Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına daxil
olmuş 16 sentyabr
2011-ci il tarixli 12
saylı müraciətə baxılması barədə Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar
N 8/26
Ümid Partiyasının sədri İ.F.Ağazadə
2011-ci il sentyabrın 16-da Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyasına yazılı müraciət edərək, 20
saylı Nərimanov ikinci seçki
dairəsinin dairə seçki
komissiyası tərəfindən həmin seçki
dairəsinin ərazisində olan məntəqə seçki
komissiyaları formalaşdırılarkən deputatları Milli Məclisdə azlıq təşkil edən
siyasi partiyaların təmsilçilik
normalarının pozulduğunu bildirib, bununla bağlı
müvafiq dairə seçki
komissiyasının 19 avqust 2011-ci il tarixli 5/14 saylı qərarının
qanunsuz olması səbəbindən
ləğv olunmasını xahiş etmişdir.
Müraciət
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
112 və 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki
komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın
tələblərinə uyğun tərtib
edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində
yaradılmış ekspert qrupunun
üzvü tərəfindən nəzərdən
keçirilərək, müvafiq rəy verilmiş və Mərkəzi Seçki
Komissiyasının iclasında baxılmışdır.
Araşdırma
zamanı müəyyən olunmuşdur ki, şikayətçi İ.F.Ağazadə
dairə seçki komissiyasının müvafiq qərarından qərarın verilmə
günündən dərhal sonra məlumatlı
olmuş və 3 gün
müddətində şikayət verməli olduğu
halda,
şikayəti şikayətvermə müddətinin ötürülməsi
ilə vermişdir.
Yuxarıda
göstərilən Təlimatın 7.1-ci bəndinə əsasən
seçki komissiyaları tərəfindən
şikayət qeydə alındığından və
baxılması üçün ekspertə
təqdim edildikdən sonra ekspert
həmin şikayəti ilkin olaraq nəzərdən keçirir. Bu zaman ekspert
şikayətin Seçki Məcəlləsi
və bu Təlimatla müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə
qrup koordinatorunu məlumatlandırmaqla,
şikayətin onu təqdim edən şəxsə
qeri göndərilməsinə dair rəy verməlidir.
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin
112.1-ci maddəsinə və "Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın
4.1.2-ci
bəndinə əsasən seçki
subyektləri vətəndaşların seçki
hüquqlarını pozan qərar və hərəkətlərdən
(hərəkətsizlikdən) həmin qərarın dərc etdiyi və ya
alındığı, hərəkətin (hərəkətsizliyin)
baş verdiyi gündən
və ya maraqlı şəxsin bu haqda məlumat
aldığı gündən başlayaraq
3 gün müddətində şikayət
edə bilərlər.
Ona görə də müraciətdə
qeyd edilən qanun
pozuntuları ilə əlaqədar qanunvericiliklə müəyyən
edilmiş qaydada və
müddətdə şikayət verilmədiyindən,
müraciət mahiyyəti üzrə araşdırılmadan geri göndərilməlidir.
Yuxarıda
göstərilənləri əsas götürərək, Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə
və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın
1-ci, 2-ci, 4.1.2-ci, 6 və 7-ci bəndlərinə əsasən
qərara alır:
1. Vətəndaş
İ.F.Ağazadənin Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
16 sentyabr 2011-ci il tarixli 12 saylı müraciəti qanunvericiliklə
müəyyən olunmuş şikayətvermə
müddəti ötürülməklə verildiyindən ərizəçiyə
geri göndərilsin.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib Mikayıl
Rəhimov
19.09.2011
Azərbaycan.-2011.-20
sentyabr.-S.5.