
abadlıq işləri
aparılmış, yol
infrastrukturu yeniləşmiş,
sosial sahədə mühüm işlər görülmüşdür. Qəsəbənin
girəcəyində ucaldılan
qala divarları üzərinə düzülən
toplar, keçmişi
xatırladan arabalar, cərgə ilə sıralanan süvarilər
tədbir iştirakçılarına tariximizi geriyə vərəqləməyə
imkan verdi. Milli adət-ənənələrimizi
əks etdirən sərgilər, onlarla eksponat tamaşaçıları
gözəlliyi və
qədimliyi ilə heyran qoydu.
Süvarilərin düzülüşü və dəvələrin keçidi
elə nizamlanmışdı
ki, sanki bu zəmanədən qopub 2000 il geriyə
atılaraq, özün
də hiss etmədən
böyük bir təntənəli izdihamın
iştirakçısına çevrilirdin.
Məşhur Roma sərkərdəsi Pampeyin Corata səfəri aktyorlar tərəfindən elə
gözəl oynanılırdı
ki, tədbirə toplaşanlar heyranlıqlarını
gizlədə bilmirdilər.
Müxtəlif nazirliklərin, respublikamızda
akkreditə olunan ölkələrin səfirliklərinin
təmsilçilərinin, Milli
Məclisin deputatlarının,
qonşu rayonların icra başçılarının,
ictimai təşkilatların
nümayəndələrinin iştirak etdiyi Şəhər Günü
bayramı Kimyaçılar
sarayının qarşısında
davam etdirildi. Hərbçilərin keçidi
ilə başlayan parad respublikamızın şəhər və rayonlarından tədbirə
gələnlərin onlara
qoşulması ilə
davam etdi. İdmançılar,
motosikletçilər, kartinqçilər,
retro maşınlar, Türkiyənin
məşhur "Mehtər",
Rusiyanın "Barabançı
qızlar", Dağıstanın
"Ləzginka" qrupları,
respublikamızın müxtəlif
bölgələrinin musiqi
kollektivləri bənzərsiz
çıxışları ilə bayram iştirakçılarını valeh etdilər. İncəsənət ustaları
milli adət-ənənələri
əks etdirən, yaşı əsrlərlə
ölçülən alətləri
nümayiş etdirdilər.
Sakinlər şəhərlərində baş verən son dəyişiklikləri və bütün yenilikləri ürəkdən alqışladıqlarını, abadlıq-quruculuq işlərindən razı qaldıqlarını bildirdilər. Ölkə başçısının tövsiyə və tapşırıqlarına həmişə dəstək verən sumqayıtlılar bundan sonra da ön sırada olacaqlarını əminliklə vurğuladılar.
Şəhər Günü bayramı xüsusi proqramla hazırlanmış möhtəşəm bayram konserti və atəşfəşanlıqla başa çatdı.
Akif ƏLİYEV
Azərbaycan.- 2011.- 17 sentyabr.- S. 7.