İllər görməmişik bu illər kimi

 

 Hər tərəf al qumaşa bürünüb. Yollar boyunca, binaların fasadlarında, bağlardaparklarda bu sözlər diqqəti cəlb edir: "Dövlət müstəqilliyinin 20 ili mübarək!". Bayram tədbirlərinin mərkəzi Heydər Əliyev parkıdır. İnsan əlindən tərpənmək olmur. Əvvəlcə kütləvi nümayiş başlanır. Torpaqlarımızın keşiyində duran "N" saylı hərbi hissənin əsgərləri, rayona şöhrət gətirən adlı-sanlı insanlar, əli bayraqlı süvarilər, müxtəlif bölgələrdən gələn maşın karvanları, milli üslubda bəzənən faytonlar geniş yol boyu hərəkət edir.

Rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə son iyirmi il ərzində keçilən yolun uğurlarından geniş söhbət açır, dövlət müstəqilliyinin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin misilsiz xidmətlərindən danışır, bu müddət ərzində ölkəmizdə, eləcə də Gədəbəy rayonunda əldə edilən uğurları xüsusi vurğulayır.

Bu əziz bayrama Bakıdan muğam teatrının kollektivi qonaq gəlib. Rayonun xalq aşıq ansamblı da həmişə olduğu kimi, şənliyə tam hazırdır. Şair İlyas Tapdıq, əməkdar mədəniyyət işçisi Arif Qazıyev, Prezident təqaüdçüsü İsfəndiyar Rüstəmov bayram iştirakçılarını təbrik edirlər. Sözlü-söhbətli, nəğməli-musiqili məclis başlanır.

Natiqlər "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" Prezident İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli sərəncamını dönə-dönə xatırladırlar. Sərəncamda deyilir ki, "Regionların inkişafı proqramı çərçivəsində böyük nailiyyətlər əldə edilmişdir. Təhsil, səhiyyə, mədəniyyət və sosial həyatda qazanılan müvəffəqiyyətlərin miqyasının parlaq göstəricisi tikilən yüzlərlə məktəb, yaranan tibb müəssisələri, yeniləşən mədəniyyət ocaqları, muzeylər, parklar, qurulan idman kompleksləri və olimpiya idman mərkəzləridir. Aparılan quruculuq və abadlıq işləri sayəsində bu gün paytaxtımız yeni görkəm almaqdadır, şəhər və rayonlarımız ildən-ilə gözəlləşir".

Bu tərəqqini, bu yüksəlişi bir zaman gözdən uzaq, könüldən iraq qalan Gədəbəy rayonunun timsalında aydın görürük. Müstəqillik dağlar diyarına yeni həyat gətirdi. Gədəbəy kartofçuluq və maldarlıq məskənidir. Əvvəllər ən uğurlu ildə kartof sahələrindən altmış-yetmiş min ton məhsul güclə götürülürdü. Torpaq öz sahibinə veriləndən sonra rayon üzrə məhsuldarlıq az qala iki yüz min tona çatır. Məşhur dağ merinosunun vətəni sayılan Gədəbəydə mal-qaranın sayı ilbəil artır. Hazırda dağlar qoynunda 80 min başdan çox iribuynuzlu mal-qara, üç yüz əlli min baş qoyun-quzu bəslənilir.

Sənaye, ticarət və xidmət obyektlərinin də fəaliyyəti getdikcə genişlənir. Müstəqilliyin 20 illik tarixi ərəfəsində rayonda gündəlik istehsal gücü 100 ton olan mineral su zavodu tikilib istifadəyə verilib. Tutumu 10 min ton olan   kartof saxlama və emalı müəssisəsi inşa olunur. Aylar, illər keçdikcə istehsal-emal obyektlərinin şəbəkəsi genişlənir. Məhz elə buna görə də rayonun illik büdcəsi ilbəil artır. Toplanan vəsaitin xeyli hissəsi məhz yerli mənbələrin payına düşür. Ümumdaxili məhsul istehsalı artdıqca qazanc-gəlir çoxalır. Bu isə sosial problemlərin həllinə yönəldilir.

Dağlar diyarı Gədəbəyi tanımaq olmur. Abadlıq və quruculuq işləri hər yanı bürüyüb. Bir zaman bu yerlərdə normal şəraiti olan bircə xəstəxana binası belə yox idi. Son illərdə onlarca müalicə-sağlamlıq ocağı əhalinin istifadəsinə verilib. Akademik Zərifə Əliyeva adına Mərkəzi Xəstəxanada genişləndirmə işləri aparılıb, üçmərtəbəli əlavə korpus tikilib. Rüstəm Əliyev adına kənd xəstəxanası müasir avadanlıqlarla təchiz olunub. Qoşabulaq, Slavyanka, Düz Rəsullu, Novosaratovka kənd sahə xəstəxanaları əsaslı təmir edilib.

Mədəniyyət obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün də müəyyən işlər görülüb. Qaraməmmədli və Zəhmət kənd mədəniyyət evləri əsaslı bərpa olunub. Musiqi məktəbləri və kitabxanalar üçün yeni avadanlıq alınıb. Fərdi evlərdə yerləşən 62 kitabxana müvafiq yerlərə köçürülüb. Müasir üslubda yenidən qurulmuş mərkəzi şəhər stadionuNovosaratovka kəndində Avropa tipli mini-futbol meydançası gənclərin ixtiyarına verilib.

İndi zaman başqadır. Əlaqə-ünsiyyət getdikcə genişlənir. Ona görə də telekommunikasiya və rabitə obyektlərinin inşası sahəsində işlər çoxalır. Rüstəm Əliyev, Slavyanka, Ağamalı, Nərimankənd, Samanlıq, Qoşabulaq kəndlərində və başqa yerlərdə elektron avtomat telefon stansiyaları quraşdırılıb. Ümumən rayon üzrə 20 ATS elektron ATS-lə əvəz olunub. Yaxın vaxtlarda daha bir neçə kənddə müasir tipli elektron ATS-in inşası nəzərdə tutulub.

Yerlərdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Son illərdə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 30 məktəb binası tikilib, qırx bina əsaslı bərpa edilib, müvafiq avadanlıqlarla təchiz olunub. Məktəblərin yenidən qurulması işi davam edir. Müstəqilliyin 20 illiyi bayramı ərəfəsində 2 saylı şəhər məktəbi, Səbətkeçməz, Moruxlu kənd məktəbləri üçün müasir quruluşlu binalar tikilib. Rüstəm Əliyev və Çalburun kənd mədəniyyət evləri, Qoşabulaq, Ağamalı və Daryurd kənd klubları əsaslı təmir olunub. Bu günlərdə Qoşabulaq, Novosaratovka, Samanlıq və Slavyanka kəndlərində təzə binaların inşasına başlanılıb.

Gədəbəylilər minnətdarlıqla qeyd edirlər ki, dağ bölgələri, eləcə də Gədəbəy rayonu həmişə Prezident İlham Əliyevin qayğı və diqqəti mərkəzindədir. Qısa müddət ərzində dövlət başçısı iki dəfə bu rayona səfər edib. Hər dəfə də rayonun tarixinə, taleyinə bir sıra önəmli səhifələr yazılıb. Cənab İlham Əliyevin göstərişi ilə Şəmkir-Gədəbəy yolu başdan-başa yenidən qurulub. Müasir tipli asfalt yol burula-burula gözəlliklər məskəni Gədəbəyə doğru qalxır. Ətrafda qoruyucu "xətlər", yaşıllıqlar, təhlükəsizlik zolaqları yaradılıb. Beləliklə, turizmin inkişafına geniş meydan açılıb.

Gədəbəy qızıl-gümüş məskənidir. Di gəl ki, illər boyu bu nemət öz halal sahibinə qismət olmurdu. Neçə yüz il bundan əvvəl alman sahibkarları burada fəaliyyət göstəriblər.

Azərbaycanda müstəqillik əldə olunandan sonra Gədəbəyin sərvəti xalqın ixtiyarına verildi. Bayram şənliklərində iftixarla qeyd edildi ki, bu sahədə ümummilli liderimiz Heydər Əliyevin xidmətləri əvəzsizdir. 1996-cı il fevralın 5-də "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə" ulu öndərin imzaladığı sərəncam tarixi əhəmiyyətə malikdir. 2005-ci ilin fevral ayından etibarən yeni yataqların axtarışına, kəşfiyyat-qazma işlərinə başlanıldı.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 2006-cı il noyabrın 1-də Gədəbəyə tarixi səfəri zamanı bu mühüm işə güclü təkan verildi. Dövlətimizin başçısı mədənçilərlə söhbət etdi, onlara müəyyən tövsiyə və tapşırıqlar verdi. Məhz tükənməz qayğı və köməyin sayəsində dəyərli obyekt vaxtında işə salındı. 2009-cu il may ayının 26-da cənab İlham Əliyev Gədəbəy qızıl-mis emalı zavodunun fəaliyyətə başlaması ilə bağlı mərasimdə iştirak etdi. Artıq ikinci ildir ki, qızıl, mis zavodu fəaliyyət göstərir. Gədəbəydən alınan aralıq məhsul Cenevrəyə yola salınır, İsveçrənin məşhur şirkətlərindən biri tərəfindən saflaşdırılaraq "Ayrum-brendi" adı altında dünya bazarına çıxarılır. Müstəqillik Gədəbəy rayonuna bax bu cür bir-birindən xoş töhfələr gətirib.

Dağlar diyarının ən böyük qayğısı yollar, körpülər və keçidlərlə bağlıdır. Prezident İlham Əliyevin tapşırığı ilə rayonda bu problemuğurla həll olunur. Son bir neçə ay ərzində İnəkboğan və Arabaçı çayı üzərində yeni körpülər istifadəyə verilib. Hazırda Novosaratovka kəndində Fındıqlı çayı üzərində strateji əhəmiyyətə malik olan beş aşırımı, uzunluğu 72, eni 10 metr olan körpünün inşası sürətlə davam etdirilir.

Samanlıqda, İsalıda, Zamanlıda, İnəkboğanda, Söyüdlüdə, Arabaçıda, Köhnəqışlaqda və Novosaratovkada kəndarası yolların təmirinə, eləcə də Gədəbəy-Qaravəlilər magistral avtomobil yolunun yenidən qurulmasına hazırlıq görülür.

Şəhərin girəcəyində, yaşıllıqlar qoynunda üçmərtəbəli bina ucaldılır. Bu, Aşıq musiqi məktəbi üçündür. Müasir görkəmdə, müasir üslubda tikilir. Əməkdar mədəniyyət işçisi, aşıq İsfəndiyar Rüstəmov deyir ki, bu dövlət başçısı İlham Əliyevin töhfəsidir. Hələlik belə bir məktəb respublikada yeganədir. Ona görə də cənab Prezidentə ürəkdən minnətdarıq.

Bayram şənlikləri rayonun hər yerində, qəsəbə və kəndlərdə davam edir. Qızıltorpaq bölgəsində isə daha böyük coşğunluq duyulur. Bu tarixi gündə təbii qaz xətti istifadəyə verilir. Budur, ilk məşəl yanır. Qaraməmmədli, Kəsəmən və Dikdaş kəndlərinin istilik problemi həll olunur. Sərhəd bölgəsində yerləşən 600 evə təbii qaz verilir.

Bu da dövlət müstəqilliyimizin 20 illiyinə daha bir töhfə.

Qaz xəttinin açılışı mərasimində görüşdüyüm ziyalı Ləzgi Zeynalov gözəl dedi: İllər görməmişik bu illər kimi...

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.-2011.-18 sentyabr.-S.8.