Bahar Muradova:
«Nümayəndələr Palatasında Dağlıq
Qarabağla bağlı tədbirin keçirilməsi ABŞ-ın
rəsmi mövqeyini ifadə etmir»
"Nümayəndələr
Palatasında ermənipərəst qüvvələr tərəfindən
Dağlıq Qarabağla bağlı tədbirin keçirilməsi
ABŞ dövlətinin rəsmi mövqeyini ifadə etmir".
Trend-in məlumatına görə, bunu bazar ertəsi hakim Yeni
Azərbaycan Partiyasının rəsmi saytına Milli Məclisin
vitse-spikeri Bahar Muradova bildirib. Onun sözlərinə görə,
ABŞ Azərbaycanın ərazi bütövlüyünü
tanıdığını dəfələrlə bəyan
edib.
Bahar Muradova qeyd edib ki, ABŞ Konqresinin
Nümayəndələr Palatasının rəhbərliyinin
ermənipərəst mövqe tutması haqqında fikirlər
yeni deyil. "Nəinki Dağlıq Qarabağ, o cümlədən
dəfələrlə uydurma "erməni
soyqırımı" məsələsi burada daim gündəliyə
gətirilir. Bütün bunlar erməni diasporunun və erməni
maraqlarına xidmət edən dairələrin fəal
işinin nəticəsidir", - deyən vitse-spikerin sözlərinə
görə, ermənilər bu məsələnin gündəmdən
kənarda qalmamasına çalışırlar. "Və bəzən
bu kimi tədbirlərin keçirilməsinə nail olurlar.
Ancaq bu o demək deyil ki, belə tədbirlərdə səslənən
fikirlər ABŞ dövlətinin mövqeyidir. Biz ruhdan
düşməməli və öz işimizi görməliyik.
Çünki ədalət, beynəlxalq hüquq prinsipləri
bizim tərəfimizdədir. Əgər ABŞ superdövlət, supergüc
kimi beynəlxalq hüququn
prinsiplərinin bərqərar olunmasında maraqlıdırsa
və mövqeyini də
açıqlayırsa, əməlləri buna
uyğun olmalıdır. Nümayəndələr
Palatasının hər bir üzvü ilə iş aparmaq lazımdır. Diplomatlarımız,
siyasətçilərimiz, QHT-lərimiz və diasporumuz
bu işi ardıcıl
olaraq davam etdirməlidir
və həqiqət onların diqqətinə
çatdırılmalıdır", - deyə Bahar Muradova
vurğulayıb.
Azərbaycan.-2011.-20
sentyabr.-S.4.