Lerik dünən, bu gün, sabah
Görəsən, necə
yaranıb buradakı dağlar, dərələr,
çaylar, şəlalələr, zümrüd donlu meşələr,
öz görkəmi ilə müxtəlif
canlıları xatırladan sal qayalar. İlahi qüdrəti
ilə bu yerlərə nə vaxt sığal çəkilib, tumar verilib. Bunu heç kim dəqiq bilmir. Amma bütün bunlar bu gün
yaşayıb ömür sürən Lerik əhalisinin əcdadlarının
gözündən yayınmayıb. Könüldən
bağlanıb məskən saldıqları məkanda bu ilahi "heykəl"lərlə
bağlı dürlü-dürlü əfsanələr
yaradıblar. Dünyaya gələn hər
təzə nəsil isə dədə-baba məskəni
sandığı yeri gözəlləşdirməyə,
abad etməyə çalışıb.
Lerik rayon kimi 8 avqust 1930-cu ildə təşkil
edilmiş, 1938-ci ilə kimi
Zuvand adlanmışdır. İlk avtomobil yolunun çəkilişi də o illərə təsadüf edir.
Həmin vaxta kimi yerli əhali Lənkərana
və digər yerlərə gedib-gəlmək, leriklilərin
təbirincə, "aşağı düşmək" üçün atlardan
istifadə edərmiş. Rusiyalı mühəndislərin
iştirakı ilə çəkilən avtomobil
yolunu keçmiş sovet dövlətinin qayğısı kimi də adlandırmaq mümkündür.
Ümumiyyətlə, min illər boyu insanların yaşadığı qədim
yurdun əsaslı inkişafı o illərdə, xüsusən keçən əsrin
70-ci illərindən, ulu öndər Heydər
Əliyevin hakimiyyətə gəldiyi vaxtdan
başlayıb. Həmin dövr
iqtisadiyyatın bütün sahələrində,
o cümlədən kənd təsərrüfatında
dönüş yaranıb. Yeni-yeni təsərrüfatlar yaradılıb,
təhsilə, səhiyyəyə, mədəniyyətə
diqqət artırılıb.
Tarixi danmaq, təhrif
etmək mümkünsüzdür. Onu nə qədər gizlətsən,
ört-basdır etsən belə, gec-tez hər
şey xalqa bəlli olur. Bu baxımdan ən yeni tariximizin də şərəfli
səhifələri ilə yanaşı, kədərli
anları da var.
Müstəqilliyimizi qazanmaq nə qədər
şərəflidirsə, həmin dövrün
ilk illərində xalqımızın
çəkdiyi məşəqqətlər bir
o qədər acıdır. Daxili və xarici qüvvələr
müstəqilliyimizi bir daha
beşikdə boğmağa can atırdılar. Belə vəziyyətdən
istifadə edən ermənilər bir-birinin
ardınca rayonlarımızı işğal
edirdilər. Üstəlik, illərlə böyük
zəhmət bahasına başa gələn
nə vardısa, insafsızcasına dağıdılıb məhv
olundu.
O zamankı
ağrı-acılar Lerikdən də yan keçmirdi. Çoxları bir
tikə çörək pulu üçün Bakıya, Sumqayıta üz tuturdu. Hər sahədə
gerilik, tənəzzül adamlarda
ümidsizlik yaradırdı.
"Pis günün ömrü az olar", - deyiblər. Ümummilli lider
Heydər Əliyevin hakimiyyətə qayıtmasından
sonra hər şey yaxşılığa
dogru dəyişdi.
Atəşkəs əldə olundu,
daxildə sabitlik yaradıldı, "Əsrin
müqaviləsi" imzalandı.
Bütün sahələrdə islahatlar həyata keçirildi. Uzaqgörən siyasət, polad iradə, gərgin əmək sayəsində
həyata keçirilən
bu tədbirlər çox çəkmədi
öz bəhrəsini
verməyə başladı.
2003-cü ilin oktyabrında keçirilən
prezident seçkilərində
Heydər Əliyev
ideyaları yenidən
qələbə qazandı.
Azərbaycan xalqı çoxluqla
İlham Əliyevi Prezident seçdi. Bununla da respublikamızın inkişafında yeni dövr başlandı.
Xarici və daxili siyasətlə bağlı
mühüm tədbirlər
həyata keçirildi.
Regionların inkişafı prioritet
məsələ kimi qarşıya məqsəd
qoyuldu. 11 fevral
2004-cü il tarixdə bununla bağlı Dövlət Proqramı qəbul edildi. Siyasi-iqtisadi mahiyyət daşıyan
bu mühüm sənəd digər bölgələrimiz kimi,
Lerik rayonunda da əsaslı dönüşə səbəb
oldu.
Yolları
iqtisadiyyatın, inkişafın qan
damarı adlandırırlar. Elə buna görə də Dövlət
Proqramının icrasına ilk olaraq uzun iilərdən bəri
baxımsızlıq üzündən bərbad hala düşmüş
56 kilometrlik Lənkəran-Lerik magistral şose yolunun yenidən qurulmasından başlanıldı.
Əlaqədar təşkilatlar burada gecəli-gündüzlü
iş apardılar. Yola
keyfiyyətli asfalt örtük
döşəndi, kənarlarına istinad
divarları hörüldü, dayanacaqlar tikildi,
yağış-qar sularını çəkib aparan küvetlər çəkildi, xəbərdaredici
yol nişanları qoyuldu
və digər işlər həyata keçirildi.
Və nəhayət, dünya
standartlarına cavab verən bu dağ yolunun
istifadəyə verilməsi münasibətilə Prezident İlham Əliyev
8 sentyabr 2005-ci ildə Lerikə səfər
etdi. Bu, çox mühüm, əlamətdar
hadisə idi. O vaxta qədər Azərbaycanın heç bir rəhbəri
Lerikdə olmamışdı. Yolun
açılışından sonra ölkə
başçısı rayon mərkəzinə
gələrək burada dağlar
diyarının ağsaqqalları, ictimaiyyət nümayəndələri
ilə görüşüb səmimi
söhbətlər apardı, adamların gün-güzəranı
ilə maraqlandı, Lerikin inkişafı
ilə bağlı əlaqədar nazirliklərin, digər icra strukturlarının rəhbərlərinə
tövsiyə və göstərişlər verdi.
Demək olar ki, elə
o vaxtdan da rayonun sürətli
inkişafına start verildi.
Yenidən qurulan yolla paytaxt Bakıdan, qonşu
Lənkəran rayonundan və digər yerlərdən
Lerikə hər gün onlarca
maşın tikinti materialları
daşınmağa başlandı.
Çox çəkmədi, Lerikin tarixində misli-bərabəri olmayan digər mühüm
bir hadisə baş verdi. Yaşı əsrlərin, eraların o tayından boylanan bu qədim diyarda təbii qaz şölələndi. Bundan
insanlar kimi təbiət
də rahatlıq tapdı. Meşələrdən gələn
balta səsləri susdu.
Bu münasibətlə ölkə
başçısı 2006-cı il
oktyabrın 23-də yenidən Lerikə gəldi. Qazın
verilməsi ilə bağlı keçirilən tədbirdə
Prezident İlham Əliyev
dedi: "Lerik
rayonuna qaz kəmərinin
çəkilişi sırf sosial məqsəd
daşıyır. Ən qabaqcıl, ən zəngin və inkişaf etmiş ölkələrdə
belə heç vaxt yanacaq-enerji sahəsi ilə əlaqədar sosial xarakter daşıyan
layihələrə vəsait ayrılmır. Amma Azərbaycanda biz bunu edirik. Məqsədimiz
də budur ki, ən ucqar bölgələrdə, ucqar
kəndlərdə, o cümlədən Lerik rayonunda yaşayan insanlar təbii qazla təmin olunsunlar, ekologiya, meşələr qorunsun.
Bu, insanlara rahatlıq gətirən hadisə olduğundan əhəmiyyəti çox böyükdür.
Əgər biz belə çətin
relyefdə, hündür dağlardan
keçən bir kəməri çəkə
bildiksə, deməli, hər bir işin öhdəsindən gəlməyə qadirik".
Son illər Lerikdə
genişmiqyaslı tikinti, quruculuq,
abadlıq işləri də görülmüşdür.
Parklar, xiyabanlar salınmış, küçələrə
asfalt döşənmiş, səkilərə
plitələr düzülmüş,
işıqlandırma sistemi təzələnmiş,
ağaclar, gül
kolları əkilmiş, yöndəmsiz ticarət
köşkləri yeniləri ilə əvəz olunmuş, yaşayış evlərinin, inzibati binaların dam örtüyü dəyişdirilmişdir.
Gənclərin asudə vaxtının səmərəli, mənalı
keçməsində mühüm rol oynayan rayon
mərkəzi stadionu təmir olunaraq idmançıların ixtiyarına verilmişdir. Uzun illərdən bəri təmir olunmayan
rayon mədəniyyət evi
ən yüksək səviyyədə yenidən qurulmuşdur. Əhalinin içməli suya olan tələbatının
yaxşılaşdırılması məqsədilə
yaşayış məntəqələrində artezian quyuları qazılmış və digər
tədbirlər həyata keçirilmişdir.
Abonentlərin elektrik enerjisi
ilə təminatında əvvəllər mövcud
olan problemlərin hamısı, demək olar ki, aradan
qaldırılmışdır. Bu gün rayon əhalisinə
fasiləsiz olaraq işıq verilir. Bunun hesabına
dağların ovcunda yerləşən bu şəhərin gecələri işıq
selində daha füsunkar
olur. Rəngli fəvvarə qurulmuş park sakinlərin
ən çox sevdiyi
məkanlardan biridir.
Rayonda Qarabağ
müharibəsi əlillərinə, şəhid ailələrinə
xüsusi həssaslıqla
yanaşılır. İki il bundan əvvəl onlar üçün 16 mənzilli
yaşayış evi tikilmişdir.
Daha bir evin inşası isə başa
çatmaq üzrədir. Lerik
şəhərinin girəcəyində Böyük
Vətən müharibəsində və Qarabağ
savaşında həlak olmuş lerikli əsgərlərin xatirəsinə park salınmışdır. Bu
park da şəhər
sakinlərinin ən çox sevdiyi bir yerdir.
Baba-nənələr, ata və analar öz nəvələrinin,
övladlarının əlindən tutaraq
onları şəhidlər parkına gətirir, Vətən yolunda canlarından keçən cəsur həmyerliləri
haqqında onlara məlumat verirlər.
Şəhərin
girişində yerli materialdan
- çay daşından ucaldılan
"Qalaqapı" bu torpağın mərdlik,
mübarizlik ruhunu
özündə cəmləşdirir. Ümumiyyətlə,
görülən işlər nəticəsində Lerik indi simasını büsbütün dəyişmişdir. Heç təsadüfi deyil
ki, ölkə
başçısının 20 iyun 2008-ci
il tarixli sərəncamı
ilə Lerik qəsəbəsinə şəhər
statusu verilmişdir.
Ötən hər
ili uğurla yola salmaq rayonda
artıq ənənə halını almışdır.
Keçən il də burada
yaddaqalan işlər görülmüşdür.
Şəhərin mərkəzində Heydər Əliyev
meydanı salınmışdır. Meydan
özəlliyi ilə fərqlənir. Bura
şəhərin hər yerindən ovuc içi kimi görünür. Dağlıq ərazidə
salınan evlərin sakinləri amfiteatrda oturan tamaşaçıları
xatırladır. Ulu öndərin tunc heykəli yerləşən meydanın
arxasında yaşıllığa bürünmüş
dağlar ucalır. Gül-çiçəkli,
fəvvarəli meydan bütövlükdə
Lerik şəhərinə xüsusi yaraşıq verir,
onu daha gözəl edir. Heydər Əliyev Mərkəzi və rayon icra hakimiyyəti üçün inşa
edilən yeni inzibati binalar, əsaslı şəkildə yenidən
qurulan rayon mərkəzi
xəstəxanasının binası da
meydanın əhatəsindədir.
"Təhsil
millətin gələcəyidir", "Mən müəllim
adından yüksək ad
tanımıram" - bu müdrik
kəlamların müəllifi ulu öndər
Heydər Əliyevdir. Bəli, bu günün şagirdi
sabahın tələbəsi, indinin tələbəsi
isə gələcəyin həkimi, müəllimi, mühəndisi,
ən başlıcası isə layiqli Azərbaycan
vətəndaşıdır. Yaxşı təhsil bazası olmadan keyfiyyətdən, dərsə davamiyyətdən
danışmaq mümkün deyil. Bunları nəzərə alaraq ölkəmizdə təhsilə diqqət
və qayğı yüksək səviyyədə qurulmuşdur. Lerik rayonunda da belədir. Heydər
Əliyev Fondunun "Yeniləşən
Azərbaycana yeni məktəb" layihəsi
çərçivəsində son illər
burada mühüm tədbirlər
həyata keçirilib. Təkcə
keçən dərs ilində 12 yeni məktəb
tikilib istifadəyə verilib.
Tədris müəssisələrinin maddi-texniki
bazası gücləndirilib, onlar kompyuter dəstləri ilə təchiz edilib.
Lerikdə aqrar məsələlərlə əlaqədar
qarşıda duran vəzifələr
layiqincə yerinə yetirilir.
Heyvanların baş sayı ilbəil
artmaqdadır. Bu da rayon üzrə ət, süd,
yun, yumurta
istehsalına müsbət təsir göstərir. Lerikdə bal isə öz keyfiyyətinə
görə digərlərindən fərqlənir.
Lerik həm də uzunömürlülər
diyarı kimi şöhrət
qazanmışdır və rayon mərkəzində
bununla əlaqədar xüsusi
muzey fəaliyyət göstərir. Planetimizin ən yaşlı sakinləri olmuş Mahmud Eyvazov, Şirəli Müslümov
və digərlərinə aid burada maraqlı fotoşəkillər, əşyalar
nümayiş etdirilir.
Onların hər biri turistlərdə böyük maraq
oyadır.
Turizmin inkişafı ilə bağlı son illər rayonda böyük işlər görülüb.
Bunu burula-burula
uzanıb gedən Lənkəran-Lerik şose
yolu ilə irəlilədikcə daha aydın görmək mümkündür.
Hər cür şəraiti olan istirahət mərkəzləri hər kəsi
öz qoynuna
çağırır. "Relax",
"Təbəssüm", "Meşəbəyi",
"Xəyal", "Ağgöl",
"Paradis", "Altun"
və digərləri müasir tələblərə
cavab verən obyektlərdəndir. Məlumdur
ki, ölkə
başçısının sərəncamı ilə 2011-ci
il "Turizm ili" elan edilmişdir. Cari ilin ötən dövrü
ərzində 6 min nəfərdən çox turist rayonun istirahət mərkəzlərində
dincəlmişdir. Rayon ərazisində yeni turizm istirahət-əyləncə
mərkəzləri, ticarət və iaşə obyektləri tikilmiş və bu sahədə
işlər davam etdirilir.
"Relax" turizm
istirahət mərkəzində inşasına 2010-cu ildə
başlanılmış "Akva-park"
istirahət meydançasında son tamamlama işləri görülür.
Burada turistlərin istirahətinin daha rəngarəng keçməsi üçün qarşıdakı illərdə
kanat yollar çəkiləcək.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı
Rövşən Bağırov aparılan genişmiqyaslı
işlərin Prezident İlham
Əliyevin diqqət və qayğısı sayəsində ərsəyə
gəldiyini bildirir. Onun
sözlərinə görə, ölkə
başçısının son 7 ildə
rayona 3 dəfə səfər etməsi bunu bir daha
aydın göstərir. "Bütün bunlar xalqla dövlət
başçısının canlı əlaqəsinə sübutdur. Belə iş üsulu biz rayon rəhbərləri üçün
də nümunədir. Məsuliyyətimiz
artır, daha yaxşı işləməyə
can atırıq". İcra
başçısı onu da
deyir ki, Lerikdə həyata
keçirilən işlərdə Dövlət Neft Şirkətinin, xüsusilə onun prezidenti Rövnəq Abdullayevin böyük zəhməti
var. O, tez-tez rayonumuzda olur, bizə
yaxından kömək edir.
R.Bağırov Lerik camaatının
işgüzarlığından da söhbət
açmağı unutmadı. Leriklilərlə qarşıya
qoyulan məsələlərin
icrasını başa çatdırmaq, yeni layihələrin təməlini qoymaq çətin deyil.
Bu gün
regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramında nəzərdə
tutulan tədbirlər rayonda
uğurla həyata keçirilir.
Yeni istehsal sahələri
yaradılır, köhnələri öz
fəaliyyətini bərpa edir. Bunların
nəticəsi olaraq 1600-ə yaxın yeni iş yeri
açılmışdır. Müstəqillik əldə
etdiyimiz illər ərzində təkcə
Lerik şəhəri abadlaşmayıb, eyni zamanda, leriklilərin rifah halı kökündən
yaxşılaşmışdır. İndi
Lerikin küçələrində xarici minik
maşınları şütüyür,
yeni tikilən fərdi evlər göz oxşayır. Bir
vaxtlar Lerikdən köçüb
gedənlər öz dədə-baba
ocaqlarına qayıdırlar.
Cari ilin ötən
vaxtı ərzində də rayonda mühüm işlər görülüb.
Tikinti-quruculuq və abadlıq işləri
əvvəlki illərlə müqayisədə geniş miqyas alıb. İqtisadi göstəricilər sevindiricidir. Adambaşına düşən gəlir
artmış, ümumi məhsul
istehsalının həcmi 2,4, pərakəndə əmtəə
dövriyyəsi 12, pullu xidmətin həcmi
3,2, təmir-tikinti işləri 13 faiz
artmışdır. Rayon üzrə orta aylıq əməkhaqqı keçən ilin eyni dövrü
ilə müqayisədə 10,2 faiz çoxalaraq 161,4 manata
çatmışdır.
Hazırda Lerik şəhərində 1052 evdə "mavi alov" şölələnir.
İndi rayonun kəndlərinə
qaz çəkilir və bu
işin 2013-cü ilə kimi
başa çatdırılması nəzərdə
tutulmuşdur. 18 iyun
2011-ci il rayon əhalisi
üçün əlamətdar olub. Həmin gün Lerikin daha 6 kəndinə
təbii qaz verilib. Bu il Kiravurd,
Ərdədilə, Girdəsər, Əliabad, Camaşair,
Soru, Binə, Hiramo və
Noda kəndlərinə təbii qaz xəttinin çəkilməsinə qərar
verilmişdir.
Dövlət vəsaiti
hesabına Hamarmeşə və Veri kənd
orta məktəbləri üçün
yeni binalar tikilir, qəza vəziyyətində olan Bibiyoni kənd məktəbinin
tikintisi üçün
sənədlər hazırlanaraq müvafiq
təşkilatlara təqdim edilmişdir. Qəza vəziyyətində olan
daha 24 məktəbə baxış keçirilmiş, Züvüc
kəndində 220, Barzavu kəndində
180, Davradibi, Ləkər, Aran,
Daster və Kəlaxan kəndlərinin hər
birində isə 80 şagirdlik məktəb
binasının tikintisinə start verilmişdir.
Bütün bunlar son illər Lerikdə
aparılan genişmiqyaslı işlərin yalnız bir hissəsinin
qısa xronikasıdır. Qədim diyar 20 illik müstəqillik
dövründə əsrə bərabər yol
keçmişdir. Burada qurulan, yaradılan, abadlaşan hər
nə varsa, Lerik əhalisini sevindirir, ürəyini qürur
hissi ilə doldurur. Onlar doğma yurda daha ürəkdən
bağlanırlar, dağlar diyarının sabahının daha
nurlu və firavan olacağına inanırlar.
Seyran CAVADOV
Azərbaycan.-2011.-18
sentyabr.-S.9.