Azərbaycan Prezidenti
İlham Əliyevin
çıxışı
- Hörmətli xanımlar və cənablar,
əziz dostlar!
Bu gün çox əlamətdar bir
gündür. Biz şəhərin mərkəzində
böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun
abidəsinin açılışına
toplaşmışıq. Bu gözəl hadisə münasibətilə
sizin hamınızı ürəkdən təbrik edirəm.
Bu abidənin açılışı
onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan
dövləti öz görkəmli şəxsiyyətlərinin
xatirəsinə böyük hörmətlə yanaşır.
Fikrət Əmirov Azərbaycan xalqının sevimli bəstəkarıdır.
O, öz xalqına çox bağlı olan insan idi. Onun əsərləri
- həm klassik əsərləri, həm mahnıları
göstərir ki, bu insanda milli duyğular nə qədər
yüksək səviyyədə idi.
Bildiyiniz kimi, Fikrət Əmirov simfonik
muğam janrının müəllifi, onun
yaradıcısı idi. Muğam milli sərvətimizdir. Muğam
milli şüurumuz, milli ruhumuzdur. Bu gün müstəqil Azərbaycan,
əlbəttə ki, milli irsini qorumağa qadirdir. O dövrdə
- sovet dövründə simfonik muğam janrının
yaradıcısı kimi Fikrət Əmirov həm öz
yaradıcı axtarışının nəticələrini
görmüşdü, eyni zamanda, doğma xalqına, xalq mədəniyyətinə
olan duyğular bu gözəl janrı yaratmağı ona nəsib
etmişdir.
Bu gün muğam YUNESKO-nun qeyri-maddi mədəni
irs siyahısına daxil edilmişdir. Artıq Azərbaycan
dünyada muğamın vətəni kimi tanınır.
Ölkəmizdə keçirilən muğam festivalları,
muğam müsabiqələri bütün dünyaya göstərir
ki, muğamın vətəni Azərbaycandır.
Fikrət Əmirov, eyni zamanda,
böyük əsərlərin müəllifi idi.
"Sevil" operası, "Nəsimi", "Nizami"
baletləri ona həm Azərbaycanda, həm Sovet
İttifaqı məkanında böyük şöhrət qazandırmışdır.
"Min bir gecə" baleti isə ona dünya şöhrəti
qazandırmışdır. "Min bir gecə" baleti bu
gün dünyanın müxtəlif ölkələrinin
şəhərlərində nümayiş etdirilir. "Min
bir gecə" baleti 1981-ci ildə Moskvada Kreml sarayında
böyük təntənə ilə səhnəyə qoyulmuşdur.
Mən o günü yaxşı xatırlayıram. O gün həm
Fikrət Əmirovun istedadının, musiqisinin, eyni zamanda, Azərbaycan
musiqisinin təntənəsi günü idi.
Bilirsiniz ki, ulu öndər Heydər Əliyev Fikrət Əmirovun
fəaliyyətinə, onun şəxsiyyətinə
böyük hörmətlə
yanaşırdı. Onları dostluq əlaqələri
bağlayırdı. Bəzi hallarda
onların görüşlərini mən də kənardan
müşahidə edirdim və görürdüm ki, bu insanlar arasında nə
qədər səmimi münasibətlər vardır. O vaxt Sovet
İttifaqının ən böyük
mükafatı - "Sosialist Əməyi
Qəhrəmanı" adı da Fikrət
Əmirova sovet dövləti tərəfindən
Heydər Əliyevin təşəbbüsü ilə verilmişdi.
Fikrət Əmirov
bütün ömrü,
bütün yaradıcılığı
ilə Azərbaycan xalqına xidmət edirdi.
Bir daha demək istəyirəm
ki, onda çox böyük vətənpərvərlik
duyğuları var idi.
Baxmayaraq ki, yenə də
deyirəm, o vaxt Azərbaycan
müstəqil deyildi və ölkəmizin
incəsənətini, Azərbaycan xalqının nə qədər
istedadlı olduğunu biz
ancaq incəsənət vasitələri
ilə nümayiş etdirə bilərdik.
Bu gün Azərbaycan,
əlbəttə, müstəqil dövlətdir və
müstəqil dövlət kimi uğurla inkişaf edir, yaşayır, özünü
tanıtdıra bilmişdir. O illərdə
- sovet dövründə biz
Azərbaycan xalqının nə qədər istedadlı olduğunu dünyaya ancaq bu yollarla
- incəsənətlə, musiqi ilə, ədəbiyyatla
nümayiş etdirə bilirdik.
Azərbaycan xalqının nə qədər istedadlı olduğunu bilmək üçün
təkcə musiqimizə qulaq asmaq kifayətdir.
Azərbaycan
xalqı haqlı olaraq fəxr edir ki, onun
Fikrət Əmirov kimi böyük
bəstəkarları olmuşdur və
vardır. Çünki onun
əsərləri bu gün
də yaşayır. Fikrət Əmirov həyatdan tez getdi. Otuz
ilə yaxındır ki, o,
bizim aramızda deyildir.
Ancaq onun əsərləri yaşayır. Onun xatirəsi onu
tanıyanların qəlbində yaşayır. Onun əsərləri isə hər bir Azərbaycan vətəndaşının
ürəyində yaşayır. Çünki
bu ölməz əsərlər doğrudan da, ən böyük qiymətə layiqdir
və ən böyük qiyməti məhz
zaman vermişdir. Əgər
bu əsərlər bu
gün də aktualdır, bu
gün də böyük
maraq doğurursa, deməli,
doğrudan da bu əsərlər bundan sonra da yaşayacaqdır və
bu əsərlər ölməzdir.
Dünən Azərbaycanda
Musiqi günü qeyd edilmişdir və bir daha görürük
ki, bizim nə qədər
zəngin musiqi mədəniyyətimiz
vardır - həm klassik əsərlər,
həm bəstəkarların əsərləri, həm milli musiqimiz. Bizim musiqimiz bizim milli sərvətimizdir.
Biz musiqi irsimizi həm qorumalıyıq, həm musiqimizi inkişaf etdirmək,
yeni gənc musiqiçilərin uğurlu fəaliyyəti üçün
daha da böyük
işlər görməliyik.
Bu gün buraya gəlməzdən əvvəl biz Qara Qarayevin
adını daşıyan musiqi məktəbinin
əsaslı təmirdən sonra
açılışını da qeyd etdik. Çox
gözəl məktəbdir. Həm məktəbin sahəsi iki dəfədən artıq böyükdür,
həm də orada bütün
gözəl avadanlıq, musiqi alətləri
vardır. Əlbəttə, belə musiqi
məktəblərinin təmiri, yaradılması sayəsində
Azərbaycan musiqisi yaşayacaqdır. Azərbaycan
dövləti görkəmli şəxsiyyətlərinin xatirəsinə
həmişə çox böyük
hörmətlə yanaşır və yanaşacaqdır. Onu da qeyd
etmək istəyirəm ki, yaxın zamanlarda Azərbaycanın böyük
bəstəkarı Qara Qarayevin
də Bakı şəhərinin mərkəzində abidəsi
ucaldılacaqdır.
Bütövlükdə
mədəniyyət, incəsənət məsələlərinə
həmişə olduğu kimi,
böyük diqqət göstərilir və
göstərilməlidir. Bu, əvvəlki
dövrlərdə də elə olub. Bilirsiniz ki, ulu öndər Heydər Əliyev sənət
adamlarına daim böyük
diqqətlə yanaşırdı, onlarla daim ünsiyyətdə idi,
onların fəaliyyəti ilə maraqlanırdı. Sovet dövründə onlara
ən yüksək mükafatların verilməsində fəal
iştirak edirdi.
Müstəqillik dövründə yaradıcı
insanların fəaliyyəti üçün
çox böyük
işlər görürdü. Bu gün də bu siyasət davam etdirilir. Mən çalışıram ki, öz növbəmdə
Azərbaycan mədəniyyəti, incəsənəti, musiqi sənəti üçün
böyük işlər görmüş
insanlarla əlaqədə olum,
onlarla bir yerdə olum. Belə gözəl tədbirlərdə bir yerdə olmaq mənim üçün çox xoşdur.
Biz mədəniyyətimizlə
haqlı olaraq fəxr edirik.
Bu gün müstəqil
Azərbaycan özünü dünyada mədəni ölkə kimi təqdim edir. Bizim bütün digər sahələrdə
əldə etdiyimiz uğurlarla
bərabər, bu sahədəki uğurlar da məni
xüsusilə sevindirir. Gənclərimiz
beynəlxalq musiqi festivallarında,
müsabiqələrdə ən yüksək yerləri tuturlar. Bu gənclər
müstəqillik dövründə yetişmişlər. Bizim tanınmış bəstəkarların,
şairlərin, yazıçıların əsərləri
beynəlxalq aləmə çıxır, müxtəlif
ölkələrin səhnələrində nümayiş
etdirilir. Azərbaycan mədəniyyətini
təbliğ etmək üçün
dünyanın ən böyük
paytaxtlarında Azərbaycan günləri keçirilir.
Ölkəmizdə bir qayda
olaraq musiqi festivalları
keçirilir. Bütün
teatrlarımızda təmir işləri aparılıbdır
və bu işlər davam
etdirilir. Bütün
muzeylərdə təmir işləri aparılıbdır və
yeni muzeylər yaradılır. Müasir İncəsənət Muzeyi, Dövlət Bayrağı Muzeyi yaradılmışdır. İstiqlal Muzeyinin
yaradılması ilə bağlı işlər gedir. Qədim tariximizi əks
etdirən Qala Arxeoloji-Etnoqrafik
Muzeyi fəaliyyətə
başlamışdır. Yəni bizim doğrudan da çox zəngin tariximiz
və çox böyük
mədəniyyətimiz vardır. Biz
çalışırıq ki, bu gözəl nümunələri həm
ölkə vətəndaşlarına, həm beynəlxalq
ictimaiyyətə göstərək. Əminəm ki, biz bundan
sonra da həm mövcud olan mədəni
irsimizin təbliğində daha da ardıcıl
işlər aparacağıq və ən önəmlisi isə,
gənc nəslin bu sahəyə diqqət
yetirməsi üçün Azərbaycan
dövləti əlavə tədbirlər görəcəkdir.
Mən çox şadam ki, gənclərimiz milli
musiqiyə çox böyük
maraq göstərirlər. Çünki
indiki zəmanədə, qloballaşan
dünyada, bilirsiniz, bəzi
hallarda gənclər doğma
olmayan musiqiyə daha çox üstünlük
verirlər. Azərbaycanda isə biz bunun əksini görürük.
Gənclərimiz milli ruhda
böyüməlidirlər. Bizim gözəl
musiqi əsərlərimiz onlar
üçün tanış
olmalıdır. Əlbəttə, sizin -
görkəmli mədəniyyət xadimlərinin işi və bu sahədəki
fəaliyyəti çox böyük
əhəmiyyətə malikdir.
Mən çox şadam ki, gənclərimiz muğam
sənətinə çox böyük həvəslə
yanaşırlar. Hətta estradamızda da
milli motivlər, milli
təranələr üstünlük təşkil
edir. Biz bunu qorumalıyıq, saxlamalıyıq. Çünki hər bir
xalqın milli mənliyinin qorunması üçün onun mədəniyyəti,
incəsənəti, musiqisi, dili və tarixi
başlıca rol oynayır. Biz onilliklər, yüzilliklər ərzində
başqa ölkələrin,
imperiyaların tərkibində yaşamışıq, ancaq milli mənliyimizi saxlaya bilmişik, həmçinin
incəsənət, ədəbiyyat, musiqi
sahəsində. Gələcək nəsillər üçün də bu,
bir örnəkdir.
Bu gün müstəqil
Azərbaycan bütün sahələrdə
öz imkanlarını dünyaya
təqdim edir. Bizim böyük musiqi sənətimiz
təqdirəlayiqdir. Mən çox şadam ki, dünyada Azərbaycan musiqisi
tanınır.
Fikrət Əmirov
böyük bəstəkar, gözəl insan, ziyalı insan idi. Onun adı əbədiləşdirilib.
Bakıda, Gəncədə, Sumqayıtda onun
adını daşıyan yerlər, musiqi
məktəbləri vardır. Gəncə Filarmoniyası,
Dövlət mahnı və rəqs ansamblı onun
adını daşıyır. Bax, bu küçə Fikrət Əmirovun
adını daşıyır. Bu gün isə Fikrət Əmirovun abidəsi
açılır. Bir daha
mən sizin hamınızı, Fikrət Əmirovun
ailəsini, bütün musiqi
ictimaiyyətini bu gözəl hadisə
münasibətilə təbrik edirəm. Sağ
olun!
Azərbaycan.-2011.-20
sentyabr.-S.2.