Azərbaycanlı pianoçu Bolqarıstanda keçirilmiş beynəlxalq festivalın qalibi olmuşdur

 

 Azərbaycanlı pianoçu Rauf Qasımov və onun türkiyəli tələbəsi Görsev Təpə Bolqarıstanın Dopriç şəhərində keçirilmiş XVI Beynəlxalq "Gənc istedadlar və müəllimlər" festivalının qalibi olmuşlar.

AzərTAc Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ, Almaniya, Çin, Bolqarıstan, Koreya Respublikası və Rusiyadan 16 iştirakçının qatıldığı festivalda  həmyerlimiz tələbəsi ilə birgə "dörd əl" yarışmasında birinci olmuş, G.Təpənin solo ifası isə ikinci yerə layiq görülmüşdür.

Aparıcı mədəniyyət xadimlərinin daxil olduqları peşəkar münsiflər heyəti müəllim-tələbənin məharətini yüksək qiymətləndirmişlər.

Müsabiqənin məqsədi Avropa ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsi, gənc nəslin yaradıcı potensialının daha da inkişaf etdirilməsidir.

 

 

Azərbaycan.-2011.-18 sentyabr.-S.11.