«İlham Əliyev.
İnkişaf - məqsədimizdir» çoxcildliyinin yeddinci
cildi çapdan çıxmışdır
"Ölkəmiz
müxtəlif istqamətlərdə çox böyük
uğurlar əldə etmişdir. 1993-cü ildən bu günə
qədər ölkəmizdə hökm sürən
ictimai-siyasi sabitlik, asayiş bizim iqtisadi nailiyyətlərimizin
əsas səbəblərindən biridir. Tarixdən bəllidir
ki, sabitlik hər bir inkişafın təməlidir. O ölkədə
ki sabitlik yoxdur, orada iqtisadi, yaxud hansısa başqa istiqamətdə inkişafdan söhbət gedə
bilməz. Azərbaycanın müasir tarixi buna əyani sübutdur".
AzərTAc xəbər verir ki, bu sözlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
yenicə çapdan çıxmış "İnkişaf
- məqsədimizdir" çoxcildliyinin 7-ci cildindən,
"Prezident Heydər Əliyev" tankerinin istismara verilməsinə
həsr olunmuş mərasimindəki nitqindən
götürülmüşdür.
Nəşrin buraxılışına məsul
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyevdir.
Bakıda "Prezident Heydər Əliyev"
tankerinin istismara verilməsinə həsr olunmuş mərasimdə
Prezident İlham Əliyevin nitqi ilə açılan bu cilddə
ulu öndər Heydər Əliyev tərəfindən təməli
qoyulmuş siyasətə, müstəqil Azərbaycan dövlətinin
daha da qüdrətləndirilməsi üçün
aparılan siyasi və iqtisadi islahatlara, dost və qonşu
ölkələr arasında bütün sahələrdə
qarşılıqlı faydalı əlaqələrin daha da
möhkəmləndirilməsi və genişləndirilməsinə
dair materiallar - nitqlər, çıxışlar, bəyanatlar,
müsahibələr, məktublar, məruzələr,
müraciətlər, fərmanlar əksini
tapmışdır. Kitabda dövlət
başçısının Azərbaycanın daha da
inkişaf etdirilməsinə, insanların sosial həyat şəraitinin
yaxşılaşmasına, ölkəmizin iqtisadi və siyasi
cəhətdən daha müasir
dövlətə çevrilməsinə, xüsusilə neft və
qaz yataqlarının işlənməsi ilə yanaşı,
iqtisadiyyatın digər sahələrinə sərmayələrin
cəlb edilməsinə, mədəniyyət ocaqlarının
yenidən qurulmasına aid çıxışları, nitqləri,
ayrı-ayrı dövlət və hökumət
başçılarına məktubları
toplanmışdır. Bu materiallar 2004-cü ilin noyabrından 2005-ci ilin yanvarınadək olan dövrü əhatə edir.
Həmçinin cilddə Qətər
Dövlətinə rəsmi
səfəri zamanı
iki ölkə arasında iqtisadi-siyasi və digər sahələrdə əlaqələrin
möhkəmlənməsi, gələcəkdə münasibətlərin
genişləndirilməsi üçün
bütün imkanlardan
istifadə olunmasından
bəhs edən materiallar da öz əksini tapmışdır.
Prezidentin Böyük
Britaniyaya səfəri
zamanı tanınmış
dövlət xadimləri
ilə görüşlərində
söylədiyi nitqlər,
"Azərbaycanda ticarət
və sərmayə"
konfransında çıxışı,
kütləvi informasiya
vasitələrinə verdiyi
müsahibələr və
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ probleminə
dair bəyanatları da bu cildin
əsas mövzularından
birini təşkil etmişdir.
Yeni cilddə Prezident İlham Əliyevin dünyanın görkəmli
dövlət və hökumət başçılarına,
beynəlxalq təşkilatlara,
məşhur şəxsiyyətlərə
məktubları, xarici
nümayəndə heyətləri
ilə görüşləri
zamanı apardığı
söhbətlərin mətni
yer almışdır.
Burada, həmçinin
Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramının
icrası ilə əlaqədar respublikanın
cənub bölgəsinə,
eləcə də Siyəzən rayonuna səfəri zamanı əhali ilə görüşlərində Azərbaycanın
sürətli inkişafına,
xalqımızın rifahı
və tərəqqisi
naminə aparılan geniş iqtisadi və siyasi islahatlara həsr olunmuş çıxış
və nitqləri də verilmişdir.
Daim Azərbaycanda elmə,
təhsilə, mədəniyyətə,
incəsənətə yüksək
dəyər verən Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü
işlər nəşrin
yeddinci cildində bir daha öz
əksini tapmışdır. Burada ölkə başçısının Azərbaycan
Milli Elmlər Akademiyasının Azərbaycan
Tarixi və Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyləri
ilə tanışlıq
zamanı söylədiyi
qiymətli fikirlərdə
xalqımızın milli
mənəvi dəyərlərinə
olan sonsuz sevgi bir daha özünü
göstərir.
Kitaba "Qeydlər", "Şəxsi
adlar göstəricisi",
"Coğrafi adlar göstəricisi" də
daxil edilmişdir.
"Azərnəşr" tərəfindən
buraxılmış cildin hazırlanmasında Azərbaycan
Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın)
materiallarından istifadə olunmuşdur.
Azərbaycan.-2011.-20
sentyabr.-S.3.