«Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəstək» layihəsi uğurla başa çatdırılmışdır

 

 Sentyabrın 19-da Bakıda Litva Respublikasının Xüsusi İstintaq Xidməti ilə birgə həyata keçirilən "Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəstək" layihəsinin başa çatması ilə əlaqədar tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının üzvü Bəxtiyar Əliyev, Azərbaycan Respublikası Baş Prokurorluğunun və digər dövlət qurumlarının, beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş nümayəndəliklərinin əməkdaşları, habelə vətəndaş cəmiyyəti institutları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev tədbirdə çıxış edərək demişdir ki, bu layihə Avropa İttifaqının Şərq Tərəfdaşlığı və Qonşuluq Siyasəti proqramı çərçivəsində həyata keçirilmişdir. Avropa standartlarına uyğun şəkildə təşkilati quruluş prosesinə dəstək vermək məqsədi daşıyan layihə Tvinninq Proqramı çərçivəsində Avropa İttifaqının  ekspertləri ilə birgə hazırlanmış və 2009-cu ilin iyul ayında Avropa Komissiyası ilə həyata keçirilməsi barədə müqavilə imzalanmışdır. Əvvəlcədən 22 ay müddətinə nəzərdə tutulmuş layihə 2011-ci ilin aprel ayında başa çatmalı idi. Lakin tərəflərin qarşılıqlı razılığı əsasında 5 ay müddətinə uzadılmışdır.

Başlıca məqsədi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin və səlahiyyətlərinin təkmilləşdirilməsi olan layihə 5 əsas istiqamət - idarənin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının, idarənin korrupsiyanın qarşısının alınması sahəsində müxtəlif tərəfdaşlarla (media, QHT-lər, digər yerli və beynəlxalq əməkdaşlar ilə) qarşılıqlı əməkdaşlığının, idarə əməkdaşlarının təlim bacarıqlarının təkmilləşdirilməsi, idarə əməkdaşlarının peşəkarlığının artırılması və idarə əməkdaşlarının korrupsiya cinayətlərinə qarşı mübarizə,  beynəlxalq qurumlarla işləmək vərdişlərinin inkişaf etdirilməsi istiqamətlərində həyata keçirilmişdir.

Layihə çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində respublikamızdakı mövcud vəziyyət, eyni zamanda, qanunvericilik bazası ətraflı şərh edilmişdir. Müəyyən edilmiş cədvəl üzrə ekspertlərin ölkəmizə, həmçinin müsbət iş təcrübəsinin öyrənilməsi məqsədilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının Baltikyanı ölkələrə çoxsaylı tanışlıq səfərləri həyata keçirilmiş, layihə müddəti ərzində Litvanın Xüsusi İstintaq Xidmətinin (STT) 2 daimi məsləhətçisi idarədə fəaliyyət göstərmişdir.

Layihənin həyata keçirildiyi müddətdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə müntəzəm olaraq Litva Respublikasının Xüsusi İstintaq Xidməti (STT), Korrupsiyanın Qarşısının alınması və Mübarizə Bürosu (KNAB), habelə Avstriya və Estoniya Respublikalarının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlarına tanışlıq səfərləri həyata keçirilmişdir. İdarə əməkdaşlarının digər hüquq-mühafizə orqanları nümayəndələrinə korrupsiyaya qarşı mübarizə sahəsində təlim bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda, xarici ölkələrdə olan əmlakın müəyyən edilməsi və geri qaytarılması istiqamətlərində peşə vərdişlərinin inkişaf etdirilməsi istiqamətlərində çoxsaylı treninq və seminarlar təşkil edilmişdir.

Litva Respublikasının Xüsusi İstintaq Xidməti rəisinin birinci müavini Aydenas Karpus çıxışında layihəni yüksək qiymətləndirmiş və  bildirmişdir ki, hazırlanmış təkliflər və layihələr əsasında Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səlahiyyətləri və strukturunda əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsinə, habelə idarə əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılmasına nail olunmuşdur.

Layihə hazırda başa çatsa da, Litva Respublikasının Baş Prokurorluğu və Xüsusi İstintaq Xidməti ilə olan faydalı qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir.

Qeyd edilmişdir ki, ölkəmizin hüquq sistemi, habelə həyata keçirilmiş mütərəqqi məhkəmə hüquq islahatları ilə tanışlıq, hüquq-mühafizə orqanları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi məqsədilə  baş prokuror Zakir Qaralovun dəvəti ilə Litvanın baş prokuroru Darius Valis və Xüsusi İstintaq Xidmətinin baş direktoru Zimantas Paseviçius aprelin 26-da Bakıda səfərdə olmuşlar. Bu səfər çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi ilə Litvanın Xüsusi İstintaq Xidməti arasında Davamlı Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

 

 

Azərbaycan.-2011.-20 sentyabr.-S.4.