Üzeyir
Hacıbəyli III Beynəlxalq Musiqi Festivalının
təntənəli açılış mərasimi olmuşdur
Sentyabrın 18-də
Heydər Əliyev Fondunun dəstəyi və
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalının təntənəli
açılış mərasimi keçirilmişdir.
AzərTAc
xəbər verir ki,
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpasının iyirminci
ildönümünə həsr olunmuş
festivalın açılışında mədəniyyət
və turizm naziri Əbülfəs
Qarayev çıxış edərək Üzeyir Hacıbəylini Tanrının Azərbaycan
xalqına bəxş
etdiyi misilsiz bir töhfə kimi səciyyələndirmişdir.
Bildirmişdir ki, onun yaradıcı irsi təkcə
öz xalqı üçün
deyil, bütün bəşəriyyət
üçün çox
dəyərli mənəvi sərvətdir. Zaman
keçdikcə Üzeyir sənəti dünya xalqları tərəfindən daha çox sevilir, onun əsərləri
heç bir sərhəd
tanımır. Dünyanın ən möhtəşəm
teatrlarının səhnəsində bu əsərlər
dönə-dönə tamaşaya qoyulur, ekranlaşdırılır, məşhur
müğənnilər tərəfindən sevə-sevə ifa
olunur. Üzeyir bəyin
əsərləri milli olduğu
qədər də bəşəridir.
Nazir diqqətə çatdırmışdır ki, ulu öndər Heydər
Əliyevin hakimiyyətdə olduğu illərdə
Üzeyir Hacıbəyli irsinin
öyrənilməsinə, tədqiqinə, əsərlərinin
səhnəyə qoyulmasına və
ekranlaşdırılmasına xüsusi
diqqət göstərilmişdir. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin
əsasını da ulu
öndər Heydər Əliyev qoymuşdur.
Ümummilli liderimizin
1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik
yubileyi ərəfəsində
imzaladığı fərmanla hər il
sentyabrın 18-i ölkəmizdə Milli
Musiqi Günü kimi qeyd olunur.
Ə.Qarayev bildirmişdir ki, son illər Bakı
bir-birindən maraqlı beynəlxalq mədəniyyət tədbirlərinə
ev sahibliyi edir. Bu tədbirlərin Azərbaycan
musiqisinin tanınmasında, təbliğində
xüsusi çəkisi vardır. Dövlətimizin
mədəniyyətə, incəsənətə göstərdiyi
diqqət və qayğının göstəricisi olan bütün bu işlər Prezident İlham Əliyevin böyük
səyi və təşəbbüsü ilə həyata keçirilir.
Nazir Azərbaycan mədəniyyətinin təbliği, tədqiqi
və inkişafı sahəsində böyük
layihələrə imza atan
Heydər Əliyev Fondunun və fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın
da əvəzsiz xidmətləri olduğunu xüsusi qeyd etmişdir.
Bildirilmişdir ki, bu işlərin məntiqi davamı olaraq paytaxtımızda Üzeyir
Hacıbəyli III Beynəlxalq Musiqi
Festivalı işə başlayır. Builki
festivalın proqramı olduqca zəngindir.
Festivalda Azərbaycan ilə yanaşı,
Rusiya, Böyük Britaniya, ABŞ, Avstriya, Koreya Respublikası, Macarıstan, Almaniya və digər ölkələrdən
görkəmli ifaçılar, musiqi
kollektivləri iştirak edirlər.
Festivalın
açılış mərasimində Elnarə Kərimovanın rəhbərlik
etdiyi "Buta" kamera xorunun ifasında
Ü.Hacıbəylinin və digər yerli
və xarici bəstəkarların əsərlərindən
parçalar səslənmişdir.
"Buta"nın
ilk ifasında böyük
britaniyalı musiqişünas Conathan Rathbonenin
aranjimanında Ü.Hacıbəylinin "Leyli
və Məcnun" operasından xalq artisti Alim Qasımov və
əməkdar artist Fərqanə
Qasımovanın solistliyi ilə bir parça ifa edilmişdir.
"Buta" kamera xoru Mədəniyyət
və Turizm Nazirliyinin
təşəbbüsü ilə 2010-cu ilin
noyabrında yaradılmışdır. Xorun
əsas məqsədi Azərbaycan xor musiqisini və müxtəlif dövrlərə
aid olan dünya musiqi nümunələrini
milli və beynəlxalq festivallarda,
müxtəlif tədbirlərdə ifa edib respublikamızı layiqincə təmsil
etməkdir.
Festival sentyabrın
30-dək davam edəcəkdir.
Azərbaycan.-2011.-20
sentyabr.-S.7.