Qəlbimiz sevinclə doludur

 

Dövlət başçısına minnətdarlıq

 

 Ölkə başçısı cənab İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri adlar verilib. Qürur və fərəh duyuram ki, bu siyahıda mənim də adım var. Rəhbərlik etdiyim "Xarı bülbül" muğam qrupunun digər bir üzvü, balabançı Şirzad Fətəliyev və mən "Əməkdar artist" fəxri adına layiq görülmüşük.

Sənətə gəldiyimiz gündən Azərbaycan musiqisinin yüksək səviyyədə ifaçılığına və təbliğinə çalışırıq. Bizim müşayiətimizlə respublikanın çox tanınmış ustad sənətkarları muğamxalq mahnılarımızı dövlət tədbirlərində, xarici ölkələrdə keçirilən mədəniyyət günlərində, festival və müsabiqələrdə ləyaqətlə ifa ediblər. Həm musiqiçilər, həm də ifaçılar həmişə çalışıblar ki, Azərbaycanın adını uca tutsunlar. Məqsədimiz bir olub: ölkəmizi ləyaqətlə təmsil edək.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidməti və təşəbbüsü sayəsində Azərbaycan muğamları bu gün dünyanı fəth etməkdədir. Qürur və fərəh duyuram ki, bu milli sərvətimizin xalqlara, millətlərə, musiqisevərlərə çatdırılmasında bizim də əməyimiz var. Zəhmətimizə verilən yüksək qiymət bizim məsuliyyətimizi daha da artırır. Bu inam və təltifə görə Prezident İlham Əliyevə sonsuz minnətdarlığımızı bildirir, ürəkdən təşəkkür edirik. Nə qədər ki ürəyimin üstündə tar, əlimdə mizrab var, vətənimə, xalqıma, milli mədəniyyətimizə sidq ürəklə xidmət edəcəyəm.

 

 

 Əliağa SƏDİYEV,

"Xarı bülbül" muğam qrupunun

bədii rəhbəri, tarzən

 

Azərbaycan.-2011.-20 sentyabr.-S.3.