Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına daxil
olmuş 16 sentyabr
2011-ci il tarixli 13
saylı müraciətə baxılması barədə Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar
N 8/24
Ümid Partiyasının Sumqayıt şəhər təşkilatının
sədri Rzayev Elşad
Salman oğlu 2011-ci il sentyabrın 16-da Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyasına yazılı
müraciət edərək, 41 saylı Sumqayıt birinci, 42 saylı Sumqayıt ikinci,
43 saylı Sumqayıt üçüncü və 44 saylı
Sumqayıt-Abşeron seçki dairələrinin
məntəqə seçki
komissiyalarının formalaşdırılması üçün Ümid
Partiyasının yerli təşkilatı
tərəfindən təqdim edilmiş
siyahıların qəbul olunmasından dairə seçki komissiyasının sədrləri tərəfindən
qanunsuz imtina edildiyini, məntəqə seçki
komissiyası üzvlərinin seçilməsinə dair iclasa Ümid
Partiyası nümayəndələrinin dəvət edilmədiyini,
müraciətə baxmayaraq, dairə seçki komissiyalarının müvafiq
qərarlarının onlara təqdim
olunmadığını bildirmiş və
bununla əlaqədar qanunla müəyyən
edilmiş qaydada tədbirlər
görülməsini xahiş etmişdir.
Müraciət
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
112 və 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki
komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a
uyğun olaraq Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən
nəzərdən keçirilərək bu
barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki
Komissiyasının iclasında baxılmışdır.
Müəyyən
olunmuşdur ki,
yuxarıda adları çəkilən dairə seçki komissiyası səlahiyyətliləri
şikayətçini müvafiq seçki komissiyasının iclasına
çağırmamaqla qanun pozuntusuna yol verməmişlər.
Belə ki, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin
19.8-ci maddəsinə əsasən seçki
komissiyası iclaslarının yeri və
vaxtı barədə məlumatlandırma yalnız həmin seçki komissiyasının üzvlərinə
və maraqlı şəxslərə aiddir.
Şikayətçi dairə seçki
komissiyaları tərəfindən məntəqə seçki komissiyalarının
formalaşdırılması barədə iclas
haqqında əvvəlcədən məlumatlandırılmalı
deyildi. Çünki onun müvafiq məsələ
ilə bağlı maraqlı şəxs kimi
çıxış etməsi komissiyaya qabaqcadan məlum deyildi.
Seçki Məcəlləsinin 36.2-ci maddəsinə
və "Məntəqə seçki
komissiyalarının formalaşdırılması qaydaları
haqqında" Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9 avqust
2008-ci il tarixli Təlumatının
2-ci bəndinə uyğun olaraq
Milli Məclisdə azlıq təşkil
edən siyasi partiyaların yerli təşkilatları məntəqə seçki komissiyasının
üzvlüyünə namizədlərin və onlarla birlikdə əvəzedici üzvlərin
siyahılarını dairə seçki
komissiyasının sədrlərinə deyil,
Milli Məclisdə azlıqda olan siyasi partiyaları dairə
seçki komissiyasında təmsil edən
üzvlərə təqdim edirlər. Milli
Məclisdə azlıqda olan siyasi partiyaları təmsil edən məntəqə
seçki komissiyasının
üzvlüyünə namizədləri də dairə seçki komissiyasının iclasında məzh
həmin üzvlər irəli sürürlər. Buna görə də 4 may
2011-ci il tarixdə Ümid
Partiyası tərəfindən təsdiq olunmuş
məntəqə seçki komissiyası
üzvlüyünə namizədlərin siyahısı
yuxarıda göstərilən qaydada və
vaxtında verilməli idi.
Bununla yanaşı, müəyyən edilmişdir
ki, məntəqə seçki
komissiyası üzvlüyünə namizədlərin
siyahılarını qəbul etməkdən imtina ilə
bağlı şikayətçinin iddiaları dairə seçki komissiyalarının həmin məsələyə
həsr olunmuş 10 avqust
və 17 avqust 2011-ci il
tarixlərində keçirilmiş iclaslarından sonraya, yəni 18 və 24 avqust
2011-ci il tarixlərinə təsadüf edir. Mərkəzi Seçki Komissiyasına ünvanlanmış
müraciətin verilmə tarixindən isə müəyyən
olunur ki, şikayət
seçki qanunvericiliyində nəzərdə
tutulmuş müddət ötürülməklə
verilmişdir. Əlavə olaraq
o da müəyyən
olunmuşdur ki,
şikayətçi Seçki Məcəlləsinin
112.1-ci maddəsində nəzərdə tutulmuş
şikayətvermə hüququ olan subyektlər sırasına aid
deyil və onun
bütövlükdə siyasi partiya adından şikayət vermək hüququ yoxdur. Buna görə də ekspert
qrupunun üzvü
haqlı olaraq şikayətin geri qaytarılması barədə rəy vermişdir.
Belə
ki, yuxarıda göstərilən Təlimatın
7.1-ci bəndinə əsasən seçki
komissiyaları tərəfindən şikayət qeydə
alındıqdan və baxılması üçün
ekspertə təqdim edildikdən sonra ekspert həmin şikayəti ilkin
olaraq nəzərdən keçirir. Bu zaman ekspert
şikayətin Seçki Məcəlləsi
və bu Təlimatla müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə
qrup koordinatorunu məlumatlandırmaqla,
şikayətin onu təqdim edən şəxsə
geri göndərilməsinə dair rəy verməlidir.
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin
112.1-ci maddəsinə və "Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqından Təlimat"ın
4.1.2-ci
bəndinə əsasən seçki
subyektləri vətəndaşların seçki
hüquqlarını pozan qərar və hərəkətlərdən
(hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya
alındığı, hərəkətin (hərəkətsizliyin)
baş verdiyi gündən
və ya maraqlı şəxsin bu haqda məlumat
aldığı gündən başlayaraq
3 gün müddətində şikayət
edə bilərlər.
Ona görə də dairə seçki
komissiyasının qeyd edilən qərarlarından
qanunvericiliklə müəyyən edilmiş
qaydada və müddətdə, buna hüququ olan seçki subyekti tərəfindən şikayət verilmədiyindən
müraciət mahiyyəti üzrə araşdırılmadan geri göndərilməlidir.
Yuxarıda
göstərilənləri əsas götürərək, Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə
və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın
1.1-ci, 2.5-ci, 4.1.2-ci və 7.1-ci bəndlərinə əsasən qərara
alır:
1. Vətəndaş Rzayev Elşad Salman oğlunun Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına daxil
olmuş 16 sentyabr
2011-ci il tarixli, 13
saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti
ötürüldüyündən və buna
hüququ olan subyekt tərəfindən verilmədiyindən
ərizəçiyə geri göndərilsin.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
19.09.2011
Azərbaycan.-2011.-20
sentyabr.-S.5.