Prezident İlham Əliyev Bakıda görkəmli bəstəkar Fikrət Əmirovun abidəsinin açılışında iştirak etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Bakının mərkəzində xalqımızın görkəmli bəstəkarı, SSRİ-nin və Azərbaycanın xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Fikrət Əmirovun xatirəsinə ucaldılmış abidənin açılışında iştirak etmişdir.

Azərbaycan musiqi ictimaiyyətinin tanınmış nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyevə məlumat verildi ki, müəllifi əməkdar rəssam Namiq Dadaşov olan abidənin ətrafı tamamilə abadlaşdırılmış, burada yeni park salınmışdır.   

Dövlətimizin başçısı abidənin üzərindəki örtüyü götürdü.

Prezident İlham Əliyev abidənin önünə gül dəstəsi qoydu.

Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin korifeylərindən olan Fikrət Əmirov zəngin yaradıcılığı ilə musiqimizin inkişafında yeni mərhələ açmış, mədəniyyətimizi dünya miqyasında tanıtmışdır. Onun yaratdığı əsərlər dünya musiqi mədəniyyəti xəzinəsinə daxil olmuşdur.

Fikrət  Əmirovun yaradıcılığı geniş və çoxşaxəlidir. Bəstəkarın sənət sahəsində xidmətləri daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir.

Sonra dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad BƏDƏLBƏYLİ mərasimdə çıxış edərək Fikrət Əmirov yaradıcılığından, onun mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən danışdı. O, ulu öndər Heydər Əliyevin tanınmış bəstəkara və onun əsərlərinə verdiyi böyük dəyərdən bəhs edərək dedi:

-Yadımdadır, bir dəfə Mstislav Rostropoviç buraya gələndə ulu öndər konsertdən sonra bizi yığıb musiqi haqqında söhbət aparırdı. Onun Fikrət Əmirov haqqında çox maraqlı tövsiyələri var idi. O, bizə deyirdi ki, mən "Azərbaycan kapriççiosu"nu eşidəndə elə bil mənim gözlərim önündə bütün Azərbaycan - dağlar, meşələr, çaylar, göllər, insanlar canlanır. Yəni mən bu əsərdə bütün Azərbaycanı hiss edirəm. Doğrudan da, "Azərbaycan kapriççosu" ən sevimli əsərlərdən biri idi. Biz onu eşidəndə finalda ulu öndəri hiss edirik. Bu, çox əzəmətli bir əsərdir. Bu, bəlkə də Azərbaycanın vizit kartı idi. Yadımdadır, mən hələ onda cavan idim, ulu öndər Qara Qarayevə, Niyaziyə, Fikrət Əmirova, Rəşid Behbudova  nə qədər diqqət yetirirdi. Sovetlər vaxtında balaca bir ölkədə musiqi sahəsində dörd nəfərin Sosialist  Əməyi Qəhrəmanı adını qazanması çox çətin idi. Amma Azərbaycanda dörd nəhəng insan - Qara Qarayev, Rəşid, Fikrət, Niyazi qəhrəman idi. Bu hamısı, əlbəttə, böyük ulu öndərin siyasəti sayəsində mümkün olmuşdu.

Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Fərhad Bədəlbəyli dahi bəstəkar Fikrət Əmirova göstərilən diqqəti musiqimizə, bütövlükdə mədəniyyətimizə göstərilən böyük qayğı adlandıraraq bildirdi:

- Bu il bizim üçün çox önəmli ildir. Bu il Bakı Musiqi Akademiyasının 90 illiyidir. Əlbəttə, bu, böyük bir fəxrdir ki, dahi bəstəkar Fikrət Əmirov məhz bizim konservatoriyanın yetirməsidir. Üzeyir bəyin ən sevimli və ən istedadlı şagirdlərindən biri idi. Fəxr edirik ki, Fikrət Əmirovun bu əsəri hər gün Afinada, Londonda, Berlində, Vilnüsdə, İtaliyada, hər yerdə səslənir. Qoy o gün olsun ki, Fikrət Əmirovun "Azərbaycan kapriççiosu"na Sizinlə birliklə bir yerdə Şuşada - Cıdır düzündə qulaq asaq.

 

* * *

 

SSRİ xalq artisti, "Sevil" operasında Sevilin partiyasının ilk ifaçısı Firəngiz ƏHMƏDOVA Fikrət Əmirova abidə qoyulmasını dövlətimiz tərəfindən Azərbaycan mədəniyyətinə verilən növbəti hədiyyə kimi qiymətləndirərək dedi:

- Fikrət Əmirovun bu gözəl abidəsi hamımızı sevindirir. Fikrət Əmirov böyük şəxsiyyət, böyük bəstəkar idi. Hələ çox illər bundan qabaq ABŞ-da onun "Kürd ovşarı" və "Şur" muğam simfoniyaları bütün dünyada tanınan dirijor Stakovskinin rəhbərliyi altında səslənmişdir. Bundan başqa, Fikrət Əmirovun muğam əsərləri, simfonik əsərləri dünyanın çox ölkələrində indi də səslənir. Bilirsiniz, mənim üçün bu gün elə bayramdır ki, ürəyimdəki sözlərin hamısını deyə bilmirəm. Ancaq mən ölkəmizin rəhbərliyinə, şəxsən hörmətli Prezidentimizə, çox istəkli birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirmək istəyirəm ki, onlar bizim mədəniyyətə, musiqiyə böyük qayğı göstərirlər. Çox sağ olun.

 

* * *

 

Görkəmli bəstəkar Fikrət Əmirovun oğlu Cəmil ƏMİROV atasının xatirəsinə göstərilən ehtirama görə Prezident İlham Əliyevə ailə üzvləri adından təşəkkür edərək dedi:

- Bu əlamətdar gündə mən Fikrət Əmirovun ailəsi adından onun xatirəsini yad edən, onun adını uca tutan hər bir kəsə dərin təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm. Bilirsiniz ki, bəstəkarın xatirəsi daim yad edilir. Onun yaradıcılıq irsi Azərbaycan musiqisinin yüksək rəmzi kimi dünyanın hər bir guşəsində layiqincə təqdim olunur. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, bu gündən sonra F.Əmirovun siması Bakının ən gözəl guşələrindən birində seyr ediləcək, yad olunacaqdır. Düşünürəm ki, bu abidənin ucaldılması, Azərbaycan rəhbərliyinin və şəxsən möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin mədəniyyətimizə həssas duyğusunun ifadəsidir. Bu diqqətə və qayğıya görə ailəmiz adından və şəxsən öz adımdan Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

 

Sağ olun.         

 

* * *

 

Sonda xatirə şəkli çəkdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.-2011.-20 sentyabr.-S.2.