Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 sentyabr 2011-ci il tarixli 11 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

 Qərar N 8/25

 

 28 saylı Sabunçu üçüncü seçki dairəsinin üzvü Məhərrəmov Kəramət Babaxan oğlu 16 sentyabr 2011-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən dairə seçki komissiyasının sədri tərəfindən ona komissiyanın iclaslarının keçirilməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş müddətdə məlumat verilməməsi və məntəqə seçki komissiyaları formalaşdırılarkən Ümid Partiyasının təmsilçilərinə yer verilməməsini bildirmişbununla əlaqədar dairə seçki komissiyasının müvafiq qərarının ləğv edilməsini və qanun pozuntusuna yol vermiş şəxslər barəsində tədbir görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Şikayətdə göstərilən hallar tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmış, dairə seçki komissiyasından müvafiq izahat və arayışlar alınmışdır.

Araşdırma ilə müəyyən edlmişdir ki, dairə seçki komissiyası tərəfindən məntəqə seçki komissiyaları formalaşdırılarkən dairə seçki komissiyasında parlamentdə azlıq təşkil edən siyasi partiyanı təmsil edən komissiya üzvü Məhərrəmov Kəramət Babaxan oğlu məntəqə seçki komissiyası üzvlüyünə təyin edilmək üçün namizədlərin siyahısını təqdim etməmiş, eyni zamanda dairə seçki komissiyasının həmin iclasında iştirak etməmişdir. Dairə seçki komissiyasının iclaslarının keçirilməsi barədə komissiya üzvü kimi ona məlumat verilməməsinə dair müraciətdə göstərilənlər öz təsdiqini tapmamışdır.

Araşdırma ilə dairə seçki komissiyası tərəfindən məntəqə seçki komissiyalarının təşkili zamanı Azərbaycan Respublikası Seçki Məcəlləsinin 36.2-ci maddəsinin tələblərinin pozulması müəyyən edilməmişdir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 36.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:

1. Məhərrəmov Kəramət Babaxan oğlunun 16 sentyabr 2011-ci il tarixli 11 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

 

19.09.2011

 

Azərbaycan.-2011.-20 sentyabr.-S.5.