Üzeyir Musiqi Gününün təntənəsi
Azərbaycanın dahi bəstəkarı,
Azərbaycan klassik musiqisinin
banisi, musiqişünas alim, ictimai xadim Üzeyir
Hacıbəylinin anadan
olmasının 126-cı ildönümü
və Üzeyir Musiqi Günü
münasibətilə Naxçıvan Dövlət Universitetində
yubiley tədbiri keçirilib.
Mərasimi
açan ali məktəbin
rektoru akademik İsa Həbibbəyli Üzeyir Hacıbəylinin Azərbaycan klassik musiqisinin
inkişafındakı əvəzsiz xidmətlərindən
danışaraq, onun pedaqoq,
bəstəkar, musiqişünas və
publisist kimi
yaradıcılığına qısa nəzər salıb. Qeyd olunub ki, bu
gün sadəcə musiqisevərlərin yox, həm də xalqımızın
bayramıdır. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd olunması ənənəsinin əsası
görkəmli bəstəkar və dirijor
maestro Niyazi tərəfindən
qoyulub və hər il
ölkəmizdə geniş qeyd olunur. 1995-ci ildə isə
ümummilli lider Heydər
Əliyevin fərmanı ilə 18 sentyabrın Üzeyir
Musiqi Günü kimi qeyd olunması qərara
alınıb. Rektor həmçinin tələbə
və müəllimləri yeni tədris ilinin
başlanması münasibətilə təbrik edərək onlara müvəffəqiyyətlər
arzulayıb.
Fortepiano kafedrasının dosenti,
sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova "Üzeyir Hacıbəyli və Azərbaycan musiqi mədəniyyəti" adlı məruzəsində
Azərbaycanın peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin
həyat və yaradıcılığından, milli musiqimizin
inkişafında göstərdiyi əvəzsiz xidmətlərdən söhbət
açıb. Məruzədə
vurğulanıb ki, milli
musiqi xəzinəsini yeni
janr və formalarla zənginləşdirən
dahi korifey musiqi təhsilinin əsasını qoyub
və ömrünün sonunadək musiqi mədəniyyətimizin inkişafına
rəhbərlik edib. Onun
yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb və dünya musiqi mədəniyyətinin
qızıl fonduna daxil
olub.
Tədbirin gedişində dahi bəstəkar haqqında
videokadrlar da nümayiş olunub.
Yubiley tədbiri
dahi bəstəkarın əsərləri
əsasında hazırlanan, ali məktəbin
incəsənət fakültəsinin müəllim və tələbələrinin
ifasında maraqlı konsert proqramı
ilə davam
etdirilib. Bədii
hissədə universitetin Kamera
orkestrinin
müşayiətilə "Leyli və
Məcnun" operasından müqəddimə,
"Arşın mal alan"
operettasından "Əsgərin ariyası",
"Koroğlu" operasından "Nigarın
ariyası" və digər əsərlər
ifa olunub.
Nərmin CƏFƏROVA
Azərbaycan.-2011.-20
sentyabr.-S.7.