Əbədi şöhrətin işığı

 

XX əsrin 70-80-ci illərində maestro Niyazinin təşəbbüsü ilə həmişə sentyabrın 18-i böyük bəstəkar Üzeyir Hacıbəylinin anadan olduğu gün kimi respublikamızda xüsusi təntənə ilə qeyd edilirdi. Musiqi məktəblərində, mədəniyyət ocaqlarında, xüsusilə, konservatoriyamızın - indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirilirdi. Ötən əsrin 90-cı illərində Azərbaycanda hər şeyin bir-birinə dəydiyi vaxtda bu ənənə də unuduldu. Dahi bəstəkarın özfəaliyyət səviyyəsində xatırlanması, həqiqətən, narahatlıq doğururdu. Unudulmaz Niyazinin təşəbbüsü 1995-ci ildə dövlət statusu aldı. Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hər il 18 sentyabr Üzeyir Musiqi Günü kimi qeyd olunmağa başlandı. Bu nəcib qərar bütün insanların, musiqisevərlərin ürəyincə oldu. Bəzi hallarda mətbuat səhifələrində, ekran və efirdə bu tarixi milli musiqi günü kimi qeyd edirlər. Amma sərəncama əsasən əsl adı belədir: "Üzeyir Musiqi Günü".

Azərbaycan mədəniyyətinin ilk xadimləri acınacaqlı və məşəqqətli bir yol keçiblər. Amansız zülmün, cəhalətin hökm sürdüyü bir şəraitdə Azərbaycanda milli musiqili teatrın yaradılması nadanlığa, cəhalətə meydan oxumaq demək idi. Məhz belə ağır vəziyyətə, əzablara baxmayaraq hədsiz çətinliklərə, təqib və təzyiqlərə məhəl qoymadan bu şərəfli işin öhdəsindən bacarıqla gələrək opera yazmaq işini cəsarətlə başlayan və inamla davam etdirən Üzeyir Hacıbəyli XX əsr Azərbaycan musiqisinin inkişafında böyük xidmətlər göstərdi. Üzeyir Hacıbəylinin kimliyi barəsində düşünərkən, ilk növbədə, bu dahi insanın öz sözləri yada düşür: "Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər". Bu müdrik fikrin ahəngindəki məna çox düşündürücüdür. Həqiqətən də, elə şəxsiyyətlər var ki, sağlığında olduğu kimi, əbədiyyətə qovuşduqdan sonra da ölümsüzlük qazanaraq müqəddəs əməlləri, yaradıcılığı ilə nəinki xalqına, bütün bəşəriyyətə xidmət edirlər. Üzeyir Hacıbəyli yaradıcılığa başladığı ilk gündən sübut etdi ki, o, nəinki bir ailənin, bir mahalın, bir xalqın, eləcə də bütün türk dünyasının böyük oğludur. Qarabağdan pərvazlanan bu parlaq sima millətinə və ölkəsinə elə bir əbədi şöhrət gətirdi ki, ziyası Günəş kimi əbədi işıq saçmaqdadır.

60 ildən çoxdur ki, Üzeyir Hacıbəyli haqq dünyasına qovuşub. Amma bu uzun illər ərzində onun unudulduğu, yaddan çıxdığı an belə, olmayıb. Təkcə Azərbaycanda deyil, dünyanın çox yerində Üzeyir bəyin musiqisi səslənir, sevilir, insanlar tərəfindən məhəbbətlə qarşılanır. Ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi bəstəkar da məhz Üzeyir bəy idi.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi də məşhurdur. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəylinin 103 il bundan öncə tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olmuş, Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış etmişlər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda H.Z.Tağıyevin teatrında olmuşdur.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyni adlı poeması əsasında yaranmış "Leyli və Məcnun" yalnız ilk Azərbaycan operası deyil, həm də Şərqin ilk operasıdır. Bu gün biz fəxr edirik ki, qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. Bu şərəfli salnamədə ilk ad 22 yaşlı bəstəkar Üzeyir Hacıbəylinin ölməz ismidir.

İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşidbanu", "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) kimi milli operalar yazdı.

Üzeyir Hacıbəyli yaradıcılığının kulminasiya mərhələsi "Koroğlu" operası ilə başladı. "Koroğlu" təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən birinə çevrildi. Beş pərdədən ibarət olan bu operanın libretto müəllifləri H.İsmayılov və Ordubadidir. Burada bir məsələni də qeyd edək ki, Üzeyir Hacıbəyli yalnız bu operanın librettosunu özü yazmamışdır.

"Koroğlu"nun ilk tamaşası 1937-ci il aprelin 30-da olmuşdur. Bu, elə bir dövr idi ki, Azərbaycanda repressiyalar qara caynağını hər tərəfə uzadaraq millətin ziyasını qapatmaqla məşğul idi. Məşhur şairlər, yazıçılar, ictimai-siyasi xadimlər, bir sözlə, millətin xoş sabahları üçün fəaliyyət göstərən insanlar həbs edilərək ya uzaq Sibirə, ya da Xəzərin dibinə göndərilirdi. Belə bir zamanda xalq qəhrəmanı haqqında opera yazmağın nə demək olduğu aydındır. Zülm və işgəncələr içində boy göstərmək, cəsarətli addım atmaq, millətə və torpağa, vətənə xidmət etmək Üzeyir Hacıbəylinin qanında idi. O, ilk qələm təcrübəsindən başlayaraq nadanlığın, işgəncənin, ölümün içindən gələcəyə, ümidli sabahlara boylanırdı. Onu bu yoldan heç nə sapdıra bilmirdi. Bəzən də bu cəsarəti onu, həqiqətən, qara tufanların torundan xilas edirdi. "Koroğlu" operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilmişdir. Bir təzada fikir verin: Üzeyir Hacıbəyli Stalin rejiminin ən ağır zamanında - 1941-ci ildə onun adını daşıyan mükafata layiq görülüb.

Üzeyir Hacıbəylinin "Füruzə" adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında "Füruzə"nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad"dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olmuşdur. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış etmişlər.

Müəllifin ikinci musiqili komediyası "O olmasın, bu olsun"dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olmuşdur. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq Qafqazyanı ölkələrdə, eləcə də Türkiyədə, Bolqarıstanda, Yəməndə və digər məmləkətlərdə tamaşaya qoyulmuşdur.

Dahi bəstəkarın üçüncü və sonuncu musiqili komediyası "Arşın mal alan"dır. Sankt-Peterburq Konservatoriyasında təhsil aldığı ildə (1913) Üzeyir Hacıbəyovun yazdığı bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilmiş, 100-dən çox teatrın səhnəsində oynanılmışdır. "Arşın mal alan" beş dəfə ekranlaşdırılmış, dəfələrlə qrammofon valına yazılmışdır. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilmişdi. Bu, səssiz film olub.

İkinci dəfə 1917-ci ildə Sankt-Peterburqdan gəlmiş Q.Beyyatov "Arşın mal alan"ı yenidən ekranlaşdırmışdı. Lakin o bu işi görərkən nə müəllifdən icazə almış, nə də onunla məsləhətləşmişdi. Bu səbəbdən də cəmi iki gün nümayiş etdirilən film ekrana buraxılmamışdır.

Üçüncü dəfə isə 1937-ci ildə ABŞ-da yaşayan rejissor R.Mamulyan adlı birisi "Arşın mal alan"ı Üzeyir Hacıbəylidən icazə almadan, ekranlaşdırmış və hətta filmdə Azərbaycan bəstəkarının adını belə, göstərməmişdir (ermənilər görün nə vaxtdan milli və mədəni sərvətlərimizə göz dikiblər - F.X.).

Dördüncü dəfə "Arşın mal alan" 1945-ci ildə Bakı kinostudiyasında ekranlaşdırılmış və bu musiqili film də dünyada geniş şöhrət qazanmışdır. Baş rolda Rəşid Behbudov çəkilib.

1965-ci ildə isə "Arşın mal alan" musiqili komediyası Bakıda yenidən ekranlaşdırıldı. Bu rəngli, musiqili filmin rejissoru Tofiq Tağızadə, musiqi redaktoru Fikrət Əmirov idi. Bu film uğurlu alınmışdı. Baş rolun ifaçısı Həsən Məmmədov olub.

"Arşın mal alan"ın taleyi, həqiqətən, uğurlu olub, bu gün də həmin musiqili komediyaya böyük maraq duyulmaqdadır. Bu səbəbdən də teatrların repertuarından düşməyən "Arşın mal alan" həmişəki kimi tamaşaçıları valeh etməkdədir.

Üzeyir Hacıbəylinin ədəbi irsi çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salmış, marş, kontata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərini yazmışdır. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olmuşdur. Sevinirik ki, müstəqilliyimizi qazandıqdan sonra millətimizə azadlıq şərafəti çatdıran o ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

XX əsr Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan dahi Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyətə malik idi. Tədqiqatçıların apardıqları araşdırmalar nəticəsində Hacıbəylilərin nəsil şəcərəsi ilə bağlı maraqlı faktlar aşkar edilmişdir. Bu nəslin Azərbaycan tarixində, mədəniyyətində xüsusi rolu olub. Üzeyir Hacıbəylinin məzmun və ruh etibarilə həm milli, həm də bəşəri əsərləri geniş şöhrət qazanaraq Azərbaycan musiqisini dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil etmişdir. Onun opera və operettaları müəllifinə dərin rəğbət və məhəbbət qazandırdı. Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafında Üzeyir bəydən başqa onun yaxın qohumları, qardaşları da fədakarlıq nümunəsi göstəriblər.

Görkəmli bəstəkarın həyat yoldaşı Məleykə Hacıbəyli Tiflisdə qızlar gimnaziyasında oxumuş, pedaqoji fəaliyyət göstərmişdir. 1910-cu ildə Üzeyir ilə ailə qurduqdan sonra Bakıya köçmüşdür. O, paytaxtımızda da pedaqoji fəaliyyətini davam etdirmiş, Azərbaycanda konservatoriya təşkil olunandan sonra Üzeyirin məsləhəti ilə həmin ali məktəbə daxil olmuşdur. Dahi bəstəkarımızın ölümündən sonra "Arşın mal alan" musiqili komediyasının klavirinin Bakıda, "Koroğlu" operasının klavirinin isə Moskvada nəşr olunub işıq üzü görməsində böyük əməyi və xidməti olmuşdur. Məleykə Hacıbəyli 1966-cı ildə vəfat etmişdir.

Üzeyir bəyin böyük qardaşı Zülfüqar Hacıbəyli Azərbaycanın ilk operalarından olan "Aşıq Qərib"də xalq musiqisi ilə Avropa musiqisinin vəhdətini yaratmağa çalışmışdır. Onun bir sıra librettolara - "50 yaşında cavan", "Varlı", "Evli ikən subay" və başqalarına yazdığı musiqi sadəliyi, aydınlığı və dramaturgiya baxımından seçilirdi. Zülfüqar Hacıbəyli "Almaz" filminə musiqi yazmışdır. İki operası "Nüşabə" və "Üç aşıq" yarımçıq qalmışdır.

Ceyhun Hacıbəyli Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. O, qardaşına bir çox musiqi əsərlərini yaratmaqda yaxından kömək etmiş, hətta "Leyli və Məcnun" operasının ilk tamaşasında İbn Səlam və Nofəl obrazlarını yaratmışdır. Onun ən diqqətəlayiq xidmətlərindən biri də "Azərbaycan" qəzetinin yaradılmasında göstərdiyi böyük xidmətdir. Azərbaycan Xalq Cümhuriyyətinin parlament qəzeti olan "Azərbaycan"ın ilk redaktoru məhz Ceyhun Hacıbəyli olmuşdur. Təəssüf ki, 1920-ci ildə bolşeviklərin aprel çevrilişindən sonra Fransada səfərdə olan Ceyhun Hacıbəyli vətənə qayıda bilməmiş, ömrünü mühacirətdə başa vurmuşdur.

Maestro Niyazi Üzeyir Hacıbəylinin qardaşı Zülfüqarın oğludur. Görkəmli dirijor, ictimai xadim, xalq artisti, beynəlxalq mükafatlar laureatı Niyazinin musiqiçi kimi formalaşmasında Üzeyir Hacıbəylinin güclü təsiri olmuşdur. Azərbaycan müsiqisinin inkişafında Niyazinin xidmətləri böyükdür. Dövlət simfonik orkestrinin təşkilində fəal iştirak etmiş, Azərbaycan bəstəkarlarının əsərlərində, xüsusilə də, Üzeyir Hacıbəylinin "Koroğlu" operasındakı qeyri-adi dirijorluq istedadı ona şöhrət gətirmişdir. Niyazinin dirijorluq etdiyi əsərlər Azərbaycan musiqisinin qızıl fonduna daxil edilmişdir.

Çingiz Hacıbəyli isə Zülfüqar bəyin ikinci oğludur. Azərbaycanın əməkdar incəsənət xadimi olub, dirijor idi. O, 1931-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestrində Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin rəhbərliyi ilə skripkaçı kimi fəaliyyətə başlamışdır. Onun yaradıcılıq fəaliyyəti əsasən Azərbaycan Musiqili Komediya Teatrı, Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin simfonik orkestri, Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə bağlı olmuşdur. 1938-ci ildən 1953-cü illərə qədər baş dirijor kimi çalışan Çingiz Hacıbəyli ömrünün sonunadək əmisinin adını daşıyan dövlət simfonik orkestrinə dirijorluq etmişdir.

Soltan Hacıbəyli Üzeyir Hacıbəylinin əmisi oğlu İsmayılın övladıdır. Görkəmli Azərbaycan bəstəkarlarından biridir. Onun musiqiçi kimi formalaşmasında Üzeyir Hacıbəylinin böyük rolu olmuşdur. Soltan müəllimin bəstəkarlıq sənətini seçməsinə də məhz Üzeyir bəyin böyük təsiri var idi. Çünki Soltan Hacıbəyli uzun illər məhz Üzeyir bəyin evində yaşamışdır. O, məşhur "Karvan" simfonik əsərini Üzeyir Hacıbəyliyə həsr etmişdir. Soltan Hacıbəyli "Gülşən" baletinin, "İsgəndər və Çoban" operasının, eləcə də bir neçə simfoniya, uvertüra, mahnı, romans və digər musiqi əsərlərinin müəllifidir.

Osman İsmayıl oğlu Hacıbəyli isə 1924-cü ildə Şuşa şəhərində anadan olub. Soltan Hacıbəylinin qardaşıdır. Milli teatrın inkişafında özünəməxsus xidmətləri var. Ömrünün 40 ilini Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına bağlayan Osman Hacıbəyli burada 100-dən çox rol yaratmışdır. 1969-cu ildə əməkdar artist fəxri adına layiq görülmüş Osman Hacıbəyli komik rolları ilə xüsusi diqqət çəkərdi. O, 1979-cu ildə vəfat edib.

İsmayıl Hacıbəyli Soltan bəyin oğludur. Əməkdar mədəniyyət və incəsənət xadimidir. Bəstəkarlar İttifaqının üzvüdür. Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri var idi. Uzun illər musiqi kadrlarının yetişməsində böyük əmək sərf edib.

Şuşasız qalmış şuşalı Hacıbəylilərin xoş sorağı indi məmləkətlər dolaşır. Fransadan vətənə dönə bilməyən Cehun Hacıbəylinin nəvə və nəticələri, nəhayət, Bakıya gəlir, amma Şuşaya gedə bilmirlər. Bir vaxt Şuşa Hacıbəylilərsiz darıxardı, indi də Hacıbəylilər Şuşasız qalıb. Türkün səbri də böyük olur, savaşı da. Bütün şuşalılar kimi Hacıbəylilərin də doğma yurda qayıdacağı o müqəddəs gün mütləq olacaq!

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. Onun 1945-ci ildə nəşr edilmiş "Azərbaycan xalq musiqisinin əsasları" adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim kimi mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir.

Üzeyir Hacıbəyli 1948-ci ilin noyabrında 63 yaşında dünyasını dəyişib. O hüznlü günlərin şahidləri öz xatirələrində yazırlar ki, Bakıda o vaxta qədər elə dəfn mərasimi olmamışdı. Bütün Azərbaycan böyükdən-uşağa kimi göz yaşları içərisində millətin böyük oğlunu son mənzilə yola salırdı. Sanki o gün millətin hamısı paytaxta yığışmışdı. Dahi sənətkarın vəfatından illər keçsə də, o, həmişə qəlbimizdə yaşamaqdadır.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2011.-18 sentyabr.-S.11.