Ölkəmizin inkişafında Azərbaycan neftçilərinin əməyi əvəzsizdir

 

 Təbiət Azərbaycana neft, qazkondensatla zəngin olan nəhəng yataqlar  bəxş edib. Ölkəmizdə quru yataqlardan qədim zamanlardan neft çıxarılır. Keçən əsrin ortalarından isə neftçilərimiz Xəzərin dərin qatlarından da neftqaz hasil edirlər. Dünyada dəniz neftinin erası da məhz Azərbaycandan başlanıb.

Aparılan hesablamalara görə, Azərbaycanın təsdiq olunmuş karbohidrogen ehtiyatları şərti yanacaqla 4,2 milyard ton, proqnoz karbohidrogen resursları isə 10 milyard ton  həcmindədir. Bu gün quru və dəniz ərazilərində qazmaya hazırlanmış fondda 40-dan çox struktur mövcuddur. Hazırda beynəlxalq şirkətlər də həmin strukturlara böyük maraq göstərirlər. Xarici sərmayələrin qorunmasında ölkəmizin nümayiş etdirdiyi qabaqcıl təcrübə, eləcə də qazanılan nailiyyətlər onları Azərbaycanla işbirliyi qurmağa daha da həvəsləndirir. Prezident İlham Əliyevin dediyi kimi: "Neft-qaz strategiyamız həm uğurludur, həm də uzunmüddətlidir. On beş ildən çoxdur ki, bu siyasət aparılır. Azərbaycanın neft-qaz yataqlarına maraq azalmır".

Ölkəmizin neft-qaz sənayesində qazanılan bu uğurlar müəllifi ümummilli lider  Heydər Əliyev olan yeni neft srategiyasından qaynaqlanır.   1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkəti ilə çağdaş tariximizdə "Əsrin müqaviləsi" kimi tanınan qlobal sazişin təntənəli şəkildə imzalanması ilə Xəzər dənizi hövzəsində və bütün postsovet məkanında beynəlxalq əməkdaşlığın bünövrəsi qoyuldu. Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə mənimsənilməsini nəzərdə tutan bu sazişin reallaşması təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi QafqazOrta Asiya regionu ölkələri üçün strateji əhəmiyyət daşıyırdı. Saziş regionda digər qlobal layihələrin gerçəkləşdirilməsi üçün müsbət təmayül yaratdı, Xəzərdə maraqları təmin olunmuş bir çox aparıcı Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə tamamilə yeni bir mərhələ başlandı. 1994-2010-cu illər ərzində Azərbaycanın neft-qaz sektoruna 40 milyard ABŞ dollarına yaxın  sərmayə yatırılıb. Bu, bir çox yataqperspektiv strukturlar üzrə irimiqyaslı layihələrin həyata keçirilməsinə imkan yaradıb. Ötən dövrdə Azərbaycan Prezidentinin verdiyi səlahiyyətlər çərçivəsində ARDNŞ və xarici neft şirkətləri arasında 33 Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanıb. 20 ölkəni təmsil edən 53 enerji şirkəti quruda və Xəzərin Azərbaycan sektorunda yerləşən yataqlar üzrə aparılan neft-qaz əməliyyatlarına cəlb olunub. Bu proses davamlı xarakter daşıyır. 

Ölkəmizdə neftin və qazın hasilatı sahəsində ilbəil rekord göstəricilər qazanılır. "Əsrin müqaviləsi" çərçivəsində ilk neftin hasil olunduğu 1997-ci ildən sonrakı dövrdə ölkə üzrə neft hasilatı sürətli templərlə inkişaf etmiş, təxminən 5,6 dəfə artaraq  9 milyon tondan 2010-cu ildə 50,7 milyon tona çatdırılmışdır. Ötən il hasil edilmiş neftin  8,4 milyon tonu Dövlət Neft Şirkətinin payına düşmüşdür. Cari ilin yanvar-avqust aylarında isə ölkədə neft hasilatı 31,7 milyon ton təşkil  etmişdir. Bunun 5,6 milyon tonu ARDNŞ tərəfindən çıxarılmışdır. Şirkətin əməkçiləri işlənmədə olan yataqlarda istismarın intensivləşdirilməsi, yeni quyuların qazılması, lazımi təmir-bərpa işləri aparmaqla köhnə quyuların istismar fonduna daxil edilməsi istiqamətində mövcud imkanları səfərbər edərək, neft hasilatının sabit saxlanılması üçün səylərini əsirgəmirlər. Həyata keçirilmiş tədbirlərin nəticəsidir ki, ötən il ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 136324 metrlik qazma işi görülmüş, bunun da 127858 metri istismara, 8466 metri kəşfiyyata (o cümlədən, 1785 metr struktur axtarış qazmasına) aid olmuşdur. 2011-ci il sentyabrın 1-nə olan məlumata əsasən, ARDNŞ-nin istismar quyu fondu 9333 ədəd təşkil etmişdir ki, bunların da 6720-si işlək fonddadır.

Neftqaz hasilatında davamlı artıma nail olmaq üçün yeni platformaların inşası xüsusi önəm daşıyır. Son illər şirkət böyük kapital xərci hesabına yeni özüllər tikmədən mövcud özüllərdən yüksək hasilatlı quyular qazılmasına üstünlük verir, yataqların səmərəli işlənilməsi və hasilatın optimallaşdırılması üçün  mövcud platformalarda yenidənqurma işləri aparır. Hazırda "Bulla Dəniz" yatağında 29, "8 Mart" yatağında 730, "Ələt-dəniz" yatağında 63 nömrəli platformalar daha artıq quyuların qazılması məqsədilə genişləndirilir. Zəruri hallarda yeni platformalar da inşa edilir. Ötən il "Neft Daşları" yatağında 12 quyuluq 2521 nömrəli platforma tikilib istismara verilmişdir. Bu il isə həmin yataqda 12 quyuluq 2585 nömrəli platformanın təhvil verilməsi nəzərdə tutulub. "Günəşli" yatağı üçün 7, "Neft Daşları" yatağı üçün 753 və 755, "Palçıq Pilpiləsi" yatağı üçün 1351 nömrəli platformaların tikintisi uğurla davam etdirilir.

Hazırda Azərbaycandan ABŞ, Çin, İngiltərə, Almaniya, Fransa, Hindistan, İsrail, Cənubi Koreya, Braziliya, İndoneziya, Çili, İspaniya da daxil olmaqla dünyanın 33 ölkəsinə xam neftneft məhsulları ixrac edilir. İlkin neftin dünya bazarına çıxarılması üçün 1997-ci ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa neft boru kəmərləri istifadəyə verilmişdir. Hər birinin ötürücülük gücü ildə 6 milyon ton təşkil edən həmin kəmərlər bu gün də Azərbaycan neftinin müxtəlif istiqamətlərdə nəql edilməsində mühüm rol oynayır. Lakin Azərbaycanın neft nəqli sisteminin başlıca arteriyası, əlbəttə ki, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməridir. Ümummilli lider Heydər Əliyevin qalibiyyətli neft strategiyasının şah əsəri sayılan bu misilsiz kəmərə ilk neft 2005-ci ilin may ayında vurulmuş, 2006-cı ilin iyul ayında isə layihə tam gerçəkləşmiş, BTC bütöv bir sistem kimi işə düşmüşdür.

BTC Avrasiya regionunda ən iriunikal mühəndis qurğularından olub, dünyada enerji təhlükəsizliyinin əsas elementlərindən biridir  Azərbaycan neftinin təhlükəsiz və fasiləsiz ixracında əvəzedilməz rol oynayır. BTC, eyni zamanda, ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi sistemi, eləcə də neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər, xüsusilə, Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir. Hazırda sutkada 40-50 min barel həcmində Türkmənistan nefti bu kəmər vasitəsilə Azərbaycan ərazisindən tranzitlə Avropa bazarlarına ötürülür. BTC-nin illik ötürücülük qabiliyyəti 60 milyon tona çatdırılmışdır. Bu həcmin artırılması istiqamətində mütəmadi aparılır. Kəmər sutkada 1,2 milyon barel neftin Səngəçal terminalından Aralıq dənizi sahillərinə ixrac edilməsinə imkan yaradır. Ötən müddət ərzində bu boru xətti ilə 166 milyon tondan artıq Azərbaycan nefti, 3 milyon tona yaxın türkmən nefti nəql olunmuşdur.

Bu gün Azərbaycan neftçiləri öz peşə bayramları ilə birlikdə "Şahdəniz" yatağının işlənilməsinə dair müqavilənin imzalanmasının 15-ci ildönümünüqeyd edirlər. "Şahdəniz" hazırda  dünyanın dəniz akvatoriyalarında işlənilən ən iri qaz-kondensat yataqlarından biridir. Onun sübut olunmuş ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir. 2006-cı ildə "Şahdəniz" layihəsinin birinci mərhələsi çərçivəsində qaz hasil edilmişdir. Ötən il yataqdan təxminən 6,9 milyard kubmetr qaz, 1,9 milyon ton kondensat əldə olunmuşdur. "Şahdəniz"in ikinci mərhələsi çərçivəsində ilk qazın çıxarılması isə 2017-ci ildə gözlənilir.

ARDNŞ son dövrdə istər xarici tərəfdaşlarla birlikdə, istərsə müstəqil olaraq Xəzərin dərinsulu hissələrində yerləşən mürəkkəb qaz strukturlarında kəşfiyyat və qazma işlərini uğurla həyata keçirməyə  qadir olduğunu da sübut etmişdir. Uzun fasilədən sonra "Ümid" perspektivli strukturunda daxili resurslar hesabına başlanmış kəşfiyyat işləri ötən il böyük müvəffəqiyyətlə nəticələnmişdir. Dənizin 58 metr dərinliyində quraşdırılmış stasionar özüldən qazılan 8 saylı birinci quyuda güclü qaz axını alınmış və beləliklə də, Xəzərin Azərbaycan sektorunda yeni bir qaz-kondensat yatağı kəşf olunmuşdur. İlkin hesablamalara görə, yatağın çıxarıla bilən ehtiyatları 200 milyard kubmetr qaz, 40 milyon ton kondensat həcmində qiymətləndirilir. Hazırda yatağın ehtiyatlarının dəqiqləşdirilməsi məqsədilə qazılan ikinci quyuda işlər uğurla davam etdirilir. "Ümid"də alınan nəticələr həm də Xəzərin Azərbaycan sektorunda məhsuldarlıq perspektivlərini yüksəltmiş, yeni lay və yataqların açılması ehtimalını artırmışdır. Artıq "Babək" strukturunun ehtiyatları 400 milyard kubmetr qaz, 80 milyon ton kondensat həcmində qiymətləndirilir.

Neftçilərin peşə bayramı ərəfəsində ölkəmizin qaz ehtiyatlarının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edən daha bir əlamətdar hadisə baş vermişdir. ARDNŞ və onun layihə üzrə tərəfdaşları- Fransanın TOTAL və GdF şirkətləri tərəfindən "Abşeron" qaz-kondensat yatağının kəşf edildiyi haqqında ölkə Prezidenti İlham Əliyevə  məruzə olunmuşdur. Dövlət başçısı bu hadisəni yüksək qiymətləndirmiş və yeni yatağın açılması münasibətilə Azərbaycan xalqını təbrik etmişdir. Cənubi Xəzər neftli-qazlı hövzəsinin Abşeron arxipelaqında, Bakı şəhərindən 85-100 kilometr şərqə doğru açıq dənizdə yerləşən bu struktur Azərbaycan geofiziklərinin seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilmiş və 1993-cü ildə axtarış qazmasına hazırlanmışdır. 1997-ci ildə bu blokun "Şevron" və "Total" şirkətləri ilə birgə işlənilməsinə dair saziş imzalanmışdır. 2000-ci ildə burada bir quyu qazılsa da, texniki səbəblərdən ləğv edilmiş və 2005-ci ildə sazişə xitam verilmişdir. Əldə olunan geoloji-kəşfiyyat məlumatlarının təkrar qiymətləndirilməsi bir müddət sonra "Abşeron" layihəsini yenidən diqqət mərkəzinə gətirdi. 2009-cu il fevralın 27-də ARDNŞ ilə Fransanın "Total" şirkəti arasında yeni bir HPBS imzalandı. Bu ilin yanvarında layihə dərinliyi 7200 metr olan quyunun qazılmasına başlandı və sentyabrın əvvəllərində 6558 metr dərinlikdə Fasilə lay dəstəsi açıldı. Əlbəttə, bir quyuda alınmış nəticələrə əsasən, yatağın ehtiyatlarının qiymətləndirilməsi asan məsələ deyil. Bununla belə, mütəxəssislərin ilkin hesablamalarına görə, "Abşeron" yatağında 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində karbohidrogen ehtiyatlarının olduğu ehtimal edilir.    

Ötən ilin oktyabrında ARDNŞ ilə bp Azərbaycan şirkəti arasında "Şəfəq-Asiman" perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında HPBS imzalanmışdır. Hazırda "bp Azərbaycan" şirkəti ilə "Kaspian Geofizikal" Müştərək Müəssisəsi tərəfindən həmin strukturda  üçölçülü seysmik tədqiqat işlərinin aparılmasına hazırlıq işləri tamamlanma mərhələsindədir. Qarşıdakı dövrdə Almaniyanın RWE şirkəti ilə "Naxçıvan" perspektiv strukturunda kəşfiyyat işlərinə başlanılması da nəzərdə tutulur. Bu strukturda 300 milyard kubmetr qaz, 40 milyon ton kondensat ehtiyatı olması gözlənilir.

Ölkənin təsdiq edilmiş qaz ehtiyatlarının həcmini bu gün 2,5 trilyon kubmetrdən artıq qiymətləndirmək mümkündür. Azərbaycan qazı Avropa Birliyi ölkələri tərəfindən təklif edilən Nabukko, Türkiyə-Yunanıstan-İtaliya (İTGİ), Transadriatik qaz kəməri (TAP), "Bəyaz axın" kimi iritutumlu qaz kəmərləri layihələrinin əsas mənbələrindən hesab olunur. Hazırda Azərbaycan qazının uzunmüddətli sazişlər əsasında Avropa Birliyi ölkələrinə tədarük olunması istiqamətində əlverişli variantlar araşdırılır. Azərbaycan Avropa Birliyi və digər regionlarla yeni, birbaşa enerji və nəqliyyat əlaqələri yaradan müasir İpək Yolunu - Cənub enerji dəhlizi strategiyasını dəstəkləyir və bu strategiya çərçivəsində yeni qaz təchizatı dəhlizinin açılmasını Avropa qaz bazarının sabitliyinə təsir edə biləcək mühüm amil kimi qiymətləndirir.

Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRİ (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsi üzrə "Qaz tədarükü sahəsində əməkdaşlıq haqqında" memorandumun imzalanması Avropa ölkələrinə qaz tədarükü sahəsində yeni  imkanlar açılmasından xəbər verir. AGRİ layihəsi gələcəkdə Azərbaycan təbii qazının boru xətləri vasitəsi ilə Gürcüstanın Qara dəniz sahillərinə nəql olunmasını, Kulevidə xüsusi terminalda mayeləşdirilərək (LNG), tankerlərlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılmasını,  sonra isə yenidən təbii qaz şəklində Rumıniyanın və digər Avropa ölkələrinin qaz infrastrukturu şəbəkəsinə ötürülməsini nəzərdə tutur. Artıq həm AGRİ, həm də sıxılmış qazın Gürcüstandan Bolqarıstana  daşınması layihələri üzrə ilkin işlərə başlanılmışdır.

Bu gün Azərbaycanın Dövlət Neft Şirkətinin özü 10-dan artıq ölkədə fəaliyyət göstərən nümayəndəlikləri, İsveçrə, Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya və başqa ölkələrdəki müəssisələri vasitəsilə dünya enerji bazarında layiqli yer tutmağa nail olub. Böyük Britaniya, Almaniya, Avstriya, Gürcüstan, Türkiyə, Rumıniya, İsveçrə, Qazaxıstan, Ukraynaİranda yaradılmış nümayəndəlikləri ARDNŞ-nin beynəlxalq fəaliyyətinin təşkilində mühüm rol oynayır, müəssisələrin təsis olunması, müqavilələrin hazırlanması və s. işlərdə yaxından iştirak edir, lazımi tədbirləri operativ olaraq yerinə yetirirlər. Hazırda şirkətin təsisçiliyi ilə yaradılmış 35 birgə müəssisə, 6 alyans Azərbaycanda və dünyanın müxtəlif ölkələrində neft-qaz sənayesinin demək olar ki, bütün sahələrində uğurla fəaliyyət göstərir.

Bu gün Azərbaycanın sosial-iqtisadi yüksəlişinə böyük töhfələr verən neft-qaz sənayesi əməkçiləri öz peşə bayramlarını fərəh və qürur hissi ilə qarşılayırlar. Onların bu sevincinə 160 ildən artıq zəngin neft tarixinə malik Azərbaycanın bütün vətəndaşları şərik olurlar.

 

 

Azərbaycan.-2011.-20 sentyabr.-S.6.