Moskvada "Baku" jurnalının növbəti nömrəsi çapdan çıxmışdır

 

Populyar "Baku" jurnalının növbəti, sentyabr nömrəsi bu dəfə də öz oxucularını Azərbaycanın çoxşaxəli mədəniyyəti və zəngin incəsənəti haqqında maraqlı materiallarla sevindirəcəkdir.

Nəşrin baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ənənəvi redaktor sütununda çıxış edir. O, qeyd edir ki, ilin hər fəslinin öz rəngi, öz ətri və səsi vardır.

L.Əliyeva yazır: "Mənim nəzərimdə payız narıncı rəngə çalır. Bu, fantastik ləzzəti ilə seçilən qırmızı Azərbaycan şərabının, günəşin şüaları altında bərq vuran "Qızıl Əhmədi" almasının, yetişməkdə olan Göyçay narının qırmızı rəng çalarlarının bənzərsiz müxtəlifliyinin rəmzidir. Sentyabr həm də yeni moda kolleksiyalarının əlvan rəngləri deməkdir. İl ərzində müxtəlif moda evlərində hazırlanmış bütün yeni geyimlər payız kolleksiyalarında bizi sevindirəcəkdir.

İlin hər fəslinin öz ətri var. Payız fəsli təbiətin xəzan çağı ilə yanaşı, həm də yenicə çapdan çıxmış dərsliklərin və yeni teatr proqramlarının təkrarsız qoxusu ilə assosiasiya olunur. Biz qeyri-iradi olaraq yeni dərs ilinin, açılan teatr mövsümünün, payız sərgi və təqdimatlarının  çılğın ritmi ilə hesablamalı oluruq.

İlin hər fəslinin öz səs sırası var. Böyük şəhərlərin yay fəslində yaranan sakitliyi çoxumuz üçün hay-küylə əvəz olunur. Yarpaqların xışıltısı, meşənin nəfəsi, dənizin pıçıltısı, bulaqların şırıltısı əvəzinə artıq qəribsədiyimiz şəhər həyatının müxtəlif səslərini eşidirik.

Bizöz işimizə qayıtmışıq - axı payız gəlib. Yaxşıca dincəlmiş, təravətlənmiş, enerjisi aşıb-daşan, əvvəllər bizim üçün əlçatmaz görünən yeni zirvələri fəth etmək arzusu ilə qayıtmışıq. Yayda aldığımız güclü yaradıcılıq impulsu isə bütün niyyətlərimizin həyata keçirilməsində bizə kömək edəcəkdir. Əsas məsələ budur ki, bütün bunları itirməyək, payızın çiskin havası bizim öz qüvvəmizə inamımızı itirməsin. Qoy al qırmızı sentyabr meyvələrində payızın dadı qaldığı kimi, payızın rəngləri, ətirləri və ritmləri sizin qəlbinizdə uzun müddət yaşasın".

Jurnalın bu nömrəsinin üz qabığını XX əsrin görkəmli aktrisası Katrin Denevin fotoşəkli bəzəyir. Dəfələrlə Moskvada olmuş Katrin yaxın vaxtlarda həyatında ilk dəfə Bakıya gəlmiş, "Van Cleef & Arpels" evinin təşkil etdiyi sərgiyə tamaşa etmişdir. Hər iki ölkənin paytaxtlarının hər bir sakini bu aktrisanı yaxşı tanıyır. Bununla belə, Rusiyanın ən məşhur kino tənqidçilərindən biri, bu kinoulduz haqqında iki kitabın müəllifi Andrey Plaxov aktrisanın zəngin yaradıcılığı və parlaq həyatı haqqında öz təəssüratlarını oxucularla bölüşür.

Jurnalın bu nömrəsində dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin Bakıda keçirilmiş ümumdünya qurultay-konqresi haqqında materiallar və Prezident İlham Əliyevin proqram xarakterli çıxışından fraqmentlər dərc edilmişdir. Rusiya, Böyük Britaniya, ABŞ, İsrail, habelə Avropa İttifaqının üzvü olan bir sıra ölkələrin tanınmış sənətçilərini bir araya toplamış Qəbələ Musiqi festivalı haqqında, Heydər Əliyev Fondu və BMT İnkişaf Proqramı tərəfindən təşkil edilmiş "Azərbaycan əcnəbilərin gözü ilə" fotosərgisi, "Qız qalası" festivalı, dünyanın 20 ölkəsindən olan rəssamların bu festival çərçivəsində üç gün ərzində Bakının qədim rəmzi sayılan Qız qalasının maketlərini çəkməsi haqda materiallar, habelə "II Divo" adlı nadir opera kvartetinin Bakıdakı qastrollarına həsr edilmiş xüsusi reportaj diqqəti cəlb edir.

"Bakılılar" rubrikasında şairlər ailəsi Rəsul Rza və Nigar Rəfibəylinin həyat və yaradıcılığından bəhs edilir. Populyar teleaparıcı Anastasiya Çenobrovinanın "Yol qeydləri", "Qədim Lahıc dekorasiyalarında moda" adlı materiallar, habelə Azərbaycanda baş vermiş mədəniyyət hadisələri haqqında bir sıra maraqlı materiallar da diqqəti cəlb edir. Azərbaycan futbolunun 100 illiyinə həsr edilmiş xüsusi layihə çərçivəsində jurnalda Azərbaycan yığmasının məşqçisi Hans-Hubert Foqst ilə müsahibə, Azərbaycanda futbolun tarixi, habelə Araz Abdullayev və Diniyar Bilaləddinovun öz karyerası, sevimli məşğələləri və futbol haqqında müsahibələri dərc edilmişdir.

Nəhayət, ənənəvi "Dünya xronikası" rubrikasında Xəzər dənizi sahilində "Sea Breeze" musiqi gecəsi barədə bəhs edilir, vurğulanır ki, həmin gecədə "Eurovision" mahnı müsabiqəsinin Azərbaycandan olan iştirakçıları çıxış etmiş, məşhur bəstəkar və müğənni EMİN özünün yeni mahnılarını təqdim etmişdir.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.-2011.-20 sentyabr.-S.4.