Prezident İlham Əliyev Bakıda Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin açılışında iştirak etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Bakıda Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Məktəbin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.

Azərbaycan Prezidenti musiqi məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verdi ki, 1937-ci ildə yaradılmış 8 nömrəli musiqi məktəbi 2 min 580 kvadratmetr sahədə yerləşir. 1963-cü ildə bu binaya köçən musiqi məktəbinə 1989-cu ildə dünya şöhrətli bəstəkar Qara Qarayevin adı verilmişdir. Musiqi məktəbinin fəaliyyət göstərdiyi bina yararsız vəziyyətə düşdüyündən ötən ilin mayında burada yenidənqurma işlərinə başlanılmışdır.

Prezident İlham Əliyev dördmərtəbəli binanın birinci mərtəbəsində yaradılmış muzeylə tanış oldu. Bildirildi ki, "Azərbaycanın mədəniyyət siyasəti" adlandırılan muzey dörd mövzuya ayrılmışdır. Burada yaradılmış stendlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ölkəmizdə milli musiqimizin inkişafındakı xidmətlərini, onların mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, eləcə də görkəmli bəstəkar Qara Qarayevin yaradıcılıq uğurlarını əks etdirən fotoşəkillər nümayiş etdirilir. Məktəbin foyesində dahi bəstəkarın barelyefi yaradılmışdır. Foyedə quraşdırılmış lövhələrdə Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülmüş gənc istedadların şəkilləri yer almışdır.

Qeyd olundu ki, musiqi məktəbində təhsil alan 410 şagirdə 98 müəllim dərs deyir. Burada fortepiano, skripka, violonçel, klarnet, fleyta, faqot, zərb alətləri, tar, kamança, qarmon, nağara, saz və vokal sinifləri fəaliyyət göstərir. Bütün siniflər yeni musiqi alətləri ilə təmin edilmişdir. Məktəb üçün alınan pianoların əksəriyyəti Qəbələdəki "Beltman" piano zavodunun istehsalıdır. Məktəbdəki 40 yerlik kiçik zal əsasən, imtahanların keçirilməsi üçün nəzərdə tutulmuşdur.

İkinci mərtəbədə yaradılmış nəzəriyyə sinfi ilə tanışlıq zamanı bildirildi ki, musiqi məktəbləri arasında ilk dəfə olaraq burada quraşdırılmış interaktiv lövhə dərslərin yüksək səviyyədə keçilməsinə, notların yazılmasına, alətlərdən istifadə qaydalarının öyrənilməsinə imkan verəcəkdir. Bildirildi ki, hazırda Azərbaycandakı 186 musiqi məktəbinin 38-i paytaxtda yerləşir.

Binanın üçüncü mərtəbəsində yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada geyim, qrim və sinif otaqları fəaliyyət göstərir.

Prezident İlham Əliyev dördüncü mərtəbədə binanın əvvəlki və hazırkı vəziyyətini, burada aparılan tikinti işlərinin gedişini əks etdirən fotostendə baxdı, 160 yerlik konsert zalı ilə tanış oldu. Bildirildi ki, ən müasir avadanlıqla təchiz olunmuş, kompyuterləşdirilmiş zalda yenidənqurma işləri zamanı akustikaya xüsusi diqqət yetirilmiş, müasir işıqlandırma sistemi qurulmuşdur.

Dövlətimizin başçısı konsert zalında Prezident təqaüdçüsü Nərgiz Hüseynovanın ifasında Qara Qarayevin əsərlərini dinlədi.

Bildirildi ki, məktəbdəki yeniliklərdən biri də burada səsyazma studiyasının qurulmasıdır. Bundan başqa, burada yeməkxana və tibb məntəqəsi də yaradılmışdır. Zirzəmidə dekorasiya və səhnə geyimləri üçün anbar və musiqi alətləri üçün emalatxana vardır.

Prezident İlham Əliyev məktəbin eyvanından ətrafı seyr etdi.

Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, kollektivə uğurlar arzuladı.                

 

 

AzərTAc

 

Azərbaycan.-2011.-20 sentyabr.-S.1.