Haqqın dərgahında
haqsızlıq
Qəfil xəbər yayılır ki, filankəs rəhmətə gedib. Qohum-əqrəba, dost-tanış,
yaxınlar, doğmalar dərhal yas yerinə yığışır. Gələnlərin məqsədi eynidir:
dərdin böyüklüyünə, itkinin
ağırlığına şərik olmaq,
müsibətin yükünü azaltmaq! Əlbəttə, bu
mənəvi borc müdrikliyin
əzəmətindən doğan milli ənənənin davamıdır. Əgər
belə dəyərlər varisliklə, özü
də ləyaqətlə qorunursa, bunu hər birimiz qədərincə
dəyərləndirməliyik. Amma bəzən
milli ənənələrin arxasında gizli mətləblər, hətta vahimə yaradan "oyunlar"
başlayır. Özü də necə
başlayır?!
İşbazların
yaratdığı "yas biznesi" az qala hüzn əlamətlərini
sıradan çıxarır, öz təkliflərini
diktə edir. Sonra qiymət
sövdələşmələri, dəllal söhbətləri
ortaya çıxır. Birincisi,
məzarlıqda torpaq almalısan. Bunun da öz
qiyməti var. Aldığımız məlumata
görə, şəhər qəbiristanlığında - Yasamal və "Qurd
qapısı"nda torpağın sotu 5-7
min manatadır. Bir qədər
ucuz yer istəyirsənsə,
Bakıətrafı kəndlərə üz
tutmalısan. Bu yerlərdə hələ
bir qədər insaflıdırlar. Qiyməti
fantastik həddə qaldırmayıblar,
ortababları, kasıbları da nəzərə
alıblar. Bir məzar yeri
300-350 manata başa gəlir.
Qəbiristanlıqda şıdırğı alver
gedir, lap adi bazarlarda olduğu kimi... Sərt tələblərlə
üz-üzə qalan yas
sahibi xeyli izafi xərcə düşməli olur. Doğrudur, işbazlar yenə də qazanır, son mənzilə gedənlərin sonuncu halallıqdan xəbəri olmur. Onlar bilmirlər ki, ölümün qiyməti
bəlkə də yaşamaqdan da bahadır. Belə olmasaydı,
Bakıdakı 100-dən çox qəbiristanlıqda
məzar yerlərinin qiyməti bu qədər
artmazdı.
Deyirlər ki, ölü ilə sonuncu dəfə vidalaşan
mürdəşir də öz
haqqını almamış əl çəkmir. Bunun da ən
aşağı xərci 50 manatdan az deyil. Məzarlıqda
qiymət bahalaşdıqca dirilər qəbiristanlıqda yer üstündə savaşa
başlayıb. Elə adamlar
tapılır ki, Əzrayılın gəlişinə
macal vermədən ölüm
tədarükü görürlər - məzarlıqda ailəvi
qəbirlərə yer alırlar.
"Son mənzil"in
son qiyməti barədə
mülahizələr çoxdur. Yas sahibinin əliaçıqlığı,
səxavəti onu böyük borcun - xərcin sıxıntısı
ilə üz-üzə
qoyur. Gərək qəbir daşlarını
seçim edəndə
də tələsməyəsən.
Təklif olunan kataloqla
imkanlarını ölçüb-biçəsən,
yoxsa ömürlük
borca düşərsən.
Öyrəndik ki, ən sadə əhəng daşından yonulan başdaşı 200-300 manata
başa gəlir.
Əgər sifarişçi, yəni yas sahibi
qara qranitdən başdaşı sifariş
etmək istəyirsə,
ən azı 2500-3000 manatından keçməlidir.
Hələ əlavə xərclər
də var. Məzar daşına həkk olunan şəkil və ya qəmli
bir bayatı... bunların da öz qiyməti var. Nəzərə alsaq ki, qara qranitdən
hazırlanan qəbir daşları ölkəmizdə
istehsal olunmur, onda bu xərcin
bir qədər də çox olacağına şübhə
yeri qalmır. Aldığımız məlumata görə,
qara qranitin ən keyfiyyətlisi İtaliyadan gətirilir.
Doğrudur, belə məhsulların
sifarişi üçün
İrana, Ukraynaya da üz tutanlar
olur. Amma qiymət fərqi
o qədər də böyük deyil. Qara qranitdən büst, sərdabə sifariş edənlər isə işbazlara daha çox xeyir verməli olurlar. Doğrusu, bəhsləşməyə,
təntənəyə meyilli
adamlar bunu şan-şöhrət, fəxr
saysalar da, islam aləmində
belə əllaməçiliyin
ciddi dəyəri yoxdur. Nə başdaşının həcmi, nə də baha qiyməti
ölümdən sonra
heç kəsin dəyərini, urvatını
artırmır. Yadda
qalan bircə şey var: sağlığında
gördüyün dəyərli
işlər, xeyirxah əməllər... Qalan nə varsa, insanın ölümündən
sonra uydurulanlardır!
Ölkəmizdə "yas biznesi"
o qədər inkişaf
edib ki, əməlli-başlı rəqabət
mühiti yaranıb. Yas sahibinin dərd belini büksə də, işbazların güdazına gedib, bəzən ömürlük
borca düşür.
Belə törənlərdə
təntənə o həddə
çatır ki, az qala kədər və hüzn əlamətləri
unudulur, ciddi bəhsləşmə, öyünmə
meyilləri yaranır.
Bunu təkcə yas yerindəki komfortlu çadırlardan yox, gələnlərin geyim-kecimindən
də hiss etmək olur. Əgər bir vaxtlar yas yerinə gələnlər qara geyimə üstünlük
verirdilərsə, son vaxtlar
heç buna da əməl olunmur. Adamlar daha bəzəkli
görünmək üçün
geyimlərin rəngini
də dəyişirlər.
Mənəviyyat iflici o həddə
çatıb ki, yas mərasimlərində
qiymətli bəzək
əşyalarını nümayiş
etdirirlər. Amma
Əzrayılın qəzəbinə
tuş gələndə
hər şey unudulur, beş
arşın ağdan savayı heç nə yada düşmür.
Komfortlu çadırlar
da, teatral pərdələr də,
lap elə dəbdəbəli
süfrələr də
ömrü bir gün belə uzatmır. Hüzn mərasiminin təamları
nə qədər zəngin olsa da, batmanla gələn
dərdin əlacı
olmur. Əslində, o komfortlu VİP çadırlar da, dəbdəbəli yas mərasimləri də ölünün urvatını
artırmadan dirilərin
bir-birindən üstünlüyünü,
fərqini sübut etmək cəhdinə stimul yaradır, rəvac verir. Qəribə
burasıdır ki, təmtəraqlı çadırların
yuxarı başında
mikrofonlar, səsgücləndiricilər
quraşdırılır. Əsl müsibət onda başlayır ki, savadsız bir molla mikrofon önünə keçir.
Din tariximizdən, mənəvi
dəyərlərimizdən xəbərsiz olan əmmaməli kişi
naşı söhbətləri
ilə elə bil dirilərin qəsdinə dayanır. Sən demə, belə mollaların da gündəlik haqqı var - ən azı 100 manat!
Adətlərimizin, dini ənənələrimizin
bir ucunu sərvətlə, şöhrətlə
bağlayanlar zaman-zaman
tənqid hədəfinə
çevrilsələr də,
vəziyyət o qədər
də dəyişmir. Bir vaxtlar bütün
bunları təmkinlə,
səbirlə izləyən
xalq yazıçısı
Yusif Səmədoğlu
sonuncu vəsiyyətində
deyib: "Mənim başdaşıma yazın
ki, Allah sizə rəhmət eləsin, dirilər!" Elə beləcə də
yazılıb. Nə yaxşı
ki, müdrik adamlar ömür yazılarını diriykən
yazırlar. Özü də
elə yazırlar ki, əməlləri yaddaşlara həkk olunur. İllər, qərinələr ötsə də, məzar daşlarının
bələdçilik edə
bilmədiyi çox şeylər yaddaş yazılarına köçür,
adamlar haqqında ən xoş xatirələr, deyimlər
zaman-zaman yaşayır.
Yas biznesində xaos yarandıqca el-oba
arasında sərt ittihamlar, gileylər son həddə
çatsa da, kəsərli tədbirlər görülmür.
Doğrudur, ayıq təfəkkürlə, əxlaqda
sıçrayışla fantastik ehkamları dağıtmaq
üçün təşəbbüslər olur. Amma
bütün məqamlarda dövlətin çevik qanun mexanizmi
işə düşməli, "yas
biznesi"ndə işbazlıq edənlər öz həddini
və səddini aşmamalı, haqqın dərgahında bazar
açmamalıdır. Qəbir yerinin qiyməti də,
başdaşının dəyəri də, bir sözlə,
yas mərasiminin bütün xərcləri, problemləri ciddi
dövlət nəzarətində olmalı, bütün qiymətlər
isə mərhəmət süzgəcindən keçərək
tənzimlənməlidir. Və ya müsəlman dövlətlərinin
şəriətimizə uyğun təcrübəsindən
faydalanmalıyıq. Qonşu Türkiyədə olduğu
kimi: ölümdən sonra qəbirlərin heç birində
fərq qoyulmur. Hətta məzar daşlarının
ölçüsü-biçisi də bir-birindən fərqlənmir.
Nədənsə, belə sınanmış təcrübə
və ənənə hələ bizim tərəflərə
yol açmayıb. Ümid edirik ki, tarixin dönəmlərində
yaşamaq hüququ qazanan ən dəyərli ənənələrimiz
unudulmayacaq, yaddan çıxmayacaqE
Bəşir ŞƏRİFLİ
Azərbaycan.-2011.-18
sentyabr.-S.10.